Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:30

Azay Vəlixanov. Əfsanə


-

Yaxınlıqdakı bazardan gələn maşın səsləri artıq səhərin açıldığından xəbər verirdi.

Az sonra arabaların cırıltısı və arabaçıların səs - küyü ətrafa yayılaraq yaxınlıqda yaşayanların səhər yuxusuna haram qatacaqdı. Lakin bu səs - küyün ömrü uzun sürməyəcək, sərnişin avtobuslarının işə başlamasıyla yaranan uğultu bazarın səs - küyünü boğaraq eşidilməz edəcəkdi.

Sonuncu səs - küy əvvəlkilərə nisbətən daha güclü olsa da ətrafdakıların diqqətini cəlb edib, əsəblərini oynatmayacaqdı. Çünki insanlar özləri də bu səs -küyün içində olacaqdılar və əksər işləri bu səs - küydən keçəcəkdi. İnsan övladı isə yarandığı gündən özünə lazım hesab etdiyi ən zərərli şeyə belə adətkarda olmağa, onu öz şüuraltı ağılı ilə nəzərində yaxşılaşdırmağa alışıb. Bu isə digər canlılardan fərqli olaraq yalnız insana məxsus olan xarakter tipi: - ya sadəlik, ya da ikiüzlülükdür.

Əfsanə yuxuda görürdü ki, Kamal müharibədən qayıdıb gəlib. Qapının kandarında durub gülümsəyir, içəri keçməyə heç tələsmir də. Ərinin bu hərəkətindən əsəbləşən Əfsanə isə danışmaq istəyir, amma kilidlənmiş dodaqlarını aralamağa gücü çatmadığı üçün əsəbləşərək ağlayırdı. Kamal isə onun göz yaşlarına biganə qalaraq hey gülümsəməyinə davam edirdi. O, müharibənin Kamalı necə də daş qəlbli etdiyinə təəccüblənir, bütün varlığı ilə müharibəyə lənətlər yağdırırdı. Birdən balaca Ülkər yuxudan oyanıb ağlamağa, əllərini oynadaraq bələyindən azad olmağa çalışdı. Körpə qızının səsinin də Kamala təsir etməməsi Əfsanəni dəhşətə gətirdi. Bütün qüvvəsini toplayıb ərini səslədi: ”Kamal, ay Kamal”. Artıq qapıda duran hərbi geyimli adamın əri olduğuna şübhə etməyə başlayan Əfsanə özünü səsi gəldikcə qışqırmağa hazırladı. Elə bu anda isə qəribə bir şey baş verdi. Əfsanə elə yuxuda ikən baş verənlərin yuxu olduğunu anladı. Qəlbinə çökən təəssüf hissi ilə əlləri əsə - əsə üstündəki güllü yorğanı başına çəkib hönkürdü.

*****

O, yadına gələni körpələr evində yaşayırdı. Birinci sinfə qədər olan düşüncələrinə görə dünyadakı bütün uşaqlar başqa - başqa evlərdə tərbiyəçilərin nəzarəti altında yaşayırdılar. Ara - sıra yoldaşlarının yanına ata, ana adında arvad və kişilər gəlsələr də tezliklə körpələr evini tərk edib gedirdilər. Onların arxasınca uşaqlar ağlasa da bu adamlar geri dönmür, nəticədə digər uşaqların yaddaşına pis adam olaraq həkk olunurdular. Elə Əfsanə üçün də bütün ata, ana adında arvad və kişilər çox pis adamlar idi. Qızcığazın nəzərində yaxşı adamlar sırasına evdəki bir neçə müəllimə, ara - sıra getdikləri teatrdakı qapıçı və üzünü televiziya ekranından gördüyü xala və əmilər daxil idi.
Lakin məktəb yaşına çataraq körpələr evinin yaxınlığındakı məktəbə getdiyi gün ətrafda baş verənlərin düşüncələrindən daha geniş olduğunu anladı. Gördüklərini bütün imkanları ilə rədd etməyə, bu günədək düşündüklərində haqlı olduğunu əldən verməməyə calışsada buna gücü çatmadı. Anladı ki, yer üzündəki bütün ata, ana adındakı adamların heç də hamısı pis deyilmişlər. Məktəbə gələn uşaq üçün yaraşıqlı çanta alıb ona hər gün şirin kökə qoyan, dərslər bitdiyi zaman balaca məktəblini məktəbin qapısında gözləyib əlindən tutaraq maşına mindirən adama pis adam demək heç cür düzgün olmurdu axı!
Qızcığaz özünün uşaq düşüncələri ilə hər uşağın öz ata, anası olduğunu anladığı zaman isə bir neçə gün özünə gəlmədi. Bir müddət beynində bir çox qarışıq fikirlər bir - birini əvəzlədi. Ən dəhşətlisi isə evin qızlar üçün nəzərdə tutulan ayaqyolunda özünü asıb öldürmək istəməsi oldu. Əfsanəyə görə bu gündən sonra yaşamağa dəyməzdi. Əgər bu gün görüb - eşitdiyini ertəsi gün gördüyün inkar edirsə, bu dünyaya ata, anasız gəlmisənsə, həyat deyilən şey hər səhər axşamı, hər axşam isə səhəri gözləməkdən ibarətdirsə, yaşamağa dəyərdimi ki?
İntihardan yataq yoldaşı olan qız tərəfindən qurtulan Əfsanə elə həmin gün bildi ki, körpələr evində həyatda yaşamağın lazımsızlığı barədə düşünən tək o, deyil. Demə evin sakinləri arasında intihar cəhdləri tez - tez baş verir, lakin bu hərəkətlər digər uşaqlardan gizli saxlanılırmış.
Orta məktəbin sonuncu siniflərində ciddi - cəhdlə ali məktəbə hazırlaşdı. Dil - ədəbiyyat müəlliməsi olmaq arzusunda idi. Qiyabi şöbəyə qəbul olunacağı halda, ali məktəbi bitirənədək fabriklərdən birində iş tapıb yataqxana ilə təmin olunacağına ümid edirdi. Amma bir qism adamın ittifaq, digərlərinin isə imperiya adlandırdığı SSRİ daxilində parçalanmalar Əfsanənin bu arzularını şübhə altına almaqda idi. Müəlllim və tərbiyəçi heyətinin üzündəki əsəbilik və təlaş, günü - gündən azalan yemək payı uşaqlara kimsəsizliyin əsl acısını göstərməyə başladı.
Baş verənlər buraxılış siniflərinin həyatına da ciddi təsir göstədi. Məktəblərdə günlərlə dərslər keçirilmir, dərs saatları bütünlüklə həvəskar siyasi söhbətlərə həsr olunurdu. Çünki, müəllimlərin özlərinin də proqram xaricində nəyi tədris etmək barədə anlayışları yox idi.

*****

Gözlənildiyi kimi Əfsanə tarix imtahanından kəsildi. Sonralar özünün də təəcüb etdiyi kimi, kəsilmə xəbərini eşidincə ağlamadı.
Bir həftə körpələr evində qaldıqdan sonra müdirə onu yanına çağırıb növbəti gündən şəhərdəki tikiş fabriklərindən birinə işə çıxacağını söylədi. Əfsanə həyatda ilk dəfə olaraq bu xəbəri eşidəndə ürəkdən sevindi. Gec - tez uşaq evini tərk etməli idi. 18 yaşına çatdığına görə evin ştatından çıxarıldığını bilir, uşaq evinin qanuni sakinlərinin payına şərik çıxdığı üçün sıxılırdı.

*****

Fabrikdəki iş həyatı maraqlı idi. Kollektivin əksər hissəsi qadınlardan ibarət olduğu üçün Əfsanənin uyğunlaşması çətin olmadı və o, tezliklə özünə bir neçə rəfiqə də tapdı. Bir qədər sonra isə başa düşdü ki, uzun illərdir şəhərdəki digər tikiş fabrikləri kimi bu fabrik də yetimxanalarda həddi - buluğa çatan gənclərin ilkin müstəqil həyatının formalaşmasında əsaslı rol oynayıb. Bunu bildikdən sonra Əfsanənin gələcəyi ilə bağlı arzuları daha da genişləndi. Fabrikdə işləyə - işləyə qiyabi oxuyacaq, ailə qurub övlad sahibi olacaqdı.

*****

20 yanvar gecəsi rus ordusu tərəfindən həyata keçirilən qırğın ölkədə baş verən hadisələri yeni bir məcraya yönəltdi. Fabrikdə istehsal tədricən səngiyir, təyinat günbəgün dəyişilirdi. Aylarla maaş verilmir, işcilər arasında yaxınlrda fabrikin fəaliyyətinin tamamilə dayandırılacağı barədə söhbətlər gəzirdi.
Əfsanə deyilənlərin həqiqət olacağı halda nə edəcəyini bilmirdi. Lakin həmin ağrılı günlərin birində tale onun üçün müəyyən qədər işıq ucu yandırdı. Fabrikdə işə başladığı gündən dostlaşdığı Gülzar adlı rəfiqəsinin ad günündə Kamalla rastlaşdı. Üzbəüz oturmuş olduğu bu gənclə gözlərinin biri - birinə tuş gəldiyi zaman Əfsanə vücudunda ilk dəfə yaranan qeyri - adi hansısa giziltini hiss etdi. Nə baş verdiyini anlamasa da bərk qorxdu. Sanki bu gizilti ilə o, qızlığını itirmişdi. Bu əcaib hisslər altında əhvalı korlandığından heç kimlə danışmadan sona qədər pötrmüş halda oturdu. Təbii ki, Kamal (Əfsanə bunu sonralar onun dilindən də eşitdi) onun vəziyyətini anlamışdı və qızı narahat etməmək üçün məclis boyu bircə dəfə də olsun Əfsanə tərəfə boylanmadı.
Həmin gecə Əfsanə ad günündə keçirdiyi narahatlıq üçün özünü qınadı. Gah ürəyində sadəlövlüyünə güldü, gah da məsələnin ciddi olduğunu düşünərək öz - özündən xoflandı.
Bir həftə sonra fabrikin önündə qarşılaşdıqları zaman isə bu görüşün təsadüf olmadığına əmin idi. Odur ki, Kamalı görüncə bütün bədənini titrəmə tutdu. Küçənin ortasında büdrəyib yıxıla biləcəyini düşündü. Hərəkətlərini idarə etmək iqtidarında deyildi.
Mərkəzi yola çatanadək Kamal ona yaxınlaşmadı. Yalnız fabrik küçəsi ilə mərkəzi yolun kəsişməsindəki tini burulduğu zaman qız onun həyacanlı pıçıltısını eşitdi: - “Əfsanə.”
Və bu andan etibarən nə baş verdiyini özü də anlamadan əllərini üzünə qapayıb hönkürdü. Özünə gələndə isə ətrafında fabrikdə işləyən qadınları gördü və özünü ələ ala bilməyərək kövrəlib yenidən hönkürdü. Ətrafa baxmağa gücü catmasa da hiss edirdi ki, Kamal yoxdur.
Ondan sakitləşməsini xahiş edən işçilər arasında Gülzar da vardı və deyəsən o, məsələni anlamışdı. Odur ki, Əfsanəni yataqxanaya buraxmayıb evlərinə gətirdi. Hələ yolda olarklən könlünü alıb zarafatyana onu məzəmmət edərək dedi ki, hər yaxınlaşan oğlanı görüncə ağlayacağı halda qarıyıb evdə qalacaq. Kamalın kimliyi və bu günki hadisə ilə bağlı söhbət isə axşam yeməyindən sonra, qızlar yatmaq üçün öz otaqlarına çəkildikləri zaman açıldı. Əfsanəyə məlum oldu ki, Kamal Gülzarın bibisi oğludur. Ağır təbiətli, mədəni bir oğlandır. Əfsanəni bir az əvvəl qeyd olunmuş ad günündə görüb və ondan xoşu gəlib. Bu günki görüşə gəlincə isə, dayıqızı ilə razılaşdırılmış şəkildə planlaşdırılıbmış. Sadəcə Əfsanənin “həyasızlığı” yazıq Kamala ürək sözlərini deməyə şans verməyib.
Əfsanə Gülzarın baş verənlərdən xəbərdar olduğunu bilincə heyrətləndi. Bütün gecəni isə Kamalın ona növbəti dəfə yaxınlaşacağı təqdirdə özünü necə aparacağı barədə düşündü.
Bu növbəti həftə baş verdi.
Fabrikdən Gülzarla birgə çıxdılar. Aprel ayının çiskin yağışı qapıda onları gözləyən Kamalın saçlarında qırov əmələ gətirmişdi. Bu görkəmdə o, Əfsanəyə həm mülayim, həm də ecazkar kişi təsiri bağışladı...
Əfsanə Kamalın qarşısında ikinci dəfə avqustun sonlarında, dənizkənarı parkda ağladı. Bu dəfə Kamal ona konkret olaraq ailə qurmağı təklif edirdi və Əfsanə həmin anlarda həyatda öz yalqızlığını, tənhalığını növbəti dəfə hiss etməkdə idi.
- Valideynlərinin mənimlə evlənməyinə razılaşacağına əminsənmi, Kamal?
- Qulaq as, əvvəla səninlə mən evlənirəm, valideynlərim yox. İkincisi də ata - ananın yoxluğu səninlə heç kimin ailə qurmaması üçün əsas deyil.
Həmin gecə ayrıldıqları zaman Əfsanə yenə də özünü saxlaya bilmədi. Kövrəlib, artıq dünyada özünə ən doğma insan hesab edib inandığı Kamalı qucaqlayaraq ağladı: - Məni tək qoyma Kamal, əgər ailə qurmağımız mümkün olmasa bunu gizlətmə. Mənim heç nəyim yoxdur, hər şey əlimdən alınıb. Bircə namusum var, heç olmasa qoy onu qoruyub saxlayım - dedi.
Bu sözlərdən sonra Kamal da özünü saxlaya bilmədi . Əfsanəni qucaqlayıb göz yaşlarını gizlətməyə çalışdı.

*****

Növbəti dəfə fabrikin qarşısında görüşdülər. Əfsanənin ürəyinə Kamalın ona nə isə xoş olmayan bir xəbər verəcəyi dammışdı. Belə də oldu. Kamal həmişəki kimi mehribanlıqla hal - əhval tutduqdan sonra mətləb üstünə gəldi. Əfsanə ilə ailə qurma məsələsində hələlik anasının razı olmadığını bildirdi. Dediyinə görə bu narazılıq Əfsanənin ailə vəziyyətindən deyil, sadəcə ananın bircə oğlunu özü seçdiyi qızla evləndirmək arzusundan irəli gəlirdi. Ancaq Kamal tezliklə anasının razılaşacağına, hətta Əfsanəni yaxından tanıdıqdan sonra onu qızı kimi sevəcyəcəyinə əmin olduğunu da bildirdi.
Amma bu razılıq almalar iki aya yaxın sürdü və nəticəsizliklə sonunclandı. Buna baxmayaraq Kamal inadından əl çəkmir, valideynlərinin razılığı olmasa belə Əfsanə ilə evlənəcəyini deyirdi. Hətta vəziyyət o həddə çatdı ki, Əfsanənin Gülzarla da münasibətləri pozuldu. Buna əsas səbəb isə Kamalın Əfsanəni Gülzar vasitəsi ilə tanıması idi. Yeganə oğlunun yetimxanada böyümüş qızla evlənməsinə heç cür razı olmaq istəməyən ana bu tanışlıqda qardaşı qızını günühkar sayır, ondan Əfsanə ilə Kamal arasında münasibətləri necə qurubsa elə də pozmağı tələb edirdi.
Onun əsas iddiası ata - anasından bixəbər olan Əfsanənin nə yoğurdum, nə yapdım arzusu ilə tapdığı imkanlı oğlanı ovsunlamaqdan, Kamalı əldən buraxmaq istəməməsindən ibarət idi. Qadın iki dünya bir olsa Əfsanəni evində gəlin görməyəcəyini deyirdi.
Yenicə başlayan ilin fevral ayında fabrikdə iş tamamilə dayandı. Kamalın işlədiyi Səttərxan adına maşınqayırma zavodunda isə vəziyyət daha pis idi. Zavod ölkədə baş verən siyasi hadisələrin mərkəzlərindən birinə çevrilmişdi.
Hadisələrin bu axarında Kamal Əfsanəyə qızın ürəyindən olmayan bir təklif etdi. Bütün deyilənlərə qulaq asmayaraq evlənmək.
Əfsanə isə öz növbəsində Kamalın anası bu izdivacdan xəbər tutacağı təqdirdə onları əvvəl - axır ayıracağını deyərək, bu təklifi tamamilə rədd etdi.
Amma Kamal əl çəkmədi. Rəsmi nigahla ailə quracaqları halda anasının heç nə edə bilməyərək sonunda vəziyyətlə barışmağa məcbur olacağını bildirdi. Qərara aldılar ki, birgə yaşamağa başladıqdan qısa zaman ərzində rəsmi nigahlarını qeyd etsinlər.
Əfsanənin könülsüz də olsa razılaşmasına baxmayaraq Kamalın etdiyi təklif aralarında iki həftə müzakirə mövzususu oldu. Nəhayət, Əfsanə onun yalvarışları qarşısında davam gətirə bilməyib razılaşdı. İlk aylarda Kamalın anasının onların yerini tapa bilməməsi üçün Əfsanənin qaldığı yataqxananı müvəqqəti boşaldıb ev kirayələməyi planlaşdırdılar. Əfsanə bilirdi ki, Kamalın anası Gülzarın vasitəsi ilə yataqxananı tapıb ora gələcək. Bu halda nələr baş verə biləcəyini isə o, düşünməyə belə qorxurdu.

*****

Kamal mart ayının ikinci həftəsi “Proqress” mağazasının yanında ev kirayələdi. İki balaca otaqdan ibarət olan evin sahibəsi divar qonşuluğunda qalırdı. Ümumi dalanı çıxmaq şərtilə kiçik həyət yalnız kirayənişə - Kamala məxsus idi. Köç Kamala asan başa gəlmədi. Sənədləri və paltarları olan iki böyük çantanı evlərindən çıxartmaq üçün bir neçə dəfə cəhd etdi. Gündüz vaxtı evdən əlində bu qədər yüklə çıxa bilməyəcəyini görüb bunu gecəyarı etdi. Həyətdə onu gözləyən taksiyə minib kirayələdiyi evə yollandı.
Ailənin yeganə övladı olan Kamala bu addımı atmağa vadar edən bir çox səbəblər var idi. Əvvəla o, Əfsanəni ilk gördüyü gün gözəlliyinin vurğunu olmuşdu. Qızın gözəlliyini məsumluğu, sadəliyi tamamlayırdı. Onun açıq səma kimi gözləri sahibinin hər cür hiyləgərlik, həyasızlıq və əksər müasirləri kimi özündən razılıq hissindən uzaq olduğundan xəbər verirdi. Bundan başqa Əfsanənin duruşunda, yerişində nə isə qəribə bir şirinlik vardı. Kamal qızın göründüyü kimi, məsum olduğuna əmin idi. Onun nəzərində Əfsanə göründüyü kimi idi və o, başqa cür ola bilmir, ümumiyyətlə, buna cəhd də etmirdi. Kamala görə onu aldatmaq, hissləri ilə oynamaq yalnız dünyanın ən əclaf adamının əlindən gələrdi.
Bütün bunlarla yanaşı Kamal böyüyüb boya - başa çatdığı illər ərzində anasının onun üzərində yerli - yersiz nəzarətindən də bezmişdi. Anası onun demək olar ki, hər bir addımını izləyir, evdə elə bir şəraət yaradırdı ki, Kamal hər hansı hərəkəti qarşılığında, hətta gündəlik işə gedəndə belə ondan icazə alsın. Atası ana oğul münasibətlərinə müdaxilə etmək iqtidarında deyildi. Ailənin təməli belə qoyulmuşdu. Ana öz sözünü yeritmək üçün heç kimdən həya etmədən ağzını açıb gözünü yumur, atası isə qonşulardan utanaraq dözüb arada sakitlik yaratmağa çalışırdı. Uzun illər ərzində bu münasibətlər artıq adət halı almış və ailədə qadının hegimonluğu ilə nəticələnmişdi. Bununla belə Kamal əmin idi ki, bir zamanlar atası anasını yeri düşəndə əməllicə döyüb. Amma ananın xarakterindən irəli gələn həyasızlıq sonda atanın vaxtaşırı əsəbinə üstün gəlmiş, kötəklə vəziyyəti düzəldə bilməyəcəyini görən kişi taleyi ilə barışıb yaşamağa məcbur olmuşdu. Artıq o, ailədəki söz - söhbətlərdə müşahidəci rolunu oynamaqla kifayətlənirdi. Valideynlərin hər ikisi həkim idi və uzun illərdi ki, fasiləsiz çalışırdılar.
Ailənin yeganə övladı olan Kamal anlamağa başladığı gündən anasının hay - küyünə baxmayaraq əksər xasiyyətlərini atasından mənimsəmişdi. Cəmiyyətdə nadir hallarda rast gəlinən bu hal: uşağın bir valideyinin hikkəsindən yorularaq, eləcə də qorxaraq digərinə yönlənib onun xasiyyətini əxz etməsi onun timsalında özünü göstərmişdi.
Kamal əzlüyündə əmin idi ki, Əfsanəyə xəyanət edə bilməz. Əfsanəsiz yaşaya bilməzdi. Bu onun nəzərində Məcnunluq deyildi. Sadəcə, bir neçə ay ərzində illər boyu xəyallarında gəzdirdiyi qızı tapdığına əmin idi və onu heç bir vəchlə əlindən buraxmaq istəmirdi, buraxmayacaqdı da. Bütün bunları taksidə gedə - gedə bir daha düşünür, anasının Əfsanin ünvanına dediyi sözləri xatırladıqca əsəbləşirdi. Bilirdi ki, anası səhər az qala bütün Bakını bir - birinə qataraq Kamalı yerin deşiyindən olsa belə tapıb çıxartmağa çalışacaq. Bu mümkün olmayanda isə Əfsanənin yaşadığı yeri müəyyənləşdirmək üçün qardaşıgilə cumacaqdı. Başqa vaxt olsaydı o, hətta oğlunun itkin düşməsi ilə bağlı polisə də məlumat verərdi. Amma indiki, - şəhərdə vəziyyətin qarışıq olduğu bir zamanda oğlunun polis tərəfindən axtarılmasını istəməzdi. Yaxşı ki, Kamalın işlədiyi Səttərxan adına zavodda da, Əfsanənin calışdığı fabrikdə də iş dayandırılmışdı. Yoxsa anası günlərlə güdmək xatirinə olsa belə ikisindən birini yaxalayardı.
Bu mənzərəni düşündükcə Kamal istidən şüşələri tərləmiş taksinin içində üşüyərək əllərini plaşının ciblərinə salıb büzüşdü.

*****

Səhər saat səkkizdə artıq yataqxananın önündə idi. Komendant onu tanıdığı üçün yuxarı qalxmasına icazə verdi. Əfsanə də erkən oyanmışdı. Bəlkə o da Kamal kimi bütün gecəni yatmamışdı. Gözləri hiss olunacaq dərəcədə qızarmış və şişmişdi.
Əfsanəni istifadə etdiyi mətbəx əşyalarını, paltarlarını və onun fabrikdən məvacib əvəzinə verilən parçalardan tikib düzəltdiyi yorğan - döşəyi götürüb çıxdılar.
Əfsanənin evdarlığı, daha doğrusu evdarlıq arzusu evə çatınca məlum oldu. Qollarını çırmayıb yarım saat ərzində hər iki otağı sildi, süpürdü. Oturub çay içdikləi zaman dar günü üçün yığıb saxladığı pulu çıxarıb ortaya qoydu. Onun bu hərəkətinə Kamal özünü saxlaya bilməyib güldü: - evin pulu evin xanımında olar Əfsanə, mən imkanım qədər qazanıb gətirəcəyəm sən isə evdarlığını edəcəksən, - dedi.
Çay içdikdən sonra Kamal iki həftə üçün nəzərdə tutub yazdıqları siyahını götürüb yaxınlıqdakı bazara yollandı. Son beş ayın məvacibini xərcləmədən yığıb saxladığı üçün əlində pulu var idi. Qənaət etsə idilər iki - üç aya yetərdi. Düzdür, ölkədə günü - gündən güclənən infilyasiya nəticəsində yaranan bahalıq və qıtlıq hətta bir həftə üçün nəyi isə proqnozlaşdırmağa imkan vermirdi. Bununla belə Kamal heç olmasa bir ay evdə dözüb, sonra işə cıxmaq fikrində idi. Həm də ona yeni iş tapmaq lazım gələcəkdi. Səttərxan adına zavodun yaxın aylarda iş fəaliyyətini bərpa edəcəyinə ümidi yox idi.
Əfsanə nahar hazırladığı zaman Kamal gözünün acısını almaq məqsədilə çarpayıya uzandı. O biri otaqda qaynayan ət qazanının özünəməxsus şaqqıltı səsi altında xəyala daldı. Ölkədəki vəziyyət sabitləşən kimi təhsilinə uyğun olaraq zavodlardan birinə işə çıxacaq, lazım gəlsə ev növbəsinə duracaq və geç olmadan Əfsanənin ali təhsil almasının qeydinə qalacaqdı...
Yuxudan oyananda saat 8 - ə qalırdı. Küncdə qoyulan elektrik peçi otağı möhkəm qızdırmasına baxmayaraq Əfsanə yun adyalı iki qatlayıb onun üstünə çəkmişdi. Oturub Kamalın aldığı qəzeti oxuyurdu.
Kamalın oyandığını görüncə gülümsündü: - elə şirin yatmışdın ki, oyatmağa qıymadım, - dedi.
Kamal ehmalca qalxıb ayaqlarını döşəməyə qoydu:
- Sən niyə uzanıb dincəlmədin.
Əfsanənin üzü güldü:
- Bütün qəzetlər mənəvi dəyərlərdən yazarkən mən naməhrəm kişi yanına uzanımmı?
Kamal qəhqəhə çəkdi. Son aylarda ilk dəfə idi ki, belə ürəkdən gülürdü. Qalxıb stulda, Əfsanə ilə üzbəüz oturdu.
- Səndə də sözlər var ha.
Şam yeməyindən sonra, çay içdikləri zaman Kamal Əfsanənin həyəcanlanmağa başladığını hiss etdi. Səbəbini soruşmağa ehtiyac yox idi. Bir azdan yatağa uzanıb ilk ailə gecəsini keçirməli idilər. Onun özü də tədricən qeyri - ixtiyari olaraq vücuduna hansısa qəribə hissin sirayət etməyə başladığını duyurdu.
Elə bu hisslər altında da səssizcə qalxıb Əfsanəyə yaxınlaşaraq ehmalca boynunu qucaqladı. Bir anda qızın bədənində yaranan titrətmə onun da bədənini çuğladı. İxtiyarsız olaraq inildədi: - Əfsanə, ürəyim mənim, həyəcanlanma, mən səni dünyalar qədər sevən bir adamam, bu gündən sənin ömür - gün yoldaşınam - deyib onun ağappaq boynunu öpüşlərə qərq etdi. Buna cavab olaraq isə Əfsanə onun əllərindən yapışıb möhkəm - möhkəm sıxaraq sanki bədənindəki həyəcana son qoymağa çalışdı. Həyatında ilk dəfə olaraq kişi əlləri ona bu qədər yaxın olurdu. Ona elə gəldi ki, bir neçə dəqiqə də belə davam etsə həyəcandan boğulacaq. İxtiyarsız olaraq gözləri yumulur, halsızlaşırdı. Bu anda Kamal dodaqlarını onun dodaqlarına yapışdırdı. Əfsanənin bədənindəki bütün təlatümlər o dəqiqə yoxa çıxdı, ardınca bədəninə bu günə qədər duymadığı xoş hisslər yayıldı. Kamalın əlləri onun yanlarını ovxalayaraq yavaşca yuxarı qalxdı, bir neçə saniyə sinəsində gəzib aşağıya - döşlərinə doğru hərəkət etdi. Bir az əvvəlki boğulma hissləri həmin anda geri döndü və həmən də yoxa çıxdı. Əfsanə yalvarıcı səslə inildədi:
- “İşığı söndür Kamaal, qurban olum”.
Həyətdə yanan lampa otağı qaranlığa bürünməkdən qurtardı. Bədəni buza dönmüş Əfsanə Kamalın qolları arasında inildəyirdi. Əlləri ilə onun kürəyini qucaqlamış Kamalın qurumuş dodaqları onun dodaqlarından ayrılıb sinəsi ilə aşağıya doğru hərəkət etdikdə isə, əksinə, buza dönmüş bədəni bir anda qızışaraq oda bələndi. O, artıq özünü idarə etmək iqtidarında deyildi. Kamalın əlləri onun xalatının ipini açdıqdan sonra onu sahibinin çiyinlərindən sürüşdürüb yerə saldı. Otağın yarıqaranlıq, eləcə də əynində kalkotka və lifçik olmasına baxmayaraq utandı Əfsanə. Əlləri ilə sinəsini qapayıb başını aşağı dikdi. Kamal onun həyəcanlandığını anlayırdı və son hərəkəti qarşılığında boynunu qucaqlayıb qulağına pıçıldadı.
- Bu əvvəl - axır bizim aramızda baş verməlidir Əfsanəm. Əgər bu gün narahatsansa qalsın başqa vaxta.
Onun səsi Əfsanəyə o qədər doğma, yaxın idi ki, Kamal sözünü bitirər - bitirməz Əfsanə başını onun sinəsinə qoyub hönkürdü, qırıq - qırıq səslə dedi:
- Qorxuram Kamal, qorxuram. Dünyada bircə sən varımsan. Səni itirməkdən qorxuram.
Kamal onu sakitləşdirməyə çalışdı. Həm də ürəyinin dərinliyindən qopub gələn sözləri sinəsinə sıxılmış Əfsanəyə pıçıldadı:
- Bəs mənim səndən başqa kimim varki Əfsanə. Sən olmasan mən də heç nəyəm, heç kiməm.
Bir müddət ayaq üstdə, biri - birinə sarmaşmış formada danışmadan durdular. Əfsanənin dodaqlarını yavaşçadan Kamalın tüklü sinəsinə yapışdırıb öpməsi onları yenidən hərəkətə gətirdi.
Əfsanə həmin gecə qorxuram kəlməsini sonuncu dəfə Kamala yataqda, ayaqları arasında yad üzvü hiss edərkən dedi. Amma bu dəfə ağlamadan. Köbəyinin altı ilə çanağına doğru hərəkət edib bir andaca qırılan ağrının təsiri altında inildədi, ixtiyarsız olaraq dişləri ilə Kamalın çiynini sıxa - sıxa pıçıldadı: ”Qorxuuram,Kaamal.”

*****

İki gün sonra ərazisində yaşadıqları “Nəsimi”rayonunun VVAQ şöbəsinə yollanıb rəsmi nigah qeydiyyatına götürülmələri üçün ərizə təqdim etdilər. Qanuna uyğun olaraq bir ay gözləmək lazım gələcəkdi. Nigahlarının rəsmiləşdirilməsinin birinci ayında isə Kamal tələbə yoldaşlarından birinin köməyi ilə şəhərdəki zavodlardan birinə işə düzəldi. Məvacibi ürəyincə olmasa da kirayə haqqına və dolanışıqlarına çatırdı. Ehtiyac içində yaşasalar da heç biri narazı deyildi. O günlərdə Əfsanə qızara - qızara Kamala hamilə olduğunu dedi.

*****

Qəbul imtahanlarının vaxtına az müddət qaldığını, eləcə də problemlərin başdan aşdığını görən Əfsanə ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak etməkdən imtina etdi. Kamal onu fikrindən daşındırmağa çalışsa da sonda Əfsanənin haqlı olduğunu başa düşüb razılaşdı.

*****

Ölkədə bütün sahələr üzrə vəziyyət çox gərgin idi. Bir tərəfdən hakimiyyətdəki dəyişikliklər, digər tərəfdən Dağlıq Qarabağda günü - gündən şiddətlənən müharibə yaxın zamanlarda ölkədə vəziyyətin sabitləşəcəyinə inamı azaldırdı. Şəhərdə gəzən söz - söhbət gəzirdi ki, yaxın günlərdə ölkədə kütləvi səfərbərlik başlanacaq və belə günlərdən birində Kamal işdən xoşagəlməz xəbərlə döndü. Tələbə yoldaşlarından bir neçəsini artıq müharibəyə aparmışdılar. Yeni yaradılmış orduda zabitlərə ehtyac olduğu üçün hərbi kafedra bitirmiş kadrlara birinci növbədə cağırış vərəqəsi göndərilirdi.
Növbəti həftələrdə şəhərdə müharibə xofu daha çox hiss olunmağa başlamışdı. Nəhayət, gözlənildiyi kimi hökümət kütləvi səfərbərlik elan etmiş, onun nəticəsizliyini görüncə isə bunu güc yolu ilə həyata keçirməyə başlamışdı. Küçələrdə müharibə yaşına çatan bütün kişilər saxlanılır, zorla avtobuslara mindirilib yerlərdəki komendaturalara aparılır, əksər vaxtlarda kimliyi araşdırılmadan birbaşa döyüş bölgəsinə göndərilirdilər. Qanunla tək oğullar müharibədən azad olsalar da buna fikir verən yox idi. Yalnız şəxsi avtomabili ilə dolaşan imkanlı balaları, eləcə də müharibəyə yararsızlıq haqqında saxta sənəd almış cavanlar səfərbərliyi həyata keçirən adamların əlindən yaxalarını qurtara bilirdilər.
Kamal qərara aldı ki, bir neçə gün sonra veriləcək məvacibi aldıqdan sonra bir müddət evdən çıxmasın. Bu günlərdə anasıgilin də ona görə narahatcılıq keçirdiyini də bilirdi. Odur ki, evə telefon açdı. Dəstəyi anası götürdü.Oğlunun səsini eşidincə narazılığını bildirmək üçün kinayə ilə nə əcəb Kamalın onları yada saldığını soruşdu. Həyacanını büruzə vermək istəməsə də bu, səsindən açıq - aydın hiss olunurdu. Kamal anasının tikanlı sözlərinin bitməsini səbrlə gözlədi. Ancaq anası oğlunun bu səbrini peşmancılıq kimi qəbul edərək daha da coşub Əfsanənin ünvanına: ”o, fahişə səni mənim əlimdən aldı” - dedi.
Kamal isə onu dinləməyin yersiz olduğunu bildiyi üçün - fahişə dediyin o qız mənim həyat yoldaşımdır ana, - deyib dəstəyi asdı.
O gecə Əfsanənin gözlərinin içinə baxa bilmədi Kamal. Anasının sözlərinə görə xəcalət çəkirdi.
Həmin günlərdə artıq hamiləliyin doqquzuncu ayında olan Əfsanə əməlli başlı ağırlaşmışdı. Kamal onun azad olmasına hazırlaşmaq məqsədilə nəqliyyat nazirliyində işləyən tələbə yoldaşlarının birindən borc almağı planlaşdırır və onun etiraz etməyəcəyini düşünürdü.
Tələbəlik illərində Kamal qrupda ən əliaçıq uşaqlardan biri kimi tanınırdı.Yoldaşları arasında demək olar ki, ondan borc almayan yox idi. Borc məsələsi ilə bağlı zəng etdiyi yoldaşı Kamala, istənilən vaxtı gəlib pulu aparmasını söylədi.

