Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:27

Cəmil Həsənlinin zirzəmisi, İsa Qəmbərin «AntiOcaq»ı...


Cəmil Həsənli
Cəmil Həsənli

-
Prezidentliyə namizədlərin teledebatlarında müxtəlif vədlərlə yanaşı, bir-birlərinin və bəzi müxalifət liderlərinin ünvanına ittihamlar eşidirik.

Milli Şuranın namizədi Cəmil Həsənliyə qarşı iddialar ayrıca diqqət çəkir. İndiki prezident İlham Əliyevin nümayəndəsi Siyavuş Novruzov onu Milli Məclisdə «növbələrin üstünə çıxıb ev almaqda» suçlayıb. Daha bir ittihamda onun saxta yolla 2 min manat təqaüd alması deyilir.

KEÇMİŞ DEPUTAT KİMİ PENSİYA

Cəmil Həsənli deyir ki, sol gözündə cərrahiyyə əməliyyatı aparılıb və büllur təbəqə qoyulub. Zərifə Əliyeva adına oftalmologiya mərkəzində yekun müayinədən keçəndən sonra ona verilən rəsmi rəy tibbi ekspert komissiyasına göndərilib:


«Azərbaycan qanunvericiliyinə görə, bir ya iki seçki Milli Məclisin deputatı olmuş şəxslərə yaş həddinə ya əlillik dərəcəsinə görə təqaüd veriləndə, onlar keçmiş deputat kimi pensiya alırlar».


Ev məsələsinə gəlincə, Cəmil Həsənli, demək olar, bütün parlament üzvlərinin ev aldığını söyləyir. 2000-ci il zəlzələsində evi qəzalı duruma düşəndən sonra parlament komissiyası yoxlama aparıb və o, beləcə, növbəyə duraraq mənzil alıb. Zirzəmiyə gəlincə, o, birinci mərtəbədə yaşadığından zirzəmini aldığını bildirir:


«Tək mən yox, həmin binada birinci mərtəbədə yaşayanlar mənzillərin zirzəmisini götürüblər. 10 nəfər YAP üzvü götürüb, bir nəfər də mən».


Cəmil Həsənli zirzəminin özəlləşdirilməsində keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin heç rolunun olmadığını da deyir.

Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev

Onun bildirdiyinə görə, bununla bağlı icra hakimiyyətinə və Dövlət Əmlak Komitəsinə müraciət edib.

AXC HAQQINDA KİTAB

Teledebatlarda namizəd Qüdrət Həsənquliyev Cəmil Həsənlinin 2009-cu ildə yazdığı kitabdan sitat gətirib və həmin kitabda müəllifin Heydər Əliyevi «ümummilli lider» adlandırdığına diqqət çəkib.

Cəmil Həsənli «Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti» adlanan həmin kitabı XİN-in sifarişi ilə yazdığını söyləyir:


«Orada Heydər Əliyevin AXC-nin taleyimizdə və tariximizdə yeri barədə sözləri verilib. Qüdrət Həsənquliyev həmin sözləri mənim adıma oxuyaraq ciddi yanlışlığa yol verir».


«48 MİLYARD» MƏSƏLƏSİ

Debatlarda iqtidar partiyasının namizədi, indiki prezident İlham Əliyevə ünvanlanan ittihamlar da səslənib. Belə ittihamları dilə gətirən Cəmil Həsənli «İlham Əliyevin ölkədən çıxardığı 48 milyardın, 75 milyonluq Dubay mülklərinin» sənədlərini istəyib.

Əli Əhmədov
Əli Əhmədov

Teledebata İlham Əliyevin nümayəndəsi qismində qatılan YAP icra katibi Əli Əhmədov buna cavab olaraq müxalifəti xarici mətbuatda yayılan yalanları cəmiyyətə çatdırmaqla məşğul olmaqda suçlayıb:


«Azərbaycandan 48 milyard dolların çıxarılması, sadəcə, mümkün deyil, çünki bu qədər pul Azərbaycanda yoxdur. Neft gəlirlərinin, bütün gəlirlərin dəqiq uçotu aparılır».


