Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:56

Şimal bölgəsində səssiz-səmirsiz səsvermə


-
- Dayı, səs verdiniz?
- Yox, bala.
- Nə əcəb?
- Başım qarışıqdı. Alverlə məşğulam. Mağazanı indi açmışam, mal tökmüşəm.
«QUTUDAN HƏMİŞƏ BİR ADAM ÇIXIR»
Oktyabrın 9-da qubalı Məmməd dayı günə qarşısına tökdüyü almalara müştəri gözləməklə başlamışdı. Deyirdi, alveri başlı-başına buraxıb səs verməyə gedə bilməz. Heç hansı məntəqədə səs verəcəyini də bilmirdi. Nə qapısına atılan bildirişdən xəbəri vardı, nə də səs verməli olduğu məntəqənin ünvanından. Deməsinə görə, ona maraqlı deyil: «Qutudan həmişə bir adam çıxır».
Məmməd dayını alveriylə baş-başa buraxıb düşürük məntəqələrin canına. 52 saylı Quba şəhər Seçki Dairəsinin 5 və 6 saylı səsvermə məntəqəsindən başlayırıq. Müşahidəçilərin hansı təşkilatı, partiyanı təmsil etmələri ilə maraqlanırıq:
«BXC ELƏ BXC-dir...»
- Hansı partiyanı təmsil edirsiniz?
- BXC-ni...
- BXC nədir? Hansı partiyadır?
Müşahidəçi çaşqın-çaşqın baxır:
- Elə BXC-dir...
(Böyük ehtimalla, müsahibimiz Bütöv Azərbaycan Xalq Cəbhəsini nəzərdə tuturmuş). Başqa müşahidəçiyə yaxınlaşırıq:
Seçki müşahidəçisi
Seçki müşahidəçisi
- Siz hardansınız?
- QHT-dən...
- Hansı QHT-dən?
Əlindəki vəsiqəni göstərir:
- Bunu MSK verib, üstündə elə QHT yazılıb.
- Səhər bülletenlərin sayılmasında iştirak etmisiniz?
- Əlbəttə. Səhər 8-dən burdayıq.
- Neçə bülleten saymısınız?
Müşahidəçilərin ağızlarından çıxan rəqəmlər üst-üstə düşmür.
Buraları tərk edib üz tuturuq başqa dairələrin səsvermə məntəqələrinə. 51 saylı Qusar seçki dairəsinin, 55 saylı Xaçmaz şəhər seçki dairəsinin, 56 saylı Xaçmaz kənd seçki dairəsinin məntəqələrində müşahidəçilərin əksəriyyəti büdcə təşkilatlarında çalışanlar idi. Onların arasında sosial müdafiə fondunun rayon təşkilatının işçiləri, bağça müdirələri, müəllimlər, rayon qaz idarəsinin işçiləri üstünlük təşkil edirdi. Gəzib-dolaşdığımız məntəqələrdə seçici seyrəkliyi gözə çarpırdı.
İKİSİ BİRİNDƏ...
Qusardakı səsvermə məntəqələrinə gələn seçicilər komissiya üzvləri və müşahidəçilər tərəfindən yönləndirilirdi. Məntəqələrdə eyni vaxtda səsvermə kabinəsinə iki nəfərin daxil olaraq səs verməsi anları da kameralarımızın yaddaşında qaldı.
56 saylı Xaçmaz kənd seçki dairəsinin məntəqələri isə tibb bacılarının «ümidinə qalmışdı». Bu məntəqələrdə 1 saata yaxın apardığımız müşahidə zamanı ağxalatlılardan başqa gözə dəyən olmadı.
56 saylı Xaçmaz kənd seçki dairəsində müşahidəçilər
56 saylı Xaçmaz kənd seçki dairəsində müşahidəçilər
Qusarda 51 saylı Seçki Dairəsinin 1, 2 , 42 və 44 saylı səsvermə məntəqələrində müşahidəçilərin əksəriyyəri YAP üzvləri idi. 42 və 44 saylı səsvermə məntəqələrindəki müşahidəçilərin isə demək olar ki, hamısı YAP-çılar idi.
DSK SƏDRLƏRİ RAZI QALIB
Şimal bölgəsindəki dairə seçki komissiyalarının (DSK) sədrləri isə səsvermə prosesindən razılıq edirdilər. Məsələn, 55 saylı Xaçmaz şəhər DSK-nın sədri Bəhram Ömərov deyirdi ki, dairənin 38 məntəqəsində 43.039 seçicidən 30.853 nəfəri səs verib. 52 saylı Quba şəhər DSK-nın sədri Mübariz Abbasov isə dairəyə düşən 70 məntəqədə 44.483 seçicidən 31.157 nəfərinin səsvermədə iştirak etdiyini bildirirdi. 52 saylı Quba-Qusar DSK-nın, 51 saylı Qusar şəhər DSK-nın, 56 saylı Xaçmaz kənd DSK-nın sədrləri də optimist əhvaldaydılar. Onlar səsvermədə seçicilərin 70 faizdən çoxunun iştirak etməsindən danışırdılar.
Səsvermə başa çatırdı. Məmməd dayı hələ də səs verməmişdi. Alveriylə məşğul idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG