Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:40
Oktyabrın 13 Moskvada son 3 ilin ən ağır toqquşmaları olub.

Rusiyalı millətçi skinhedlərin miqrantların çalışdığı və yaşadığı Biryolyovo bazarı və ətrafına hücumu nəticəsində 8-i polis olmaqla 23 nəfər yaralanıb. Onlardan 8-i, o cümlədən 2polis hələ də xəstəxanadırlar.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov APA-ya bildirib ki, iğtişaşlarda Azərbaycan vətəndaşlarının "xəsarət almayıb”.


BAZAR GÜNÜ MİLLƏTÇİLƏRİN HÜCUMU

Oktyabrın 13-də Moskvanın Biryulyovo-Zapadnoe rayonunda millətçi şüarlar səsləndirən yüzlərlə adam yerli ticarət mərkəzinə və tərəvəz bazasına hücum ediblər. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri etirazçıları dağıdıb.
Onlardan 400-ə nəfəri saxlansa da, sonradan buraxılıblar. Onlardan cəmi ikisinə qarşı ittiham irəli sürülüb.

Etirazlar oktyabrın 10-da Yegor Shcherbakov adlı gəncin qətlə yetirilməsindən sonra başlayıb. Axşam saatlarında rəfiqəsini ötürən Sherbakov ilə naməlum şəxs arasında mübahisə zamanı ona ölümcül bıcaq zərbələri endirilib. Yerli sakinlər əmindirlər ki, qatil Qafqaz mənşəli şəxsdir. Tərəvəz bazasına olan hücumlar da bununla bağlıdır.


MİQRANTLARA ÇÖLƏ ÇIXMAMAĞI MƏSLƏHƏT GÖRÜRLƏR

Rusiya Daxili işlər nazirliyi cinayətin açılmasına kömək edən məlumat müqabilində pul mükafatı elan etsə də, Biryulyovo sakinləri rəsmiləri fəaliyyətsizlikdə ittiham edirlər. Onlar rayonun icra başçısı və polis rəisinin istefasını tələb edəndən sonra, etirazçıların radikal hissəsi qafqazlıların işlədiyi ticarət mərkəzinə hücum ediblər. İğtişaşlar da bundan sonra başlayıb.

Rusiya Miqrantlar Federasiyasının prezidenti Məhəmməd Amin miqrantlardan ictimaiyyətə açıq yerlərdən uzaq gəzməyi və iğtişaşlar bitənə qədər hadisənin baş verdiyi bölgəyə getməməyi istəyib.

Bu arada Tacikistan səfirliyi bu ölkədən olanlara ara sakitləşənə qədər bazara çıxmamağı tapşırıb. Olayların baş verdiyi bazarlardakı mağaza və tərəvəz bazalarında bu gün iş olmayıb.


POLİS MİQRANTLARA QARŞI REYDLƏRƏ BAŞLAYIB

Toqquşmalardan sonra Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsev təcili müşavirə keçirib və Moskvanın ən böyük meyvə-tərəvəz bazarı olan Pokrov bazarında və digər bazarlarda anbarların yoxlanmasına göstəriş verib.

“Sabahdan başlayaraq daim gərginliyə səbəb olan dərhal bütün tərəvəz bazalarını yoxlayın, xüsusən də olayların baş verdiyi ərazidə. Moskva polisinin rəhbərliyi və həmin bazarların rəhbərlərini bazalarla bir an öncə məşğul olmağa, qayda-qanun yaratmağa, gəlmələrin millətindən asılı olmayaraq hər şeyi Rusiya qanunlarına uyğun yoluna qoymağa çağırıram”.

Kolokoltsev ekstremist və təxribatçıların növbəti çıxışlarına imkan verməmək üçün bu tədbirlərin vacib olduğunu əlavə edib.


1200 NƏFƏR TUTULUB

Bazar ertəsindən başlayaraq Rusiya polisi miqrantların çalışdığı bazalarda reydlər keçirib. Oktyabrın 14-də ümumlikdə 1200 gəlmə işçi tutulub. Polisin məlumatına görə, onlardan 3 milyon rubl nəğd pul, bıçaqlar, dəyənəklər və 3 odlu silah müsadirə edilib.


QURBAN BAYRAMI GENİŞ QEYD OLUNACAQ

Rusiya müsəlmanları Müftisinin müavini Rushan Abbasov Moskvada yaşayan bütün gəncləri toqquşmalardan uzaq olmağa çağırıb. Abbasov əlavə edib ki, baş verənlərə görə, Qurban Bayramının qeyd olunmasına təsi etməyəcək. Oktyabrın 15-dən 3 günlük bayram tədbirlərinə başlayacaqlar.

Rusiya parlamentinin üzvü Mikhail Starshinov bildirib ki, bayram günlərində bənzər hadisələrin təkrarlanmaması üçün təhlükəsizlik tədbirləri artırılacaq. Onun sözlərinə görə, müsəlmanların əksəriyyəti savadlı, ağıllı-başlı adamlardılar, pis adamlara isə dinindən asılı olmayaraq, bütün qrupların içində rast gəlmək olar.


RUSIYADA MIQRANT PROBLEMI

Rusiya Miqrasiya Xidmətinin məlumatına görə, hazırda ölkədə 11 milyondan çox rəsmi miqrant var, 2 milyondan çoxu da qanunsuz yaşayır və onlardan 30 mini təkcə bu il çıxarılıb.

Sova Mərkəzinin hesablamarına görə isə, təkcə bu il Rusiyada gəlmələrə millətçilərin hücumları nəticəsində 17 nəfər öldürülüb, 115 nəfər yaralanıb. Gəlmələr üçün ən ağır il 2008-ci il olub. O zaman bir il ərzində 11 nəfər qətlə yetirilmiş, 500-ə yaxını yaralanmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG