Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:25

Azərbaycan müsəlmanları kimə və niyə səs verir?


Nardaranda 9 oktyabr seçkisi, 2013

Nardaranda 9 oktyabr seçkisi, 2013

Azərbaycanda keçirilən prezident seçkilərində müsəlmanlar kimə və niyə səs verdi, saxtakarlıq və seçki pozuntularına necə baxırlar? Dindarın seçkidə hansı məsuliyyəti var? Məkkədə keçirilən seçkidə saxtakarlıq olubmu? Bu cür suallara "İslam və Demokratiya" verilişində cavab aranır.

"İslam və Demokratiya" verilişindəki müzakirəni buradan dinləyə bilərsiz.




DİNİ LİDERLƏRİN SEÇKİÖNÜ ÇAĞIRIŞLARI

Azərbaycanda prezident seçkisindən öncə 3 dini liderin – Qafqaz müsəlmanlarının şeyxi Allahşükür Paşazadə, dağ yəhudiləri və pravoslav icmasının rəhbərləri adından bəyanat səsləndi. Başqa dini qurumlar da bu cür bəyanatlar səsləndirirdi.. Dini liderlərin bu cür çağırışları nə dərəcədə düzgündür?

Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu bu cür müraciətdə qeyri-adi bir şey görmür. Lakin o, inanclı insanların əlahiddə bir təbəqə kimi ayırmağı düzgün saymır. Onun sözlərinə görə, dindar insan da adi Azərbaycan vətəndaşı kimi ölkədə baş verən haqsızlıqlardan narazıdır:

“Ümumiyyətlə indi baş verənlərdən hansısa təbəqə razıdırmı? Azərbaycanda insan haqları, demokratik ənənələrin mövcudluğu sual altındadır. Məhkəmələrin, korrupsiya, təhsil, səhiyyə sahəsində problemlər var. Məmurların özləri də narazıdır, Bu 10 il ərzində hər sahədə ciddi geriləmələr olub. İnanclı insanlar da xüsusilə də vicdanlarının səsindən, ləyaqət hissindən irəli gələrək bu duruma tənqidi yanaşmalıdırlar”.

Seyid Camal Əzimbəyli deyir ki, seçkidən öncə onun təmsil etdiyi Qarabağ Seyid ocaqları adından da bənzər bəyanat qəbul edilib.

“16 seyid ocağı prezident seçkisində İlham Əliyevi dəstəkləmək haqqında xalqa çağırış etmişdik. Düzdür, son 2 ilə kimi dini sahədə böyük çətinliklər vardı. Amma bu 2 il ərzində ölkədə bəzi yeniliklərin şahidi olmaqdayam. Dini komitənin rəhbərliyinə cəmiyyətlə, toplumla, inanclı insanlarla işləməyi bacaran bir insan gəldiyindən, müəyyən irəliləyişlərin olmasını şahidi olduq”.


İ.ƏLİYEVİ DƏSƏTKLƏYƏN DİNDARLARIN FİKRİ

Seyid Camal deyir ki, bu yaxınlarda Maştağada məscidin söküləcəyi ilə bağlı narahatlıq vardı. Amma dini komitənin uğurlu siyasəti ilə məsələ köklü surətdə həll olundu. Şamaxıda dünyanın ən böyük məscidi tikilir.

“Hazırda azan probleminin olduğunu deyə bilmərəm. Hicab problemi var və bu faktdır. Bu problemin həlli üçün lazımi addımlar atılması zəruridir. Məndə olan məlumata görə bu məsələ artıq öz həllini tapmağa yaxınlaşmış haldadır. Azərbaycanda hicab problemi altında dövlətçiliyə problem yaranmasına imkan vermək olmaz. İnam, etiqad hissi ilə yanaşı, hər şeydən irəli Azərbaycan dövlətinin bütövlüyüdür”.


"İslam və Demokratiya" verilişindəki müzakirəni buradan dinləyə bilərsiz.

MƏKKƏDƏ SƏSVERMƏ TƏMİZ OLMAYA BİLƏRMİ?

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar da prezident seçkisində iştirak ediblər. Oktyabrın 9-da Məkkə şəhərində yerləşən otellərdən birində yaradılmış seçki məntəqəsində zəvvarlar səs veriblər. Onların böyük qismi - 2899 seçici İlham Əliyevə, 95 seçici isə Cəmil Həsənliyə səs verib. QMİ sədri Allahşükür Paşazadə bu hadisəni tarixin ən şərəfli günü kimi qiymətləndirib və özü İlham Əliyevə səs verdiyini açıqlayıb. O, bildirib ki, “İlham Əliyevin mənəviyyat üçün gördüyü işlərə cəmiyyət xalqımız xüsusilə də dindarlar xüsusi qiymət verirlər”.


Hacı İlqar İbrahimoğlu Məkkədə də seçki nəticələrinin saxtalaşdırıldığını istisna etmir:

“Azərbaycanda seçki ilə bağlı situasiya bəllidir, MSK-nın təbiəti də bəllidir. Bu saxtakarlıqdır. İstəyir seçki Bakıda, istər Məkkədə, istər Yeni Zelandiyada aparılsın - MSK-nın seçki keçirmək ənənəsi saxtakarlıqdan ibarətdir. Bu, adi bir saxtakarlıq, vətəndaş kimi yanlışlıq etməkdən başqa həm də ümumilikdə inancın özünün qeyri-ciddi səviyyəyə etdirilməsi kimi qiymətləndirilə bilər”.

DEVAMM sədri nəticələrin bu cür açıqlanmasına çox təəssüfləndiyini bildirir, hər kəsin qiyamət günündə bu dünyada etdiklərinə görə cavab verəcəyini xatırladır:

“Bu ya birmənalı olaraq saxtakarlıqdır, ya da bir absurddur ki, bu qədər narazılıq olan bir yerdə Allahına ləbbeyk deməyə gedən, şeytanı lənətləyib daş atmağa, qurban kəsməyə, nəfsləri qamçılamağa hazır insanlar belə etsin. Onsuz da ölkədə hər şey zədələnib. Heç olmasa Məkkəni, Mədinəni o toxunmadan saxlamaq doğru olardı”.

Seyid Camal Əzimbəyli isə Məkkədə seçki nəticələrinin birmənalı olaraq saxtalaşdırıldığını iddia etmir.

“Əgər həqiqətən də saxtalaşdırma olubsa, o adamlar Allah qatında böyük günah sahibinə çevriliblər. Olmayıbsa, həqiqətən insanlar öz səslərini veriblərsə, günah olduğunu demək olmaz”.

Qarabağ Seyid Ocaqlarının təmsilçisi də seçki ilə bağlı bəzi problemlərin olduğunu etiraf edir. Amma onu da qeyd edir ki, digərlərindən fərqli olaraq, bu seçkilərdə insanların kütləvi şəkildə məntəqələrə gəliblər:

“Mən bunun şahidi oldum. Tərtər, Cəlilabad, Zaqatala, Sabirabad da daxil olmaqla 10 rayonda görüşlərimiz olub, görüşlərə gələnlərin arasında müxalifətçilər də vardı və onların əksəriyyəti inanclı insanlar idi”.

Seyid Camal deyir ki, hər kəs öz inancına əsasən qiyamətin dərəcəsini hesablayır. Lakin bəzi insanlar özlərini inanclı insanları təmsil etdikləri kimi qələmə verirlər.

“Elə çıxır ki, sanki axirətdən, cəhənnəm əzabından qorxan bir neçə nəfərdir. İnsanları yaxşı əməllərə dəvət etmək üçün bu, lazımdır. Amma gəlin, “hər kəs öz günahının daşıyıcısıdır” prinsipini də yaddan çıxarmayaq”.

SEÇKİ SAXTAKARLIĞI HARAMDIRMI?

Seyid Camal Əzimbəyli birmənalı olaraq bildirir ki, seçki saxtakarlığı günahdır və haram əməldir.

“Amma bunu da demək lazımdır ki, Azərbaycanı sevən yüz minlərlə insan var ki, onlar ölkəsini nə iqtidara, nə də müxalifətə görə sevmirlər. Onlar ədalətsizliklə bağlı sözlərini deyirlər”.
"İslam və Demokratiya" verilişindəki müzakirəni buradan dinləyə bilərsiz.

Şərhləri göstər

XS
SM
MD
LG