Britaniya parlamentinin himayəsi ilə 2003-cü ildə yaradılan və mərkəzi ofisi Londonda yerləşən «Tax Justice Network» («Ədalətli Vergi Şəbəkəsi») qeyri-hökumət təşkilatı «Ofşor zonaların qiyməti» adlanan hesabatında Azərbaycan hakimiyyəti ilə bağlı sarsıdıcı rəqəmlər açıqlamışdı. Hesabatda qeyd edilirdi ki, 1993-2010-cu illər arasında Azərbaycandan ofşor zonalara 48 milyard dollar ötürülüb. Bu rəqəmin Ermənistanla müqayisədə 23, Gürcüstanla müqayisədə 18 dəfə çox olduğu da vurğulanmışdı.

UCUZ DÖVLƏT EVİ, YAXUD KİRAYƏPULU

Azərbaycan Demokrat Partiyasından prezidentliyə namizəd Sərdar Məmmədov (Cəlaloğlu) teledebatda prezident seçildiyi halda Konstitusiyanın 7-ci maddəsinə sosial öhdəliklərlə bağlı dəyişiklik təklif edəcəyini dilə gətirib.

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu

O, AzadlıqRadiosuna deyir ki, 7-ci maddəyə «Azərbaycan sosial dövlətdir» sözləri əlavə olunmalıdır və 3 vəzifə qoyulmalıdır: vətəndaşların mənzillə təmin edilməsi; iş, yaxud həmin iş müqabilində yaşam şəraitinin yaradılması; yoxsulluğun ləğvi. Namizədin fikrincə, bu öhdəliklər olmadan ölkə büdcəsindən sosial yönümlülük tələb etmək mümkün deyil:


«Bu o deməkdir ki, ucuz dövlət evləri tikilməlidir. Evi olmayanların da mənzil kirayəsini dövlət ödəməlidir. Mən bunları göydən götürməmişəm. Məsələn, İngiltərədə, Norveçdə evi olmayan vətəndaşa bələdiyyə evləri verilir. Ya da kirayəhaqqını dövlət ödəyir».


Sərdar Cəlaloğlu iri şirkətlərin vergilərini 10 faiz artıracağını da bildirir:


«Hər hansı şirkətin heç bir sosial büdcəsi, sosial ayırmaları yoxdursa, gərək, fərqli vergi qoyaq ki, gəlirləri 80 faiz deyil, 30 faiz qalsın. Əks halda bütün bu sosial problemləri dövlətin həll etmək imkanı olmaz ki!».


BİR DAŞLA İKİ QUŞ...

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev Neft Fondunun vəsaitlərini Azərbaycana qaytaracağını deyir.

Fərəc Quliyev
Fərəc Quliyev

O, Rusiyada çalışan 1 milyon 600 mindən çox gəncin ölkəyə qayıtmasını təmin edəcəyini də vurğulayır. Namizəd buna gənclərə torpaq sahəsi verməklə, iş yerləri yaratmaqla nail olacağını bildirir. O, ailə qurmamış qızlar problemini də həll edəcəyini vurğulayır:


«İnsanlarımız Rusiya vətəndaşlığı almaq üçün mütləq nigah bağlamalıdır. Gənclərimiz burada qalmalıdır. Bu, demoqrafik siyasətdir. Ailəni bizim millətin nümayəndələri ilə qursalar, yüz minlərlə qızlarımız evdə qocalmazlar».


«ANA OLMAQ DA BİR PEŞƏDİR»

Azərbaycan Sosial Demokrat Partiyasının namizədi Araz Əlizadə analara, hərbçilərə, müəllimlərə firavan həyat vəd edir:


«Azı 2 övlad dövlətin təminatında olmalıdır – yeməyi, içməyi. Ana əlinə zənbil alıb meyvə satmamalıdır. Analıq da bir peşədir. Evdə oturub övladını tərbiyə etməlidir».

