Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:46

Rüstəm İbrahimbəyov: Azərbaycanın gələcəyini Cəmil Həsənliyə bağlayıram


Arxiv foto
Arxiv foto
-
10 oktyabr - AzadlıqRadiosu Azərbaycanın media icmalını hazırlayıb:


Seçki ertəsi medianın yazdıqları

Oktyabrın 10-da yerli qəzet və xəbər portalları əsasən bir gün əvvəlki prezident seçkilərinə həsr olunub.

RƏSMİ QƏZETLƏR PREZİDENT SEÇKİSİNİN ŞƏFFAF KEÇDİYİNİ BİLDİRİR

“Azərbaycan” qəzeti İlham Əliyevin seçki bitəndən sonra xalqa müraciətini, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalına verdiyi müsahibənin mətnini, YAP icra katibi Əli Əhmədovun seçkidən sonra keçirdiyi mətbuat konfransı barədə informasiyalar dərc edib.

MÜXALİFƏT MEDİASI SEÇKİNİN KÜTLƏVİ SAXTALAŞDIRILDIĞINI YAZIR

Əli Kərimli
Əli Kərimli
“Azadlıq” qəzeti AXCP sədri Əli Kərimlinin 9 oktyabr prezident seçkisinin kütləvi saxtalaşdırılmasına dair müraciətini dərc edib. O, xalqı ruhdan düşməməyə və mübarizəni davam etdirməyə çağırıb.

"Kütləvi və həyasız saxtakarlıqla yenə də xalqı təhqir etdilər. Açıq dedilər ki, xalqın səsi ilə hesablaşmaq fikirləri yoxdur. Bu dəfə saxtakarlığa səhər tezdən başladılar. Deməli, xalqın İlham Əliyevə səs verməyəcəyini özləri də bilirmişlər. İndi hökumətin istədiyi budur ki, biz ruhdan düşək, gələcəyə ümidimizi itirək, daxilimizdə günahkar axtarmağa başlayaq, xalqımızdan küsək, “biz düzələn deyilik” qənaətinə gələk.

Xeyr, hamımız bilməliyik ki, seçkilərin saxtalaşdırılmasının günahkarı İlham Əliyev və onun başçılıq etdiyi rejimdir. Minlərlə insanı bu gün şahidi olduğunuz rəzilliyə də onlar sürüklədi. Həm təşviqat kampaniyası dövründə, həm də bu gün - seçki günündə Cəmil müəllimə dəstək olmuş vətəndaşlarımıza təşəkkürlər!
http://www.azadliq.info/xeberler/358-xeber/36471-eli-kerimli-cagiris.html

“Müsavat” QƏZETİ MİLLİ ŞURANIN NAMİZƏDİ CƏMİL HƏSƏNLİNİN DOĞMA KƏNDİ, CƏLİLABADIN ALAR KƏNDİNDƏN REPORTAJ DƏRC EDİB

“...Müşahidəçilər saxtakarlığa elə məntəqələr açıldığı saatdan başlandığını söylədilər. Onların sözlərinə görə, seçki prosesi total saxtakarlıqla müşayiət olunur, bir nəfər bir neçə bülleten atır, “karusel” əməliyyatı açıq şəkildə həyata keçirilir, yerli icra nümayəndələri, məktəb direktorları, bələdiyyə sədrləri prosesə müdaxilə edir, seçiciləri yönləndirirdilər. Ümumilikdə isə kənddə ab-hava normal idi, hər hansı insident və ya gərginlik yaşanmadı...

Nəhayət, saat 19:00-da seçki məntəqələrinin qapıları bağlandı və bülletenlər hesablanmağa başlandı. Müşahidəçilərin verdiyi məlumata görə, səslər sayıldıqdan sonra İ.Əliyevin Alar kəndi üzrə 2531, C.Həsənlinin isə 564 səs aldığı elan olunub. Alar sakinlərinin çoxu isə bunu böyük saxtakarlıq adlandırdılar.

“Turan” İNFORMASİYA AGENTLİYİ MİLLİ ŞURANIN LİDERİ, KİNODRAMATURQ RÜSTƏM İBRAHİMBƏYOVLA MÜSAHİBƏ DƏRC EDİB

O, Azərbaycanın Tbilisidəki səfirliyində səs verdiyini deyib:

“İlham Əliyevə səs verdiyim tamamilə yalandır. Belə bir axmaqlıq kimin ağlına gələ bilərdi?”, deyə o qeyd edib.

“Mən tamamilə aydın olan səbəblərdən Cəmil bəyə səs verdim. Azərbaycanın gələcəyini məhz bu insanla bağlayıram. Bu seçkilərdə o, gözəl lider və siyasətçi kimi özünü göstərdi. O, özünü canlı yayında təkbaşına ona qarşı aqressiv əhval-ruhiyyəli 7 nəfərə qarşı mübarizə aparan əla polemikaçı kimi göstərdi. Bu zaman dərin bilik, dözümlülük və səriştəlilik nümayiş etdirdi. O, şərəfli ziyalı, nailiyyətləri dünya ictimaiyyəti tərəfindən tanınmış gözəl alimdir”, deyə İbrahimbəyov bildirib.

“MediaForum” SAYTI AZƏR QARAÇƏNLİNİN “SƏS” YAZISINI DƏRC EDİB

“On illər qabaq oxuduğun məktəbə səs verməyə gedirsən. Sən oxuyanda da adamlar seçki vaxtı məktəbdə səs verərdi, sən oxuyub qurtarandan sonra da belədi. Bu on illərdə dünyada çox şey dəyişib. İmperiya dağılıb, sənin xalqın yenidən özünə dövlət qurub, öz bayrağın ucalıb, öz gerbin qayıdıb, öz pulun çıxıb. Uşaqlar böyüyüb, cavanlar qocalıb. Amma cavanların hamısı qocalmayıb, onların cavanlığına müharibə düşüb, neçəsi müharibədə həlak olub. Elə uşaqların da hamısı böyüməyib, qocaların da hamısı öz əcəliylə ölməyib – müharibədə həlak olublar, itkin düşüblər, əsirlikdən qayıtmayıblar.

...Ağaclarsa durur, ağacların hamısı böyüyüb. İydə bir az da qol-budaq atıb, əyri ağac azacıq dikəlib, yəqin uşaqlar indi onun üstündə oturub çox ağırlıq salmırlar.”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG