Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:52

Lerikdə döyüldüyünü deyən fəhlə, quşçuluq fabriki və deputatın qardaşından şikayətlər...


Lerik rayonu
Lerik rayonu
-

Lerik rayonunun Piran kəndi ərazisində beton zavod və quşçuluq fabriki fəaliyyət göstərir. Bu müəssisələrdə 200-ə yaxın sakin işləyir. Ancaq kənd sakinləri bu müəssisələrin fəaliyyətindən narazıdırlar.

Döyülən Piran kənd sakini Elsevər İbrahimov
Döyülən Piran kənd sakini Elsevər İbrahimov
Onlardan biri də kənd sakini Elsevər İbrahimovdur. O işlədiyi beton zavodunda döyüldüyünü iddia edir. Piran kəndində onunla görüşərkən üzündəki zərbə yeri aydın görünürdü.

Elsevər İbrahimovun sözlərinə görə, bu müəssisələr deputat Hacı İqbal Məmmədovun qardaşı Çingiz Məmmədova məxsusdur. Elsevər İbrahimov da bu müəssisələrin birində-Beton zavodda sürücü işləyir. Deməsinə görə, onu döyən də deputatın qardaşı Çingiz Məmmədov olub:
“DEDİ KÜÇÜK BU NƏ TƏHƏR DURUŞDU...?”
“Saat 11 radələrində məni göndərdilər yükə. 3-ə işləmiş qayıtdım gəldim, nahar da etməmişdim. Bir də gördüm ki, zavodun müdiri Çingiz Məmmədov məni yanına çağırır. Mən də gəldim . Söhbət edirdi, gəldim qaldım onun yanında. Dedi küçük bu nə təhər duruşdu, qalmısan yanımda? Qəflətən bir sillə vurdu və boğazımdan tutdu yıxdı məni yerə. Sonra ayırdlar məni. Çıxdım gəldim evə.”
Elsevər İbrahimov deyir ki, döyüldükdən sonra heç bir səbəb göstərilmədən işdən də qovulub.
“Açarları aldı məndən, dedi çıx get. Müqavilə olmayıb, ayda 220 manat pul verirdi. Qol çəkirdik, 100 manat bir verirdi, 120 manat bir.”
O zavodda 50 nəfərdən çox sürücü işlədiyini deyir. Elsevər İbrahimovun bildirdiyinə görə, sürücülərin heç biri ilə müqavilə bağlanmayıb. Elsevər İbrahimov özünü təhqir olunmuş hesab edir. Həmyaşıdlarının qarşısına çıxa bilmir. O bununla bağlı rayon polis şöbəsinə şikayət etdiyini deyir.
Atası Mirməmməd İbrahimov da Lerikdə özbaşınalığın hökm sürdüyünü, belə hadisələrin çox vaxtı cəzasız qaldığını bildirir:
“DEDİM DÖVLƏT BU QƏDƏR SİZƏ İCAZƏ VERİB Kİ, SƏN GEDİB FƏHLƏNİ DÖYƏSƏN”?
Elsevər İbrahimovun atası Mirməmməd İbrahimov
Elsevər İbrahimovun atası Mirməmməd İbrahimov
“Saat 6-da gəlmişəm işdən, gördüm uşağın burnu yaradır. Soruşdum burnuna nə olub? Hadisəni danışdı.

Kim ona ixtiyar verib ki, oğlumu döysün? Saat 11 idi zəng elədim Çingiz Məmmədova. Dedim mən Elsevərin atasıyam. Siz Elsevəri nə üçün döymüsünüz, nə üçün əl qaldırmısınız? Dedi əcəb eləmişəm, əlim qüvvətlidir. Dedim dövlət bu qədər sizə icazə verib ki, sən gedib fəhləni döyəsən? Dedi əcəb edirəm telefonu söndürdü. Ondan sonra 102-yə məlumat verdim. Azərbaycan prokurorluğunun qaynar xəttinə müraciət elədim. Lerikdə əvvəl it yerinə məni saymadılar. Prokurorun yanına getdim, əhəmiyyət vermədi, polisin yanına girdim əhəmiyyət vermədi.”
“BU LERİK RAYONU ONLARIN ƏLİNDƏDİR”

