Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:31
-
Rusiyanın dövlət dəmir yolu şirkəti uzaq səfər qatarlarında sərnişinlər üçün dini proqramlar səsləndirmək qərarına gəlib. Rusiya Pravoslav Kilsəsi tərəfindən dəstəklənən bu təşəbbüs artıq indidən, xüsusilə də müsəlman regionlarında ciddi tənqidlə üzləşir. AzadlıqRadiosunun müxbiri Claire Bigg bu barədə reportaj hazırlayıb:

Rusiya dəmir yollarının sərnişinləri tezliklə həm səfər edəcək, həm də səfər zamanı onlar üçün səsləndirilən audioproqramların köməyi ilə özlərinin tarixə, fəlsəfəyə və dinə, xüsusən də pravoslavlığa dair biliklərini genişləndirmək imkanı qazanacaqlar.

Bu təşəbbüsün həyata keçirilməsi Moskva Partiarxlığının rütbəli ruhanisinə tapşırılıb.

Qarşıdan gələn aylarda 200 kilometrdən artıq olan qatar reyslərində sərnişinlər onlara “Radio Rossii” radiostansiyasından tanış olan jurnalist Lyudmila Borzyakın səsini eşidəcəklər.

Bu səs onlara məşhur müqəddəslər, Şahzadə OlqaŞahzadə Vladimir, Rusiyada erkən xristianlıq və Rusiya dövlətinin təşəkkülü barədə hekayətlər danışacaq.

Sərnişinlər həmçinin qədim filosoflar və müxtəlif ixtiraların tarixçələri barədə də məlumat alacaqlar.

Rusiya Dəmir Yollarının sözçüsü Yelena Miroshnikova AzadlıqRadiosuna bunları bildirib:

“Biz inanırıq ki, bu layihə cəmiyyətimizin mədəni səviyyəsini yüksəltməyə kömək edəcək. Bu həmçinin ölkənin tarixinə hörmət kimi şəxsi keyfiyyətlərin aşılanmasına, nəzakət və ruhi yüksəliş kimi dəyərlərin əldə olunmasına imkan yaradacaq”.

Lakin bu layihəyə şübhə ilə yanaşanlar da var. Bir sıra ekspertlər deyirlər ki, bu təşəbbüs dövlət təşkilatlarında dünyəvilik kimi konstitusiya müddəalarını pozur.

Təşəbbüs həmçinin daha çox Rusiyanın əsas dini pravoslavlıq olmayan respublika və regionlarında narazılıq yaradıb.

MƏN HƏR GÜN QATARA MİNİRƏM VƏ İSTƏMƏZDİM Kİ...

Əhalisinin çoxu müsəlman olan Tatarıstanın paytaxtı Qazan şəhərinin sakini 17 yaşlı Adilə AzadlıqRadiosuna bildirib ki, bu cür Xristian təmayüllü proqramlar tatarların heysiyyətinə toxuna bilər:

"Mən bunun qəti əleyhinəyəm. Mən hər gün qatara minirəm və istəməzdim ki, yalnız Pravoslavlığa dair proqramlar eşidim, ələlxüsus da bu proqramlar yalnız rus dilində səslənirsə. Bu bəzi insanları hətta təhqir edə bilər, beləki burada söhbət yalnız Xristianlıqdan gedir və İslam haqqında heç bir məlumat verilmir”.

İlkin radio proqramlarının özü də Rusiya Pravoslav Kilsəsi ilə birlikdə hazırlanmışdı və onun 5 bölümündən üçü dinə həsr edilirdi.

​Doğrudur, sərnişinlər istədikləri vaxt Qatar radiosunun səsini kəsə bilərlər, lakin kilsə tarixi mütəxəssisi İrina Karatsuba inanır ki, ictimai yerlərdə dini məzmunun yayılması təbliğat vasitəsi də hesab oluna bilər.

"BİZİM MƏQSƏDİMİZ HƏR HANSI BİR MƏZHƏBİ TƏBLİĞ ETMƏK DEYİLDİR"

Lakin Miroshnikova təşəbbüsdən məqsədin adamları başqa dinlərdən Pravoslavlığa çəkmək olduğu barədə iddiaları rədd edir:

“Pravoslavlıq ölkəmizin mədəniyyət və tarixinin bir parçasıdır və proqramlar da məhz elə bu yöndən tərtib edilib. Bizim məqsədimiz hər hansı bir məzhəbi təbliğ etmək deyildir”.

Rusiya rəsmi olaraq özünü fəxrlə çox məzhəbli ölkə adlandırsa da, bir sıra yüksək vəzifəli rəsmilər son vaxtlarda Moskva Patriarxlığı ilə yaxınılşmaqda ittiham edilib.

Rus Pravoslav Kilsəsinin başçısı Patriarx Kiril bir dəfə prezident Vladimir Putinin belə uzun müddətdə hakimiyyətdə qalmasını “Allah möcüzəsi” adlandırıb.

Rusiya DəmirYollarının rəhbəri Vladimir Yakunin Putinin yaxın müttəfiqidir və mömin dindar olduğunu gizlətmir.

Rusiya Pravoslavlığının təbliği sahəsində xidmətləri ona üç Kilsə mükafatını- Sarovlu Müqəddəs Serafim, Müqəddəs Moskva Şahzadəsi Daniel və Müqəddəs Andrey Rublyov ordenlərini qazandırıb. O həmçinin Yunanıstan, Serbiya, ABŞ, Çexiya Respublikası və Slovakiyanın Pravoslav kilsələrinin tərifnamələrinə layiq görülüb.

Yakunin həmçinin İsa Məsihin dəfn olunduğu güman edilən Yerusəlim kilsəsində Pasxa mərasimi zamanı peyda olan alovdan yandırılmış şamı Moskvaya gətirmək kimi şərəfli vəzifəyə malikdir.

Sayta hazırladı Zülfüqar Rüfətoğlu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG