Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:03

Turqut Ər: İlham Əliyev gözəl bilir ki...


-
4 oktyabr - AzadlıqRadiosu Azərbaycanın media icmalını hazırlayıb:

“Azərbaycan” qəzeti 9 oktyabr seçki günü veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısını dərc edib. Siyahıya görə, cəmi 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində səsvermə prosesini veb-kamera vasitəsilə izləmək mümkün olacaq.

“Azərbaycan” qəzeti prezident İlham Əliyevin Sumqayıta səfəri barədə məqalə və fotolar, eləcə də şəhərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 3 milyon manat ayrılması barədə sərəncamını dərc edib.

ATƏT-İN SEÇKİLƏRLƏ BAĞLI İKİNCİ ARALIQ HESABATI "MİLLİ ŞURA"NIN QƏRƏZLİ İDDİALARINI ALT-ÜST EDİR

Bunu “Yeni Azərbaycan” qəzeti yazır.

Hesabatda deyilir: “İndiyədək aparılan kampaniyada konkret siyasi platforma deyil, daha çox şəxsiyyətlər hədəfə alınıb, seçki prosesi əsaslı debatların çatışmaması ilə müşayiət olunur”.

Cəmil Həsənli

Cəmil Həsənli

Əslində, bu, daha çox “Milli şura”nın namizədi Cəmil Həsənliyə aid məsələdir. Çünki o, İTV-dəki teledebatlarda öz çıxışlarını, seçki təşviqatını konkret proqram və planlarının xalqa çatdırılması üzərində deyil, yalnız hakimiyyətə və prezidentliyə digər namizəd cənab İlham Əliyevə qarşı qarayaxma kampaniyası üzərində quraraq mənfi tendensiya yaratdı. O, başqa namizədləri də buna təhrik etdi. MSK bunları nəzərə alaraq tək C.Həsənliyə deyil, eyni zamanda, prezidentliyə namizəd H.Hacıyevə də xəbərdarlıq edib”.

Eyni zamanda qeyd olunur ki, ATƏT/DTİHB-nin seçkiləri müşahidə missiyasının təmsilçiləri YAP-ın mitinqlərinə məcburi cəlbetmə ilə bağlı 3 hal qeydə alıblar. Bu yerdə bəzi suallar yaranır. Məsələn, bəs görəsən, ATƏT/DTİHB bu halları niyə konkretləşdirmir və məcburi qaydada cəlb edilmiş şəxslərin adlarını açıqlamır? Bu məqam iddianın əsassız olduğunu və subyektiv xarakter daşıdığını deməyə əsas verir.

ƏGƏR İLHAM ƏLİYEV PREZİDENT KÜRSÜSÜNÜ QORUYUB SAXLAYA BİLSƏ...

“Yeni Müsavat” qəzeti “İttifaq ili” adlı yazıda deyilir ki, yaradıldığı ilk gündən RATİ-"Milyarderlər ittifaqı"nın Kremlin layihəsi olduğu güman olunur, iddia edilir, gah yalanlanır, gah da təsdiqlənirdi.

Vladimir Putin

Vladimir Putin

“Bu əndişə, narahatlıq, gərginlik avqustun birinci ongünlüyünə qədər davam etdi. Həmin vaxt Rusiya prezidenti Vladimir Putin Bakıya gəldi, qısa müddət burada oldu, danışıqlar apardı və dərhal da qayıdıb getdi...

Daha bir informasiya ondan ibarətdir ki, Putin Milli Şuranın lideri və prezidentliyə sabiq namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinası barədə müraciətini müsbət cavablandırmayıb. Yenə elə çıxır ki, o, Bakıya gəlməmiş olsaydı, İlham Əliyevlə razılaşmasaydı, İbrahimbəyovun seçkiyə qatılması üçün yeganə əngəli aradan qaldıracaqdı...

Hazırda ortada müəmmalı məsələ demək olar ki, qalmayıb. Əgər İlham Əliyev prezident kürsüsünü hər necə olursa-olsun, qoruyub saxlaya bilsə, Azərbaycan dekabrın 15-də Rusiyanın tələb etdiyi ittifaqlara qoşulacaq”.

