Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:10

"İnanmadım"


Alice Munro
Alice Munro
-

Oktyabrın 10-da Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülmüş kanadalı hekayəçi Alice Munro nobelprize.org saytına telefonla müsahibə verib.

4 dəqiqəlik intervü güman ki Munroya Nobel verilməsindən az sonra alınıb və yazıçının çox həyəcanlı olduğu sezilir.

Müxbir 82 yaşlı Munrodan Nobel alması haqda xəbəri necə eşitdiyini soruşur.

Xatırlaya bilməyən yazıçıya evdəkilər kömək edir, yalnız bundan sonra o, "mətbuatdan zəng etmişdilər" cavabını verir.

"İlk reaksiyanız necə oldu, əgər yadınızdadırsa" deyə müxbir soruşur.

"İnanmadım" - deyə Munro cavab verir: "Özümü çox xoşbəxt hiss edirəm. Bu təkcə mənim üçün yox, hekayə janrı üçün də gözəl bir şeydir".

Munro deyir ki, bu səviyyədə etiraf edilməsi hekayəçi üçün məxsusi bir hadisədir. O ümid edir ki, mükafat təkcə ona xüsusi status verməyəcək, həm də ümumlikdə hekayə janrına münasibəti dəyişəcək:

"Çünki çox vaxt bu janrı başdan edirlər. İnsanlar hekayəçiliklə ilk romanı yazana qədər məşğul olurlar".

Munro istərdi ki, hekayəyə də başqa janrlarla eyni səviyyədə münasibət olsun, onu romanla əlaqələndirməsinlər.

Müxbir yazıçıdan soruşur ki, onun yaradıcılığı ilə tanış olmayanlara hansı kitabından başlamağı tövsiyə edərdi.

Munro gülərək "Aman allah, heç bilmirəm... " deyir:

"Həmişə fikirləşirsən ki, sonuncu əsərin yazdıqlarının ən yaxşısıdır".

Söhbət Munronun 2012-ci ildə çapdan çıxan "Dea Life" (Sevgili həyat) hekayələr toplusundan gedir.

"Ümid edirəm ki, onu bitirəndən sonra əvvəlki kitablarımı da oxuyacaqlar" - deyə Munro əlavə edir.

Munro bu ilin yayında yazar karyerasını bitirdiyini elan edib. Müxbir soruşur ki, Nobel sizi yenidən yazmağa həvəsləndirə bilərmi?

"Mən uzun illər boyunca, 20 yaşımdan bəri hekayə yazıb çap etdirmişəm. Düşündüm ki, bəlkə bəsdir, amma bu mükafat məni fikrimdən döndərə bilər".

Sonda müxbir "bəlkə sonra zəng edək, ətraflı söhbət edək, bəlkə də yorulmusuz" deyə soruşur.

"Həqiqətən yorulmuşam, allah bilir, ağzıma gələni danışıram" - deyə Munro zarafatından qalmır.

(Müsahibəni dinlə)
XS
SM
MD
LG