Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:19

Diyar haqqında kitab, yoxsa təşviqat materialı?!


«2003-2013: hədəflər, inkişaf, nəticələr»

«2003-2013: hədəflər, inkişaf, nəticələr»

-
Yeni dərs ili başlayan ilk gün ölkənin bütün ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdlərinə pulsuz bir kitab paylanılıb. «2003-2013: hədəflər, inkişaf, nəticələr» adlanan bu nəşrdə şagirdin yaşadığı şəhər, yaxud kənd rayonu ilə bağlı çoxsaylı məlumatlar yer alıb. Kitabda hazırkı prezident İlham Əliyevin çoxsaylı şəkilləri və onun fəaliyyəti barədə məlumat verildiyindən, nəşri təşviqat materialı hesab edənlər də var.

İMİŞLİ VƏ İLHAM ƏLİYEV

Tam aydın olsun deyə, İmişli rayonu barədə olan çap məhsuluna nəzər salaq. 108 səhifəlik kitabın 41 səhifəsində prezident İlham Əliyevin 25 şəkli yer alıb (ayrı-ayrı obyektlərin açılışından, yaxud ictimaiyyət nümayəndələri ilə görüşdən çəkilmiş şəkillər qoşa səhifələri tutub). Bundan əlavə, 10 il ərzində İmişlidə tikilmiş səhiyyə, mədəniyyət obyektləri, həyata keçirilmiş infrastruktur layihələri təqdim olunarkən prezident İlham Əliyevin bu barədə sərəncam verməyi, yaxud da onların açılışında iştirak etməyi vurğulanıb.

AZƏRBAYCANIN BÜTÜN RAYONLARI KİMİ, ...

Məsələn, 12-13-cü səhifələrdə xəstəxana binasının təmirdən sonrakı görünüşü belə təqdim edilib: «Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə İmişli rayon Mərkəzi Xəstəxanası əsaslı təmir edilmişdir».

34-35-ci səhifələrdəki İmişli mədəniyyət sarayının xarici görünüşü barədə şəklə «qızıl suyuna çəkilmiş» hərflərlə belə bir təqdimat verilib: «Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən İmişlinin mədəniyyət ocaqları yenidən qurulmuşdur».

96-97-ci səhifələrdə İmişlidəki özəl bir müəssisəsinin istehsal obyektinin şəkillərini bu sözlər müşayiət edir: ««Araz Damazlıq Quşçuluq» MMC-nin yaradılmasına 7.25 milyon manat vəsait sərf olunmuşdur. 80 nəfər işçinin çalışdığı müəssisə 2012-ci il oktyabrın 28-də dövlət başçısı İlham Əliyev tərəfindən açılmışdır».

Ayrı-ayrı rayonlar barədə hazırlanmış kitablarda eyni mətndən istifadə edilib. Məsələn, bütün kitabların 8-ci səhifələrində bu sözlər yer alıb: «Müasir müstəqil Azərbaycanın bütün rayonları kimi, ... da (də) inkişafın yeni mərhələsini yaşayır. Bu inkişafın təməlində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır». (nöqtələrin yerinə müvafiq rayonun adı yazılıb).

KİTABIN BURAXILIŞINDA ŞÜBHƏLİ MƏQAM

Kitabda, onun hazırlanmasına xüsusi razılığın verilmə tarixi, nömrəsi, buraxılış yeri, ili, tirajı, qiyməti (yaxud «pulsuz» qeydi) və s. zəruri qeydlər yoxdur. Bundan əlavə, nəşriyyat məhsullarında beynəlxalq kitab kodu, müəlliflik hüququnu göstərən nişan (işarə), standarta uyğun annotasiya, kitab təsnifatı göstəriciləri də qeyd olunmalıdır ki, bunların heç birinə əməl edilməyib. Halbuki «Nəşriyyat işi haqqında» Qanuna görə, buraxılış məlumatı olmayan nəşrlərin çap olunmasına yol verilməməlidir. Üz qabığının arxasında «Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi» sözləri yazılmağından belə başa düşmək olar ki, kitabı sözügedən qurum hazırlayıb. Amma nəşrin müəllif(lər)i, onun tərtibçisi, çapa məsul şəxs(lər) barədə məlumat verilmir.