*****

Axşam saat 10 - a qalırdı. Əfsanə stulunu pəncərənin önünə qoyub oturmuş halda, pərdəni aralayaraq gözlərini həyətin giriş qapısına dikmişdi. Kamal işdə təsadüfü hallarda bu qədər yubanardı. Onun bu günki yubanması artıq Əfsanəni narahat etməyə başlasa da, ərinin nazirliyə borc dalınca getdiyini düşünüb özünə təsəlli verirdi. Saatın əqrəbləri 12 - yə yaxınlaşdıqca onun səbri tamamılə tükəndi. Ağır bədəni ilə otaqda var - gəl etməyə başladı. Amma tezliklə ayaqlarında və qarnında yaranan ağrılara tab gətirə bilməyib çarpayının üstünə çökərək əlləri ilə üzünü qapayıb hönkürdü: - bəlkə Kamal artıq kasıbçılıqdan usanıb öz evlərinə qayıdıb. Son günlər onsuz da yaman fikirli idi. Hələ dünən aldığı aylığını da bütünlüklə evdə qoyub. Bir saniyə içində başında dövr edən bu düşüncələr Əfsanənin sinəsinə çöküb boğmağa başladı və getdikcə nəfəs alması çətinləşdi. Ürəyinin gedə biləcəyini anlayıb üzünü yumaq üçün həyətə çıxmağa tələssə də, bunu baçarmayıb qapının kandarına çatanda huşunu itirdi.

*****

Kamal qeyb olduğunun onuncu günü gəlib çıxdı. Özü də hərbi formada. Pəncərədən onun həyətə girdiyini görüb gözyaşları içində qabağına qaçan Əfsanəni qucaqlayıb, göz yaşlarını gizlətməyə çalışaraq bağışlanılmasını xahiş etdi. Dili söz tutmayan Əfsanə səssiz - səssiz ağlayırdı. Kamal da onun ara - sıra eşidilən hıcqırtısına dözə bilməyib ağladı. Uzun müddət, ilk gecələrində olduğu kimi bir - birlərinə sarılı qaldılar.
Kamalı nazirliyə gedərkən onu avtobusdan düşürüb komendaturaya aparmış, oradan da Ağdərə cəbhəsinə yollamışdılar. Yalvarışlarına və hədələrinə baxan olmamış, evin tək oğlu olduğunu deməsini isə fırıldaq kimi qəbul etmışdilər. Çünki komendaturaya gətirilənlərin əksəriyyəti onun kimi tək oğul olduğunu söyləyirdi.
Döyüş bölgəsindən isə yalvar - yapışla, iki günlük icazə alıb gəlmişdi. Bu iki gün ərzində tək oğul olması ilə bağlı lazımı sənədləri toplayıb Müdafiə Nazirliyinə təqdim etməli idi. Batalyon komandiri Kamala iki gündən gec olaraq qayıdacağı təqdirdə onu tribunala verəcəyini demişdi. Odur ki, Kamal başına gələnləri danışıb Əfsanəni sakitləşdirdikdən sonra sənədləri əldə etmək üçün atasının yanına getməli olduğunu söylədi. Əfsanə hələ də şokda idi. Havalı adamlar kimi Kamalın bütün dedikləri ilə razılaşaraq hətta onu tələsdirirdi də.
Kamal kabinetə girəndə atası qəzet oxuyurdu. Oğlunu astanada görüncə gözlərinə inanmayaraq bir müddət yerində quruyub qaldı. Sonra isə özünü ələ alıb kreslosundan qalxdı, irəli yeriyərək özündən bir baş yuxarı olan oğlunu qucaqladığı zaman isə ağlamaqdan özünü saxlaya bilmədi. Kamal kövrəlsə də ağlamadı. Atasını sakitləşdirməyə çalışaraq ondan oturmasını xahiş etdi. Atası onun əlini buraxmayıb pəncərənin önündə qoyulmuş divanda çökərək Kamalı da dartıb yanında oturdaraq kürəyini qucaqladı. O, göz yaşlarını silib sakitləşənə kimi hər ikisi susdu.
Gözucu atasına nəzər yetirən Kamal onun qocaldığını müşahidə etdi. Saçları ağarmış, üzündə və alnındakı qırışlar çoxalmışdı. İlk baxışdan ona 55 - 60 yaş vermək olardı. Əslində isə atasının ötən qış 48 yaşı tamam olmuşdu. Kamal ürəyinin dərinliyində əmin idi ki, atasının belə vaxtsız qocalmasının əsas səbəbi anasıdır. Onu düşüncələrindən atasının kövrək səsi ayırdı. Lal adamlar kimi əlinin hərəkəti ilə oğlunun əynindəki hərbi formaya işarə edib məsələni aydınlaşdırmasını istəyirdi. Kamal bir az əvvəl Əfsanəyə danışdıqlarını atasına da söylədi. Bircə nazirliyə borc üçün getdiyi zaman saxlanıldığını demədi. İstəmirdi kasıbcılıq çəkdiyini valideynləri bilsin. Atasının onun cəbhə bölgəsində olduğunu eşidincə, heyrətdən gözlərinin böyüməsindən başa düşdü ki, kişi onu qapıda görüncə paytaxtda hərbi işlərdən birində çalışdığını düşünüb.
Kamal Ağdərə cəbhəsində olduğunu deyərkən atası hətta, təkidlə bir neçə dəfə zarafat edib - etmədiyini soruşdu. Oğlunun dediklərinin ciddi olduğunu bilincə isə həyəcanla qalxıb telefona yaxınlaşdı. Müxtəlif nömrələri yığaraq kimlərəsə vəziyyəti başa salmağa başladı. Kamal onun titrək əllərinə fikir verir, həyatında ilk dəfə atasının belə həyəcanlandığını görürdü.
Atası dəstəyi yerinə qoyduqdan sonra tibb bacısını çağırıb onu narahat etməməyi tapşırdı. Əvvəlki kimi oğlu ilə yanaşı oturub əlləri ilə başını qucaqladı. Kamal onun titrək çiyinlərindən ağlamaqda olduğunu başa düşürdü. Aradakı sükutu pozmaq məqsədilə evdəki vəziyyəti xəbər aldıqda atası əlini yelləyib ufuldadı. Bundan sonra bir daha evləri barədə söhbətə qayıtmadılar. Anası barədə isə nə Kamal soruşdu, nə də ata bu haqda danışdı. Tibb bacısının gətirdiyi çayı içdikləri zaman ata, barəsində çoxdan düşündüyü hadisəni xatırlamış adamlar kimi gülümsəyib Kamaldan Əfsanəni soruşdu. Gəlininin adını, hətta nigahlarının rəsmiləşib - rəsmiləşməməsini bilməsə də mehribancasına: - Arvad, uşaq necədir? - deyə xəbər aldı. Əfsanənin hamilə olduğunu bilincə isə ürəkdən sevindi. Hətta Kamala onu özü ilə gətirmədiyi üçün narazılığını bildirdi.
Kamal işlərinin çox olmasını bəhanə gətirərək atası ilə nahar yeməkdən imtina etdi. Lazımı sənədləri toplayaraq nazirliyə təqdim etməsini xahiş edib vidalaşanda atası ona səhər mütləq yanına gəlməyi tapşırdı. Kamal ona iki gün sonra döyüş bölgəsinə qayıtmalı olduğunu isə demədi. Bilirdi ki, atası buna heç bir vəchlə razı olmayacaq. Nəticə isə pis ola bilərdi.
Sağollaşıb çıxmaq istəyəndə atası onu saxladı. Kabinetinin küncündəki böyük seyfi açaraq içindəki bütün pulları götürüb Kamala uzatdı. Etirazlar yersiz idi. Atasının inciyə biləcəyini anlayan Kamal pulu götürdü.
Kövrəldiyi açıq - aşkar hiss olunan atası onu xəstəxananın çöl qapısına kimi ötürdü. Kişi az qalırdı küçənin ortasındaca hönkürüb ağlasın. Ayrılanda isə Kamala bir daha möhkəm - möhkəm səhər yanına gələrək, Əfsanəni də özü ilə gətirməyi tapşırdı.
Kamal məmnuniyyətlə Əfsanəni səhər atasının yanına gətirər, yaxud qaldıqları yerin ünvanını ona verərdi. Sadəcə, atasının xasiyyətinə bələd olduğu üçün - anasının hay - küyü, qışqırıqları qarşısında aciz qalaraq ünvanı ona verə biləcəyini düşünüb fikrindən daşındı. Anasının xasiyyətinə bələd idi. Bilirdi ki, Əfsanənin hamilə olduğunu bilsə belə güzəştə getməyəcək, bəlkə də əksinə, daha da qızışacaq.
Zorla da olsa bir - birinin üzünə gülümsəyib ayrıldılar. Növbəti küçədən isə atasına zəng edərək; - “papa, mən iki günə Ağdərəyə qayıtmalıyam. Yoxsa tribunala verəcəklər. Səhər gələ bilməsəm narahat olma” - deyib vicdan əzabı içində dəstəyi asdı.
Yan otaq bir neçə həftəlik azuqə ilə dolu idi. Kamal hər ehtimala qarşı iki aylıq kirayə pulunu da əvvəlcədən ödədi. Bütün bunları görən Əfsanənin isə göz yaşını saxlamaq mümkün deyildi. Kamal ona təsəlli verməyə çalışaraq bu tədarükün sadəcə bir həftə sonra qayıdıb gələndən sonra arxayın olması, eləcə də bu müddət ərzində Əfsanənin korluq çəkməməsi üçün etdiyini desə də xeyri yox idi. Əfsanə onun sinəsinə sıxılıb için - için ağlayır, susmaq bilmirdi. Nəhayət, Kamal onu sakitləşdirib and içdi ki, ən geci on günə qayıdıb gələcək. O, Əfsanəni inandırdı ki, artıq atası yuxarılarla əlaqə saxlayıb, günü səhər sənədləri nazirliyə tədim ediləcək və onu cəbhədən geri cağıracaqlar.
Ertəsi gün Kamal evdən çıxmadı. Bütün günü Əfsanənin başını qatıb güldürməyə çalışdı. Ağdərəyə yola düşdüyü gün isə ev sahibəsindən xahiş etdi ki, özü qayıdana kimi Əfsanəni yalqız qoymasın.
*****

