Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:11

İsmayıllıda mal- qara xəstəliyə yoluxub...


Xəstəlikdən ölmüş inək (Arxiv foto)

Xəstəlikdən ölmüş inək (Arxiv foto)

-
İsmayıllı rayonunun Hacıhətəmli kəndində mal- qaraya xəstəlik düşdüyü bildirilir. Məlumatlara görə, son bir neçə gündə kənddə bir neçə iri buynuzlu heyvan tələf olub.
«YERLİ TƏŞKİLATLAR SƏHLƏNKAR YANAŞIRLAR»
Kənd sakini Razi Yadigarov qeyd edir ki, onlara məxsus təsərrüfatda da bir iribuynuzlu mal tələf olub:
«Xəstəlikdən heç kim baş aça bilmir. Əvvəlcə qızdırma şəklində gəlir, sonradan heyvan heç nə yemir, içmir və 7-8 gün içində əriyərək ölür. Kəndimizin baytar həkimlərinin müdaxiləsinə baxmayaraq heyvanımız öldü. Məsələ burasındadır ki, əlaqədar təşkilatlar işə biganə yanaşırlar. Bütün lazım olan dəva-dərmanı özümüz aldıq. Artıq kəntdə kütləvi şəkildə bu xəstəlik yayılıb və bir neçə heyvan tələf olub, ancaq heç bir tədbir görülmür».
«VAXTLI VAXTINDA HEYVANLARA VAKSİNLƏR VURULMUR»
Digər kənd sakini Namizəd Kərimov da qeyd edir ki,onun da şəxsi təsərrüfatına ziyan dəyib:
«Ayıbdır, bizə heç bir kömək göstərilmir, baytarı çağırırsan gəlmir, helə deyir filan iynəni al vur, keçib gedəcək. Əgər iynəni özümüz vuracaqdıqsa, onda siz nəyə lazımsınız? Bu çətin zamanda hərəmizin bir heyvanı var o, da həkim ucbatından ölür. Ona görə ki, vaxtlı vaxtında heyvanlara zəruri vaksinlər vurulmur. Ayıb deyil, kəndin baş baytarı məlumat verir ki, kənddə heç bir heyvan ölməyib, heç bir xəstəlik filan yoxdur. Bəs onda bu nədir, bu qədər insan yalan danışır? Hamısı həkim səhlənkarlığından doğan məsələlərdir».
«İYNƏ, DƏRMAN VERİLSİN Kİ, BİZ DƏ ƏHALİYƏ XİDMƏT EDƏK»
Kəndin baytar həkimi Nüsrət Xəlilov da deyir ki, mal-qara arsında xəstəlik tək onların kəndində yox, bütün rayonda yayılıb:
«Bütün zəruri dərman və digər preparatlar şəxslərin öz hesabına apteklərdən alınır. Sadəcə biz gedib müalicəni edirik. Hələ ki, uğur qazana bilməmişik. Dövlət səviyyəsində bu məsələyə müdaxilə olunmasa hələ çox vətəndaşa ziyan dəyə bilər».
«HEÇ KİMİN HEYVANI ÖLMƏYİB, HEÇ BİR XƏSTƏLİK YOXDU»
Rayon Baytarlıq idarəsinin müdiri Barat Şahalıyev isə deyilənlərin yalan olduğunu bildirir:
«Mən hər gün bir ərazidə monitorinq aparıram, heç kimin heyvanı ölməyib. Sadəcə bir neçə ayrı-ayrı kəndlərdə adı virus yoluxması ucbatından heyvanların müalicəsini həyata keçirmişik və heyvanlar sağalıb. Düzdür bu məsələ ilə bağlı dövlət səviyyəsində iynə dərman verilmir, vətəndaşlar özləri bunun xərcini çəkirlər. Hər gün tərəfimizdən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq İdarəsinə məlumat verilir. Narahat olmağa dəyməz, xırda məsələdir. Sadəcə kimlərsə bu məsələni süni şəkildə şişirdir».

Şərhləri göstər

XS
SM
MD
LG