«HEÇ TƏŞVİQAT MATERİALI DA BU KEYFİYYƏTDƏ HAZIRLANMIR»

Sabirabad rayonundan olan fizika müəllimi Sahib Rüstəmli bildirir ki, təhsil nazirinin əmrinə əsasən, cari il ölkənin bütün ümumtəhsil məktəblərində V-XI siniflərin ilk dərs günü «Mənim vətənim-doğma diyar» mövzusuna həsr olunub:

«Kitablar da məhz həmin gün şagirdlərə paylanılıb. Onlara ayrı-ayrı fənlər üzrə dərsliklərindən əvvəl elə bu kitab verilib. Çox az uşaq tapılar ki, onun yaşadığı evdə seçki hüquqlu şəxs olmasın. Bu, kitab alan şagirdlərin sayından ən azı 2 dəfə çox insanın onunla tanış olmaq imkanı verir. Kitabın məzmunu barədə danışmağa dəyməz, sırf siyasi reklamdır. Prezidentin təbliği barədə məlumatın ən savadsız adamlara belə ötürülməsi üçün şəkillər rəngli, böyük ölçüdə və bolluca verilib. Heç təşviqat materialı da bu keyfiyyətdə hazırlanmır».

GƏNCƏDƏ KİTABIN TƏQDİMATI OLUB

ganjanews.az-ın yaydığı xəbərə görə, Gəncə şəhərində təmirdən sonra açılışı keçirilən 31 saylı tam orta məktəbdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin və deputatların iştirakı ilə şagirdlərə paylanılan «Gəncə 2003-2013: hədəflər, inkişaf, nəticələr» adlı kitabın təqdimatı olub. Rəsmilər kitabda son 10 ildə Gəncədə aparılmış yenidənqurma və abadlıq işləri, şəhərdə olan mədəniyyət ocaqları, tarixi abidələr barədə məlumat verildiyini qeyd ediblər.
Kitabı təşviqat materialı hesab edənlər də var.

Kitabı təşviqat materialı hesab edənlər də var.


«BURADA QANUNSUZ NƏ VAR Kİ?»

Saatlı rayon təhsil şöbəsinin müdiri Şamil Nurəliyev nəşri onlara Rayon İcra Hakimiyyətinin verdiyini deyir:

«Məktəb direktorları birbaşa özləri qərar verdiyindən mənim əlimdə dəqiq rəqəm yoxdur. Deyə bilmərəm o kitabdan təhsil müəssisələrinə ümumilikdə nə qədər verilib. Yaxşı olar ki, bunu İcra Hakimiyyətindən soruşun, çünki kitab orada paylanılıb».

Saatlı RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova kitabın həqiqətən İcra Hakimiyyətində paylanıldığını təsdiqlədi:

«Təkcə məktəblərə yox, bütün idarə və müəssisələrə, icra başçısının qəbuluna gələnlərə, ziyalılara, rayonumuzun qonaqlarına verilib. Nəşrdə rayonumuzun iqtisadi göstəriciləri əks olunub-burada qanunsuz nə var ki?».

Lakin şöbə müdiri kitabın tirajı, onun harada, hansı maliyyə mənbəyi hesabına və nə qədər vəsaitlə çap olunmağı barədə məlumat verməkdən imtina etdi.

RƏSMİLƏR AÇIQLAMA VERMƏKDƏN YAYINIR

İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətinin rəhbəri Abbas Əliyev çap məhsullarındakı məlumatların adıçəkilən qurum tərəfindən təqdim edildiyini təsdiqləyir. Amma o, kitabın təşviqat materialı olmağı barədə deyilənlərlə razılaşmır:

«Bu nəşr təşviqatdan əvvəl hazırlanıb. Siz şagirdlərə paylanıldığını deyirsiniz, onların seçki hüququ yoxdur ki, kitab onlara hər hansı təsir etsin».

