Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:50

7-ci teledebat: Namizədlər «mandat alveri»ndən danışdılar [Video]


-


Oktyabrın 1-də prezidentliyə namizədlərin İctimai Televiziyada sayca 7-ci dəyirmi masası keçirilib.

Mübariz Qurbanlı: ««Eurovision» yarışması ərəfəsində, London Olimpiadası ərəfəsində Azərbaycanın nailiyyətlərinə sevinməyənlər radikal müxalifətdir. Keçirilən mitinqlərdə dinamika oldumu? Dünyanın hər yerində böhran var, Azərbaycan sabitdir. Mitinqlərə açıq-aşkar çağırışlar edirsiniz, bu, demokratiya deyilmi?».

İqbal Ağazadə: «Bu gün - 1 oktyabr -Beynəlxalq Ahıllar Günüdür. Azərbaycanda 1 milyon 300 min təqaüdçünün böyük bir hissəsi ahıllardır. Bu gün sizin böyütdüyünüz insanlar sizə sizin istədiyiniz kimi sahib çıxa bilmir. Bu gün təqaüdləriniz olduqca aşağıdır, dərman almağa pulunuz çatmır, övladınızın əlinizə baxırsınız. Bəziləriniz qocalar evlərində, bəziləriniz kimsəsizlər evlərinin künclərində çətin vəziyyətdə yaşayırsınız. Bu gün 125-130, bəzən 150 manat təqaüd nəinki bir aylıq dolanışığınızı, heç sizin dərman, digər ehtiyaclarınızı ödəməyə çatmır».

İlyas İsmayılovun vəkili Mais İsmayılov: «Təbii sərvətlərimizi talayan Amerika, İngiltərə, Fransa üçün Azərbaycanın hazırkı hakimiyyəti əlverişlidir. Bu ölkələr Azərbaycan sərvətinin 90 faizinə sahib olsalar da, hələ Azərbaycanın ərazi bütövlüyünü tanımayıblar. Qarabağ münaqişəsinin həllinə təsir göstərmirlər. Müharibə istəmək nə qədər axmaqlıqdırsa, işğal olunmuş torpaqları olmaq ondan da böyük axmaqlıqdır. Nəyə görə Amerika, İngiltərə, Fransa və digər Qərb ölkələri Azərbaycanda demokratik seçkilərin keçirilməsini təmin etmirlər?».

Hafiz Hacıyev: ««Satqınlar şurasının» nümayəndəsi Mərkəzi Seçki Komissiyasına mənim namizədliyimin ləğvi üçün müraciət edib. Xarici səfirliklərə məni şikayət edirlər. Xarici səfirliklərlə bugünkü görüşümdə bildirdim ki, mən Azərbaycanı satqınlardan xilas etmək istəyirəm. İsa Qəmbərovla getdiniz Mingəçevirə, sizi ordan qovdular, Xətai rayonunda görüşdən sizi qovub çıxardılar. Bunu da Hafiz Hacıyev etdi? Niyə anlamırsınız, bu xalq sizi istəmir. Çəkilən kənara, qoy Azərbaycanın inkişafını davam etdirək. Mən əvvəlki çıxışlarımda deyirdim ki, prezident olsam, Cəmil Həsənlini kafedra müdiri qoyacam. Amma indi fikrimi dəyişdim, heç onu da etməyəcəm».

Fərəc Quliyev: «Biz hakimiyyətə gələndə, bütün siyasi partiyalara bərabər şərait yaradacağıq. Biz düşünürük ki, gecikən ədalətin özü bir ədalətsizlikdir. Əbülfəz Elçibəyi daş-qalaq edənlər sonradan onun qəbrini ziyarət edirlər. İnsanlara sağlığında qiymət vermək lazımdır».

Qüdrət Həsənquliyev: «Qarabağ münaqişəsini ancaq özümüz həll etməliyik. Qonşu Türkiyədə qalstuklu mollalardır, İranda isə əmmaməli mollalar. Müharibənin getdiyi dönəmdə Türkiyə Ermənistana 5 milyon ton taxıl göndərdi. İşğal olunmuş əraziləri azad etmək üçün hərbi gücümüzü artırmalıyıq. Cəmil Həsənli bildirir ki, 20 ildə 20 metr torpaq azad edilməyib. Siz bu torpaqları kimlə xilas edəcəksiniz? Əli Kərimli ilə? Cəmil Həsənli Suriya müxalifətinin liderləri kimi danışır. Amma bir fərq var - Azərbaycan xalqı əlinə silah alıb öz hakimiyyətinə qarşı vuruşmaz».

Cəmil Həsənli: «Bu gün yeni bir video material yayılıb. Mandat alverinin yeni çalarları ortaya çıxdı. Məlum oldu ki, mandat alverinin başında dayanan İlham Əliyev özü olub».

Zahid Oruc: «Siz keçən dəfə də Gülər Əhmədova haqda danışdız, bu sözlərinizlə siz onun təqsirsizlik prezumpsiyasını pozursunuz. Əli Kərimli islahatlardan danışır. Amma özü 20 ildir bir partiyanın sədridir, İsa Qəmbər isə 22 il. Avropa universitetlərini bitirənlərdən bir nəfər də olsun sizin yanınızda deyil. Müraciət elədiniz ki, ay camaat, hərəniz 1 manat Milli Şuraya pul köçürün. Məndə olan məlumata görə, sizin hesabda 6 min manat var. Onun nə qədərini R.İbrahimbəyov verib. Bu xalq sizə heç bir manatını belə qıymır. Sizə bir sual vermək istəyirəm - İlham Əliyevin hakimiyyəti altında Qarabağ azad olunsa, sevinəcəksinizmi? 10 oktyabrda siz meydanda tək qalanda, gedin Fəxri Xiyabana, ulu öndərin qəbri önündə baş əyin. Çünki Əbülfəz Elçibəy sağ olsaydı, belə edərdi».

Hafiz Hacıyev: «Bunlar ətrafında 5-6 nəfər yığışmayanda, başlayırlar başqalarına böhtan atmağa. Bizsə böhtan atmırıq, sizə faktlar gətiririk».

Fərəc Quliyev: «Biz hakimiyyətə gələriksə, yeni qanun layihələri hazırlayacağıq. Mən burdan həm hakimiyyətə, həm də müxalifətə faktlara əsaslanmayan fikirləri səsləndirməməyə çağırıram».

Sərdar Cəlaloğlunun səlahiyyətli nümayəndəsi Həsrət Rüstəmov: «Hökumət nümayəndəsi deyir ki, Qarabağ alınsa, buna sevinəcəklərmi? Buyurun alın, qoy sevinməyənlərə xalq özü qiymət versin. Azərbaycanın siyasi proseslərinin həlli siyasi dialoqdan keçir».

Araz Əlizadə: «Qarabağ münaqişəsinin həlli modelini mən 90-cı illərdə hazırladım. Amma indi Milli Şurada təmsil olunanlar bunun əleyhinə səs verdilər, mən qaldım tək. Azərbaycanın görkəmli bir kinorejissoru var - Elşad Abdullayev. Heç kim onun qədər çox film çəkməyib. Milli Şuradakılar qədər də heç kim onu təbliğ etməyib».

Qüdrət Həsənquliyev: «Cəmil Həsənli Əziz Əliyev, Heydər Əliyev, İlham Əliyevin liderliyi haqda kitablar yazıb. Cəmil Həsənlinin bu çıxışlarının əsas məqsədi qisasçılıqdır. Çünki 2010 parlament seçkilərində o, deputat seçilə bilməyib və bundan sonra liderliyini təbliğ etdiyi şəxsə qarşı çıxış edir».

Cəmil Həsənli: «Mən hakimiyyətə gəlsəm, bank amnistiyası ilə çıxış edəcəm. Çünki hakim ailənin əlində cəmləşən banklar öz xərclərini də, gəlirlərini də götürüblər. 5 min manatdan aşağı kreditlərin dövlət hesabına ödənilməsi üçün addımlar atılacaq. Ondan yuxarı kreditləri ancaq öz yaxınlarına verirlər. Bu hakimiyyət kənd təsərrüfatını gəlirsiz bir sahəyə çevirib. İnsanlar ilboyu işləyir, 100 manat qoyulursa, ən yaxşı halda 101 manat götürmək mümkün olur. Bu hakimiyyət qanunsuz idxal hesabına ölkəni keyfiyyətsiz məhsulla doldurub. Bazar bunların qohum-əqrəbalarının əlindədir. Kənd təsərrüfatının dirçəldilməsi üçün faizsiz kredit, subsidiya verilmədir. Mülkiyyət azadlığı olmayan yerdə heç bir azadlıq ola bilməz».

Zahid Oruc: «Oqtay Gülalıyevin oğluna qarşı məsələni siyasiləşdirdilər. DİN dərhal operativ məlumat verdi ki, bəs, həmyaşıdları ilə arasında münaqişə olub. Amma bunlar bu məsələni siyasiləşdirib, şişirməkdə iddialıdırlar».

Mübariz Qurbanlı: «Demaqoq siyasətinin bariz nümunəsini Cəmil Həsənlinin simasında gördünüz. Prezident olacaq şəxs qətiyyətli olmalıdır. İlham Əliyev kimi. O, Azərbaycandan sonuncu xarici hərbi bazanın çıxarılmasına öz qətiyyətli qərarı ilə nail oldu».

Hafiz Hacıyev: «Bu adamı itlə, pişiklə qovursunuz, daş-qalaq edirsiz. Azərbaycan xalqı sizin kimi adamları JEK müdiri də qoymaz».

Araz Əlizadə: «Cəmil Həsənli ikinci dəfədir mandatın satılmasından danışır. Bəs, özü deputat seçilmək üçün nə qədər verib, kimə verib? Və ya onun əvəzindən kim verib? Bir adam ki, pulunu alıb kitab yazır, ondan müxalifət olmaz. Müxalifət bir yolu tutar və yolundan da dönməz. Mənə səs versəniz, layiqli həyatı, sizi ağ günə çıxarmağa hazıram».

Şərhləri göstər

XS
SM
MD
LG