Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:13

Bu seçkilərdə hansı rayonlar 100 faizlik nəticə göstərdi?


Namizədlərin plakatları

Namizədlərin plakatları

-
Son prezident seçkisi ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı məlumatda diqqəti daha çox iri göstəricilər çəkir. MSK-nın məlumatına görə, 5 111 741 seçicidən 3 735 374-ü (73%-i) səsvermədə iştirak edib və onlardan 3 126 113 nəfəri (84.54%-i) hazırkı prezidentə səs verib.

Ən yüksək seçici fəallığı 1 saylı Şərur-Sədərək seçki dairəsində qeydə alınıb - 83%. Seçicilərinin 61.16%-nin səsvermədə iştirak etdiyi bildirilən 15 saylı Yasamal birinci seçki dairəsi bu göstərici ilə sonuncu yerdə qərarlaşır.

Azərbaycanda indiyə qədər keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrində seçici fəallığı 70%-dən az rəsmiləşdirilməyib. Yada salaq ki, ölkənin müharibə vəziyyətində olduğu, bir-birinin ardınca 6 rayonunun işğal edildiyi, hakimiyyətdən yenicə devrilmiş siyasi qüvvələrin boykot yolu seçdiyi bir vaxtda - 1993-cü ilin oktyabrında keçirilən seçkidə MSK seçicilərin 97.6%-nin səsverməyə qatıldığını, qalib namizədin isə 98.8% səs topladığını elan edib.

100%-LİK NƏTİCƏLƏR...

81 saylı Beyləqan Seçki Dairəsinin 38 saylı seçki məntəqəsi üzrə 705 seçicinin 323-ü səsvermə otağında, 382-si isə kənarda səyyar qaydada səs verib. Dairə seçki komissiyasından (DSK) alınan 705 bülletenin hamısı istifadə edilib, onlardan heç biri korlanmayıb, qutudan çıxanda etibarsız hesab edilməyib və bütün səslər İlham Əliyevə verilib.

Həmin dairənin 39 və 40 saylı seçki məntəqələrində də oxşar nəticələr qeydə alınıb. Birincisində 990 seçki bülleteninin 240-ı səsvermə otağında, 750-si isə məntəqədən kənarda İlham Əliyevin lehinə işarələnib. İkincisində isə 483-ü məntəqədə, 486-sı kənarda işarələnməklə qutulara DSK-dan alınmış 909 bülletenin hamısı atılıb və İlham Əliyev bütün səsləri qazanıb.

Bütün seçicilərin səsvermədə iştirakı və bütün səslərin bir namizədə verilməyi 95 saylı Tərtər Seçki Dairəsinin 38, 39 və 40 saylı seçki məntəqələrinin protokollarında da əks olunub. Bu məntəqələr üzrə seçicilərin sayı ümumilikdə 2870 olub. DSK-dan elə bu qədər sayda bülleten alınıb, onların heç biri korlanmayıb, qutudan çıxarkən verilmiş səs etibarsız hesab edilməyib və İlham Əliyevə 2870 səs yazılıb.

99 saylı Şəmkir kənd seçki dairəsinin 39, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinin 63 və 64 saylı məntəqələri də seçici fəallığına və İlham Əliyevə səs verməyə görə 100%-lik nəticəyə imza atıblar. İlham Əliyev 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 38 və 39 saylı seçki məntəqələri üzrə bütün mümkün səsləri əldə edib. Birincisində 1450 seçicidən 324-ü, ikincisində isə 895 seçicidən 546-sı məntəqədən kənarda səs verib.

107 saylı Qazax seçki dairəsinin 37 və 38 saylı məntəqələri üzrə bütün bülletenlərdən istifadə edilib və mümkün 2556 səs bir namizədə ünvanlanıb.

119 saylı Ağdam kənd seçki dairəsinin DSK-sı bir neçə gün əvvəl 43, 44 və 45 saylı seçki məntəqələrinə verdiyi, ümumilikdə 2533 ədəd bülletenin hamısını İlham Əliyevin lehinə işarələnmiş şəkildə qəbul edib, onlardan nə korlananı olub, nə də «kənara» səs çıxaranı. Hər halda, protokol məlumatları bunu deyir...

BƏZİ MƏNTƏQƏLƏR «REKORD»U ƏLDƏN VERİB

109 saylı Balakən seçki dairəsinin 36 saylı məntəqəsi üzrə seçici siyahısında olan 202 seçicinin 201-i İlham Əliyevə, 1 nəfər isə İqbal Ağazadəyə səs verib.

108 saylı Ağstafa seçki dairəsinin 41 saylı seçki məntəqəsi üzrə siyahıda olan 508 nəfərin adından qutulara bülleten atılıb, lakin səslərin sayılması zamanı 2 bülleten etibarsız hesab edildiyindən İlham Əliyevə 506 səs yazmaq mümkün olub.

1140 seçicisi olan 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinin 62 saylı məntəqəsi seçici fəallığına görə 100%-li nəticə göstərsə də, 4 bülletenin etibarsızlığına görə İlham Əliyevə 1136 səs qazandırıb.

81 saylı Beyləqan seçki dairəsinin 43 saylı məntəqəsinin yekun protokoluna görə, səsvermədə seçicilərin 98%-i iştirak edib (onların 350-si məntəqədən kənarda səs verib) və bütün səslər İlham Əliyevə verilib.

ƏLAVƏ SEÇİCİ SİYAHISINDA «KARUSEL» İZLƏRİ?...

Seçki günü əlavə seçici siyahısına 69 195 nəfərin düşməsi də diqqət çəkir. Maraqlıdır ki, bu, seçki dairələri üzrə qeyri-mütənasib bölünüb. Məsələn, 15 saylı Yasamal birinci seçki dairəsində 3 280, 13 saylı Xəzər-Pirallahı seçki dairəsində isə cəmi 26 nəfər siyahıya əlavə edilib. Eyni uyğunsuzluğu əyalətlərdə təşkil edilən seçki dairələri arasında da görmək olur:

55 saylı Xaçmaz şəhər- 86
56 saylı Xaçmaz kənd- 1073
65 saylı Saatlı-Sabirabad-Kürdəmir- 10
79 saylı İmişli - 1194
91 saylı Ucar- 0

Ekspertlər hesab edir ki, seçici siyahısı «karusel» əməliyyatı keçirilən dairələrdə «şişir» və bu yolla verilən səslərin ən azı ¾ hissəsi «halal səs» deyil. Seçici fəallığı zəif olan məntəqələrdə əlavə siyahı hesabına süni «boy artımı» yaradılır.

SƏSVERMƏ OTAĞINDAN KƏNARDA BAŞ VERƏNLƏR

İlkin nəticələrə görə, 50 765 səs səsvermə otağından kənarda verilib. Amma burada da uyğunsuzluqlar var. 91 saylı Ucar, 103 saylı Gədəbəy seçki dairələrinə məntəqədən kənarda səs verməklə bağlı müraciət daxil olmayıb, 116 saylı Qəbələ seçki dairəsi üzrə cəmi 12 nəfərdən evdə səs alınıb. Amma 95 saylı Tərtər seçki dairəsi üzrə belə müraciətlərin sayı 1506 olub. 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə 48 məntəqənin hər biri üzrə evdə səsvermə keçirilib (1 saylı məntəqə üzrə 74, 4 saylı üzrə 85, 15 saylı üzrə 87, 40 saylı üzrə 86).

ETİBARSIZ HESAB EDİLƏN SƏSLƏR

Bəzi dairə və məntəqələr üzrə səslərin etibarsız hesab edilməsi də diqqət çəkir. 91 saylı Ucar, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə bu hal qeydə alınmasa da, 15 saylı Yasamal birinci seçki dairəsi üzrə 828, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə 576 səs ləğv edilib. 33 saylı Xətai birinci seçki dairəsinin 16 saylı məntəqəsi üzrə 185, 123 saylı Kəlbəcər seçki dairəsinin 15 saylı məntəqəsində 154, 14 saylı məntəqəsində isə 107 səs etibarsız sayılıb.

Səslərin etibarsız çıxması heç də seçicinin bülleteni düzgün işarələməsi ilə bağlı olmayıb. Məsələn, 79 saylı İmişli seçki dairəsinin 5 saylı məntəqəsində 79 səs ona görə ləğv edilib ki, bülletenin müvafiq küncü deyil, başqa bir küncü kəsilibmiş.

UYĞUNSUZLUQ...

Bəzi məntəqələr üzrə MSK tərəfindən müşahidəçilərə verilən protokol məlumatları MSK-nın rəsmi internet səhifəsindəkilərlə uyğun gəlmir. Bunu söhbət etdiyim ATƏT/DTİHB müşahidəçiləri də bildirdi.

Şərhləri göstər

XS
SM
MD
LG