Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:02

Sarkisyana «Siz qumarbazsız?» sualı vermiş deputatın başı qalda


Fransa - Sarkisyan AŞPA-da, Strasburq, 2 oktyabr 2013
Fransa - Sarkisyan AŞPA-da, Strasburq, 2 oktyabr 2013
-

Siz qumarbazsınız? Ermənistan prezidenti Serj Sarkisyana bu sualı vermiş qadın deputatın başı qaldadır.

Hakim Respublikaçılar Partiyasından olan gənclər Zarui Postancyanı Yerevana qayıdanda aeroportda yumurta və pomidor atəşinə tutmağa qərar veriblər.

Hakim partiyanın parlament fraksiyasının sədri Qalust Saakyan deyib ki, gənclərin bu qərarında qəribə heç nə yoxdur, onlar bunu ürəklərinin hökmü ilə edirlər, xaricdən aldqıları qrantla yox.

Zarui Postancyan müxalifətdə olan “İrs” partiyasını təmsil edir və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüdür.

Hadisə də oktyabrın 2-də assambleyanın iclaslarının keçirildiyi Strasburq şəhərində baş verib.

Postancyan assambleyda çıxış edən prezident Sarkisyandan soruşub:

“Məlumdur ki, siz buraya erməni xalqının iradəsi ilə yox, mütəşəkkil cinayətin – 18 fevral seçkilərində erməni xalqının səsinin oğurlanması hesabına gəlib çıxmısız. Ona görə də de-yure siz erməni xalqının iradəsi və haqlarını təmsil edə bilməzsiniz. Mən sizə başqa bir sual verəcəm. Bu yaxınlarda Avropada kazinoda olmusunuzmu? Çünki cəmiyyət sizi qumarbaz olaraq tanıyır. Kazinoda 70 milyon avro uduzmusunuzmu? Sizin əvəzinizdə bu qədər pulu kim verib? Əgər məbləğ başqa olubsa, kazinoda nə qədər uduzduğunuzu açıqlayın”.
Zaruhi Postanjian
Zaruhi Postanjian

Sarkisyanın cavabı belə olub:

“Mən tam əminəm ki, xanım Postancyan, erməni xalqını təmsil edirəm və bununla qürur duyuram. Təəssüf ki, sizin namizəd (“İrs”in lideri Raffi Hovannesyan son prezident seçkilərində ikinci olub – red.) erməni xalqını təmsil etmək haqqı qazanmaq üçün seçkidə bu cür keyfiyyətlər nümayiş etdirə bilməyib. O ki qaldı kazino ilə bağlı dediklərinizə, mən heç zaman Avropanın heç bir kazinosunda olmamışam, ümumiyyətlə, mən qumar oynamıram və təəssüf ki, 70 milyon avroya malik olmaq imkanında deyiləm. Əgər belə bir imkanım olsaydı, o pulun bir hissəsini sizə bağışlayardım ki, həyatınızdan razı olasınız və içinizdə bu qədər kin-qəzəb yığılmasın. Hesab edin ki, mən sizin suala cavab vermədim”.

Ermənistan parlamentinin spikeri Ovik Abramyan Postancanı prezidentə “şər atmaqda” ittiham edib və onu Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətindən çıxarmaq niyyətini ifadə edib.

“İrs”in parlamentdəki fraksiyasının rəhbəri Ruben Akopyansa bildirib ki, bu cür hərəkət ölkənin imicinə zərbə olardı.

Bu arada Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Arman Saqatelyan deyib ki, aeroportda deputata qarşı hər hansı aksiyanın keçirilməsini münasib saymırlar və hakim partiyanın gənclərini bu cür təşəbbüslərdən çəkinməyə çağırırlar.

Kazino sualı Ermənistanda böyük rezonans doğurub, bir çox deputatlar Postancyanı "ölkəni biabır eləməkdə" günahlandırıblar. Onu hətta təhqir edənlər də olub. Deputatın özü isə Azadlıq Radiosunun erməni xidmətinə deyib ki, sualı verməklə öz borcundan çıxıb, çünki prezidentin qumarbaz olub-olmaması ilə bağlı məsələ indi ölkə əhalisinin az qala 80 faizini maraqlandırır.
XS
SM
MD
LG