Araz Əlizadə
Araz Əlizadə

Müəllimlərin maaşını nə qədər artıracağına gəlincə, Araz Əlizadə dəqiq rəqəm demir, bunu yalnız prezident olandan sonra söyləyəcəyini vurğulayır:


«Gərək biləsən ki, Neft Fondunda nə qədər pul var, gəlir nə qədərdir. Kimsə «700-1000 manat maaş verəcəyəm» deyirsə, bunların hamısı sabun köpüyüdür. Çünki real gəlirləri bilmirik».


«ANTİOCAQ»

Seçki kampaniyası dövründə təkcə namizədlərlə bağlı deyil, müxalifət liderlərinə yönəlik də iddialar səslənir. Müsavat başqanı İsa Qəmbərin «AntiOcaq» əsərini Fəridə Məmmədovadan oğurlaması fikri artıq bir neçə dəfə səslənib. Hazırda Milli Aviasiya Akademiyasında kafedra müdiri çalışan Fəridə Məmmədova bunun təzə söhbət olmadığını deyir:


«Mən onu oxuyanda pis oldum. Başdan-ayağa mənim doktorluq işim idi. Erməni mənbələrini, Pəhləvi mənbələrini oxumadan elə tənqid etmək olmazdı. Onun əlində mənim hazır işim olub. Hamı bilir ki, mənim əlyazmamı, fikirlərimi götürüb Zori Balayana cavab yazmışdı. Bunu bütün şəhər bilir».

İsa Qəmbər
İsa Qəmbər

Müsavat başqanı İsa Qəmbər bildirir ki, bu böhtanı onun ünvanına 2000-ci ildə sosial demokratlara yaxın «İstiqlal» qəzeti yazıb və o, həmin qəzeti məhkəməyə verib. Məhkəmə «İstiqlal» qəzetinin ona qarşı böhtan yayması və ondan üzr istəməsi barədə qərar çıxarıb və qəzet məhkəmənin qərarı ilə təkzib verib:


«İndi – üstündən 13 il keçəndən sonra sosial demokratlar təzədən həmin yalanı tirajlayırsa, bu, mənasız cəhddir. «Ocaq» əsərinə yazdığım cavabın təxminən onda birindən də az hissəsi Albaniya dövrü ilə bağlıdır. Bütövlükdə bu əsəri plagiat elan etmək cəhdi də mənasızdır. Əgər istəyərlərsə yenidən məhkəmə müstəvisində bu məsələni araşdırmağa hazıram. Mən o əsəri yazanda məqsədim hər hansı elmi ad almaq deyildi. Mən ermənilərin azərbaycanlılara qarşı ideoloji təxribatına cavab vermək məqsədilə onu yazmışam. Bəlli bütün elmi mənbələrə istinad etmişəm. O zaman Fəridə Məmmədovanın da hər hansı əsəri mənə bəlli olsaydı, oxuyub istinad edərdim. Elə bir əsər mənə bəlli olmadığı üçün bu ittiham tamamilə mənasız yalan üzərində qurulub. Cavabı da 2000-ci ildə məhkəmə müstəvisində verilib».

Əli Kərimli
Əli Kərimli

ƏLİ KƏRİMLİNİN EVİ

Daha bir iddiada AXCP sədri Əli Kərimli hədəf götürülüb. Onun iri məbləğdə bank əməliyyatları apardığı və bir ilə 8 milyon dollar xərclədiyi haqda iddialar ortaya atılıb. Əli Kərimli «Azadlıq» qəzetinə bu barədə ətraflı açıqlama verib.

O, heç bir xarici ölkə və fonddan qrant almadığını, heç bir bankdan kredit götürmədiyini yazıb:


«Olan bütün mülkiyyətim özümə aid mənzil (1993-cü ildə gənc mütəxəssis kimi almışam), bağ sahəsi və içində yarımçıq, uzun illərdir başa çatdıra bilmədiyim tikili, bir də həyat yoldaşımın 1991-ci ildə gənc mütəxəssis kimi aldığı mənzil olub. Sonradan oğlum Türkelin Böyük Britaniyada təhsil xərclərini qarşılamaq üçün həyat yoldaşımın evini satmışıq».
XS
SM
MD
LG