TURQUT ƏR: “ƏGƏR SAXTAKARLIQ BAŞ VERMƏZSƏ, CƏMİL HƏSƏNLİ SEÇİCİLƏRİN 65 FAİZİNİN SƏSİNİ ALA BİLƏR”

Turqut Ər

Turqut Ər

Türk diplomatı, “Azadlıqdan tiranlığa” kitabının müəllifi Turqut Ər “Azadlıq” qəzetinə müsahibəsində deyir ki, əgər saxtakarlıq baş verməzsə, Cəmil Həsənli seçicilərin 65 faizinin səsini ala bilər.

“Hakimiyyət ona əmindir ki, o yenidən seçkilərdə istədiyi, əvvəllər də reallaşdırdığı saxtakarlıqları həyata keçirəcək. Hakimiyyət seçkinin nəticəsinin necə olacağından asılı olmayaraq siyasi iqtidarı təhvil vermək niyyətində deyil. Bu rejimin adı diktaturadır.

Azərbaycanda hələ də hakimiyyətə sovet dövründən qalma köhnə kommunist qvardiyası rəhbərlik edir. İlham Əliyev yenə köhnə kommunist qvardiyasına güvənir, seçkilərə onların dəstəyinə etimad edərək gedir. Hakimiyyətin namizədi hansı arqumentlərlə Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin qarşısına çıxacaq?

İlham Əliyev gözəl bilir ki, o, teledebatlarda Cəmil Həsənli, Əli Kərimli, İsa Qəmbərlə üz-üzə əyləşərsə, rəzil olar. Azərbaycan xalqı seçkidə səs verərək, onun arxasında durarsa, o zaman İlham Əliyev görər ki, xalq onu istəmir. Çünki xalq avtoritar rejimin deyil, demokratik hakimiyyətin olmasını istəyir.

«SEÇKİ SƏRƏNCAMLARI»

Azadlıq qəzetinin redaktoru Rövşən Hacıbəyli «Seçki sərəncamları» məqaləsində yazır ki, İlham Əliyev 2013-cü ilin iyul-sentyabr aylarında 160 milyon 800 min manatlıq sərəncam imzalayıb:

Arxiv foto

Arxiv foto

«2012-ci ilin eyni dövründə prezident 72 milyon 400 min manata sərəncam verib. Əksər sərəncamlar Prezidentin Ehtiyat Fondu ilə bağlıdır. Bu fonddan isə «ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən, lakin maliyyələşdirilməsinə vəsait nəzərdə tutulmayan tədbirlər üçün» pullar xərclənə bilər. Ancaq sərəncamlarda göstərilən məqsədlər üçün «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı» var və hər il o istiqamətə büdcədən milyonlar ayrılır. Builki sərəncamların seçkiyə bağlı olduğunu sübut edən faktlar da elə onların özündədir. Düzdür, hər il Prezidentin Ehtiyat Fondundan bu şəkildə səmərəsiz xərcləmələr olur. Ancaq bu il sərəncamların hədsiz çoxluğu şübhələnməyə, dövlət vəsaitinin şəxsi məqsədlər, konkret desək, seçkiyə xərcləndiyini düşünməyə əsas verir...»

Yap.org.az SAYTI XALQ ARTİSTİ ƏLİBABA MƏMMƏDOVLA MÜSAHİBƏ DƏRC EDİB

- Əlibaba müəllim, bir mədəniyyət işçisi olaraq prezident seçkilərinin qalibi kimi görürsünüz?

- Mədəniyyət cəmiyyətin müasir inkişaf səviyyəsi, insanın yaratdığı, nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərin məcmusu olduğundan, bu sahədə görülən işlərin mahiyyəti də bəllidir. Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməliyik. Müasir düşüncəli Azərbaycan övladı Prezident İlham Əliyevin ətrafında sıx birləşməli və reallıqlara açıq gözlə baxmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin alternativi yoxdur və mən bir xanəndə olaraq Onu dəstəkləyir, bütün həmkarlarımı xalqının etimadını əməlləri ilə qazanmış cənab İlham Əliyevə səs verməyə, Onun ətrafında sıx birləşməyə çağırıram.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG