Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:31
-
Divarlarında göbələk bitən ev. Çox eşitmişdik, görməmişdik... Gedib Məşrifdə gördük...

Məşrif Siyəzənin inzibati ərazi vahidliyində bir kənddir. Sakinlərinin sayı iki min nəfərə yaxındır. Kənd kasıbçılıqda qonşu kəndlərdən geri qalmır.

Nimdaş evlərin arasında adda-budda iki-üç mərtəbəli dəbdəbəli evlər görmək olar. Bu evlərin sahibləri də ya yerli məmurlardır, ya da Rusiyada alverlə məşğul olanlar.

Döydüyümüz ilk qapını üzümüzə ev sahibəsi açır. Deyirik, gəlmişik, kənddə adamların güzəranından reportaj hazırlayaq. Soruşur niyə? Aydınlıq gətiririk ki, adamların sosial durumlarını işıqlandırmaq istəyirik. Cavab belə oldu:

“SEÇKİLƏRDƏN ƏVVƏL DƏ DEPUTATIMIZ GƏLDİ...”

“Seçkilərdən əvvəl də deputatımız gəldi, icra nümayəndəsi də yanında idi. Müraciət elədim, vəziyyətimi danışdım. Söz verdi ki, icra başçısına tapşıracaq, mənim problemlərim həll olunacaq. Çıxdı getdi. Üstündən 20 gün keçib, ortada heç nə yoxdur”.

Məşrif kənd sakini Kifayət Məmmədova

Məşrif kənd sakini Kifayət Məmmədova

Bununla belə, Kifayət Məmmədova bizi içəri dəvət edir. Deyir, gəlin, indi sizə yaşayışımızdan danışım:

“Nədən danışım? Döşəməsiz, istiliksiz, susuz, işıqsız ev-eşikdən? Uşaqlarımın hər gün divarlardan dərdiyi göbələklərdən? Bu vəziyyətimizə məhəl qoymayan “kənd soveti”ndən, yoxsa bələdiyyədən”?

Kifayət xanım deyir ki, həyat yoldaşından 7 il əvvəl ayrılıb, iki azyaşlını təkbaşına böyüdür. Üstəlik də şəraitsizlik:

“YAĞIŞ YAĞANDA ELƏ BİL DİVARLARDAN ŞƏLALƏ AXIR”

“Şiferlərimiz sınıq-sınıq, damımız bərbad vəziyyətdədir. Yağış yağanda elə bil divarlardan şəlalə axır. Hamımız xəstəliyə tutulmuşuq. Uşaqlar da, mən də... İcra nümayəndəsi bələdiyyənin qapısına yollayır, bələdiyyə də icra nümayəndəsinin.

Deyirlər, neyləyək, kömək etməyə pulumuz yoxdur. Ancaq gedib görəsiniz, qohum-əqrəbalarına torpaqlar alırlar, villalar tikirlər. Bahalı xəstəxanalarda müalicə olunurlar. Bunları hansı pulla edirlər”?

Kifayət xanım danışa-danışa bizi otaqlarda gəzdirir. Uçuq-sökük divarlardan boylanan göbələk də yarıqaranlıq otaqda kameranın obyektivindən yayınmır.

“Gördünüz də günümüzü-güzəranımızı... Sizcə köməklik edərlər? Sosial yardım da ala bilmirik. Deyirlər heç yerdə işləmirsən, sənə yardım düşmür. Onlara deyin ki, iki tifili tək böyüdürəm. Ölməliyik biz”?

Ev sahibəsinin gileyqarışıq sualları altında həyəti tərk edirik.

Üz tuturuq Məşrif kənd bələdiyyəsinə.

Bələdiyyə sədri Qoşqar Əsədov baş çəkdiyimiz ailənin vəziyyətindən xəbərdar olduqlarını deyir. Ancaq bildirir ki, bələdiyyə sədri kimi hələlik üzərinə bu ailənin yalnız yanacaq problemini götürməyə hazırdır:

Bələdiyyə sədri:

“Gücümüz çatan qədər yardım edərik”

Məşrif kənd bələdiyyə sədri Qoşqar Əsədov

Məşrif kənd bələdiyyə sədri Qoşqar Əsədov

“1 maşın alıb verəcəyik. Qaz xətti çəkəcəyimizə söz verə bilmərəm. Kənddə evlərə çəkilən qaz buruqlardan gələn qazdır. Adamlar özləri öz vəsaitləri ilə ordan-burdan evlərinə çəkiblər. Gedib evə baxmışıq, doğurdan da acınacaqlı vəziyyətdədir.

Kifayət xanıma demişəm ki, gücümüz çatan qədər yardım edərik, məsələn, şiferdən, taxtadan verərik. Dedi şiferim var, ancaq qonşunun damı hündür olduğundan şiferindən yağış suları Kifayət xanımın evinin damına axır. Bu problemi özü qonşusuyla həll etməlidir. Su problemi də qonşuları ilə əlaqəlidir. Sahə müvəkkilinə demişəm, məşğul olacaq. Qarşıdan qış gəlir, nə çətinliyi olsa, kömək edəcəyik”.

Məşrif sakininin yerli bələdiyyəyə qarşı ittihamlarından biri də bu idi ki, bələdiyyə torpaqları kənardan gələnlərə satır, yerlilərə isə torpaq ayrılmır. Bələdiyyə sədri ailəyə yaxın vaxtlarda torpaq ayrılacağına da söz verdi.

Şərhləri göstər

XS
SM
MD
LG