Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:39
-
«Bütün dünya ulduzları bu gün Heydər Əliyev Mərkəzinə toplaşıblar».

Bu sözləri dünən—oktyabrın 1-də Heydər Əliyev Mərkəzində «Əsrlərin qovşağında» adlı fərdi sərgisinin açılış mərasimində Xalq rəssamı Tahir Salahov səsləndirib.

Onun sözlərinə görə, məhz Şostakoviçin xahişi ilə UNESCO Musiqi Gününün qeyd edilməsi barədə qərar qəbul edib:

«Burada Mstislav Rastropovoçin, Dmitri Şostakoviçin portretləri asılıb. Məhz Şostakoviçin xahişi ilə UNESCO Musiqi Gününün qeyd edilməsi barədə qərar qəbul etdi və bu gün məhz Musiqi Günüdür. Həmçinin, bu il 90 yaşı tamam olan Soljenitsinin portreti nümayiş olunur».

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə. sərgidə məşhur fırça ustasının müxtəlif dövrlərdə, eləcə də son illərdə çəkdiyi 100-dən çox əsər nümayiş olunur.

Onların sırasında Heydər Əliyevin, həmçinin Qara Qarayev, Dmitri Şostakoviç və Mstislav Rostrapoviçin portretləri, «Sənə bəşəriyyət», «Aydan», «Neftçinin portreti», «Alagöz - Şərq əfsanəsi», «Aydan - Şərq ulduzu», Odlar yurdu triptixi – «Atəşgah», «Xəzər bu gün», «Qız qalası» kimi əsərlər yer alıb.

Xəbərdə deyilir ki, sərgidə, həmçinin T.Salahovun ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənən işləri də var.

Ekspozisiyada rəssamın həm tabloları, həm də rəsmlərinin xalça versiyası təqdim olunur.

Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş sərgidə T.Salahovun 60-cı illərin əvvəllərinə, yaradıcılığının orta dövrünə aid əsərləri və son işləri nümayiş etdirilir.

Sərgi noyabrın 6-dək davam edəcək.

Tahir Teymur oğlu Salahov 1928-ci il noyabrın 29-da Bakıda doğulub.

İlk təhsilini 6 saylı məktəbdə alıb. Məktəbdə rəsm dərnəyinə yazılıb. İlk müəllimi Kamil Xanlarov olub.

Rəssamın həyatı, xüsusilə uşaqlıq illəri çətin keçib.

Atası - Laçın Rayon Partiya Komitəsinin birinci katibi Teymur Salahov 1937-ci ildə həbs olunub, 1938-ci ildə «xalq düşməni» adlandırılaraq güllələnib.

T.Salahov 1945-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə ,1951-ci ildə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutuna daxil olub.

«Neftçi», «Estakada», «Neft daşları», «Neftçinin portreti», diplom işi olan «Növbədən gələnlər» təkcə sənət adamlarının deyil, sadə insanların da diqqətini cəlb edib.

T. Salahov rəngkarlıqda «sərt üslub» adlanan istiqamətin əsasını qoyanlardan biri olub. Bu üslub bir növ Stalin dövrünün sərt qaydalarına etiraz idi.

T.Salahov Azərbaycan SSR-in və Rusiyanın xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və iki dəfə Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentidir.

O, iyirmidən çox xarici akademiya və yaradıcılıq təşkilatının həqiqi üzvüdür.

Dinlərarası sülhün möhkəmləndirilməsində xidmətlərinə görə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti T.Salahov Rus Pravoslav Kilsəsinin «III dərəcəli Şöhrət və Şərəf» ordeni ilə təltif edilib.

2008-ci ilin noyabrında «Heydər Əliyev» ordeni ilə təltif olunub.

2012-ci ildə Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülüb.
XS
SM
MD
LG