Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:25
-

Yaşar Bünyad


DƏDƏM ELI,
DƏDƏM YOLU…



(Atam Bünyad Cənnətoğlunun əziz xatirəsinə)

Çınqıllı, tozlu yollar,
Şaxtalı , buzlu yollar.
Vətənə yetir məni,
Ay dədəm izli yollar!..



Dədəm keçib bu yollardan,
Yollar, səndən keçəcəyəm.
Dədəm icib bu sulardan-
Bulaq, səndən içəcəyəm!

Gozu yollarda qalmışam,
Sənə mehrimi salmışam.
Ancaq səndən güc almışam
Torpaq, səni əkəcəyəm.

Yenə oxşayır əlimi-
Sünbüllər yarın telimi?!
Yığıb başıma elimi
Zəmi, səni biçəcəyəm!

Hər qarış bir təknə cörək!
Səninlə döyünür urək.
Sevincimdən kövrələrək
Goz yaşımı tökəcəyəm.

Konül sevsə, ürək vursa,
Mən yaşaram - Vətən varsa.
Bütün dünya cənnət olsa
Təkcə səni seçəcəyəm.

Qısqanıram buludları,
Dağ zirvəsindəki qarı...
Ucalıb göylərə sarı
Hər qayanı öpəcəyəm.

Lalə, nərgizdən qoxuyub,
Dərdimdən cələng toxuyub,
“Canım, Arazım...” - oxuyub
Sularına səpəcəyəm...

Qırıb həsrətli illəri,
Ötəcəm qara yelləri...
Yarıban coşğun selləri
Qucağına köçəcəyəm!


“- Dədə, bura cənnətdir?
- Sən Vətən de, cənnət deyənlər
tapılar..."

atamla söhbətlərdən...

Şəhərlisən guya sən də.
Veyil- veyil durma tində.
Şorun qurtaranda, kəndə
Qonaqtək gəlməyə nə var?

Bada vermə həqiqəti,
Yada vermə bu cənnəti!
Sahibsiz varı- dövləti
Xəlvətcə bölməyə nə var.

Dədəm yolu olsun yönün,
Dönün, bu torpağa dönün!..
Yaman gündə yaxşı günün
Qədrini bilməyə nə var ...

Dərbənddə açılsa yazım
Şuşadan gəlsə avazım,
Üzümü yusa Arazım,
Sevinib-gülməyə nə var.

Qılınc eylə yaddaşını,
Bir də itirmə başını
Qacqınların göz yaşını,
Demə ki, silməyə nə var?!

Gedib gözümün qarası
Tapa bilmirəm çarəsin.
Təbrizim- hicran yarası,
Sağalsa, ölməyə nə var?!



“ ...şair doğulmurlar-
sevə-sevə şair olurlar...”

atamın dediklərindən.


Qol açmaram dərdə-qəmə.
Qalxıb zilə, ennəm bəmə,
Sazımı basıb sinəmə
Gəzəcəyəm eldən- elə.

Anlayır Yaşar him-cimi,
Kökdədir sazımın simi.
Aşiq sarı bülbül kimi
Qonacağam güldən gülə.

Səndən nə yazım, nə deyim?!
Sən mənim duzum, çörəyim...
Mizrab yerinə ürəyim
Pərvaz edir teldən-telə.

Dik saxla daim başını.
Yaz eylərik hər qışını
Qorumaqçın hər daşını
Baş vuraram seldən-selə.

Sənə qurban olum, Vətən!
Dunyada yoxdur sənə tən.
Dədə yurdum, adınla mən
Düşəcəyəm dildən-dilə!

Günün bütün mövzuları

XS
SM
MD
LG