Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:56

Seçici təəssüratı: «Üç namizəddən başqa digərləri bir adamı müdafiə edirdi»


Namizədlərin teledebatı

Namizədlərin teledebatı

-
Üç il öncənin parlament seçkilərinə qatılanlarla birgə oktyabrın 9-da keçiriləcək prezident seçkilərində 500 minə yaxın seçici ilk dəfə səs verəcək.

Məlumatı Mərkəzi Seçki Komissiyası yayıb.

500 MİNDƏN BİRİ

Həmin 500 mindən biri – tələbə Lacivərd Məmmədova deyir ki, ilk dəfə səs vermənin məsuliyyətini hiss edir:

«Məsuliyyət hiss edirəm. Hər halda mənim də səsimin müəyyən qədər rol oynayacağına inanıram. Seçki ab-havası var. Xüsusən sosial şəbəkələrdə. Çarxlar, yayılan videolar insanları seçkiyə çağırır. Deyəsən, gəncliyin gücü hiss olunur. Prezidentliyə namizədlərin çıxışlarına baxmışdım. Namizədlərin özlərindən çox göstərdikləri performanslar yadda qaldı. Xüsusən Hafiz Hacıyevi qeyd etmək istəyirəm. Onun fikirləri sosial şəbəkələrdə çox səsləndi, bəzi sözləri müəyyən trend oldu».

18 yaşlı Mahmud Rəhimli də oktyabrın 9-da ilk dəfə səs verəcək. Deyir ki, seçki təşviqatı dövründə namizədlər haqda onda müəyyən fikirlər formalaşıb:

«İlk dəfədir seçkidə iştirak edəcəyəm. Bu dövr ərzində həm müsbət, həm də mənfi hadisələr yadda qalıb. Təşviqat dövründə debatlar diqqətimi çəkdi. Altı dəqiqə də olsa, baxdıq. Müsbət hadisə o oldu ki, müxalifət partiyaları birləşdi, Milli Şura yarandı. Pis hadisə İlqar Məmmədovun qeydə alınmaması idi. Cəmil Həsənlinin mitinqlərinə pozuculuqla məşğul olanlar göndərilirdi. Bu da yadımda qalıb».

DOĞUM GÜNÜ SEÇKİ GÜNÜ İLƏ ÜST-ÜSTƏ DÜŞƏNLƏR

MSK-nın məlumatına görə, 150 nəfər seçicinin doğum günü oktyabrın 9-a – seçki gününə təsadüf edir.

Onlardan biri – Orxan Rüstəmzadə deyir ki, builki doğum günü əvvəlkilərdən fərqli olacaq:

«Mənim üçün maraqlı bir hadisədir. Əvvəl demişdilər seçki ayın 16-da olacaq. Sonra Qurban bayramına görə ayın 9-a keçirdilər. Maraqlı oldu. Həmin gün həm ad günümdür, həm də seçkilərdir. Planlaşdırıram ki, səhər saat 8-də ya da 9-da səs verəcəyəm. Axşam bəlkə dost-tanışlarla bir yerə yığışdıq. Seçkidən çox şey gözləyirəm, dəyişikliyə ümidim var. Ad günümə gəlincə, həmişə bir az depressiyaya düşürəm. Nə qədər olmasa da, qocalıram».

QADINLAR DA PREZİDENTLİK YARIŞINA QATILSAYDILAR...

MSK bildirir ki, hər 100 seçicidən təxminən 51-i qadınlar, 49-u kişilərdir. Ev xanımı Aygün Şıxəliyeva namizədlər arasında qadın görmədiyindən təəssüflənir:

«Yaxşı olardı ki, Azərbaycanda prezidentliyə namizədlər arasında qadın da görəydik. Onda lap yaxşı olardı».

İKİ NAMİZƏDİ BƏYƏNƏN TƏQAÜDÇÜ...

Sentyabrın 16-dan başlayan seçki təşviqatı seçkiyə bir gün qalmış – oktyabrın 8-də dayandırılır. İşadamı Nemət Nemətov deyir ki, iş başını qatdığından namizədlərin çıxışlarına baxa bilməyib:

«Çıxışlara baxa bilməsəm də, səsimi İlham Əliyevə vermək fikrindəyəm. Öz kollektivimlə bir yerdə. Prezident bizə hər bir şey yaradıb. Kim bacarır, işləyir».

Təqaüdçü Əminə Məlikova prezidentliyə namizədlərdən ikisini bəyənib:

«İlham Əliyev və Cəmil Həsənlinin ikisi də yaxşıdır».

İbadətdən qayıdan Hacı Nəriman namizədlərdən maraqlı təkliflər gözləyirmiş:

«Namizədlər bir-birlərini söyüb təhqir elədilər. Bundan başqa yadda bir şey qalmayıb. Nəsə bir söz deyəydilər, təklif eləyəydilər, bu olmadı».

Tələbə Abbas Abdullayev prezidentliyə iddialıların seçki platformalarıyla maraqlanırmış:

«Ancaq namizədlərin bir-birini təhqir etmələri daha çox ön plana çıxdı, nəinki platformaların açıqlanması. Bu il platforma deyilən bir şey görmədik».

ƏN YAŞLI SEÇİCİ

İşsiz Azər Abbaslının yaddaşında bir başqa özəllik iz buraxıb:

«Üç namizəddən başqa digərləri bir adamı müdafiə edirdi. Düşünən insan bilirdi ki, kim nə üçün namizədliyini verib».

MSK-nın bildirdiyinə görə, bu il yaşı 100 və 100-dən yuxarı olan 814 nəfər builki seçkilərə qatılacaq.

İlin ən yaşlı seçicisi 89 saylı Göyçay-Ağdaş seçki dairəsində səsverməyə qatılacaq Ağdaş sakini 124 yaşlı Gözəl Dadaşovadır.

Şərhləri göstər

XS
SM
MD
LG