Mirməmməd İbrahimovun sözlərinə görə, Çingiz Məmmədovun qardaşı deputat olduğundan hamı ondan qorxur:
“Qardaşı Lerikin deputatıdır, Məmmədov Hacı İqbal. Hamı ondan qorxur. Bu Lerik rayonu onların əlindədir. Cənab prokurorun xətti ilə zəng edəndən sonra məni təzədən qəbul elədilər. Apardım ekspertizaya, şəkilini çəkdim. Şəkilin birini prezidentə göndərmişəm, Milli Məclisə göndərmişəm. Hal-hazırda iş polisdədir.”
Piranda kənd sakinləri ilə də görüşdük. Sakinlər beton zavodun və quşçuluq fabrikinin ətraf mühitə böyük ziyan vurduqlarını deyirlər. Beton zavod xammalını kəndin ortasından keçən çaydan götürür. Çayın çınqılının daşıması hesabına ətrafda yarğanlar əmələ gəlib. Çay ildən-ilə genişlənir. Nəticədə yaxınlıqda olan evlərə təhlükə yaranır. Quşçuluq fabrikində kəsilən toyuqların çirkabı da çaya axıdılır. Sakinlər üfunətdən, səs-küydən evlərində əyləşə bilmədiklərini söyləyirlər.
“DƏFƏLƏRLƏ MÜRACİƏT ETMİŞƏM QAZMAYIN, EVİM UÇUR, EŞİTMİRLƏR”
Əlmərdan Əhmədov: “Görürsünüz bu ağaclar qoruyub. Evim çatdaqdır neçə yerdən, gördüz də. Göstərdim də sizə. Yenə də qazmaq istəyirlər. Dəfələrlə müraciət etmişəm qazmayın, evim uçur, eşitmirlər. Deyirlər buranı almışıq, bura bizimdir“.
Fuad Əbdül oğlu: Düşdüm, onların iş icraçısı gəldi, dedim buranı qazmayın, oturmaq olmur. Dedi mənə şər atırsan. Dedim ağsaqqal otur həyətimizdə bir dənə çay iç, bir iş haqqında danış. Başa düşmək olmur? Mənim uşağım dərs oxuya bilmir. Mənə deyir get kimə şikayət edirsən elə. Belə çıxır ki, biz vətəndaş deyilik. Şəxsən mən bu kənddən köçmək istəyirəm”.
Başqa bir kənd sakini:
“YA BİZİ DEPORTASİYA ELƏSİNLƏR, YA DA...”
“Deyir buranı almışam. Mən burda yaşaya-yaşaya buranı necə ala bilər? Mən belə iqtidara necə səs verim? Mən belə iqtidarı istəmirəm, qurtardı getdi. Ya bizi deportasiya eləsinlər, ya da bizim üçün yol qoysunlar.”
“O MƏNƏ ŞƏR ATIR...”

Zavodun sahibi Çingiz Məmmədov isə ona böhtan atdığını bildirir. Onun sözlərinə görə, hər iki müəssisə 2011-ci ildən fəaliyyət göstərir. Burda işləyənlərin əksəriyyəti də kənd sakinləridir.
“O mənə şər atır. Atası ilə münasibətim var. Məndən xahiş etmişdi, onu işə götürmüşəm. 22 yaşı var, cavan uşaqdır. Bu yaxınlarda yolda hadisə olmuşdu, 19 yaşlı uşaq gəlib girmişdi bizim maşının altına.

Tapşırmışdım ki, sürətlə sürməyin. Sürət olmasa ölüm olmaz. Qovar, qıçı sınar. Bir nəfər möhkəm sürən var idi, işdən azad elədim. Həyətdə durmuşdum, gördüm maşın gəldi. Elsevər sürən maşın, yüksək sürətlə. Çağırtdırdım gəl bura, buna görə tənbeh eləmək istəyirdim. Qayıtdı dedi yaxşı edirəm, mənim sürməyim budur”.
Piran kənd quşçuluq fabriki
Piran kənd quşçuluq fabriki
Çingiz Məmmədovun sözlərinə görə, maşını ondan alandan sonra üstünə yeriyib. Ətrafdakılar ayırıb, onu yola salıblar. Atası ondan işə bərpa etmək üçün xahiş edib. Çingiz Məmmədov isə ona rədd cavab verib.

Çingiz Məmmədovun sözlərinə görə, atası ondan qisas alır. O deyir ki, oğlunun yaşında olan bir şəxsə heç vaxt əl qaldırmaz, buna ehtiyac yoxdur. Onun bildirdiyinə görə, polis bu işi araşdırır, həqiqət yerini tapacaq.
“İÇİNƏ GİRƏNDƏ HEÇ HİSS ELƏMİRSƏN Kİ, BURDA TOYUQ SAXLAYIRLAR YA YOX?”
Üstəlik Çingiz Məmmədov deyir ki, müəssisəyə işə girənlərlə qanunla müqavilə bağlanır. O deyir ki, kənd sakinlərinin onlar barəsində şikayətlərinə dəflərlə baxılıb. Hətta bu işə məhkəmə də baxıb:
“2011-ci ildə bu yerə sərəncam alanda yaxındakı evlər yox idi. Mənim ərazimin çoxu ora düşürdü. Gəlib araşdırdılar, qanuna görə evlər olmalıdır 200 metr aralı. İçində bütün havalandırma var. İçinə girəndə heç hiss eləmirsən ki, burda toyuq saxlayırlar ya yox? Şirvan məhkəməsinin qərarı da var ondan”.
Lerik rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov isə kənd sakinlərinin onlara müraciət etdiklərini təsdiqləyir. Lakin o bu məsələlərin həllinin icra hakimiyyətindən asılı olmadığını bildirir:
“Onlar bizim səlahiyyətimizə aid olmayan məsələdir. Tikinti ki, aparılıb, o torpaqlar quşçuluq ferması üçün ayrı-ayrı vətəndaşlardan alınıb. Şəxsi mülkiyyətdə olan torpaq sahələridir”.
XS
SM
MD
LG