Əfsanə təcrübəsizliyi üzündən suyunun axmasını hiss etməmiş, bununla da özünü labüd təhlükə ilə üz - üzə qoymuşdu. Hətta ev sahibəsinin tapıb gətirdiyi mamaca qadın əvvəlcə doğuşu öz boynuna götürmək istəməmiş, uzun yalvar - yapışdan sonra birtəhər razılaşmışdı. Bununla belə açılış başlayan zaman Əfsanəni xilas etmək naminə körpəni tələf etmək lazım gələ biləcəyini də ehtimal etmişdi. Bu zaman tər içində boğularaq keyləşməkdə olan bədənini dikəltməyə çalışan Əfsanə körpəsinin ölümünə heç cürə razılaşmayacağını dəli kimi qışqıraraq bildirmişdi. Nəhayət ki, hər şey yaxşı qurtardı və Əfsanənin ailə vəziyyəti ilə bağlı ev sahibinin dediklərini dinləyən mamaca az miqdarda pulla kifayətlənib getdi.
İlk günlərdə Əfsanəyə uşağa baxmaqda ev sahibəsi kömək etdi. Yaşı altımışı haqlayan bu qadın yaman kövrək idi. Bu çətin günlərdə Əfsanəyə təsəlli olmaq əvəzinə özü də ona qoşulub ağlayırdı. Xöşbətlikdən Əfsanənin südü pis deyidi. Uşaq doyurdu. Amma körpənin qırxının çıxmasına az qalmış Kamalın bir neçə həftə üçün tədarük edərək qoyub getdiyi ərzaq tükənməyə başladı. Əfsanə yeməyə qənaət etmək məqsədilə az yeyir, şəkərdən isə demək olar ki, istifadə etməyərək südünün kəsiləcəyi halda şəkərin cay ilə qarışdırılaraq uşağa verilməsinin köməyə çatacağını düşünürdü. Düyünü isə bütünlüklə əzib gələcəkdə kaşa bişirmək üçün saxlamışdı.
Bu müddət ərzində Kamaldan heç bir xəbər yox idi. Əfsanənin ev sahibəsindən eşitdiyi təsəlli verici xəbər, onun tanıdıqları arasında cəbhədə olarkən aylarla xəbəri gəlməmiş, sonradan evlərinə sağ - salamat qayıtmış adamların olmasından ibarət idi. Kamalın Ağdərəyə getməsindən 10 gün sonra isə o, elə ev sahibəsindən şəhərin ermənilər tərəfindən alındığını eşitmişdi.
Yaxın bir həftədə Kamal qayıtmasa idi, Əfsanə iş barədə düşünməli olacaqdı. Bu məqsədlə ilk əvvəl uşaq evindən göndərildiyi fabrikə baş çəkməyi qərarlaşdırdı. Burada Gülzarla qarşılaşmaq ehtimalı çox olsa da onun başqa əlacı yox idi. Qucağındakı körpə ilə onu yalnız tanıdıqları yerdə işə götürərdilər. Bir neçə günlük götür - qoydan sonra fabrikə gələndə isə, gözətçidən fabrikin uzun müddətdən bəri işləmədiyini və yaxın gələcəkdə belə işləyəcəyinə ümidin olmadığını öyrəndi. Oradan evə bütün ümüdləri alt - üst olmuş halda, kor - peşman qayıdan Əfsanə balaca Ülkəri qucaqlayıb yarıgecəyədək ağladı.
Həftə sonu, səhər - səhər yandakı otağa ərzaq dalınca keçən Əfsanəni sanki ilan çaldı. Burada bir neçə tikə quru çörəyi, iki ovuc vermeşili saymasa, demək olar ki, ələ keçəsi bir şey qalmamışdı. Həyəcandan onun bütün bədəni titrədi. Çoxdandı bu otağa az qala gözləri bağlı girib - çıxırdı. Bütün ümidlərini bağladığı çantada nəyin qalıb - qalmadığını bilmək onun üçün həmin günlər çox ağır idi və Əfsanə bu məlumatlılıqdan hədsiz dərəcədə qorxurdu. Nəhayət, bu gün fələyin saydığı çin olmuşdu.
Barmaqları ilə çantanın dibini yoxlayıb dikələndə bədənində dəhşətli dərəcədə heysizlik hiss edərək müvazinətini saxlaya bilməyib divara söykəndi. Bir anın içində göz yaşlarının tamını dodaqlarında hiss edərək bu günlərdə bəlkə də neçənci dəfə ürəyində, səssiz - səssiz allaha müraciət edərək: - “nə günahım var ilahi, niyə mənə bu zülümü edirsən? Dünyaya gələndən bircə xoş gün görməmişəm, mənə belə tale yazacaqdınsa niyə yaradırdın, ay allah?” - dedi.
Ertəsi gün Əfsanə səhərcağı acqarına bir stəkan şəkərsiz çay içib evdən çıxdı. Bələyin üstündən soyuq olmasın deyə özünün paltarları ilə bərk - bərk sarıdığı Ülkər dünyadan xəbərsiz halda mışıl - mışıl yatırdı. Əfsanənin əsas ümid yeri yaxınlıqdakı bazar idi. Dükanlardan birində satıcı işi axtaracaqdı. Tramvay yolunun üstündəki ilk dükana girib iş axtardığını dedi. Satıcı oğlan onu, daha doğrusu qucağındakı körpəni təəccüb dolu nəzərlərlə süzdükdən sonra müdirin dükanda olmadığını söylədi. Əfsanə bu cavabı sonrakı dükanlarda da eşitdi. Bazarın girişində yerləşən dükanda isə özünü dükanın sahibi kimi təqdim edən şəxs Əfsanədən qacqın olub - olmadığını soruşdu. Uşaq evindən çıxandan bəri radio, televiziya dinləməyən Əfsanə əslində qacqın sözünün mənasını da tam mahiyyəti ilə anlamırdı. Odur ki, verilən sualın müqabilində duruxub cavab verməkdə çətinlik çəkdi. Onun bu tutqunluğu isə dükan sahibində təəccüb və şübhə doğurdu. O, qarşısında əli körpəli dayanan qadının havalı olduğu qənaətinə gəlmişdi. Odur ki, düşünmədən Əfsanəyə qapını göstərdi - İş yoxdur.
Əfsanə axşama kimi bazarı gəzdi. Aldığı cavablar müxtəlif olsa da nəticə eyni idi. Heç kim onu işə götürmək istəmirdi. Gün ərzində ona ürəyi yanan isə dükanlardan birində rastlaşdığı satıçı qadın oldu. Əfsanəni dinlədikdən sonra kövrəlib onu piştaxtanın arxasına keçib oturmağa dəvət etdi. Əfsanə tərəddüd etdikdə isə satıcı qadın onu zorla dartıb yanına apardı. Gün ərzində Əfsanə dükan sahiblərinin hamısının, xüsusi ilə satıcılarına qarşı əsəbi və acıdil olduqlarını gördüyündən piştaxta arxasına keçməsinin mehriban satıcıya baha başa gələcəyindən qorxurdu. Satıcı qadın da bunu anlamışdı və bildirdi ki, dükan sahibi başqa ağalar kimi artıq evindədir. Səbəb isə havanın qaralmağa doğru getməsi idi ki, bu zaman əksər imkanlılar qorxudan evdən çölə çıxmırdı. Bu sözlərdən sonra ürəklənən Əfsanə satıcının süzdüyü çayın yarısını özü içib qalanını Ülkərə vermək üçün şüşəyə boşaltmaq istədikdə qadın buna imkan vermədi. Körpəni onun qucağından alıb özü yedirtməyə başlayaraq, Əfsanəyə çəkinmədən ürəyi istədiyi qədər çay içməyi tapşırdı. Dalbadal dörd stəkan çay içən Əfsanənin titrək əlləri, utancaq bağışları satıcını əməlli - başlı kövrəltmişdi. Qadın ara - sıra dükana girib çıxan alıcıları unudaraq Əfsanəyə qulluq edir, qabağını şirniyyat və pecenye ilə doldururdu. Qucağındakı Ülkəri anasına vermədən alıcıları yola salan qadın bununla da Əfsanənin doyunca yeməsi üçün ondan aralanıb özünü məşğul kimi göstərməyə çalışırdı. Gəlinin yeyib doyduğuna əmin olduqdan sonra ona yaxınlaşıb körpəsini qucağına verib: - “əmizdir” - dedi. Ev sahibəsini çıxmaq şərtilə (düzü bu da heç Əfsanənin yadına gəlmirdi) satıcı ikinci adam idi ki, Əfsanə yanında uşaq əmizdirməli idi. Buna görə utanırdı. Bunu anlayan satıcı ondan imkanı çatınca aralanıb tənbehedici səslə danışmağa başladı:
- Belə olmaz ay qızım. Bu utancaqlıqla ac qalarsan. Bizim gördüyümüz kolda dovşan qalmayıb daha. İndi zəmanə həyasızlıq, utanmazlıq istəyir bizdən. Deyir belə olsanız yaşayarsınız, yoxsa gedin ac qalın.
O, zəmanənin ünvanına lənət yağdırıb sözünə davam etdi:
- Rəhmətlik anam deyərdi ki, dünyanın on iki quyruğu var. Hansından yapışdın arxasınca gedəcəksən . Vay o günə ki, quyruqlardan heç birini tuta bilməyəsən. Sənin mərifət qanacağına isə dünyanın quyruqları arasında yer yoxdur.
Öyüd - nəsihətdən sonra o, Əfsanədən bir daha ailə vəziyyəti barədə soruşdu. Kamalla tanışlığından sonra başına gələnlərin qısa təfərrüatını eşidincə isə başını bulayıb Kamalın anasının dalınca qarğış etdi.
Satıcı qadının tapıb gətirdiyi su ilə Ülkəri yuyundurub yenidən bələdilər. Uşaq həmin andaca şirin yuxuya getdi. Əfsanənin adını belə soruşmağa cətinlik çəkdiyi satıcı ona təsəlli ola biləcəyi məqsədilə özünün ailə vəziyyəti haqda danışdı. Dedi ki, hər iki oğlu cəbhədədir. İki gəlini, dörd nəvəsi ilə bir damın altında qalıb. Dükan isə uzaq qohumlarından birinindir. Vaxtı ilə süfrələrinin tikəsi ilə böyüyən bu adam milli hökümət yaranan kimi şəhərdə bir neçə yerdə dükanlara yiyələnərək varlı bir adama çevrilib ki, indi də pula pul demir.
Oğlanları yadına düşən qadın özünü saxlaya bilməyib ağlaması ilə Əfsanəni də kövrəltdi. Səssizcə ağlayıb ürəklərini boşaltdıqdan sonra satıcı Əfsanəyə nə qədər acı da olsa onun satıcı kimi iş tapa bilməsinin inanılmaz olduğunu dedi. Əsası ona görə ki, dükan sahiblərinin demək olar ki, hamısı dükanına satıcı kimi yalnız tanış adamlarını götürürdü. Xadiməlik və yük boşaldan işinə gəlincə isə, bu barədə heç danışmağa dəyməzmiş. Çünki həmin işlər də satıcıların boynunda idi. Satıcı qadın bu xoşagəlməz xəbərə görə Əfsanəyə ruhdan düşməməyi də tapşırdı. Sadəcə olaraq Əfsanəyə dükanlardan çox ətrafdakı kafelərə qabyuyan işi üçün müraciət etməyi məsləhət gördü. Bu iş üçün verilən günəmuzdun o qədər də yüksək olmadığını bildirsə də, qucağındakı körpəyə görə kafe sahiblərinin bəhanə gətirə bilməyəcəklərini də söylədi. Dediyinə görə kafedə iş gün ərzində deyil, günün müəyyən vaxtlarında olurdu ki, bu da körpəli olan Əfsanə üçün əlverişli olardı.
20 yaşını adlamayan Əfsanəyə kafedə qabyuyan kimi işləmək ağır gəlsə də, gördükləri ona taleyinin bu dəfəki ironiyası ilə də barışmağın lazım gələcəyini anlatmaqda idi. Əziyyətə qatlaşmaq üçün yeganə ümidi yaxınlarda Kamalın qayıdıb gəlməsi ilə bağlı idi. Satıcı qadın sonda ona utancaqlığın daşını atmağı, müraciət etdiyi yerlərdə ərinin müharibədə olmasını demək lazım olduğunu da tövsiyyə etdi. Bir sirr olaraq Əfsanəyə başa saldı ki, yerli camaatın qacqınlara münasibəti yaxşı deyil. Odur ki, iş axtaran zaman şəraitə uyğun olaraq qacqın olmadığını söyləmək lazımdır.Əfsanəyə qacqınlara qarşı münasibətin nə üçün pis olduğu maraqlı gəlsə də bunu soruşmağa utandı. Amma sonralar bildi ki, Bakı əhalisi müharibə gedən yurdlarını atıb gəlmiş bığıburma kişilərin üzündən bütünlüklə qacqınları sevmir.
Əfsanə sağollaşıb dükandan çıxdığı zaman satıcı qadın zorla ona bir qutu peçenye, yarım kilo şəkər və çörək verərərək bildirdi ki, imkanı olunca ona baş çəksin. Göstərilən qayğıdan göz yaşlarını boğa bilməyən Əfsanə qadını öpüb dükandan çıxdı.
İki həfə sonra dükana gəldyində isə piştaxta arxasında tamamilə başqa satıcını gördü.Əfsanəyə hamilik etmiş o mülayim qadın işdən çıxarılmışdı.

*****

Nəhayət, bazardakı kafe sahiblərindən biri Əfsanəni işə götürməyə razılıq verdi. Bu həmin vaxt idi ki, aclıqdan Əfsanənin taqəti tamamilə tükənmişdi. Artıq üç gün idi ki, dilinə bir neçə tikə quru çörəkdən başqa bir şey dəymirdi. Ağzı və damaqları yara bağlamışdı. Tez - tez mədəsində və bağırsaqlarında kəskin ağrılar duyurdu.
Onu işə götürəcəkləri ilə bağlı eşitdiyi gün sevincindən uçmağa qanadı yox idi. İyirmi yaşına keçməmiş gəlinin kiçik bir kafedə qabyuyan işi taparaq belə sevinməsi nə qədər acı olsa da reallıqdan ibarət idi. İş axtardığı müddətdə Əfsanə bir şeyi anlamışdı ki, küçələrdə onun kimi iş axtaran yüzlərlə qız, gəlin var və onların əksəriyyəti artıq bir qarın çörək üçün hər şeyini verməyə hazırdır.
Bəli, müstəqilliyin gətirdiyi ab - hava hələ ki öz reallıqları ilə bundan ibarət idi. Qəzetlər və televiziyalar qara camaata hər şeyin yaxşı olacağını desə də, bu gedişlə həmin mücərrəd günlərə kimin sağ - salamat gedib çıxacağı müəmmalı idi.
İş tapdığı gün Əfsnə Ülkəri ev sahibəsinin yanında qoymuşdu. Səhər yuxudan qalxanda ürəyinə dammışdı ki, körpəni özü ilə götürsə bazara çatana kimi taqətdən düşəcək. Odur ki, ev sahibəsindən nahara kimi uşağa baxmasını xahiş etdi. Bununla Əfsanə həm də ev sahibəsinin son günlər qarnı doymayan Ülkərə yeməyə bir şey verəcəyinə də ümidli idi. Artıq Əfsanənin südü tamamilə qurumaq üzrə idi. Körpəsini ovutnaq üçün döşunü onun ağzına salanda isə uşaq var kücü ilə giləni sorur, bu zaman Əfsnəyə elə gəlirdi ki, şirin ətini qoparmağa çalışırlar. Göz yaşları içində ağrılara dözürdü Əfsanə. Bununla da sanki övladı qarşısında analıq borcundan çıxmağa calışır və bu tablaşma döşünün giləsindən qan gəlməsi ilə nəticələnirdi.
Əfsanə nəzərdə tutmuşdu ki, işə çıxıb yol pulu əldə etdikdən sonra uşaq evindən çıxdığı zaman qaldığı yataqxnaya köçsün. Qaldığı evdə onun artıq çoxdan vaxtı tamam olmuşdu. Ev sahibəsi - Validə xala ötən ayların kirayə haqqı ilə bağlı Əfsanəyə bir söz deməsə də, Əfsanədə qadının dolanışıq yerinin yalnız kirayə evdən olduğunu anlayırdı. Qadının hər iki oğlu həyat yoldaşları ilə birlikdə Rusiyada idilər və müharibəyə görə geri qayıtmaq istəmirdilər. O, iki oğlan nəvəsi ilə bir damın altında qalaraq kirayə puluna və ildə bir dəfə qəpik - quruşla verilən pensiyasının ümidinə qalmışdı.
Əfsanə sevincindən evə nə zaman çatdığını bilmədi. Səhər - səhər mədəsini deşməyə hazır olan aclıqdan əsər - əlamət yox idi. Onu qapıda qarşılayan ev sahibəsinə iş tapdığını göz yaşları içində söylədi. Validə xala tapılan işin nədən ibarət olduğunu bilincə təəssüfləndiyini hiss etdirməməyə çalışaraq, kədərli şəkildə gülümsünüb Əfsanəni təbrik etdi. Otağına girəndə Ülkəri yatmış görən Əfsanə onu oyatmamağa çalışaraq əzizləyib oxşadı. Xəyallarında günəmuzdu ilə qənaət edib körpəsinə paltarlar alacağı günləri canlandırdı. Elə paltarlar ki, Kamal onları görəndə heyran qalıb gözlərinə inanmayacaqdı. “Əsas yeməkdi” - deyə düşündü Əfsanə. Şirin yaxud ətli qoğallar, peçenyelər Ülkərin ən sevimli yeməkləri olacaqdı.
Bu düşüncələrin ardından Əfsanə mədəsinə zəqqum kimi acı suyun axmağa başladığını hiss etdi. Birtəhər özünü toplayıb yuxuya getməyə çalışdı və getdi də. Amma anlaya bimədi ki, ona yuxu kimi görünən bu hisslər əsl yuxudur, yoxsa o, aclıqdan huşunu itirib.

*****

Oyandığı zaman şər qarışmaqda idi və o, balaca Ülkəri də ayıq gördü. Körpə sanki anasını narahat etməmək üçün gözlərini sakitcə tavana zilləyib baxır, qımıldanmırdı. Əfsanə qızını sinəsinə sıxıb bir müddət əzizlədi, onunla bağlı arzularını dilə gətirdi. Gecə isə iki dənə quru pecenyeni suda isladıb Ülkərə yedirərək çətinliklə də olsa yata bildi.
Ev sahibinin təklifi ilə Əfsanə birinci gün işə Ülkəri onun yanında qoyaraq getdi. Özünü kafenin sahibi kimi təqdim etmiş alçaqboylu, dombagöz kişi onu salonda qarşılayıb mətbəxə apardı. Darısqal və yarıqarınlıq olan bu otaqda kök, üstü - başı çirkli olan bir qadın var idi və o, kicik elektrik peçinin yanında oturaraq mürgüləyirdi. Qadın onların qapıdan girməsi ilə qalxıb özünü məşğul göstərməyə çalışaraq özünü elə apardı ki, güya otağa adam girməsindən xəbərsizdir. Bu hal Əfsanənin diqqətindən yayınmasa da onun üçün maraqlı da deyildi. Soyuq və şübhəli baxışları olan (Əfsanə nə üçünsə bunu indi hiss etmişdi) kafe sahibi qadını onunla tanış edərək bildirdi ki, aşpazdır. Əfsanəni də məlum olduğu kimi, qabyuyan və xadimə olaraq təqdim etdi. Kişi özünü əsl sahibkar kimi aparmağa çalışaraq əl - qolunu ölçür, bununla da sanki işcilərinin nəzərinə məsuliyyətli olmalarını çatdırırdı. O, qısaca olaraq aşpaz qadına Əfsanəyə nə iş görəcəyi ilə bağlı başa salmağı tapşıraraq mətbəxdən çıxdı. Əfsanə az sonra bildi ki, kafe sahibi olan kişi həm də kafenin bufetçisidir.
Elə ilk dəqiqələrdən Əfsanənin zorla tapdığı işlə bağlı təəssüratı ürəkaçan olmadı. Kobudluğuna şübhə olmayan kafe sahibinin Ülkəri bu darısqal mətbəxdə görəcəyi halda necə qaşqabaq sallayacağı məlum idi. Bundan əlavə mətbəxdə körpəni yerləşdirməyin müşkül məsələ olması da Əfsanəni sıxırdı. Hər halda Ülkəri ya ev sahibəsinin ümüdünə qoymaq, ya da kafe sahibinə yalvarıb onu dilə tutmaq lazım gələcəkdi. Əfsanə bunu bacaracağına ümidsiz olsa da hələlik bu barədə düşünməyə aclığı ona imkan vermirdi. Mətbəxdəki yemək qoxusu isə onun başını daha da gicəlləndirir, taqətsizləşdirirdi.
Aşpaz qadın kafe sahibinin otaqdan çıxması ilə əsəbi halda fınxırıb üzünü divara tərəf çevirdi. Əfsanə qadının onun gəlişinəmi, yaxud kafe sahibinin qaşqabaqlılığındanmı əsəbləşdiyini ayırd edə bilmədi. Durduğu yerdən tərpənməyərək qadının tapşırıldığı kimi onu görməli olduğu işlərlə tanış etməsini gözlədi. Aralarındakı bu sükut xeyli davam etdi. Ayaq üstündə dayanmaqdan Əfsanənin ayaqları əsməyə başlamışdı və o, getdikcə əsəbləşməyə başladığını hiss edirdi. Nəhayət, qadın etinasız şəkildə ona tərəf boylandı, - nə kötük kimi bitib durmusan, götür qabları yu da - deyərək əli ilə iki addımlıq küncdə üstünə salafa çəkilmiş qab topasını göstərdi. Əfsanə üzücü sükutun bu şəkildə də olsa pozulduğuna sevindi, özünü ələ alıb qadının tapşırığına əməl edərək qadının kobudluqla göstərdiyi çaydandan alüminium tasa qaynar su töküb qabları yumağa başladı. İsti su aclıqdan üzülən Əfsanəyə öz təsirini göstərdi. Tasdan qalxan buxar onu yarıyuxulu vəziyyətə gətirərək hərəkətlərini idarə etməsini çətinləşdirir, digər tərəfdən ürəyi aclıqdan üzülərək sanki yerindən qopub çıxmağa hazırlaşırdı. Nahar fasiləsinə kimi qadın onunla demək olar ki, bir kəlmə də kəsmədi. Kafe sahibi isə ara - sıra mətbəxə gələrək, yaxud, elə salondan qışqıraraq öz göstərişlərini verirdi.
Nəhayət, Əfsanənin səbirsizliklə gözlədiyi nahar vaxtı yetişdi. Amma bu zaman məlum oldu ki, işin əsas vaxtı indi başlanır. Salonda müştərilərin sayı çoxaldıqca səs - küy də artır, bununla da kafe sahibi yemək dalınca, eləcə də yuyulmalı qabları gətirmək üçün mətbəxə daha çox girib - çıxırdı. Tədricən onun qırışığı açılır, zarafat etməyə başlayırdı. Bu zarafatların demək olar ki, hamısı şit və yersiz olsa da, Əfsanə onların qarşılığında könülsüz də olsa gülümsəmək məcburiyyətində qalırdı. Aşbaz qadın isə əksinə, əsəbindən daha da qaralır, yerli - yersiz fınxırırdı.
Əfsanə getdikcə qabların içində qayıdan çörək və sümük tikələrini ağzına aparacağı qorxusundan dəhşətə gəlirdi. Ona elə gəlirdi ki, əlləri dözməyib onu qablardakı sümükləri ağzına soxmağa vadar edəcək və bundan Əfsanəni heç bir şey xilas etməyəcəkdi. Qorxudan ürəyi tir - tir əsirdi.
Saat beşə yaxın müştərilərin sayı azalmağa başladı. Əfsanənin bütün qabları yuyub qurtardığını görən aşpaz onun üçün yemək çəkdi. Əfsanəyə elə gəlidi ki, üstündə çəkilmə ət olan vermeşil dolu qab iki addımlıqdakı aşpaz qadının masası üstündən onun ovucları arasına gəlib çatana kimi uzun bir yol qət etdi və bunun üçün saatlar ötdü. O həm də bütünlüklə boşqabı başına çəkəcəyindən qorxaraq elə asta - asta yeyirdi ki, kənardan baxan onun iştahasız olduğu qənaətinə gələrdi.
Nə qədər qəribə olsa da o, tez doydu. Hiss edirdi ki, mədəsi artıq yemək qəbul etmək istəmir. Hətta bir neçə dəfə boğulub öskürdü də.Bununla belə yeməyi sona qədər yeməkdən vaz kecmədi.
Vaxtsız nahardan sonra tələskənliklə çay içdikləri zaman Əfsanə aşpaz qadınla ünsiyyət yaratmaq istəsə də alınmadı. Qadın onun sözünü kobudluqla kəsərək ağzında qoydu. Bununla da sanki Əfsanəyə öz yerini bilməsinə işarə edib ondan xoşu gəlmədiyini diqqətə çatdırmağa çalışdı.
Axşamçağı kafe sahibi Əfsanəyə salonu süpürüb - siməyi tapşırdı. Naşılıqla düzülən taxtalardan ibarət döşəməni təmizləmək təcrübəsiz Əfsanə üçün asan olmadı. O, nə vəchlə olursa - olsun işini vicdanla görməyə çalışaraq. həm də kafe sahibinin xoşuna gəlməyə çalışırdı. İşlədiyi müddətdə başını qaldırmasa da hiss edirdi ki, kafe sahibinin gözləri onu izləyir. Sonuncu dəfə su götürmək üçün mətbəxə girəndə isə xöşagəlməz bir hadisənin şahidi oldu. Kafe sahibi bir əlini yekəpər aşpazın donu altından salaraq budunu qucaqlamışdı. Digər əliyləsə qadının yarıacıq olan döşlərini sığallayırdı. Aşpaz qadın şit - şit gülərək naz etməyə calışır, - yeri get - deyərək nəyə isə işarə edirdi.
Ani olaraq bu səhnə ilə üzləşən Əfsanə mətbəxin astanasında quruyub qaldı. Nə geriyə doğru addım ata bilirdi, nə də icasəsiz girdiyi üçün üzr istəyə. Pörtmüş halda durub bir az əvvəl müşahidə etdiyi adamların onun üstünə bağıracağını gözləyirdi. Amma gözlədiyinin əksinə olaraq kişi heç nə olmayıbmış kimi geri çəkilib yaşına yaraşmayan tərzdə hırıldayaraq otağı tərk etdi. Aşpaz qadın isə tələsmədən yaxasını düzəldib mənalı -mənalı - adam icəri girəndə qapını döyər, - deməklə kifayətləndi. Əfsanənin qapının çit pərdədən olduğunu ona xatırlatmağa nə gücü , nə də hünəri çatdı. Dinməzcə su götürüb salona yollandı. Burada isə onu baxışları ilə yeməkdə olan kafe sahibi ilə rastlaşdı.
İşini qurtarıb mətbəxə qayıtdığı zaman aşpaz qadını kefi kök gördü. Dodaqaltı hansısa xalq mahnısını zümzümə edən qadının hərəkəkətlərində özündən razılıq və qalibiyyət nişanələri var idi. Əfsanə artıq kafedəki ab - havanı anlamağa başlayırdı. Gəldiyi nəticəyə görə kafe sahibi ilə yataq münasibətlərində olan bu qadın Əfsanəni öz məşuquna qısqanır və ona görə əsəbidir. Təbii ki, bu qısqanclığın bir ucunda Əfsanənin onun yerini tutacağı halda işini itirmə qorxusu da dayanırdı. Bunları fikrindən keçirən Əfsanə aşpaz qadının özünə tərs mütənasib olan cılız fikirlərinə güldü. Amma haradan biləydi ki, yaxınlıqdakı bütün kafelərin hamısında eyni vəziyyət təkrarlanır. Kafe sahibləri ya aşpazla, ya da ofisiantlardan biri ilə məşuqdur.
Belə münasibətlərin zorla yaxud könüllü olaraq baş tutması isə artıq günün mövzusu deyildi.

