Keçid linkləri

Təcili xəbərlər

Rusiyanın Qafqaz problemi


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası
-
Rusiyada əməkçi miqrantlara qarşı baş verən təzyiqlərə Azərbaycanda həmişə xüsusi həssaslıqla yanaşıblar. Bu, on il bundan əvvəl də belə olub, indi də belədir.

Xüsusən də seçkilər önündə və yaxud da ki, Rusiyanın böyük geoiqtisadi, geosiyasi layihələrinə münasibət bildirilən anlarda belə təzyiqlər daha çox narahatlıq yaradır.

Lap açığı, hamı düşünür ki, nə vaxtsa Rusiya ilə Azərbaycan arasında yaşanan hansısa siyasi anlaşılmazlıq ucbatından bir gün Rusiyada məskunlaşan bütün azəri mənşəli miqrantları geriyə-Azərbaycana doğru qovacaqlar və bu da son illərdə insanların həyatında çox böyük çətinliklə yaradılan kövrək tarazlığı pozacaq və böyük sosial problemlər, hətta ola bilsin ki, ciddi siyasi nəticələri ola bilən kataklizmlər törədəcək.

...miqrant məsələsi lap yaxın vaxtlarda, avqust ayında da kəskin forma almışdı
Siyasi anlaşılmazlıq yaratmaq iqtidarında olan məsələlər isə çoxdur. Bu, Azərbaycanın Avropaya münasibəti ilə bağlı ola bilər, NATO ilə münasibətlərdən qaynaqlana bilər, ya da ki, Azərbaycanın Avrasiya İttifaqına və Gömrük Birliyinə münasibətindən başlanğıc götürə bilər.

Yada salaq ki, miqrant məsələsi lap yaxın vaxtlarda, avqust ayında da kəskin forma almışdı. Amma o vaxt məsələ sovuşdu. Fəqət, bu o demək deyil ki, o, birdəfəlik həllini tapdı.

QAFQAZƏSİLLİLƏR VƏ QORXUNC İSLAM

Ona görə də təsadüfi deyil ki, indi diqqət yenidən Moskvaya yönəlib. Təbii ki, Rusiya vətəndaşı İ. Sherbakova qarşı baş vermiş hadisə olduqca müdhiş bir olaydır. İnsan öz şəhərində, öz vətənində rəfiqəsini yola salarkən qətlə yetirilir! Bunun başqa adı yoxdur, cinayətkar tapılmalı və cəzalandırılmalıdır.

Amma təəssüf doğuran budur ki, hər dəfə belə cinayətlər etnik və ya dini rəng alır.

Amma bircə anlığa düşünək. Belə hadisələr harada olmur? Hansı cəmiyyət və hansı ölkə belə hadisələrdən sığortalanıb? Statistika göstərir ki, cinayətkarlığın səviyyəsi bütün ölkələrdə eyni deyil-bunun az və ya çox olduğu ölkələr var. Amma cinayət hər yerdə var.

Adi kriminal xronikalara baxsaq, hər bir ölkədə demək olar ki, hər gün kimsə təcavüzə məruz qalır və ya öldürülür….

Statistika göstərir ki, cinayətkarlığın səviyyəsi bütün ölkələrdə eyni deyil
Çox vaxt bütün bunları adi bir kriminal statistika kimi qəbul edirik və cinayətkarın milliyyəti və ya etnik mənsubiyyəti haqda düşünmək heç ağlımıza da gəlmir.

Amma Rusiyada belə deyil. Təəssüf ki, bu ölkədə cinayətin özündən çox, onu törədənin milliyəti və ya dini mənsubiyyəti haqda düşünürlər: «qafqazəsilli insanlar» və müəyyən mənada elə «qorxunc islam» haqqında təsəvvürlər də məhz buradan qaynaqlanır.

Bu fenomenlərdən biri-«radikal islam» sözsüz ki, daha çox beynəlmiləlləşib, o, heç də bir ölkənin strateqlərinin beyninin məhsulu deyil və bu anlayışın yaranmasında bir çox dövlətlərin «əməyi» olub.

Amma «qafqazəsillilər» məsələsi tipik Rusiya tapıntısıdır. Başqa ölkələrdə hələ ki, buna təsadüf olunmur. Burada adi cinayət sferası hüdudlarından kənara çıxaraq bir sual vermək olar. Qafqaz nədən Rusiya üçün belə problemə çevrilib?

QAFQAZDA TÜRKİYƏNİN TƏSİRİ NECƏ AZALDILDI?

Hamı gözəl bilir ki, 19–cu əsr Rusiya tarixində Qafqaz müharibələri dövrü kimi qalıb. Bu müharibə 20-ci əsrdə yenidən alovlandı və hələ də davam edir.

Ona görə də baxıb görürsən ki, Rusiya heç cür Qafqazı «həzm» edə bilmir, amma onu bir kənara tullamağı, ondan birdəfəlik əl çəkməyi də bacarmır.

Rusiya heç cür Qafqazı «həzm» edə bilmir, amma onu bir kənara tullamağı, ondan birdəfəlik əl çəkməyi də bacarmır
Qafqaz bir vaxt Türkiyənin, daha doğrusu, Osmanlının ideoloji təsiri altında idi. Rusiya on illərlə bu təsiri heçə endirdi və nəticədə nə baş verdi? Qafqaz ərəb şeyxlərinin ideoloji təsiri altına düşdü.

Təbii ki, bütün bunların bir cinayət aktına elə bir dəxli yoxdur. Amma «qafqazəsillilər» deyiminin yaranması artıq bir cinayətin sərhədlərindən çıxır, o, etno-sosial və etno-siyasi məzmun kəsb etməyə başlayır.

Rusiya üçün daha yaxşı olardı ki, öz təsirini slavyan dünyasına, Ukraynaya, Belarusa, bəzi Balkan ölkələrinə yaysın. Qafqaz heç bir vaxt sözün əsl mənasında Rusiyanın olmayıb, olmayacaq da…

Bəzən adama elə gəlir ki, ortalıqda bir psixoloji, bəlkə də etno-psixoloji uyğunsuzluq var və əgər 200 il ərzində bu uyğunsuzluğu dəf etmək mümkün olmayıbsa, ümid varmı ki, o, nə vaxtsa dəf ediləcək?


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG