Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:24
-
Bu seçkilərdə də ən çox seçici fəallığının Naxçıvanda olduğu bildirilir. Hər halda “Şərq Qapısı” qəzetinin Naxçıvan MR MSK-sına istinadən verdiyi məlumatdan bu qənaətə gəlmək olar. Qəzetin yazdığına görə, muxtar respublikada seçicilərin 80,2 faizi səsvermədə iştirak edib. Yada salaq ki, bütün ölkə üzrə bu göstərici 70 faiz civarındadır.

Naxçıvandakı müxalifət partiyalarının nümayəndələri isə yüksək seçki fəallığı ilə bağlı deyilənlərlə razılaşmırlar. AXCP yerli təşkilatının sədri Yaşar Bağırsoy Naxçıvanda seçki prosesinin passiv və ciddi pozuntularla keçdiyini bildirir:

“Tamamilə absurd açıqlamadır.”

“ Özümüz də kənardan müşahidə elədik. Buna seçki adı vermək olmaz. Bu, sadəcə Naxçıvanda seçki tamaşası idi. Ən çox da “karusel” əməliyyatından istifadə edirdilər. Seçki zamanı müşahidəçilərin gözü önündə qutulara məntəqə üzvləri tərəfindən bülletenlər tökülüb. Bir nəfər hətta 7-8 dəfə eyni məntəqəyə girib səs verirdi.

Naxçıvanda seçicilərin təxminən 10 faizi seçkidə iştirak edirdi. Sadəcə büdcədən maliyyələşən təşkilatların işçilərini bütün məntəqələrdə gəzdirməklə guya fəallığın yüksək olduğunu göstərməyə çalışırdılar.

Tamamilə absurd açıqlamadır. Naxçıvanda əhalinin 50-55 faizi Bakıya və başqa ölkələrə köç ediblər. Necə ola bilər ki, bu vəziyyətdə seçicilərin 80 faizdən çoxu iştirak etsin? Yalan məlumatdır”

“Bu seçkiyə çox hiyləgərcəsinə hazırlaşmışdılar”.


Müsavat Partiyası yerli təşkilatının sədri Sabir Vəliyev də Naxçıvanda seçkilərin ciddi qanun pozuntuları ilə müşahidə olunduğunu bildirir:

“ Naxçıvanda bütün məntəqələrdə eyni üsulla saxtakarlıqlar oldu. Bu seçkiyə çox hiyləgərliklə hazırlaşmışdılar. Polislərə mülki geyim geyindirib məntəqələrə göndərmişdilər. Məntəqələr tam nəzarətdə idi. Seçki cəmi 1-2 saat sakit aparıldı.

Saat 9-dan sonra karusel əməliyyatına başladılar. Xüsusi qruplar bir məntəqədən digərinə aparılırdılar. Həmin qruplar bir saatlıq fasilələrdən sonra dəfələrlə eyni məntəqələrə təkrar gətirilirdilər. Mən müşahidəçilik etdiyim məntəqələrdə topa-topa bülletenlər qutulara atılırdı. Mən səssayma vaxtı 6 saylı DSK-nın 3 saylı məntəqəsində idim. Birinci qutunu açdılar, saxtakarlıqlara baxmayaraq, Cəmil Həsənliyə verilən səslər çox idi. Digər qutuları açmadılar, götürüb saymadan oğurlayıb apardılar”.

“ Seçkilər demokratik şəraitdə keçirilib”

Naxçıvanda seçkilərin hansı şəraitdə keçirildiyi haqda YAP yerli təşkilatının da fikrini öyrənməyə çalışdıq. Təşkilatdan bu haqda AzadlıqRadiosuna açıqlama vermək istəmədilər.

Naxçıvan Muxtar Respublikası MSK-nın dəri Məhərrəm Seyidov da bu haqda danışmaqdan imtina etdi.

Muxtar Respublika Ali Məclisinin rəsmi orqanı olan “Şərq Qapısı” qəzeti isə prezident seçkilərinin Naxçıvanda demokratik şəraitdə keçirildiyi haqda məlumat verir. Qəzetin yazdığına görə, seçicilərin 90,2 faizi məhz İlham Əliyevə səs verib.

Şərhləri göstər

XS
SM
MD
LG