*****

Yeni azərbaycanlıların yeni iqtisadi münasibətləri bu tövr qurulub bu yöndə də inkişaf etməkdə idi.
*****

Saat 7 - də kafe sahibi iş gününün qurtardığını bildirdi. Mətbəxə gələrək Əfsanəyə aid olan işin qalmadığına əmin olaraq evə getməyinə icazə verdiyi zaman həm də səhər ertədən gələrək salonu silməli olduğunu da xatırlatdı. Onun günəmuzd olaraq Əfsanəyə verdiyi pul 6 ya 7 çörəyə yetərdi. Əfsanə alacağı günəmuzdla bağlı əvəllcədən danışmamışdı və indi də danışmağı mənasız bildi. Odur ki, dinməzcə pulu alıb təşəkkür etdi.
Kafedən çıxdığı zaman onu düşündürən əsas məsələ səhər Ülkəri nə edəcəyi ilə bağlı idi. Ev sahibi ona baxmaqdan imtina edəcəyi halda körpəni iş yerinə gətirməli olacaqdı. Amma bununla da gicbəsərlikdə və əclaflıqda kafe sahibindən geri qalmayan aşpaz qadına onu işdən çıxartdırmaq üçün girəvə verəcəyindən qorxurdu. O, beynini didən bu düşüncələrlə dükana girib hər birindən 250 qram çəkdirməklə şəkər, düyü, çay və digər ərzaqlardan aldı. Pulu qurtardığına təəssflənərək dükandan çıxdıqdan sonra isə az qala qaça - qaça evə yollandı.
Hər şey düşündüyü kimi oldu. Yerini batırdığı zaman Ülkəri yumağa çətinlik çəkiyini, eləcə də nəvələrinin onu möhkəm əsəbləşdirdiyini deyən ev sahibəsi Əfsanəyə körpəni də özü ilə götürməyi məsləhət gördü.
Uzun müddətdən bəri Əfsanə rahatlıqla qarın dolusu yemək yedi. Amma bu da göz yaşlarsız ötüşmədi.
*****

Kafe sahibi onun qucağında uşaq olduğunu görəndə təəccüblənsə də dinmədi. Key - key dayanıb baxmağa, gülümsünməyə başladı. Onun bu baxışları altında Əfsanə özünü itirdi. Müqəssir görkəmi alaraq boynunu büküb durdu. Nəhayət, buzu kafe sahibinin özü qırıb özünü gic yerinə qoyaraq hırıldadı:
- Sənindi?
Əfsanə uşağın onun olduğunu başının hərəkəti ilə təsdiqlədi. Kafe sahibi isə suallarını davam etdirdi:
- Bəs dünən, sırağagün harada idi?
- Kirayədə qaldığım evin sahibinin yanında qoymuşdum.
Kafe sahibi domba gözlərini yumub açaraq növbəti sualını verdi. O, qarşısındakı adama müqəssir olduğunu sübut etməyə calışan müstəntiq kimi davranırdı:
- Ərin yoxdu?
Sual Əfsanəni qıcıqlandırsa da o, əsəblərini boğdu:
-Var, müharibədədir.
Bu cavabdan sonra kafe sahibinin sualları bitdi və o, çəkilb mətbəxə girməsi üçün Əfsanəyə yol verdi.
Əfsanə mətbəxə girən kimi gecikmədən evdən gətirdiyi kiçik adyalı pivə boçkasının üstünə sərib Ülkər üçün yer düzəltməyə başladı. Tələsə - tələsə işlədiyi üçün təngənəfəs oldu. Bir neçə saniyə nəfəsini dərib işini bitirdikdən sonra isə su dolu vedrəni götürüb salona qaçdı. Bu zaman aşpaz qadın da artıq işə gəlmişdi və bufetin önündə kafe sahibi ilə xısınlaşırdılar. Onu görüncə hər ikisinin danışığı kəsməsindən Əfsanə anladı ki,söhbət onun barəsindədir.
Salonu silib qurtararaq mətbəxə gəldiyi zaman aşpazın gözlərində istehza hissi dolaşırdı. Əfsanə ona fikir vermədən oyanmış körpənin bələyini açdı. Uşağın altı quru idi. Bununla belə Əfsanənin diqqətindən qadının iyrənmə və kəskin iydən boğulma ehtiva edən hərəkətləri yayınmadı. Qısa vaxt ərzində qadında müşahidə etdiyi ikiüzlülüyə, əclaflığa dözdü Əfsanə. Başqa carəsi də yox idi. Bu dəqiqələrdə işi allahla, yaradanın ona yazdığı tale ilə idi. Bununla belə o, bütün baş verənlərə dözməyə hazır idi. Bircə Kamal qayıdıb gəlsin. Qurtarsın onu bu əclaf, kütbeyin adamların əlindən. Hərəyə öz yerini göstərsin. Boylu - buxunlu Kamalı onun yanında görən bu adamcığazlar Əfsanəyə qarşı münasibətlərində nə dərəcədə cılız olduqlarını anlasınlar.
Bunları düşündükçə Əfsanə yanağında donub qalan gözyaşlarını hiss etdirməməyə çalışaraq sildi.
Nahar zamanı işin çox olacağını nəzərə alan Əfsanə Ülkəri yedirtməyə başladı.Amma tərslikdən döşünü körpənin ağzına salan kimi kafe sahibi qapı əvəzi olan pərdənin dalında peyda olaraq acgöz nəzərlərlə Əfsanəyə baxmağa başladı. Onu görən Əfsanə bir an içində uşağı özündən ayırıb sinəsini bağladı.Bu zaman isə anasının qəfil hərəkətindən diksinən körpənin vayqırtısı bütün kafeni başına götürdü. Kafe sahibi bir müddət tərpənməz qalsa da ayağını bir addım irəli qoyub mətbəxə girdiyi zaman özünü uşağın çığırtısına gəlmiş kimi göstərib əl - qolunu ölcərək Əfsanəyə hirsləndi: - kəs onun səsini - dedi və deyinə - deyinə geri dönüb salona qayıtdı. Onun çıxması ilə Ülkərin ağlamasından sonra salonda yaranmış olan gülüş səsləri daha da artdı. Əfsanə dəli olmaq dərəcəsinə çatır, az qalırdı ki, əlləri ilə körpənin boğazından yapışıb boğaraq əclaf, qəhbə dünyada böyüyüb boya - başa çatmasının qarşısını alsın. Onu bu qorxunc fikirlərdən gözlərinin önündə gəlib duran bir surət - Kamalın surəti - ayırdı. Hönkürməkdən özünü güclə saxlayaraq döşünü hələ də ağlamaqda olan Ülkərin ağzına soxdu. Körpə həmin an səsini kəsərək yeməyə başladı. Bununla da Əfsanənin ürəyində olan analıq duyğuları daha güclü şəkildə baş qaldırdı. O, bir az əvvəl düşdüyü fikirlərə görə özünü lənətləyib ürəyində allahından və balaca Ülkərdən üzr istədi.
Əfsanə qısa müddət ərzində kafe sahibi və aşpazın öz hərəkətləri ilə ayrı - ayrılıqda ondan nə istədiklərini anlayırdı. Hətta işlə bağlı müraciət etdiyi zaman kafe sahibinin onu diqqətlə süzmüş olduğunu xatırlayır və bu baxışın səbəblərinin gələcək işcini sadəçə bir işçi olaraq öyrənmək məqsədi daşımadığını indi - indi başa düşürdü. Onlar öz cılız istəkləri ilə Əfsanəyə həm də əqli cəhətdən sağlam olmayan adam təsiri bağışlayırdılar. Əfsanə bütün bunlara özü - özünə verdiyi təsəllilər nəticəsində dözür, qətiyyən təəccüb etmirdi. Amma salonda oturan müştərilərin körpə səsinə qəhqəhə çəkib gülməsi Əfsanədə təəccüb qarışıq istehza doğurmuşdu. Bu adamların hamısına uşaq səsi tanış deyilmi? Hərəsinin evində heç olmasa bircə uşaq yoxdurmu ki? Gündə neçə igidini torpağa tapşıran bir ölkədə uşaq səsinə qəhqəhə çəkmək nə dərəcədə düzgündür? Müharibənin, özbaşnalığın aclıq və səfalət gətirdiyi bir ölkədə kafedən uşaq səsinin gəlməsi vicdanlı vətəndaşa nə üçün qəribə görünüb onda təəccüb oyatmalıdır axı? Ağlayan körpə səsinin cılız bir kafe mətbəxindən eşidilməsi müharibə gedən bir ölkədə ürək ağrısı və təəssüflə qarşılanamamalıdırmı?
Amma göründüyü kimi torpaqlarında müharibə gedən ölkənin kiçik bir kafesinin mətbəxindən gələn uşaq çığırtısı müştərilərin əksəriyyətini təşkil edən bığıburma kişilərin qəhqəhəsinə səbəb olmuşdu. Onların gülüş hayqırtısındakı istehza və bu istehzanın yaratdığı ləzzət məlum düşüncə tərzindən xəbər verirdi. Onlar müharibədən yayınıb onun gedişi və nəticəsi ilə maraqlanmayan bazar adamları idilr və belələri üçün yeganə həyat amalı pul olaraq qalırdı. Bu baxımdan onların kafe mətbəxindən gələn uşaq səsinə qəhqəhə çəkmələri təbii qarşılanmalı olan bir şeydir deyə düşünən Əfsanə özünə yalnız son fikirləri ilə təsəlli verə bilirdi.

*****

Nəticə etibarı ilə elə bu təfəkkürə malik olan insanlar yaxın onillikdə ölkənin müxtəlif biznes şəbəkələrinə sahib olub hakimiyyət iyearxiyasına yiyələnəcəkdilər. O zaman ölkənin qeyrətli oğlanlarının əksəriyyətini isə torpaq çoxdan udmuş olacaqdı.

*****

Əfsanə ertəsi gün işə gələndə kafe sahibi onu qapının ağzında qarşıladı. Qısaca olaraq bildirdi ki, Əfsanə öz işi ilə onu qane etmədiyi üçün azad olunub və artıq yerinə başqa işci də götürülüb.
Bu sözləri eşidəndə Əfsanəni sanki ildırım vurdu. Yerində donub qalaraq yalnız qapını açıb salona daxil olan kafe sahibinin kürəyini müşahidə etməyi bacardı.
Həmin gün Əfsanə taleyinin növbəti ağır zərbəsini fabrikin yataqxanasında aldı. Boş və sahibsiz qalan otağı qaçqınlar tərəfindən zəbt olunmuşdu.

*****

Əfsanə eyni vaxtda aldığı zərbələrdən sonra həyatda qalmağı bacardı. Dəfələrlə körpəsi ilə birlikdə intihar etmək fikrinə düşsə də bunu etmədi. Kamalın qayıdacağı ümidi onu baş verənlərə tab gətirməyə məcbur edirdi. Odur ki, hər gün körpəsini qucağına alıb ac - susuz iş tapmaq arzusu ilə evdən çıxmaqdan bezmirdi. Artıq bazar ətrafında işlə bağlı müraciət etmədiyi yer qalmamışdı. Əfsanəyə iş vermək istəyən tapılmırdı. Artıq əyin - başı da yararsız halda idi. Uzun müddətdən bəri sabunsuz yuyaraq ütüsüz geyindiyi paltarları onu yurdsuz - yuvasızlara bənzədirdi. Əfsanəyə baxanda qacqınlar və qaraçılar daha imkanlı geyinirdilər. Arıqlıqdan onun gözləri çuxura düşmüşdü. Anadangəlmə ağ olan cöhrəsi qaralmağa, qırışlanmağa doğru gedir, davamlı ağlamaqdan gözlərinin ətrafında kiçik qırışlar yaranmağa başlayırdı. Mədəsində və bağırsaqlarında neçə aylardan bəri davam edən sancılar onu şux qamətini əyib gəzməyə məcbur edirdi. Gəzməkdən ayaqqabılarının altı tamamilə ərimişdi. Ona görə də evdən çıxanda ayaqlarının altına əski sarıyırdı, bu zaman isə ayaqqabılar yanlardan cırılmağa meylli olurduğu üçün Əfsanə son dərəcə asta və ehtᵩyatlÈ yerimək məcburiyÃətində qalırdı. Ə书sanə son günlər öﵭrü boy onu qorxudan, - həyasız,⌠sırtļq küçə adamı olmaq təhlü‰əsiOilə üz騠- üzə qalırdı. Ətrafında䀠dolşdığı bazar sakinlərindən ˨xz etdiyi enerji ilə onu7da Ùelə ol꽭ağa sövk edirdi. Bu ab -䘠havda başqa cür yaşamaq mümkün olmasa da Əfsanə bütün varlĢğı ilə bazar adam�� təfəkkürünün onaᬠhopmasını rədd etməyə çalışırdı. İlk 'axışda mücərrəd olsa da varlığına artıq şübhə etmədiyi bu ab - havaya müqavimət isə getdikcə əsəblərinin korlanması ilə müşahidə olunurdu. Və Əfsanə anlayırdı ki, elə bu əsəb içinə giJməyə qorxduğu həyatın ãirinci mərhələsidir.
Nə yolla olursa olsun pul qazanma təfəkküMü ilə yaşayan toplumda özgə maraqlar və düşüncələr yox dərəcəsindədir. Burada yalnız bir ma/aq - alv便r etmək marağı var və yewanə arzu pul qazanmaqdan ibarətdir. Bu düşüncə tərzində istənilən şey gülüş, ləzzət obyekti ola bilir. Bazar və küçə təfəküründən uzaq olan istənilən şəxs bazar təfəkküründəolan adamların nədən məsxərə düzəldib gülərək bundan hədsiz ləzzət almalarının səbələrini müşahidə etsə təəccüblənməyə bilməz və bu onda yalnız nifrət oyadar. Ac və səfil uşaqlar, gəncliyini kim bilir necə kecirmiş ağbircək və ağsaqqal qocalar, kasıb təbəqə bazar adamlarının gülüş və həzz obyektləridir. Onlar dindirilir, acıq - aşkar şit və sırtıq sual atəşinə tutularaq alınan cavablar mahiyyətindən asılı olmayaraq başqa cür yozulub qəhqəhə doğurur. Bu adamların düşüncəsində istənilən gözəgəlimli qız, qadın yatağa çəkmək istədikləri və burada güya şir kimi parcalayacaqları tərəf müqabilidir.Halbuki, əksəriyyətinin yay, qış uzunu çöldə olma üzündən heç halal arvadlarının yanına girməyə hal və hərəkətləri olmur.
Ən cətini isə budur ki, bu cür təfəkkür sahiblərinin baxışlarına, atmacalı sözlərinə uzun müddət davam gətirmək mümkünsüzdür. Onları layiq olduqları kimi acılayıb cavablarını verdikdə isə, sən də ixtiyarsız şəkildə onlardan birinə çevrilmiş olursan. Bu adamlar isə öyrəncəli olduqları üçün ünvanlarına səslənən bütün təhqirləri hırıldamaqla qarşılayırlar. Bu isə deyilənlərlə razılaşma yox, əsl harınlamış bazar, küçə adamı psixologiyasıdır.
Bir dəfə Əfsanə girdiyi dükanlardan birinin müdirinə iş axtardığını dedikdə həmin adam qarışısında dayanan ağbəniz gözəl gəlini başdan - ayağa süzmüş, qucağındakı körpəyə işarə edərək, - bununla səni necə işə götürüm, - deyə sual etmişdi. Aclıqdan güclə özünü ayaq üstündə saxlayan Əfsanə bu sözlərdə işıq ucu olduğunu düşünərək yalvarıb dükan sahibi olan kişini yola gətirməyə çalışmışdı. Dükan sahibi barmağı ilə Ülkəri əsas gətirərək yenidən etiraz etdikdə isə Əfsanə göz yaşlarını saxlaya bilməyərək - o, mənim uşağımdır, onu nə edə bilərəm ki, - deyə fəryad etmişdi. Dükan sahibi olan ortayaşlı, yekəqarın kişi isə laqeydcəsinə əli ilə məlum olmayan bir yeri götərərək: - apar ver “detdom” a - cavabını vermişdi. Bu sözləri eşidən Əfsanənin başından elə bil qaynar su endərmişdilər. Sanki uşaq evində olduğunu anlamağa başladığı illərindən bəri gələcəkdə nə vaxtsa dünyaya gələcək övladlarını heç baxçaya qoymayacağı ilə bağlı ürəyində gəzdirdiyi arzularının, düşüncələrini qılınclamışdılar. Dodaqları kilidlənmiş Əfsanəyə elə gəlmişdi ki, ya kimsə həmin dəqiqə körpəsini əlindən alıb üşaq evinə aparacaq, ya da onun özünü belə bir addım atmağa məcbur edəcəklər. Bu qorxunc hisslər altında dəlilər kimi bağırmışdı Əfsanə.Neçə aylardan bəri ürəyində taleyinə, insanlara qarşı toplanmış etirazın yaratdığı əsəbiliyi nəhayət ki, boğa bilməmişdi. Ətrafdakı hər şeyin garanlığa qərq olduğunun fərqinə varmayaraq - əclaf, oğraş, özün apar ver yetimlərini “detdom” a. Onun atası Qarabağdadı, sən isə burada qəhbəliklə pul qazanırsan deyə boğula -boğula bağırmışdı. Bayaqdan bəri qarşısında məzlum görkəmdə duran gəlinin coşmasından qorxan dükan sahibi mat - məttəl qalaraq bir kəlmə belə danışmadan qaçıb özünü piştaxtanın arxasına soxmuşdu.
Əfsanənin yadına onu dükandan kimin və hansı tərzdə çıxardığı gəlmirdi. Özünə gələndə yan - yörəsində olan tanımadığı adamların onu dövrəyə almış olduğunu gördü. Qucağındakı körpə ürək dağlayan səslə ağlayırdı və onun hışqırıqları altında Əfsanəni göz yaşları yenidən boğdu. Oturduğu səkinin üzərindən qalxmaq istəsə də artıq buna taqəti olmadığını hiss etdi. Aclıq onu tamamilə əldən salmışdı.
Onun özünə gəldiyni görən adamlar bir - birlərindən nə baş verdiyini soruşur, məsələdən xəbərdar olanlar isə dükan sahibinin və müharibənin ünvanına lənətlər yağdıraraq başlarını bulayırdılar. Adamlardan kimsə uşağın acından ağladığını söyləyərək Əfsanəyə bir neçə dilim peçenye uzatdı. Əfsanə düşünmədən, bəlkə də düşünə bilmədən peçenyeləri aldı, birini uşağın bələyi yırtıb çıxmış əlinə verib, digərlərini isə acgözlüklə ağzına soxdu. Şirin peçenyeni çeynədikcə ətrafındakı adamların siuleti gah görünür, gah da yoxa çıxırdı. Bu arada yeniyetmə bir oğlanın ona uzatdığı prennik torpasını görə bildi. Oğlan gəlinin torbanı götürə bilməsi üçün gücü qalmadığını başa düşüb prennikləri qucağına qoydu.
İkinci dəfə özünə gələndə Əfsanənin ətrafında heç kim yox idi. Arxası beton divara olmaqla səkinin qırağında oturmuşdu. Yol keçən adamların ona ötəri nəzərlərlə baxıb ötməsındən anladı ki, onu dilənçi zənn edirlər. Zorla ayağa qalxıb əlindəki prennik torbasını yerə salmamağa çalışaraq evə doğru addımladı.

*****

Ölkənin qeyrətli oğulları vətən yolunda şəhid olmaqda idi.

*****

Əfsanə yuxuda görürdü ki, Kamal müharibədən qayıdıb gəlib. Qapının kandarında durub gülümsəyir, içəri keçməyə heç tələsmir də. Ərinin bu hərəkətindən əsəbləşən Əfsanə isə danışmaq istəyir, amma kilidlənmiş dodaqlarını aralanmadığı üçün və o, bu güçsüzlüyünə əsəbləşərək ağlayırdı. Kamal isə onun göz yaşlarına biganə qalaraq hey gülümsəməyinə davam edirdi. Əfsanə yanaqlarına axan göz yaşlarını silərək müharibənin Kamalı necə də daş qəlbli etdiyinə təəccüblənir, bütün varlığı ilə müharibəyə lənətlər yağdırırdı.Birdən balaca Ülkər yuxudan oyanıb ağlamağa, əllərini oynadaraq bələyindən azad olmağa çalışdı. Körpə qızın səsinin də Kamala təsir etməməsi Əfsanəni dəhşətə gətirdi. Bütün qüvvəsini toplayıb ərini səslədi: ”Kamal, ay Kamal”. Artıq qapıda duran hərbi geyimli adamın əri olduğuna şübhə etməyə başlayan Əfsanə özünü səsi gəldikcə qışqırmağa hazırladı. Elə bu anda isə qəribə bir şey baş verdi. Əfsanə elə yuxuda ikən baş verənlərin yuxu olduğunu anladı. Qəlbinə çökən təəssüf hissi ilə əlləri əsə - əsə üstündəki güllü yorğanı başına çəkib hönkürdü.
Ülkər ağlamağını kəsmirdi və kəsməyəcəkdi də. Dünən gecədən ac idi. Əfsanə ağlamaqdan tutulmuş səsi ilə onu sakitləşdirməyə çalışaraq çarpayıdan qalxdı. İşığı yandırıb nə isə tapmaq ümidi ilə stolun üstündəki salafan torbanı axtarmağa başladı və tapdıqlarını, qurumuş çörək qırıntılarını ovucuna toplayıb nəlbəkiyə tökdü. Ağlayaraq bələyindən azad olmağa çalışan körpəyə fikir vermədən çaydandan nəlbəkiyə su endərib qırıntıları yumşaltmağa çalışdı. Bu işə bir neçə dəqiqə sərf etdikdən sonra isə hörrə halı almış yeməyi qaşıqla Ülkərə yedirməyə çalışdı. Körpə ağzındakı yeməyin tamsızlığını duyunca ondan imtina edib, daha da bərkdən ağlamağa başladı. Əfsanə nə edəcəyini bilməyərək göz yaşları içində qaşığı zorla Ülkərin ağzına dürtür, gah yalvarışlar, gah da əsəbilik içində ondan yeməsini tələb edirdi. Qızcığaz sonda taleyi ilə barışmalı olub heç bir tamı olmayan hörrəni sona qədər yedi.
Evdən ertə çıxdı. Qərara almışdı ki, bir daha bazara və onun ətrafında yerləşən dükanlara işlə bağlı müraciət etməsin. Çünki bunun əhəmiyyəti də yox idi. Ötən aylar ərzində Əfsanənin həmin ərazidə qapısını döyüb iş istəmədiyi qapı qalmamışdı. Hamısında da eyni münasibətlə qarşılanmış, rədd cavabı almışdı. Son günlər onun ürəyində dünyanın bütün bazarlarına və orada çalışanlara sonsuz nifrət hissi yaranmışdı. Yağışın əmələ gətirdiyi gölməçələrə düşməmək üçün ehtiyatla yeriyərək tramvay yolunun kənarı ilə üzü metro tərəfə hərəkət edirdi. Səhər mehinin ətrafdan gətirdiyi müxtəlif qoxular ac mədəsini qıcıqlandırır, onu daha da taqətdən salırdı. Bir neçə dəfə yanından keçən tramvaya minmək istəsə də qorxudan bunu etmədi. Düşəndə söyüləcəyindən qorxurdu. Adətən tramvaylarda daşqəlbli konduktorlar olurdu və onlar pul verməyən sərnişinləri möhkəm acılıyırdılar. Bunu nəzərə alan Əfsanə taqətsizliyinə baxmayaraq piyada getməyi üstün tuturdu.
Mərkəzi küçəyə çıxdığı zaman nəfəsini dərmək üçün bir qədər dayandı. Kirayə evə gəldikləri zaman bu yolu Kamalla birgə keçib getmişdilər.
Düşüncələrini qırmağa çalışaraq addımlarını yeyinlətdi. Bilirdi ki, Kamal barədə bir az da düşünsə ağlayacaq. İşlə bağlı ağız açacağı adamların onun ağlamış olduğunu görmələrini isə istəmirdi.
Ürəyində allahdan rəhm diləyərək qarşısına çıxan ilk mağazaya girdi. Satıcı onun nə istədiyini bildikdən sonra müdürün hələ gəlmədiyini söylədi. Əfsanə sonrakı dükanlardan da eyni cavabı eşitdi. Həqiqətən də səhər yenicə açılmışdı və bu vaxt mağaza sahibləinin əksəriyyəti evində şirin yuxusunu yatmış olardı. O, isə evdə saatı olmadığı üçün belə erkən yola çıxmışdı. Kamalın hədiyyə olaraq aldığı saatı hələ ötən ay iki çörəyə dəyişmişdi.
“Gənclik” metrosuna az qalmış yolun sol tərəfində böyük dükanlar sıralama düzülmüşdü. Elə ilk dükanın önündə bir neçə kişi dövrələmə durub nəyi isə müzakirə edirdilər. Onların yanından ötüb dükana girən Əfsanənin işlə bağlı müraciət etdiyini bilən satıcı əli ilə qapının ağzında duran kişilərdən hansınısa göstərib onun müdir olduğuna işarə etdi. Dükandan çölə çıxanda isə Əfsanə özü kişilərin diqqətini cəlb etdi. Deyəsən onun dilənci olduğunu düşünmüşdülər. O isə, kişilərin onun haqqında nə düşünə biləcəklərinin fərqinə varmayaraq cəsarətini toplayıb iş axtardığını söylədi. Barmağında iri qaşlı üzük olan yekəqarın kişi onu diqqətlə süzərək, - nə iş istəyirsən, - deyə soruşdu.
- Nə iş olursa olsun - sakitcə dilləndi Əfsanə.
Bu zaman əllərini arxasına carpazlamış kişi söhbətə müdaxilə etdi:
- Qarabağlısanmı?
Əfsanə başını buladı:
- Xeyr, Bakılıyam.
Əfsanənin cavabı kişiləri də təccübləndirdi və onların bu cavaba inanmaq istəmədikləri bəlli idi. Əfsanə yalan danşmadığını sübut etmək üçün əlini qoynuna atıb pasportunu çıxardaraq qarşısındakı adamlara uzatdı. Kişilər hamılıqla pasportu nəzərdən keçirdikdən sonra sahibinə qaytardılar. Lakin onlar sanki nəyi isə ayırd etməyə çalışaraq, Əfsanəyə sual verməklərinə davam edirdilər.
Növbəti sual ərinin harada olması ilə bağlı idi. O, bu suala da sakitliklə, - müharibədədir, - deyə cavab verdi. Amma kişilər onun bu sözünə də inanmaq istəmədiyi hiss olunurdu. Onlardan ən yekəqarın olanı ağzındakı tüstünü havaya buraxıb narazılıq və kobudluqla başını buladı: -“əşşi, bu müharibə də başımıza bəla olubdu. Hər gələn deyir ərim müharibədədir, acam, cörək ver. Qaracı da belə deyir, dilənci də. Əşşi bəsdirin də. Müharibə, müharibə. Mövzu tapıblar da danışmağa”.
O, sözünü bitirib popiros tutduğu barmaqlarını tərpətməklə söhbətə son qoyulduğuna işarə etdi ki, bununla da Əfsanə gedə bilərsən işarəsini almlşdl.
Başqa vaxt olsaydı bəlkə də Əfsanə onu bu qədər sorğu -suala tutub vaxtını alan adam ları acılayardı. Ancaq həm bu qədər kişinin qabağında danışmağı özünə ar bildi, həm də danışmaq üşün taqətinin qalmadığını düşünərək üzüaşağı yol aldı. Bir neçə dükanın qabağından içəri daxil olmadan kecdi. Dördüncü dükanın pilləkənləri ilə qalxmaq istədikdə isə arxadan iki dəfə təkrarlanan -“ora yox” - kəlməsini eşitdi. Çığıranın bir az əvvəl onu sorğu - suala tutan kişilərdən biri olduğu şübhəsiz idi. Əfsanə səkininn üstünə yıxılmaqdan özünü güclə saxlayaraq irəliyə addımladı.
Nə qədər yol getdiyini kəsdirə bilmirdi. Artıq səkinin kənarı ilə düzülmüş bir neçə pillə yuxarıda yerləşən dükanlara qalxmaq üçün də heyi qalmamışdı. Bu zaman balaca Ülkər də halsızlaşmışdı. Göz qapaqlarını zorla açıb yumulmasından, ürəkparcalayan zarıltısından onun ağlamağa belə taqəti olmadığı hiss olunurdu. Uşağın nəfəsindən qalxan hərarət Əfsanəni vursa da heç nə etmək iqtidarında deyildi Əfsanə.
Yanında dayanan avtomobilin səsi onu ayılmağa məcbur etdi. Əfsanəyə bir anlıq elə gəldi ki, bilmədən yola çıxıb və avtomobil onu əzməmək üçün tormozlayıb. Halsızlıqdan süzülən gözlərini açıb - yumaraq səkidə olduğuna əmin olmağa çalışdı.
Səkidə idi və düz qənşərində topmozlamış ağ rəngli avtomobilin sürücüsü başını şüşədən çıxararaq Əfsanəyə baxırdı: - gəl otur.
Əfsanə nə baş verdiyini anlamağa çalışaraq bir müddət tərpənməz qaldı. Kişi onun tərəddüdünü görüb bir az əsəbi tərzdə danışaraq - gəl də, iş istəmirdin? - dedi.
Əfsanə elə bil yuxudan ayıldı. Bu adam bayaq onu sorğu - suala tutan kişilərdən biri - daha dəqiq, qəribə ləhcə ilə ”Qarabağlısanmı” deyə soruşanı idi. Əfsanə özündə kişinin iradəsinə etiraz gücü tapa bilmədi. Maşına yaxınlaşıb arxa qapını açaraq oturdu. Yol boyu heç biri danışmadı. Əfsanə ağzını açmaq iqtidarında deyildi. Maşının bir küncündə qırıq - qırıq zarıldayan körpəsinin səsinə qulaq asaraq hərəkətsiz halda donub qalmışdı.
Maşın doqquzmərtəbəli binanın qarşısında durdu. Kişi başının işarəsi ilə ona düşmək göstərişi verdi. Əfsanə bu əmri də dinməzcə yerinə yetirdi. Kişinin ardınca bloka daxil olanda yeganə istəyi yuxarı mərtəbələrə qalxmamaq idi. Bilirdi ki, buna qüvvəsi çatmayacaq. Ona hansısa bir iş verəcəyinə ümid etdiyi adamın qabağında zəifliyini isə biruzə vermək istəmirdi.
Amma bəxti gətirdi. Blokun lifti işləyirdi. Birlikdə içəri daxil olduqları zaman kişinin hansı mərtəbənin düyməsini basdığını ayırd edə bilmədi. İşlə bağlı gümanına yalnız kişinin onu yır - yığış üçün aparması gəlirdi. Blokdan çıxdıqları zaman kişi cibindən bir topa açar çıxardıb sol tərəfdəki dəmir qapını açdı.
Ev təmirdən yenicə çıxmışdı. İçəridə hər şey - mebeldən tutmuş televizora kimi təzə idi. Əfsanənin uşağı qucağında tutaraq qapının ağzında dayandığını görən kişi ona televizor qoyulmuş otağa keçib oturmağı tapşırdı. Özü isə mətbəxə getdi. Oradan gələn səslərdən Əfsanə başa düşdü ki, kişi qazı yandırır. Bunu düşündükcə Əfsanənin ürəyi şiddətlə döyünməyə başladı. Bu dəqiqələrdə bircə stəkan şəkərli, isti çay özü və körpəsi üçün dünyanın ən qiymətli nemətlərindən olardı. Kişi mətbəxdən qayıdıb gələrək otağın ortasında qoyulmuş stolun ətrafında düzülmüş stullardan birini altına çəkib oturduqdan sonra barmaqlarını biri - birinə çarpazlayaraq danışmağa başladı:
- “Deməli belə. Mənim adım Mustafadı. Qara Mustafa. Şəhərdə bir iki mağazam var. Arvad - uşağı göndərmişəm Urusyetə. Bilirsən də, bu xarabada vəziyyət xərafdı. Ev - eşik qalıb baxımsız. Mənə təmiz adam lazımdır ki, hər gün buraları silib - süpürsün, yeməyimi hazırlasın. Ancaq indi təmiz adam tapmaq çox çətin məsələdi. Camaatın yarısı oğru, başkəsən olub. Bu gün ürək qızdırıb kömək əli uzadırsan, sabah əlinə düşəni oğurlayıb qaçır. Bayaq səni danışdıranda xoşuma gəldin. Prosto istəmədim ordakıların yanında sənə məsələni açım. Sora deyəcəklər ki, Qara Mustafa evində quılluqcu saxlayır. Mənim belə şeylərdən xoşum gəlmir. Amma neyləyim, restoran yeməyi də boğazımdan keçmir”.
Bu arada o, sözünü yarımçıq qoyub mətbəxə getdi. Çaydanın fit səsi qaynamasına işarə edirdi. Əfsanə kişinin danışıqlarından dirçələrək ümüdlənmişdi. Qızdırmadan inildəyən Ülkəri sinəsinə sıxıb ürəyində ona yalvardı: - bir az döz, mənim balam, hər şey yaxşı olacaq.
Kişi əlindəki padnosda iki stəkan pürrəngi çay və qəndqabı dolu konfetlə qayıtdı. Əfsanə zorla da olsa qalxıb onu qarşılamaq istəsə də kişi buna etiraz etdi. Bu adam tədricən Əfsanənin nəzərində dünyanın ən gözəl, ən mərhəmətli, alicənab insanına çevrilirdi. Kişi çayları stolun üstünə qoyub oturaraq bayaq yarımçıq qoyduğu söhbətinə davam etdi:
-Hə, onu deyirəm axı, təmiz adam axtarıram ki, arvad - uşaq qayıdıb gələnə kimi bura öz evu kimi baxsın. O, bir qədər susub sözünə davam etdi: - səni yaxından tanımasam da ürəyimə yatmısan. Əgər bacararsansa, həm də xoşun gəlirsə gəl işlə. Dolanışığın pis olmayacaq. Amma bir - iki şərtim var. Birincisi işlədiyin müddətdə pasportun məndə qalacaq. İkincisi evi təmiz saxlayacaqsan. Ücüncüsü, evdən bir şey itsə sənin boynunadır, ona görə də diqqətli olmalısan. Dördüncüsü, (kişi şəhadət barmağını qatladı) səliqəli və təmizkar olmalısan. Həm geyimində, həm də yemək bişirəndə.
Kişinin saydığı şərtlər sadə idi. Əfsanə düşünürdü ki, əslində bunlar heç şərt deyil. Sadəcə görülməli işin vicdanla yerinə yetirilməsi üçün səsləndirilən tələblərdir. Odur ki, bütün deyilənlərə canla - başla razı idi. Kişinin dediyinə görə Əfsanə hər gün 10 - dan gec olmayaraq onun evinə gəlməli idi ki, içəri girə bilsin. Cünki ev sahibi saat 10 - da evdən çıxırdı və gecikəcəyi halda Əfsanə onu nahara kimi qapıda gözləməli olardı. Kişi ona həm da qonşularla bir kəlmə belə danışmamağı tapşırırdı. Dediyinə görə Əfsanə kimdir, nəçidir, heç kəs bilməməli idi.
Əfsanə ürəyinin dərinliyində təşəkkür etməyə söz tapmadığı bu adam sonda Əfsanəni sevincdən dəli edə biləcək bir söz dedi. O, işi olduğu üçün getməli idi və Əfsanə rahatlıqla və doyunca yeməyini yeyib işə başlaya bilərdi. Ev sahibi hətta Əfsanənin əynini dəyişməsi üçün siyirmədən təzə paltarlar da çıxardıb verdi və bir daha dönə-dönə tapşırdı: - utanıb çəkinmədən özün də, uşağın da doyunca yeyin. Əsası odu ki, ac qalmayasınız. O, evdəki bütün avadanlıqların yerini bir - bir Əfsanəyə göstərdi, hamamı az müddət ərzində qızdırmağı öyrətdi. Bu dəfə Əfsanə qızardı. Kişi bununla bir neçə dəfə idi ki, təmizlik barədə danışırdı və Əfsanəyə elə gəlirdi ki, ondan nə isə xoşagəlməz qoxu duyulur. Nəhayət, kişi getdi. Liftin hərəkətə gəlməsi ilə Əfsanənin mətbəxə qaçması bir oldu.

*****

Əfsanə həvəslə, zərrə qədər də olsun yorğunluq hiss etmədən işlədi. Üç otağın üçünü də bir saatın içində silib təmizlədi. Hamam vannasının içinə tökülüb qalan çirkli paltarları yudu. Yad kişinin alt paltarlarına əl vurduğu zaman utansa da əlini saxlamadı. Az sonra əllərinə dəyən isti suyun təsiri ilə özünü saxlaya bilməyərək soyunub su ilə dolu vannanın içinə girdi. Bir andaca rahatlanan vücuduna nəzər yetirərək, - ilahi varlı olmaq necə gözəl imiş, - deyə düşündü Əfsanə. Hərəkət etmədən saatlarla vannanın içində otursa belə yenə də bezməzdi. Su kicik bir hərəkətin təsiri ilə sakitcə ləpələnərək millimetrlərlə yuxarı qalxıb – enir, ona əvəzolunmaz həzz verirdi. Əfsanə bu ləzzəti iliklərində belə hiss edərək ətirli sabunun rəngini özünə qaytardığı bədəninə baxırdı. Dartilmiş əzələləri olan baldırlar, şüşə kimi hamar budları, incə qarın, əksər qadınların yalnız arzulaya biləcəyi yupyumru döşlər. Suyun içi ilə əlini belindən sinəsinə döğru hərəkət etdirən Əfsanənin bədəni gizildədi və ixtiyarsız olaraq diksinib vannadan qalxdı. Sanki bir an öncə Kamala xəyanət etmişdi.
Ükərin bədəninin od tutb yanmasına baxmayaraq onu da yuyundurdu. Halsız körpə anasının əlində çabalasa da ağlamadı. İndi də onun xəstələnməsi dərd olmuşdu Əfsanəyə. Körpəni mütləq həkimə göstərmək lazım idi. Bunun üçün isə Əfsanənin pulu yox idi. Ev sahibinin ona nə vaxtsa pul verib - verməyəcəyi məlum deyildi. İstəmək isə Əfsanənin ağlına belə gəlməzdi.
Yuyunduqdan sonra yenə də acıdığını hiss etdi. Yenidən, amma bu dəfə tələsə - tələsə soyuducudan pendir çıxardıb yedi. Ülkərə isə qatığın içinə çörək doğrayıb verdi. Uşaq yeməkdən imtina etdi və az kecməmiş qızdırma içində sayaqlayaraq yuxuya getdi. Əfsanə hıcqıra - hıcqıra mətbəxdə kələm doğrayır, ürəyində allahla, Kamalla danışırdı. Bir neçə saat ərzində baş verənlərin şokundan da ayılmamışdı. Sanki indi - indi özünə gəlir, baş verən hadisələri xatırlamağa calışaraq, xəyallara dalırdı. Kaş ev sahibinin ailəsi qayıdana kimi Kamal gələrdi.

*****

Əfsanə artıq ikinci aya yaxın idi ki, Mustafanın evində qulluqçu işləyirdi. Bu müddət ərzində əməlli - başlı dirçəlmişdi. Heç nədən narazı deyildi. İstəyi yalnız ərinin qayıdıb gəlməsi idi. Amma Kamaldan səs - soraq yox idi. Əfsanə ara - sıra Kamalın cəbhədən çoxdan qayıtdığını, anasının iradəsinə tabe olaraq ailəsinin yanına dönə bilmədiyini düşünsə də sonda buna inanmaq istəmirdi. Kamalın xasiyyətinə bələd idi. Etmək istədiyi işdən onu heç kim döndərə bilməzdi. Onun öz arzusu ilə Əfsanə ilə münasibətləri kəsə bilməsinə gəldikdə isə bu ağlabatan deyildi. Kamal heç vaxt o, vicdanın sahibi ola bilməzdi. Dünyada ondan başqa heç kimi olmayan Əfsanəni körpəsi ilə yad bir damın altında atıb getmək əclaflığı Kamalın vicdanına xas olmamalı idi. Əfsanə həyatda Kamalın yoxluğuna da inana bilmirdi. Ona elə gəlirdi ki, Kamal ölə bilməz. Kamalın dünyada yoxluğu mümkün deyil. Hərdən də bu barədə düşünməyə belə qorxurdu Əfsanə. Tez başını işlə qatıb fikirlərini yayındırmağa çalışırdı.
O günlərdə Kamalın yoxluğu dərdi sırasına yeni bir dərd - Ülkərin azarlaması dərdi də qoşulmuşdu. Qızcığaz günbəgün saralıb solur, yeməkdən imtina edirdi. Uzun müddət idi ki, çölə imalə yolu ilə çıxırdı. Əfsanə onu həkimə də göstərmişdi. Nəticəyə görə uşağın bağırsağında problem olduğundan uzunmüddətli müalicəyə ehtiyacı vardı. Ya Əfsanə xəstəxanada körpə ilə birlikdə yatmalı, ya da gündəlik olaraq onu həkim yanına aparıb gətirməli idi. Əfsanənin buna heç cür imkanı olmadığı üçün o, körpəyə həkimin qarantsız yazdığı dərmanları içirtməyə məcbur idi. Ev sahibinin gündəlik olaraq ona verdiyi pullar (Mustafa yol pulundan əlavə olaraq xərçlik də verirdi) son qəpiyinə qədər dərmanlara xərclənsə də körpə sanki anasının qəsdinə durmuş kimi günü - gündən dala gedirdi. Əfsanə uşağın müalicəsi ilə bağlı Mustafaya demək istəsə də cürəti çatmırdı. Mustafa evə gec, yorğun və əsəbi halda gəlir, heç bir şey danışmadan oturub yeməyini yeyərək narahatlıqla tevevizoru seyr edirdi. Əfsanə isə adətən onun yeməyini bitirməsini gözləmədən evdən çıxırdı. Şəhərdə tətbiq olunan komendant saatı onu evə daha tez yollanmağa vadar edirdi. Səhərlər isə Mustafa yeməyini tələsə - tələsə yeyib evdən demək olar ki, qaca - qaca çıxırdı. Bundan əlavə Əfsanə hiss edirdi ki, Mustafanın da işləri qaydasında deyil. Xəstəliklə bağlı söz açıb onu əsəbləşdirəcəyindən qorxurdu. Odur ki, həmişəki kimi gözyaşı axıdaraq körpəsinin xəstəliyi ilə təkbaşına - baş - başa qalmışdı.
Ümumiyyətlə isə, geridə qalan iki ay müddətində Əfsanə qullugunda durduğu Mustafanı hələ də yaxından tanıya bilməmişdi. Səhər və axşamlar üst - üstə toplasa bir saat etməyən qarşılaşmalara rəğmən Əfsanənin gəldiyi qənaət Mustafanın qaraqabaq adam olmasından ibarət idi. O, özünə fikir verən kişilərdən olmaqla yanaşı həm də hədsiz şöhrətpərəstliyi ilə seçilirdi. Bu adamda Əfsanə üçün yeganə maraqlı və ürəyindən olan cəhət əliacıqlıq idi. O, heç vaxt yeməyə görə danışmaz, evdə nəyinsə çatışmazlığından xoşlanmazdı. Daima Əfsanəyə tapşırardı ki, istədiyi paltarı geyinsin. Amma heç vaxt Əfsanənin nə geyindiyinə nəzər yetirməz, özünü görməməzliyə vuraraq bununla bağlı danışmazdı. Əfsanə bu günədək bir kişi kimi ondan artıq bir kəlmə, hərəkət də duymamışdı. Ancaq Mustafanın qadınlara biganə olmadığını da bilirdi. Demək olar ki, həftə də bir dəfə səhərlər onun yatağını yığışdıran zaman qadın saclarına, yataqda saralmış sperma ləkələrinə, eləcə də carpayının altında ilk vaxtlar nə olduğunu bilmədiyi şara bənzər ici maye dolu qovuqcuqlara rast gələrdi. Belə günlərdə Əfsanə Mustafa ilə ixtiyarsız olaraq üzbəüz gəlməyə utanaraq evdən daha tez çıxmağa can atardı.
Hər halda Mustafa onun iş axtardığı zaman rastlaşdığı kişilərdən əsaslı şəkildə fərqlənirdi. Əfsanə indiki şəraətindən yaxşısını tapa biləcəyinə qətiyyən inanmırdı. Ara - sıra Mustafanın nə vaxtsa ailəsinin qayıtması ilə onun qulluqculuqdan əl çəkməyə məcbur olacağını düşünəndə isə təsəvvür edilməyəcək dərəcədə qorxurdu. İşini itirməsi Əfsanə üçün ölümə bərabər idi.

*****

...Ülkərin vəziyyəti səhərə yaxın ağırlaşdı və o, səhər yeməyi üçün anasının qızdırdığı südü belə içməkdən imtina etdi. Əfsanə onu geyindirərkən körpənin için - için ağladığını hiss etdi. Körpənin göz yaşları süzülüb başına bağlanan yaylığı isladır, səsi yalnız yalvarışa bənzər inilti kimi eşidilirdi. Çox güman ki, boğazı tamamilə şişmişdi. Ara - sıra hıcqırır, bədəni sətəlcəmli adamlarda olduğu kimi titrəyirdi. Əfsanə onu həyəcandan əlləri əsə - əsə geyindirdi. Bu gün nə olursa olsun Mustafadan icazə və pul alıb Ülkəri başqa bir həkimin yanına aparacaqdı. O, özünü Ülkəri xəstəxanada yatırtmaq lazım olduğunu deyən həkimin savadsız olduğuna inandırmağa calışaraq, başqa həkimin qızını ev şəraitində də müalicə edəcəyinə ümid edirdi.
Mustafa onun erkən gəldiyinə təəccüblənsə də heç nə demədi. Əynindəki aşırma xalatdaca vanna otağına yollandı. Əfsanə böyük otağa kecərək Ülkərin üzündən öpüb onu soyundurmadan divanın üstunə qoydu. Donunu çıxarıb tələsə - tələsə xalat geyindi. Mustafanın geyimlə bağlı özüəməxsus fikri var idi. Bu onun ifrat təmizkarlığından irəli gəlirdi ki, o, çöl - bayır paltarını evdə geyinməyi Əfsanəyə qadağan etmişdi.Onun mülahizəsinə görə zəmanənın bu vaxtında küçələrdə istənilən qədər yoluxucu xəstəlik mənbəyi olan mikrobla rastlaşmaq olardı ki, paltarlar onların evlərə bir nömrəli daşıyıcıları hesab olunurdu. Odur ki, Mustafa qulluqcusuna evə gələn kimi mütləq əynini dəyişməyi tapşırmışdı.
Mətbəxə keçib Mustafanın dünən gecə yemək yediyi qabları tələsik yuduğu zaman məsələni Mustafaya necə açmaq barədə düşünməyə başladı. Mustafa hələ də vanna otağında idi. Çox güman ki, duş qəbul edirdi. Çaydanı qaz pilətəsinin üstünə qoyduqdan sonra gedəcəyi halda evdə səliqəsizliyin hökm sürməməsi üçün Mustafanın yerini yığmaq məqsədilə onun yataq otağına yollandı. Küncdə qoyulmuş ikiadamlıq çarpayının yanından ötüb pəncərəni açdı. Geri dönüb yatağı yığmağa başladı. Yun adyalı, yorğanı və balıncları götürüb yaxınlıqdakı kreslonun üstünə qoydu. Dizləri ilə çarpayının üstünə çıxıb divara doğru iməklədi. Enli, ağ döşəkağının künclərini qaydaya salıb onu əlləri ilə hamarlayaraq geriyə doğru hərəkət etdi. Balıncları isə bir neçə dəfə silkələyib çarpayının baş tərəfində yanaşı qoydu. Nazik yorğanı da eyni hərəkətlə, dizin - dizin sürünərək, səliqə ilə hamarladı. Yun adyalı balkona aparıb çırpmaq istəsə də tələsdiyi üçün fikrindən daşındı. Bunu sonraya da saxlamaq olardı. Atlas adyalın kənarlarından tutub bir neçə dəfə havalandıraraq carpayının üzərinə salmağa cəhd etdi. Həmişə olduğu kimi adyal bu dəfə də hamar qalmadı. Yenidən çarpayının üstünə çıxmaq lazım gələcəkdi və Əfsanə belə də etdi.
Ayaqlarını döşəməyə qoyub dizlərinin kiçik çuxurlar saldığı yerləri hamarladığı zaman güclü bir kişi əli arxadan onun belini qucaqladı. Bir anlıq nə baş verdiyini anlamayan Əfsanə adi bir reflekslə onu qucaqlayan əldən yaxa qurtarmağa çalışsa da bacarmadı. Əl onun belinə möhkəmliklə sarılmışdı və yetərincə güclü idi.Onun sahibinin kim olduğunu düşünməyə isə ehtiyac yoxdu. Arxasındakı adam Mustafa idi. Əfsanə gücü gəldikcə çırpınır, xilas olmağa çalışırdı. Mustafaya onu buraxması üçün necə müraciət edəcəyini də bilmirdi. Bilmirdi ki, onu zorlamağa calışan bu adama “əmi”, “dayı” yoxsa “qardaş” mı deyib yalvarsın. Bu adamı əclaf adlandırıb təhqir eməyə isə onun daxilindəki hansısa qüvvə imkan vermirdi. Əfsanə bu adamın əlindən cörək yemişdi. Onun evində özü və körpəsi ölümün pəncəsindən xilas olmuşdu.
Mənəvi borc və vicdan adlı məhfumlar lal etmişdi Əfsanəni.
Mustafa sağ əlini Əfsanənin beliinə dolamasının ardınca sinəsi ilə onu üzüaşağı əyməyə çalışdı və buna asanlıqla da nail oldu. Boğulma həddində olan zəif qadın onu zorlayan adamın iradəsinə tabe olmamaq üçün özündə lazımi güc toplaya bilmirdi. Bununla belə ağzı üstə çarpayıya uzanmamaq üçün əyilmiş halda diz qapaqlarını çarpayının kənarına dayadı. Mustafanın sol əli titrək halda onun xalatının altına girib budlarına doğru hərəkət etdi. Xalat qadının belindən yuxarı qalxaraq kürəklərinə pərçimləndiyi zaman Mustafanın köksündən inilti ilə “of” kəlməsi eşidildi. Bu, Əfsanənin yumru, qəşəng dalını görən kişinin ehtirasdan ixtiyarsız olaraq çıxardığı şəhvani səs idi.
Mustafa həyəcandan, ehtirasdan eləcə də aralarında gedən aramsız mübarizədən tövşüyürdü. Bununla belə getdikcə qızışır, hərəkətlərində kobudlaşırdı. Əfsanə də yorulmuşdu. Hərəkət etdikcə carpayının kənarlarına söykədiyi diz qapaqları göynəyir, keyləşirdi. Bu anda belinə sarılaraq sol dirsəyi qarışıq qolunu pərçimləmiş əl onu zərblə geri dartdı və ardınca Əfsanənin tumanı aşağı dartıldı. Boğulurdu Əfsanə. Qışqırıb kömək diləmək istəsə də səsi yalnız rabitəsiz sözlər deməyə çatırdı. Bu arada o, ayaqları arasında istidən od tutub yanan yad bir cismin olduğunu hiss etdi. Sonuncu dəfə var gücü ilə qurtulmağa çalışsa da bacarmadı. Mustafa bir saniyə içində sağ əlini onun belindən çəkib arxasına, onurğa sütunun qurtardığı yerə qoyaraq var gücü ilə aşağı basdı və bu zaman Əfsanəyə çarpayının kənarına dirədiyi ayaqları da kömək etmədi. O, bütün bədəni ilə ağzıüstə adyalın üstünə sərildı. Gözünü belə açmağa imkan tapmamış içinə Kamalla yatdığı günlərdə olduğu kimi sonuz bir istiliyin yayıldığını duydu. Amma o zamankı hisslərdən fərqli olaraq Əfsanə indi bu hissin bir an belə davam etməsini istəmirdi. Ancaq baş verənlərə son qoymaq imkanları daxilində olmadığından hərəkətsiz qalaraq hönkürdü. Mustafa iri qarnı ilə onun belini aşağı basa - basa qalxıb - enməyinə davam edir, ehtirasdan tövşüyürdü. Artıq, göz yaşları ağzının suyuna qarışan Əfsanə hər şeyə tüpürürdü: böyüyüb boya - başa catdığı uşaq evinə də. Onu bir dam altında qoyub yox olan Kamala da. Kamalın evlənməklərinə razı olmayan anasına da. Ölümlə qalım arasında olan Ülkərinə də. Kafedə onu qısqanan şışman arvada da . Dombagöz kafe sahibinə də. İş üçün ağız açdığı bütün adamlar da daxil olmaqla indi onu zorlamaqda olan Mustafaya da. Özünə, içindəki Əfsanəyə də tüpürürdü Əfsanə. Amma getdikcə boğulan köksü, sancılanan bədəni, beynində bir - birini qovan fikirləri ilə nifrətindən tüpürdüyü adamların günahkar olmadığı qənaətinə gəlirdi. Bütün baş verənlərdə baiskar ona bu taleyi yazan idi. Ən böyük loppa ilə onun üzünə tüpürmək istəyirdi bu saniyələrdə Əfsanə. Bu düşüncələrin ardınca sanki onları reallaşdırmaq - onun taleyini yazmış xəyali varlığın üzünə tüpürmək ücün qalxmaq istəsə də bacarmadı. Mustafa hələ də onun yanlarını var qüvvəsi ilə sıxmaqda idi. Növbəti qalxma cəhdi zamanı isə qulaqlarında Mustafanın xırıltılı, ehtirasdan boğulan, rabitəsiz səsi gürladı: -“ daayaan..!”
Bir necə saniyə sonra bu səsin sahibi bütün ağırlığı ilə Əfsanənin üstünə çökərək hərəkətsiz qalmışdı.
Mustafanın otaqdan çıxması ilə o da ayağa qalxdı. Daha ağlamırdı. Yanaqlarında göz yaşlarının ləkələri qalsa da gözlərində bir damla da olsa yaş yox idi. Tumanını yuxarı çəkib otaqdan çıxdı. Nə üzünə dağılmış saçlarını düzəltdi, nə də əynini dəyişdi. Ülkəri divanın üstündən götürüb sürətlə evdən çıxdı. Liftin düyməsini basdığı zaman ayaqlarının birləşdiyi yerdən buduna bir damcı mayenin damcıladığını duyduğu zaman isə acı - acı gülmsündü Əfsanə.
Evə necə gəlib çatdığını bilmədi. Yolda keçirdiyi müddəti qətiyyən xatırlamırdı. Ülkəri çarpayının üstünə qoyub uzun müddət yanında key - key, heç nə düşünmədən bəlkə də düşünə bilmədən hərəkətsiz oturdu. Ürəyi qalxmağa başlamışdı. Qusacaqdı. Özünü həyətə vaxtında çatdırmaq üçün təkanla irəli atıldı. Qapıdan çölə çıxmağa imkan tapmadı və öyüyərək düz qapının kandarına qusdu. Dikəldiyi zaman isə özündə ayaq üstdə durmaq üçün güc tapa bilməyərək qapıya söykəndi. Ancaq bu vəziyyətdə də davamlı qala bilmədi. Sürüşərək aşağıya çökdü və nə qədər qəribə də olsa kiminləsə danışmaq arzusu hiss etdi ürəyində Əfsanə bu anlarda. Kiməsə ürəyini boşaltmaq, baş verənlərə görə kimin günahkar olduğunu bir daha aydınlaşdırmaq istəyirdi. Otaqda isə özündən və körpəsindən başqa bir kimsə yox idi. Taqətsiz halda sürünə - sürünə qızının yatdığı çarpayıya doğru iməkləyən Əfsanə ağzında qusuntunun acı tamını hiss edə - edə körpəsini bürüdüyü adyalı açmağa başladı. Əlləri körpənin əllərinə toxunanda isə gözlərinə inana bilmədi. Ülkərin əlləri buz kimi idi.
Əfsanə dəli kimi qışqıraraq qızını qucaqlayıb başını onun sinəsinə qoydu. Ağlaya bilmirdi Əfsanə, köksündən çıxan səs ağlamaqdan çox it ulartısını xatırladırdı.
...Ulayırdı Əfsanə.
*****

Ülkərin qəbrini qonşuluqda yaşayan kişilər qazıdı. Meyidi də maşına qoyub apardılar. Əfsanəni qəbirstanlığa qoymadılar. Əslində o, heç oraya getmək barədə düşünmürdü də.
...Validə xalanın böyük otağında oturmuşdular. Aralarında üzərində iki stəkan çay və noğulla dolu qəndqabı olan masa var idi. Heç biri dinmirdi. Validə xalanın qonşu otaqda nə isə üstündə mübahisə edən nəvələri deyəsən müharibə oyunu oynayırdılar.
Onların ara - sıra gələn çığırtısını çıxmaq şərtilə otaqda demək olar ki, sakitlik hökm sürürdü. Validə xala barmaqları ilə masanın üzərindəki salafan süfrəni sığallayaraq əziklərini düzəltmək istəyirmiş kimi davranırdı. Onun Əfsanəyə nə isə bir təsəlli vermək istədiyi hiss olunsa da deyəsən qadın necə və nədən başlamalı olduğunu qərarlaşdırmaqda çətinlik çəkirdi. Eşitdiklərindən və gördüklərindən Əfsanənin ömür yolu ilə tanış idi.O üzdən də Əfsanəyə nəyi əsas tutaraq təsəlli verməyi aydınlaşdıra bilmirdi. Nəhayət, o, soyuq çaydan bir qurtum içdikdən sonra islanmış dodaqlarını yalayaraq Əfsanəyə baxdı:
- Allah böyükdür qızım, o, adamı həmişə sınağa çəkər, - desə də və təsəlli kimi nəzərdə tutduğu sözlərin sonunu gətirə bilməyərək susdu.
Onun dedikləri Əfsanənin üzündə istehza dolu təbəssüm yaratdı.Çənə sümüklərinin sürətlə döyünməyə başladığı aydın görünürdü və o, gözlənilməz bir hərəkətlə başını qaldırıb ev sahibəsinin üzünə baxdı:
- Hansı allah Validə xala?! Tüpürüm o allahın üzünə ki, mənim kimi kimsəsiz, köməksiz birini sınağa çəkir. Gücünü mənimmi üstümdə sınamaq istəyir? Bəlkə bu günədək istədiklərinin ziddinə getmişəm, bəlkə əxlaqsız olmuşam, ev yıxmışam,oğurluq etmişəm?! Nə sınaqdan danışırsan?! Bəlkə bundan sonra mənim başıma tac qoyacaq allah dediyin? Bəlkə ərimi, uşağımı mənə qaytaracaq hə!? Allah,allah..
Son kəlmələri istehzalı nifrətlə dolu idi Əfsanənin.
O, qəfil danışmağa başladığı kimi də susdu. Bir neçə saniyə hərəkəsiz qaldıqdan sonra isə yerindən qalxıb qapıya doğru addımlayaraq geriyə baxmadan otağı tərk etdi.
Otağa ölü bir sükut cökdü. Hətta qonşu otaqda oynayan uşaqlar belə qəfil qışqırıqdan qorxub susmuşdular. Azacıq araladıqları qapının ağzında biri - birinə sıxılmış halda dayanıb otaqda nə baş verdiyini bilməyə çalışırdılar.

*****

Qapının girəcəyindəki taburetkanın üstünə qoyulmuş telefon cingildədi. Telefonun ikinci cingiltisinin ardınca vanna otağından xırıltılı qadın səsi eşidildi: - “ay, qız, kimdi orda”?
Əsəbiliklə səslənən bu ifadədən həmən sonra sağ tərəfdəki otaqdan gür saçları olan nərmənazik bir qız çıxıb tələskənliklə telefona yaxınlaşdı. Onun əynində topuğundan bir qarış yuxarıda duran çit astar və lifçik vardı. Sağ əlinin nazik barmaqları arasında popiros tüstüləyirdi.
Qız telefonun yanına çatanda dəstəyi qaldırmağa tələsmədi, bunu yalnız sinəsindəki tüstünü şövqlə havaya buraxdıqdan və ehmalca çiyni ilə divara söykəndikdən sonra etdi. Elə bil uzun - uzadı kiminləsə danışmağa hazırlaşırdı.
- Alo, eşidirəm.
Onun səsi yetərincə məlahətli idi.
Xəttin o biri başından eşidilən cavab səsindən sonra qız bədəninin yarısı ilə qanrılıb vanna otağına tərəf boylandı:
- Xanım, sizi istəyirlər.
Vanna otağından gələn xırıltılı səs bu dəfə daha kobud şəkildə eşidildi:
- Gətir görüm bura.
Qız telefon naqilinin dartılacağı halda heç bir yerə ilişməyəcəyini yoxlayıb buna əmin olduqdan sonra vanna otağına yaxınlaşıb qapını açaraq əvvəlcə aparatı, ardınca isə ehtiyatla dəstəyi xanım deyə müraciət etdiyi qadına uzatdı.
Qadın isti su ilə dolu vannanın içində uzanıqlı idı. İlk baxışdan ona 38 - 40 yaş vermək olardı. Qısa kəsilmiş sacları vardı. Gözlərinin yanlarında və alnında hiss olunacaq qədər yuva bağlamış xətlər görünürdü. Qaşları döyülmə idi və həddən artıq nazikliyi ilə diqqəti cəlb edərək sahibinin üzündə iyrənc və həyasız bir ifadə yaradırdı. Yanaqlarına yayılmış qara rəngin coxluğundan məlum olurdu ki, o, gözlərinə lazım olduğundan daha artıq rəng sürtür. Qadının cavanlıqda gözəl olduğundan xəbər verən boynu da kicik qırışlar bağlamaq üzrə idi. Qoltuqlarının altından belinə tərəf olan hissənin ətləri isə artıq sallanmışdı. Bununla belə etiraf etmək lazım idi ki, qadının anadangəlmə ağappaq olan dərisi onun qocalmağa doğru gedən bədəninin əksər eyblərini xeyli dərəcədə örtür. Suyun daşacağından qorxaraq vannanın içində ehtiyatla hərəkət edən qadının vücudunda inanılmaz bir şəkildə təravətini qoruyub saxlayan bircə döşləri idi. Xırda gilələri olan balaca, yumru, ağappaq döşlər.
Qadın aparatın ardınca dəstəyi də götürərək onu qulağına aparmamışdan öncə başının işarəsi ilə bir ayağı hələ də vanna otağının kandarında olan qıza çıxmaq işarəsi verdi. Qızın qapını örtüb cıxmasıyla dəstəyi qulağına aparıb boğazını arıtladı və xırıltılı səsi ilə: - eşidirəm - dedi.
Dəstəyin o biri başından kişi səsi eşidildi:
- Əfsanə xanım, mənəm, rəisdi.
Səsin sahibi birinci adamı olduğu polis bölməsinin nömrəsini söylədikdən sonra dilucu hal - əhval da tutdu: - nə var, nə yox nətərsiniz? – deyib, cavab gözləmədən sözünə davam etdi, - axşama qonağım var. Olya ilə İnkanı göndər gəlsinlər.
Bu sözlərdən sonra kişi Əfsanə xanım adlandırdırdığı qadının danışıb - danışmayacağını bilmək üçün susdu, telefondakı sükutu razılıq əlaməti kimi qəbul edincə: - saat 8 - də uşaqlar heykəlin qabağında olacaqlar, - deyib sözünü bitirdi.
Dəstəyi yerinə oturtduqdan sonra telefonu ehtiyatla kafelin üstünə qoyan qadın əlləri ilə qısa saçlarını arxaya daradı. Yavaşca sürüşüb suyun içinə girdiyi zaman isə astadan pıçıldadı:
- Götverənlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG