Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:25
-
Müsavat Partiyası Qəbələ rayon təşkilatının fəalı İmran İsmayılov həbs olunub. Qəbələ rayon Məhkəməsi onun haqqında 7 sutka həbs qərarı çıxarıb.

Bu haqda AzadlıqRadiosuna Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli məlumat verib.

Mustafa Hacıbəyli partiya fəalının həbs olunmasını onun Cəmil Həsənlinin xeyrinə seçki təbliğatı aparması ilə əlaqələndirir:

«İmran yaşadığı Mıxlıqovaq kəndində dünən Cəmil Həsənlinin bukletlərini paylayırmış. Onun həmkəndlisi, rayon icra hakimiyyətinin əməkdaşı Zülfüqar Cəfərov ona hədə-qorxu gəlib ki, Cəmil Həsənlinin təbliğatını aparsan, səni tutduracağam. O isə bukletləri paylamaqda davam edib. Bu gün səhər onu polisə, ordan da məhkəməyə aparıblar. Məhkəmə qapalı keçirilib, ailə üzvlərini də buraxmayıblar. Məhkəmə ona 7 sutka iş verib».

Qəbələ rayon Polis Şöbəsindən məsələ ilə bağlı açıqlama vermək istəmədilər.

Qəbələ rayon icra hakimiyyətinin informasiya təminatı şöbəsinin əməkdaşı Zahir Kərimov isə onların əməkdaşı Zülfüqar Cəfərov haqda səsləndirilən ittihamları rədd edir:

«Rayonda təbliğat-təşviqat lövhələri var və qanuna uyğun olaraq hər kəs öz təbliğatını apara bilər. Gülünc bir iddiadır ki, icra hakimiyyətinin əməkdaşı kimisə həbs etdirsin».

DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə bildirib ki:

"Oktyabrın 3-də rayonun Nic qəsəbəsində İmran İsmayılov ilə həmyerlisi Teymur Mustafayev arasında mübahisə yaranmış, birinci sonuncu şəxs barəsində ictimai yerdə nalayiq ifadələr söyləməklə onu təhqir etmişdir. İmran İsmayılov bu barədə "102" Xidmətinə zəng etmiş, daha sonra isə onun müraciəti baxılması üçün aidiyyatı üzrə Qəbələ RPŞ-yə göndərilmişdir.
Şöbədə aparılmış araşdırma zamanı Teymur Mustafayevin dedikləri öz təsdiqini tapmış, İ.İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlığı nəzərdə tutan müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilmişdir. Araşdırma aparılması üçün polis şöbəsinə dəvət olunarkən heç kim onun hansısa siyasi partiyanın üzvü olmasını bilməyib, heç buna ehtiyac da olmayıb. Çünki o, şöbəyə konkret şikayət əsasında çağırılıb, məsələ də bu zəmində öz qanuni həllini tapıb".
XS
SM
MD
LG