Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:59

Milli Şura prezident seçkisi ilə bağlı Ali Məhkəməyə şikayət etmək istəyir...


Gülağa Aslanlı
Gülağa Aslanlı
-
«Bizdə 3 minə yaxın məntəqədə və 50-yə yaxın dairədə seçkilərinin nəticələrinin ləğv olunmasına əsas verən sənədlər var».

Milli Şuranın seçki qərargahının rəhbəri Gülağa Aslanlı deyir ki, bunu sübut edən 1359 sənədin surətini Mərkəzi Seçki Komissiyasına təqdim ediblər. Amma MSK təqdim olunan kserosurətlərin hüquqi sənəd olmadığını əsas gətirərək şikayətə baxmaqdan imtina edib.

Oktyabrın 15-də MSK-nın qərarından verilən apelyasiya şikayətini Bakı Apelyasiya Məhkəməsi də qəbul etməyib. Məhkəmə də eyni səbəbləri əsas gətirib. Gülağa Aslanlı deyir ki, halbuki Avropa İnsan Haqları Məhkəməsinin 2005-ci il parlament seçkiləri ilə bağlı qəbul etdiyi qərarında belə bir yanaşmanın əsassız olduğu qeyd edilib.

«AVROPA MƏHKƏMƏSİNİN QƏRARINI BİR DAHA MƏHKƏMƏYƏ GÖSTƏRDİM, AMMA...»

Gülağa Aslanlı deyir ki, bu barədə sənədi məhkəməyə təqdim etməsi də hakimin qərarına təsir etməyib:

«2005-ci il parlament seçkiləri ilə bağlı Nemət Əliyevin şikayətinin təmin olunduğu Avropa Məhkəməsinin qərarında göstərilir ki, sənədlərin kserosurətini sənəd kimi qəbul etməməklə Azərbaycan Apelyasiya Məhkəməsi qanunları pozub. Ona görə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətini 8 min avro cərimə edib. Avropa Məhkəməsinin həmin qərarını bir daha məhkəməyə göstərdim, amma Apelyasiya Məhkəməsi bunu nəzərə almadı».

Nemət Əliyev 2005-ci ildə Milli Məclisə keçirilən seçkilər zamanı «Azadlıq» Blokunun 93 saylı Bərdə Seçki Dairəsindən namizəd olub. O, həmin dairədən qalib olduğunu iddia etsə də, MSK hakimiyyətyönlü «Ana Vətən» Partiyasının sabiq sədr müavini Zahid Orucu qalib elan edib.
Avropa Məhkəməsi
Avropa Məhkəməsi
Nemət Əliyevin yerli məhkəmələrə etdiyi şikayət təmin olunmadığından Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Məhkəmə dövlətin ərizəçiyə mənəvi ziyana görə 7500 avro kompensasiya ödənilməsi barədə qərar çıxarıb.

2005-ci il parlament seçkilərinin nəticələrindən narazı qalan ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədri Əli Kərimli, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və müğənni Flora Kərimovanın da iddiaları təmin edilib. Avropa Məhkəməsi Azərbaycan dövləti üzərinə həmin şəxslərə 7 min avrodan 70 min avroya qədər maddi təzminat ödəməsi öhdəliyini qoyub.

Gülağa Aslanlı deyir ki, əslində o, sənədlərin əslini MSK-ya təqdim etmək istəyib. Amma sənədləri evdən götürüb MSK-nın iclasına gedərkən polis tərəfindən saxlanması bunun qarşısını alıb.

«MSK o sənədləri ona görə, qəbul etmədi ki, sonradan onlara belə sənədlərin təqdim olunmadığını desinlər».

Bülletenlərin sayılması
Bülletenlərin sayılması
«ƏLİMİZDƏ 84 SEÇKİ DAİRƏSİNDƏN AKTLAR VAR»

Gülağa Aslanlı bildirir ki, onlarda seçki pozuntusunu sübut edən daha çox sənəd var:

«Əlimizdə məntəqələrdə tutulmuş çoxsaylı bülletenlər, protokollar var. Biz onun bir qismini təqdim etmişdik və bildirmişdik ki, digər sənədləri də təqdim edə bilərik. Təqribən əlimizdə 84 seçki dairəsindən aktlar var. Elə aktlar var ki, bu, bir dairənin nəticələrini ləğv etməyə kifayətdir. Həmin seçki dairəsinin bütün məntəqələrindən dairəyə gətirilən protokolların heç biri karbonlaşdırılmış protokollar olmayıb. Məntəqə seçki komissiyalarının protokolları dairə seçki komissiyalarında, DSK-ların protokolları isə MSK-da tərtib olunub».

Sənədlərin əslinin Apelyasiya Məhkəməsinə təqdim olunub-olunmasına gəlincə, Gülağa Aslanlı deyir ki, məhkəmə həmin sənədləri araşdırmadığı üçün onları məhkəməyə təqdim etməyib.

«MİLLİ ŞURANIN ŞİKAYƏTİNƏ AVROPA MƏHKƏMƏSİ BAXMAYACAQ»

Hüquqşünas Muxtar Mustafayev isə deyir ki, parlament seçkilərindən fərqli olaraq Avropa Məhkəməsi prezident seçkilərinin nəticələri ilə bağlı şikayətlərə baxmır. Bu səbəbdən də Milli Şuranın şikayətinin perspektivi yoxdur:
Muxtar Mustafayev
Muxtar Mustafayev

«Ayaz Mütəllibovla Rəsul Quliyevin işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarları var. Orda birmənalı göstərilib ki, prezident seçkilərinə Avropa İnsan Haqları Məhkəməsi baxmır. İnsan Haqları Konvensiyası qanunverici orqana seçkiləri nəzərdə tutur. Milli Şuranın şikayətinə Avropa Məhkəməsində baxılmayacaq».

Milli Şura üzvü, hüquqşünas Vidadi Mirkamal isə qeyd edir ki, onların şikayəti prezident seçkisinin nəticələrindən deyil, ədalətli məhkəmə araşdırmasının olmaması ilə bağlıdır:

«İnsan Haqları üzrə Konvensiyanın 6-cı maddəsinə qeyd olunub ki, hər bir insanın öz ölkəsində ədalətli məhkəmə araşdırması hüququ var. Belə olan halda prezident seçkilərinin nəticələri deyil, məhkəmə araşdırmaları ilə bağlı məsələ olur. O mənada Avropa Məhkəməsində şikayətlər qəbul edilir. Amma seçkinin nəticəsinin tanınıb-tanınmaması Avropa İnsan Haqları Məhkəməsinin baxılma predmeti deyil və bu, aydın məsələdir».

Milli Şura hələ ki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət eləməyə hazırlaşır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG