Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:32

Şair Ədalət Əsgəroğlu insultdan vəfat edib (Fotolar)


Ədalət Əsgəroğlu
Ədalət Əsgəroğlu
-

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu ötən gecə vəfat edib.

Mərhumun yaxınlarının Trend-ə verdiyi məlumata görə, mərhum insult xəstəliyi nəticəsində dünyasını dəyişib.

Mərhumun 56 yaşında olduğu bildirilir.

Azadlıq Radiosunun "Oxu zalı" xəbər verir ki, gecə saat 2-də insult keçirən şair xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerində olan müxbirimiz Namiq Hüseynlinin verdiyi məlumata görə, yas mərasimi "İçəri şəhər" metrosuna yaxın, Şeyx Şamil küçəsi 16-da ("Təzəbəy" hamamının yanında) keçirilir.

Mərhum Xırdalan qəbiristanlığında basdırılıb.

Allah rəhmət eləsin! (ardı aşağıda)

Ədalət Əsgəroğlunun ailəsinin yaşadığı ünvanda yas mərasimi
Ədalət Əsgəroğlunun ailəsinin yaşadığı ünvanda yas mərasimi



Ədalət Əsgəroğlunun ailəsinin yaşadığı ünvanda yas mərasimi
Ədalət Əsgəroğlunun ailəsinin yaşadığı ünvanda yas mərasimi

Ədalət Əsgəroğlunun qohumu Faiq Balabəylinin "Oxu zalı"na açıqlaması


- Ədalət Əsgəroğlunun ölümü necə baş verib, ölümün səbəbi nəydi?

- Ədalət müəllimin 56 yaşı vardı, şəkəri və qan təzyiqi yüksək idi, çox ciddi müalicə olunurdu, özünə baxırdı. Amma dünən gecə saatlarında, səhərə yaxın beyin insultu keçirib, xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

- Ədalət bəyin neçə övladı var idi?

- Bir qızı bir oğlu var idi, hər ikisi ali məktəbi bitirib, ailə qurub, işləyirdi.

- Xəstəliyində ailə qayğılarının rolu var idimi?

- Son vaxtlar elə bir ailə qayğıları yox idi, amma o, uzun müddət işsiz qalmışdı, on il, on beş il bundan qabaq ölkədəki işsizlik dönəmində çoxlu problemləri var idi. Son dövrlər şükür, vəziyyəti yaxşı idi.

- Mərhumla ilə vidalaşma necə olacaq? Yazıçılar Birliyindən kimlər iştirak edəcək?

- AYB rəhbərliyindən, Fikrət Qoca, Arif Əmrahoğlu, Rəşad Məcid, qaynatası Ayaz Vəfalı və işlədiyi kollektivin üzvləri hüzur mərasimində iştirak edirlər.


Ədalət Əsgəroğludan seçmə şeirlər (on-line kitabxanamızdan)


Sonaladı əcəl məni

Sonaladı əcəl məni,
Ölümümdən keçib gəldim.
Neynim, bu gün yoxdu çəmi,
Sabaha and içib gəldim.

Qana tutma qızıl teşti,
Canım birdi, qəmi beşdi.
Qaş qaraldı, gördüm gecdi,
Qəmə yoldaş uçub gəldim.

Gümanımın üzü soyuq,
Sinəm viran, oyuq-oyuq.
Sənsən qibləm - səndən buyruq,
Gor evimi seçib gəldim.


Qərib quşlar məni necə ağlasın?

Qərib quşlar köçün qara bağlasın,
Yükün tutsun yaman günə saxlasın.
Gəlib-getsin, öz dərdinə ağlasın,
Mənim dərdim ağlamalı dərd deyil.

Dərin düşmüş yara üstə köz qoyun,
Ahdan yanan sinə üstə buz qoyun.
Viran olmuş can evimə göz qoyun,
Gözsüz qalmış pəncərəsi qaralmış.

Gözsüz qalmış pəncərəsi qaralmış,
Yolsuz qalmış iydə günlər daralmış.
İynə boyda ümidini qar almış
Kökdən düşən qapısını yel döyür.

Kökdən düşən qapısını yel döyür,
Dil deyirəm, məndən betər dil deyir.
Düşdüyüm yer heç ölməli yer deyil,
Qan-qan deyir ağ qoyduğum varaqlar.

Qan-qan deyir ağ qoyduğum varaqlar,
İtkin düşüb haqdan gələn soraqlar.
Siz də deyin and içdiyim sabahlar,
Qərib quşlar məni necə ağlasın?

Qərib quşlar məni necə ağlasın?
Ağı deyib dağlarımı dağlasın. ...
Dağlar aşsın, uzaqları addasın,
Mənim dərdim ağlamalı dərd deyil.


Olum, ölüm haqq işidir...

Olum, ölüm haqq işidir
O da gözəl, bu da gözəl.
Yarın yara can borcu var
Yar bağrımı buda gözəl.

Sığmır səbətə hər çiçək
Tər çiçəyin özü gerçək.
Söz də zamanında göyçək
Aynasında buta gözəl.

Əsgəroğlum, eşqimdi şah.
Şahələnib budaq-budaq.
Qüdrətdən çəkilib bu dağ
Könlümcədir bu dağ, gözəl


Ədalət Əsgəroğlunun şeir və poemaları burda

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG