Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:25

Alice Munroya ittiham: "Eybəcərləşmiş şəxsiyyət..."


Alice Munro, 2009
Alice Munro, 2009
-

"Atam sağ olsaydı, belə şey eləməzdilər".

"Düşünürdüm ki, qəribə, marginal şeylər haqda yalnız qadınlar yaza bilərlər".


Oktyabrın 10-da Nobel mükafatına layiq görülmüş kanadalı yazıçı Alice Munronun ABŞ-ın "Paris review" jurnalına müsahibəsi (1994)

əvvəli burda


İŞ QRAFİKİ

Munro deyir ki, səhərlər yazır - həftədə yeddi gün. Yazmağa səhər saat 8-də başlayıb 11-də qurtarır. Nə qədər ki, yazının qaralaması tam hazır deyil, bu qrafiklə işləyir. Amma qaralama variantı hazır olan kimi daha 11-cən yox, bütün günü yazmağa başlayır - kiçik fasilələrlə.

Jurnalın əməkdaşları ondan soruşublar ki, bu qrafik nə dərəcədə sabitdir, məsələn, kimsə onu toya, yaxud başqa tədbirə çağırırsa, onda nə edir?

Munro deyir ki, o özü üçün məcburi yazı norması, kvotası müəyyən edib, nə olur-olsun həmin normanı doldurmalıdır. Toya getdiyi gün neçə vərəq yazı yazmaqdan qalacaqsa, həmin əlavə işi qabaqkı günlərdə görüb qurtarır. Onun sözlərinə görə, belə eləməyəndə elə bilir ki, nəsə itirib: "Bu, qocalıqla bağlı bir şeydir, insanlar qocaldıqca bu kimi şeylərə özlərini məcbur etməli olurlar".

Munro özü üçün gündəlik gəzinti norması da müəyyən edib. Hər gün 3 mil piyada gəzir. Əgər özünün təbirincə, "hansısa gününü itirəcəyini bilirsə", həmin günün gəzinti normasını əvvəlki günlərə əlavə edib yerinə yetirir. Deyir, vaxtilə atası da belə edərmiş. Atası deyərmiş ki, əgər bu cür rituallara və şablonlara əməl edirsənsə, heç nə səni işindən qoya bilməz.
Munronun kitabları
Munronun kitabları

YAZI MASASI

Bəs, məsələn, əgər Munro 5 ay hansısa hekayənin üzərində işləyib nəhayət onu bitirirsə, yazmağa nə qədər ara verir?

Yazıçı deyir ki, dərhal digər hekayə üzərində işə başlayır. Əvvəllər həvəsdən düşə, yazmaq şövqünü itirə biləcəyini ağlına da gətirməzmiş, amma qocaldıqca, onun qorxuları artır: "Necə ki, hərəkət etməyəndə orqanizmimin tonusu düşür, yazmayanda da ümumiyyətlə yazmağı yadırğayacağımdan ehtiyat edirəm". Ən əsas da o, yazmaqdan aldığı həzdən məhrum olacağından qorxur. Yazıçı deyir ki, təqaüdə çıxan insanlar həyatlarındakı boşluğu doldurmaq üçün hansısa hobbilərinə daha çox vaxt ayırmağa, ya da hansısa kurslara yazılmağa başlayırlar. Bu cür boşluq ondan ötrü faciə olardı. Çünki ömrü boyu onun əsas məşğuliyyəti, həyatını mənalandıran yeganə şey yazmaq olub. Həyatında başqaları kimi müxtəliflik olmayıb, belə yaşayışa adət etməyib.

"Paris review"nun əməkdaşları ondan soruşublar ki, hansısa hekayəyə başlayanda süjet beynində hazır olurmu, yəni işi sadəcə, oturub onu kağıza köçürmək olurmu?

Munro deyir ki, heç vaxt belə olmur. Yazı prosesi xeyli çəkir, əgər sonda ortaya nəsə dəyərli bir şey çıxırsa, deməli o, mütləq yazı prosesində dəyişikliyə uğrayıb. Yazıçının sözlərinə görə, başladığı hekayə xoşuna gəlməyəndə, "yanlış istiqamətdə getdiyini anlayanda" onu bir kənara qoyur, bir müddət gözləyir, həmin hekayəyə köklənə biləndə yenidən üzərində işləməyə başlayır. Buna görə də hekayə qaralamaları ilə dolu olan xeyli sayda dəftəri var.

Munronun demək olar ki, bütün hekayələrində hadisələr onun doğulduğu, yaşadığı bölgələrdə baş verir. Yazıçı düşünür ki, bu, ona yazmaq üçün zəngin material verir:

"Kiçik şəhərdə yaşayanda sən insanlar haqda daha çox şey eşidirsən, özü də müxtəlif cür adamlar haqqında. Böyük şəhərdə isə sənin qulağına çatanlar yalnız özün kimi adamlar haqqında olur. Əgər qadınsansa, rəfiqələrindən çox şey eşidirsən". Munro deyir ki, məsələn, hekayələrinin birindəki dəhşətli qətl hadisəsi onun yaşadığı yerdə törədilib. Onun sözlərinə görə, əgər böyük şəhərdə yaşasaydı, bu barədə qəzetdən xəbər tuta bilərdi, kiçik şəhərdə isə hadisəni detallarına qədər eşidir.
Flannery-O"Connor, 1947
Flannery-O"Connor, 1947

MÜTALİƏ

Munro deyir ki, 30 yaşınacan mütaliə onun həyatının ayrılmaz hissəsi olub: "Mən kitablarda yaşayırdım. Məni ilk tərpədən Amerikanın cənubundan olan yazıçıların əsərləri olub. Onlar mənə kiçik şəhərlərdən, kənd adamlarından da yazmağın mümkünlüyünü anlatdılar. Yəni mənim çox yaxşı bildiyim bir mühit haqda".

Munronun sözlərinə görə, özü də fərqinə varmadan, nəyə görəsə. cənublular arasında ən çox qadın yazarların əsərlərini sevib: "Faulkner-i elə də xoşlamırdım. Mənim sevdiyim yazıçılar Eudora Welty, Flannery O’Connor, Katherine Ann Porter, Carson McCullers idi. Düşünürdüm ki, qəribə, marginal şeylər haqda yalnız qadınlar yaza bilərlər".

"ATAM SAĞ OLSAYDI..."

Jurnalın müxbirləri Munrodan doğulduğu, böyüdüyü, əsərləri üçün mövzu vermiş bölgədə ona münasibətin necə olduğunu da xəbər alıblar.

Yazıçı deyir ki, orda onun hekayə yazdığını biləndə bunu yaxşı qarşılamayıblar. Çünki onun yazdıqları fantaziya məhsulu deyildi, real hadisələrə əsaslanırdı:

"Yerli qəzet məndən hətta öz baş məqaləsində yazmışdı. Həyata qıvşımış daxili aləmdən baxış... Eybəcərləşmiş şəxsiyyət... Onlar bunu edəndə atam artıq həyatda yox idi. Atam sağ olsaydı, belə şey eləməzdilər. Çünki atam hamının sevimlisi idi. Elə sevilir, elə hörmətli idi ki, heç kim belə şeyləri qabartmazdı. Amma o öləndən sonra vəziyyət dəyişdi".

Hazırladı R.Qəmbərov
XS
SM
MD
LG