Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:56
-

Molla Şirəlinin ruhu göyün yeddinci qatına qalxmamışdan əvvəl bir müddət illər boyu halal zəhməti ilə qurub-yaratmış olduğu evinin ətrafında firlanaraq gəlib-gedənlərə tamaşa etdi. Gördü ki, canını tapşırması ilə həyat-baca yas yerinə gələnlərlə dolub və əksəriyyəti tələbəsi olmuş kənd mollaları müsəlman qaydası ilə onun meyidini yumaqla məşğuldur. Zənənlər isə ağı deyərək diz-başlarına döyür.
Sağlığında Molla Şirəlinin çörəyi belə mərasimlərdən çıxdığı üçün gördükləri ona təəccüblü gəlmədi. Ailəsinin və ailə sahibi etdiyi səkkiz uşağının vay-şüvəni mollanı kövrəltsə də, o, sınaqlar dünyası hesab etdiyi dünyada etmədiyi küfrü axirətdə də etməmək üçün ağlamadı. Ömrünün 60 ilini böyük bir mahala mollalıq etmiş Şirəlinin zəndinə görə, allahın bəndəsinə verib aldığı can üçün ağlamaq küfr idi.
Molla Şirəlinin ruhu evinin həndəvərində çox yubanmadı. Əllərini göyə qaldırıb növbəti dəfə dünyanın bütün müsəlmanları üçün səmimi qəlbdən dua etdikdən sonra, sürətlə göyün yeddinci qatına doğru yol aldı. Ancaq heç on addım getməmişdi ki, göydən enən iki mələk onu qollarından tutub qaldıraraq gəldikləri istiqamətə götürdülər. Molla Şirəli ürəyində buna da şükür etdi. Bu incə məxluqların köməyi olmasa idi, o, dünyanın yeddinci qatına kim bilir neçə vaxta və necə halda gəlib çıxacaqdı.
Mələklərin onu yaşıl bir çəmənlikdə endirib qeyb olması ilə Molla Şirəli cənnətdə olduğunu zənn edib razılıqla gülümsündü. Amma başını qaldırıb diqqətlə ətrafa göz gəzdirəndə, bir az aralıda üzərində ərəb dilində “o dünya” sözləri yazılmış qapı olduğunu gördü. Tanrının kəramətinə şükür edərək qapıya yaxınlaşan Molla Şirəlini burada iki mələk qarşıladı. Ədəb və ehtiramla salam verən Şirəli onlardan cənnətə necə getmək lazım olduğunu soruşdu. Onun sualı müqabilində mələklərin üzündə yaranan ifadədən anlaşıldı ki, onlar bu sualı kim bilir neçənci dəfə eşidiblər. Buna baxmayaraq hər ikisi Molla Şirəliyə səbrlə başa saldılar ki, cənnət barədə danışmağa tələsməsin, ona hələlik bu qapıdan içəri keçmək gərəkdir.
Bu sözlərdən sonra Molla Şirəli bir daha başını qaldırıb, kandarında durduğu qapının üzərindəki ”o dünya” sözlərini oxuyub təəccüblə çiyinlərini çəkdi. Yaşının bu çağında şübhələr doldu Molla Şirəlinin qəlbinə. Özünü ələ almağa çalışaraq ürəyində bir neçə dəfə allahın adını çağırıb - “bəlkə bunlar iblisə qulluq edən kəslərdir və məni aldadıb cəhənnəmə salmaq istəyirlər” - deyə düşündü:
- Cənab mələklər, mən ömrümün demək olar ki, hamısını sidqi - ürəklə allaha xidmətə həsr etmişəm. Odur ki, mənə cənnətin yolunu düzgün göstərməyiniz məsləhətdi...
Molla Şirəli sözünü bitirə bilmədi. Qapının solunda (bu mələk həm də Şirəlinin solunda idi) duran mələyin sərt baxışı onu sözünü yarıda kəsməyə məcbur etdi. Üzünə sərt ifadə qonmuş mələk ardınca üz - gözünü daha da turşudaraq: - “vətəndaş, cammatı gözlətmə” - dedi. Molla Şirəli camaat deyilən kəslərin kim olduğunu aydınlaşdırmaq məqsədilə geri qanrılıb baxmaq istədikdə isə sağdakı mələk onun peysərindən tutub zorla qapıdan içəri dartdı. Bununla belə o, həqiqətən də bir az əvvəl özünün olduğu yerdə yüzlərlə adamın növbəyə durub gözlədiyini görməyə imkan tapdı.
Ağrayan peysərini ovuşduraraq irəli yeriməyə məcbur olan Şirəlinin qulağından mələklərin deyintisi də yan ötmədi: - “zalım oğlu zalım, deyir ömrüm boyu allaha dua eləmişəm, amma bilmir ki, qiyamətə hələ bir qiyamət var”.

*****

Növbətçi mələyin qısa fitinin ardınca onun gür səsi eşidildi: - düzül!
Adamlar qaça - qaça cərgəyə durmağa başladılar. Tələsərək qabaqda qaçanların hamısı ruhanilər idi və onlar cərgənin baş hissəsində yer tutmağa can ataraq itələşir, yerlərini rahatladıqdan sonra isə, gülümsünərək bir - birlərindən üzr istəyirdilər.
Şirəli də tövşüyə - tövşüyə özünü ön cərgələrdən birinə çatdırdı. Uzaqdan adamlar hələ də düzülüş meydançasına doğru qaçıb gəlməkdə idilər.
Nəzarətçi mələk narazı halda əllərini dalına qoyub sıranın qarşısında gəzişirdi. O, hər dəfə sıranın baş hissəsinə (burada əsasən rühanilər yığılmışdı) çatanda sıradakılar ikiqat əyilib ona təzim edirdilər. Molla Şirəli də burada idi və təbii ki, o da həmkarlarının hərəkətlərini məmnuniyyətlə təkrarlayırdı. Nəhayət, nəzarətçi onların bu hərəkətinə əsəbləşdi:
- Axmaqlar, sizə neçə dəfə demişəm ki, ulu yaradandan başqa kimsəyə təzim etmək gərək deyil.
O, deyinə - deyinə uzaqlaşdı. Rühanilər isə mələyin sözlərindən zərrə qədər də olsa inciyənə oxşamırdılar. Üzlərində yaltaq və acizanə təbəssüm vardı.
Bu arada Molla Şirəlinin diqqətini uzaqdan qollarını ata - ata düzülüş meydançasına tərəf gələn bir adam cəlb etdi. Şirəli onu tanıdı. Həmkəndlisi alkaş Məmətağı idi. Şirəli azacıq qabağa əyilib durduğu cərgəyə göz gəzdirəndə başa düşdü ki, cərgədəkilər də, cərgənin qabağında əsəbi halda gəzişən mələk də alkaş Məmətağının gəlib çatmasını gözləyir. Onun gəlməsi ilə digər ruhanilərlə birgə Şirəlinin də olduğu cərgə tamamlanacaq və çox güman ki, bununla da, tağım sayında olan ölülər toplusu onlara nəzarət edən mələyin növbəti əmrini eşidəcəkdi.
Ancaq sağlığında olduğu kimi indi də dünya - aləm Məmətağının vecinə olana oxşamırdı. O, tələsmədən camaata doğru addımlamağına davam edirdi. Bayaqdan onun yaxınlaşmasını səbrlə gözləyən mələk dözməyib bağırdı: - “tələs də, balıq başı qalıb”!?
Amma alkaş Məmətağı tövrünü pozmayaraq əvvəlki vecsiz addımlarının sürətini zərrə qədər də dəyişmədi. Cərgəyə gəlib çatmağa bir neçə addım qalanda isə narazılıqla əlini yellədi: - “nə var e, düzül - dağıl, dağıl - düzül”!
Və bu an onun gözləri Molla Şirəliyə sataşdı. Sağlığında olduğu kimi əlini hərbiçilər sayağı gözünün üstünə aparıb gülə - gülə salamlaşdı: - “salam molla”!
Molla Şirəlinin dalağı sancdı. Özünü fani dünyada etdiyi kimi, görməməzliyə vurmaq istədi. Məmətağının sakitcə sıraya qatıldığını görüncə isə rahatlandı: - “şükür sənə ilahi, yaxşı ki, axıra kimi demədi”.
Sağlığında Məmətağı onu harada görsə əlini gözləri üstünə apararaq özünəməxsus tərzdə salamlaşdıqdan sonra: - “molla harda gördün zolla” - deyib ələ salardı.
Bayaqdan bəri Məmətağını cəzalandıracağı ilə bağlı hədələyən nəzarətçinin səsi Molla Şirəlini düşüncələrindən ayırdı: - düzül, düzlən, fərəğət! Bir, iki,..
Molla Şirəli çırpınıb ayıldı. Gördü ki, kəfənə və xalçaya sarınmış halda tabuta uzadılıb və kəndin mollaları nəşini həyətdən çıxarmamışdan əvvəl müsəlman qaydasına görə bir neçə dəfə havaya qaldırıb yerə qoyurlar: - bir, iki, üç.
Molla Şirəli xortladıqdan sonra dilinə gələn ilk kəlmə bu oldu: - “əuzubillahiminəşeytanirrəcim”.

Günün bütün mövzuları

XS
SM
MD
LG