Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:23

“Həkim, mənə əlac et”


Arxiv foto
Arxiv foto
-
“Hippokrat andı içən həkimlər xəstəxanaya müraciət edəni sağaltmamış evə yola salmalıdılar, yoxsa müalicə etməlidirlər?”

Birinci qrup gözdən əlil, diabetli şəkər xəstəsi olan 27 yaşlı Vaqif İsmayılov “Qaynar xətt”ə 1 saylı Şəhər Klinik Xəstəxanadan narazılıq edib. Deməsinə görə, onu yüksək hərarətlə qəbul edən həkimlər elə o vəziyyətdə də evə yola salıblar:

“ƏSASLI MÜALİCƏYƏ EHTİYACIM OLSA DA...”

“Səhhətimdə problemlər yaranmışdı. Bədənimdə küt ağrılar vardı, hərarətim yüksək idi. Evdə aldığım bir neçə günlük müalicələr təsir göstərmədiyinə görə, təcili yardım çağırdıq. Məni 1 saylı Şəhər Klinik Xəstəxanasına aparıb yoluxucu xəstəliklər şöbəsində yerləşdirdilər. Müayinə etdilər, analiz götürdülər. Sistem köçürdülər, antibiotik vurdular. 1 həftə xəstəxanada qaldım. Şəkərli diabet olsam da, qida rasionuma aid heç bir yeməklə təmin etmirdilər. Kənardan yemək gətirməyə isə icazə vermirdilər. Qan təzyiqim daim yüksək olur. Bundan əlavə həm də bel sümüyümdə yırtıq var. Deməyim odur ki, mənim əsaslı müalicəyə ehtiyacım vardı. Şöbə müdirindən xahiş etdim ki, məni başqa şöbəyə köçürün, heç olmasa bir kurs müalicə alım. Sözümə məhəl qoymadı. 1 həftə xəstəxanada saxladılar, antibiotiklər vurub sentyabrın 20-də evə yola saldılar”.

“XƏSTƏXANADAN BURAXILANDAN YATAQDAYAM”

Vaqif İsmayılov hesab edir ki, həkimlərə pul vermədiyinə görə “üzünə baxmayıblar”:

“Evə gələndə həm temperaturam vardı, həm də ağrılarım. Xəstəxanadan buraxılan gündən indiyə qədər də yataqdayam”.

Şikayətçi deyir, Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə iki dəfə zəng vurub, ancaq nəticəsi olmayıb.

1 saylı Şəhər Klinik Xəstəxanasından qaynar xəttə bildirdilər ki, sentyabrın 12-də Vaqif İsmayılov təcili tibbi yardım briqadası tərəfindən Binəqədidə köçkün kimi məskunlaşdığı yataqxanalardan birindən xəstəxanaya gətirilib.

1 həftə ərzində stasionar müalicə alıb. Sentyabrın 20-də stasionar müalicəyə ehtiyac qalmadığına görə ona ambulator müalicə yazılıb və evə buraxılıb. Xəstəxanadan onu da bildiriblər ki, əgər Vaqif ismayılovun səhhətində yenə problemlər yaranıbsa, müraciət etsin.
XS
SM
MD
LG