Ardıcıl olaraq 3 gün cəhd göstərsək də, İİN-in sözçüsü «2003-2013: hədəflər, inkişaf, nəticələr» seriyası ilə buraxılan kitabların cəmi neçə nüsxə çap olunmağı, nəşr üçün nə qədər vəsait sərf olunmağı və bu vəsaitin mənbəyi barədə məlumat verə bilmədi. Sonda qarşımıza belə bir şərt qoyuldu ki, sualları yazılı surətdə təqdim edək. Elektron məktubumuzu alandan sonra cənab Abbas Əliyev bildirdi:

«Mən sorğunu nazirliyin aidiyyəti strukturuna yönəltmişəm, cavab alınan kimi həmən sizə təqdim olunacaq».

Təhsil Nazirliyindən də mövqe öyrənmək mümkün olmadı.

İQTİSADİ UĞURLAR BARƏDƏ MƏLUMATIN ÇATDIRILMASI MİLYONLAR APARIB...

Ümumi təhsil müəssisələrinin 5-11-ci siniflərində oxuyan şagirdlərin sayı 800 min nəfərdən çoxdur. Kitabın yüksək keyfiyyətdə hazırlandığını, üzərində əlavə disk verildiyini və 5-11-ci siniflərdə oxuyan hər bir şagirdə paylanıldığını nəzərə alan mütəxəssislər, daşınma xərcləri də daxil onun 1 nüsxəsinin ən azı 25 manata başa gəldiyini düşünürlər. Ümumilikdə isə bu işə 20 milyon manat vəsait sərf olunduğu təxmin edilir. Üstəlik nəzərə almaq lazımdır ki, bu nəşr tək məktəblilərə paylanmayıb.

SUALLAR, SUALLAR, SUALLAR...

Bu, həm də özlüyündə çoxsaylı suallar doğurur.

Bu kitab hansı zərurətdən çap olunub? Niyə məhz son 10 ilin iqtisadi göstəriciləri təhlil və təqdim edilib?

Mirəli Hüseynov

Mirəli Hüseynov

Oradakı məlumatların çatdırılması bu qədər zəruridirsə, niyə bütün vətəndaşlara deyil, büdcə təşkilatlarında, idarə və müəssisələrdə işləyənlərə paylanılıb?

Məktəblilər, xüsusilə aşağı sinif şagirdləri üçün kitab nə dərəcədə uyğun və əhəmiyyətlidir?

Tarix, təbii-coğrafi şərait, toponimlər barədə məlumat verilməyən nəşri «diyar haqqında kitab» hesab etmək olarmı?....

«MSK TƏDBİR GÖRMƏLİDİR»

Barəsində söhbət gedilən kitabla tanış olduğunu bildirən «Demokratiyanı öyrənmə» İctimai Birliyinin sədri Mirəli Hüseynov iki məqama diqqət çəkir:

«Birincisi, bu kitablar məhz prezident seçkiləri ilində və seçkilərin çox həlledici mərhələsi olan təşviqat mərhələsində ortaya çıxıb. Həyata keçirilən tədbirlərin dövlət adından deyil, məhz prezidentin adından təqdim edilməsi və kitabın onun şəkilləri ilə bəzədilməsi məqsədi aydın şəkildə ortaya qoyur. Bunun əksini sübut etmək üçün əsaslı arqument tapmaq, sadəcə mümkün deyil, tapılsa belə, kimsənin buna inanacağına şübhə edirəm. İkinci məqam ondan ibarətdir ki, kitabların bəzilərində onun kim tərəfindən hazırlanması və nəşr edilməsi haqqında heç bir məlumat yoxdur. Sual yaranır ki, başqa məqsəd yoxdursa, külli miqdarda vəsait tələb edən nəşrin anonim şəkildə buraxılmasının səbəbi nədir və buna zərurət nədən yaranıb? Əlbəttə ki, bu vəsaitlər təşviqat xarakterlidir və seçki qanunvericiliyinin tələblərinin ciddi şəkildə pozulmasıdır. Bu cür hallarda MSK obyektiv mövqe nümayiş etdirib, namizəd barəsində qanunvericiliklə müəyyən edilmiş tədbirlər görməlidir».
XS
SM
MD
LG