Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:15

Harri kimi mürəkkəb bir adamın mahiyyətini adicə canavarlığa, insanlığa bölməklə izah etmək sadəlövhlükdür...

-

Yerli telekanalların birində Orxan Fikrətoğlu belə bir fikir demişdi:

“Gənclərimiz Nitsşe, Kafka, Hesse kimi müəllifləri oxumaqla özlərində qələbəyə, həyata inam hissini öldürürlər”.

O.Fikrətoğlunun gənclərin mütaliə zövqünü hansı istiqamətə yönəltmək istədikləri mənə anlaşılmaz olaraq qaldı...



Şəhriyar Həsənov


HERMANN HESSE, ORXAN FİKRƏTOĞLU VƏ UŞAQ OYUNU


"MƏNİMLƏ YAŞA, MƏNİMLƏ NƏFƏS AL..."

Alman əsilli İsveçrə yazıçısı Hermann Hesse yaradıcılığa erkən başlasa da, yalnız 1904-cü ildə - 27 yaşında “Peter Kamensind” romanı ilə dünya ədəbi ictimaiyyətinin diqqətini çəkə bilib.

Hesse müharibələrə, despotizmə, avtoritar rejimlərə qarşı barışmaz mövqeyini 2-ci Dünya Savaşından əvvəl də, sonra da açıq şəkildə ifadə edib.

Bunun ilk təzahürləri, müəllifə dünya şöhrəti qazandırmış “Yalquzaq”(1927) əsərində müşahidə edilir.

Nədənsə mən bu əsəri oxuduqca əsərin baş qəhrəmanı Harri Hallerin sanki oxucuya hayqıraraq demək istədiklərini eşidirdim: ”Mənimlə nəfəs al, mənimlə yaşa və mənimlə ölərək əbədi ölümsüzlüyə doğru ilk addımlarını at”.

Əslində ölməz əsərlər elə ona görə ölməzdir ki, oxucu əsərin qəhrəmanı ilə birgə bütün süjet xətti boyunca eyni sarsıntıları keçirir, eyni xoşbəxliyin sevincini yaşaya bilir. Təbii ki, oxucunun həmin ana qədər geniş mütaliə bazası olmalıdır.

Elə dövrümüzdə Azərbaycan oxucusunun azlığı və yaxud da oxuduğu əsərlərin səthi, şüura elə ilk təsirdəcə çatan cümlə yığınından ibaət olması “Yalquzaq” tipli mürəkkəb dilli əsərlərin oxucularımız tərəfindən dərkini çətinləşdirir.

Romanın hissələri arasındakı əlaqəni tapmaq, müəllifin öz dili ilə və qəhrəmanların dili ilə deyilən ifadələrə, baxış bucaqlarına yeni məna qazandırmaq o qədər də asan deyil.
"Yalquzaq" Azərbaycan dilində

"Yalquzaq" Azərbaycan dilində


İdeoloji gündəmli digər mütəfəkkirlər Dostoyevski, Nitsşe kimi Hessenin də müraciət obyekti gənclərdir.

ORXAN FİKRƏTOĞLU DEYİR Kİ...

Bir neçə ay əvvəl yerli telekanalların birində Orxan Fikrətoğlu belə bir fikir demişdi: “Gənclərimiz Nitsşe, Kafka, Hesse kimi müəllifləri oxumaqla özlərində qələbəyə, həyata inam hissini öldürürlər”.

O.Fikrətoğlu və digər müasir ədəbiyyat nümayəndələrimizin gənclərin mütaliə zövqünü hansı istiqamətə yönəltmək istədikləri mənə anlaşılmaz olaraq qaldı.

Digər tərəfdən ziddiyyət burasındadır ki, O.Fikrətoğlunun 90-ci illərdə yazdığı hekayələrdə də Kafkanın, Hessenin üslubu və ruhu hiss olunmaqdadır.

KAFKA VƏ HİTLER

Qeyd etdiyimiz kimi, Hessenin də müraciət obyekti gənclərdir. Baxmayaraq ki, romanın baş qəhrəmanı 50 yaşlı Harri Hallerdir.

Məsələn, Dostoyevski öz romanlarında qəhrəmanını “Tanrıya qədər gətirir” və onun aqibətini təsəvvür etməyi oxucunun öhdəsinə buraxır. Beləliklə qəhrəmanın geridə qalan ömrünü əslində oxucuya calamış olur.

Eynilə, Nitsşenin də qılıncı gənclərə tuşlanmışdı. Niyə məhz qılıncı dedim? Məhz bu qılıncdan yaralanan və yaralarını sarımaq əvəzinə ruhi sarsıntılarına əsaslanıb dünyaya meydan oxuyan iki adı xüsusilə vurğulamaq olar: Kafka və Hitler. Kafka sürrealizmi, Hitler faşizmi ilə.

Onlar gənc ikən Nitsşeni sevə-sevə oxumuşdular. Amma Dostoyevskidə müşahidə olunmayan, Nitsşe ilə əsası qoyulan, Hessenin “Yalquzaq”ında özünün pik nöqtəsinə çatan nihilist-inkarçı dünyagörüşü hələ çox gənci əhatə olunduğu boz kütlədən ayırıb öz dünyasına, öz tənhalığına qapayacaqdı.

