Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:31

Yazıçı Çingiz Abdullayevdən Orxan Zeynalov məsələsinə münasibət


Çingiz Abdullayev
Çingiz Abdullayev
-
“Bir cinayət hadisəsinə istinad edib hansısa bir xalq, hətta bir xalq da yox, eyni regiondan olan çoxsaylı xalqlar haqqında nəticə çıxarmaq yanlış və təhlükəlidir. Məlumdur ki, insanın yaxşısı da olur, pisi də”.

Bunu Azərbaycanın rusdilli yazıçısı Çingiz Abdullayev bildirib (“Новости-Азербайджан”).

Rusiyada rus millətindən olan gənci qətlə yetirməkdə günahlandırılan azərbaycanlı miqrant Orxan Zeynalovla bağlı hay-küy davam edir. Ölkədə yenidən miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı çağırışlar səslənir.

Ç.Abdullayevin fikrincə, tərəflər heç bir halda bir-birini ittiham etməli deyil:

“İndi cinayətkarın qətli törədən zaman milli zəmində niyyətlərinin olmasını iddia etmək dəbdədir. Bu, qəsdən törədilmiş cinayət də ola bilərdi, provakasiya da. Amma bu, əlbəttə ki, ölənin ailəsinin ağrı-acısını azaltmır”.
Yazıçı hesab edir ki, hamı sakitləşməli və düşünməlidir.

Onun sözlərinə görə, belə cinayətlər təkcə Rusiyada yox, məsələn, Pakistanda da baş verir, kimsə ağ adamı öldürür, birmənalı qəbul edilməsə də, bu hadisə qızışdırılıb münaqişə çevrilmir:

“Qloballaşma nəticəsində dünya artıq özünün bütün subyektlərindən asılı vəziyyətə gəlir, hər şey dəyişir. Amma ilk növbədə hamı bir-birini anlamalıdır. Axı biz insanıq”.

Azərbaycan tərəfi artıq Rusiyanın xarici işlər nazirliyinə nota göndərərək öz vətəndaşı Orxan Zeynalovun konsul yardımı ilə təmin edilməsinə şərait yaradılmasını istəyib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə hadisənin yerli mediada işıqlandırılması formasını “isteriya” adlandırıb.
XS
SM
MD
LG