Təsadüfi deyildi ki,”Yalquzaq”romanını oxuduqca müəllif haqlarını zövqlə tapdalayaraq romana yeni bir ad verməyi də düşünmüşdüm: “Bir tənhalığın manifesti”…
Çexiya - Kafkanın rəsmi

Çexiya - Kafkanın rəsmi


NƏSLİN NEVROZU

Roman bütövlükdə 4 hissədən ibarətdir:

“Naşirin qeydləri” meşşan təbiətli, boz kütlədən olan, sıradan bir adamın Yalquzaqla - Harri Hallerlə necə tanış olmasından və subyektiv fikirlərindən ibarətdir. Cəmiyyət Yalquzağı necə qəbul edir? Hesse bu suala Herminenin dili ilə daha dəqiq cavab verəcəkdi. Naşirınsə Yalquzağın qeydlərinə rast gəldikdə düşüncələri fərqli olur:

- “Hallerin qeydlərinə – bu qəribə, bəzən xəstəruhlu, bəzən də gözəl və mənalı fantaziyalarına gəldikdə isə, onu deməliyəm ki, həmin vərəqlər təsadüfən əlimə düşsəydi, müəllifini də tanımasaydım, lazımsız bir şey kimi cırıb atardım. Ancaq Hallerlə tanışlığım sayəsində onları qismən başa düşdüm, hətta xoşuma da gəldi. Əgər bu qeydlərə yalnız ruhi xəstəliyə tutulmuş zavallı bir adamın patoloji fantaziyası kimi baxsaydım, ondan söz açmağa ürək eləməzdim. Ancaq mən onda çox şey – zəmanənin şəhadətnaməsini görürəm. Çünki Hallerin mənəvi xəstəliyi – bunu indi bilmişəm – kiminsə adicə şıltaqlığı deyil, zəmanənin özünün xəstəliyidir. Hallerin mənsub olduğu nəslin nevrozudur ki, ona da heç vaxt zəif, şikəst fərdlər deyil, əksinə, məhz ən güclülər, ən ağıllılar, ən istedadlılar mübtəla ola bilərlər”

“Harri Hallerin qeydləri” adlı ikinci hissədə qarşısına çıxan bir Qoca Yalquzağa kiçik bir traktat verir.

“Yalquzaq haqqında traktat”da Hessenin insanın heyvan, meşşan, fövqəltəbii xarakterləri haqqında fəlsəfi düşüncələri yer alır.

İnsanın daxili aləminin bir neçə “mən”lərin mübarizə meydanına çevrildiyini nəzərə almaqla, Haller də daxilində iki mənin olduğunu iddia edirdi:

CANAVAR VƏ İNSAN
Hermann Hesse-nin portreti

Hermann Hesse-nin portreti


Zaman-zaman biri digərinə öz canavar dişlərini qıcıyır, digəri isə insana məxsus istehzalı şəkildə gülürdü. O, özünü bədbəxt hiss etmirdi. Kənardan nə qədər bədbəxt görünsə də, onun barəsində bu cür ümumiləşdirmə aparmaq olardı: O, xoşbəxt idi ki... bədbəxt idi. Məhz insanların gözündə bədbəxt görünməsi və beləliklə cəmiyyətdən “qovulması” onun tənhalığına bəxş olunan xoşbəxtlik idi.

Taleyini bizə başa salmaq üçün Harrinin özünü yarıcanavar-yarıinsan hesab etməsi, gah hisslərin, gah da əqlin əsirinə çevrilməsi, əslində, çox yöndəmsiz bir sadələşdirmədir. O, gerçəkliyi zorla təhrif edir, daxilindəki ziddiyyətləri çəkdiyi əzabların kökü hesab eləyir. Zahirən inandırıcı görünən bu fikirsə, əslində, səhvdir. Harri bir tərəfdən özündə «insanlıq» –yəni ram edilmiş, muma dönmüş, ağılla, hisslərlə, düşüncələrlə cilalanmış bir aləm tapırsa, digər tərəfdən də, «canavarlıq» – yəni vəhşi, qəddar, ramedilməz, ipə-sapa yatmaz bir instinkt dünyası görür.

Varlığının ilk baxışda çox aydın seçilən iki düşmən qütbə bölünməsinə baxmayaraq, Harri hərdən daxilindəki insanlıqla canavarlığın hansı xoş andasa barışdığının şahidi olur. Əgər o, həyatının ayrı-ayrı anlarında, hər işində-əməlində, hiss və duyğularında insanlıqla canavarlığın payını dəqiqləşdirmək istəsəydi, ağzı dağa dirənərdi və onda bu gözəl «canavarlıq nəzəriyyəsi» də alt-üst olub gedərdi.

Çünki heç bir insanın, hətta lap ibtidai insanın, yaxud bir idiotun özü də elə sadə deyil ki, onun varlığını iki, ya üç əsas əlamətlə izah etmək mümkün olsun. Harri kimi mürəkkəb bir adamın mahiyyətini adicə canavarlığa, insanlığa bölməklə izah etmək sadəlövhlükdür, boş şeydir, uşaq oyunudur. Harrinin iki deyil, yüz cür, min cür təbiəti vardır. Onun həyatı yalnız paklıqla əxlaqsızlıq, instinktlə ağıl dünyası kimi ikicə qütbün arasında deyil, yüzlərlə, minlərlə qütbün arasında cövlan edir.

Haller yuxularında İohan Volfqanq Höte və Volfqanq Amadey Motsart ilə danışır və insanın daxilndəki iztirabların, müharibələrin səbəblərini onlardan soruşur. Əslində bu dahilərin soyadındakı Volf hissəciyi də almancadan tərcümədə canavar deməkdir. Müəllif bununla hansı ideyanı irəli sürür? Yoxsa bu müəlliflərindəmi daxilinə canavar ruhu hakim idi? Hessenin bu ideyalara paradoksal yanaşması romanın təsir gücünü daha da artırır.

sehriyarhesenov.wordpress.com

Günün bütün mövzuları

XS
SM
MD
LG