Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:11

«Corat meydan olubdur Böyük İpək Yoluna»...


Corat kəndi
Corat kəndi
-
Əzizinəm, yoluna, karvana, el yoluna,
Corat meydan olubdur Böyük İpək Yoluna...

Bir neçə gün öncə – Sumqayıtda şəhər günü keçirilərkən, bayram tədbiri Corat kəndindən başlamışdı. Kənddə qala divarları tikilmiş, bazar meydanı açılmış, hətta qədim bir gəminin iri maketi qurulmuşdu. Coratın şəninə bayatılar oxunur, kəndin
İpək Yolu üstündə yerləşdiyi vəsf olunurdu.

KƏLƏ-KÖTÜR YOLLAR

Qədim kənd İpək Yolunun üstündə yerləşsə də yolları kələ-kötürdür. Bura gedən sürücülərin ən çox şikayətləndiyi də elə kənd yollarıdır. Tamerlan Əliyev deyir ki, 20 ildən çoxdur Sumqayıtdan Corata sürücülük edir:

«İndi hələ havalar soyuq, yağışlı-palçıqlı deyil. Bir az yağış yağınca, bu yollar biz sürücülər üçün qorxulu yuxuya çevrilir».

İŞSİZLİK, İŞSİZLİK, YENƏ İŞSİZLİK

Qədim kəndin sakinləri ən çox işsizlikdən gileylidir. Burada çoxlu işsiz gənclə qarşılaşırsan. Onlardan bir neçəsi kəndin mərkəzində, özləri demiş, bekarçılıqdan vaxt öldürürdülər:

– Mən məktəbi qurtarandan sonra işləmək istədim. Ancaq iş tapa bilmədim. İş yoxdur. Heç maraqlanmağa iş adı da yoxdur.

– Mən əsgərlikdən gəlmişəm. İşləmək istəyirdim, ancaq iş yoxdur.

– Nə deyim, bekarçılıqdır. Vaxtımızı küçələrdə öldürürük...

Uzun müddət iş axtarışına çıxan Lalənin dediyinə görə, kənddə təkcə gənclər deyil, elə yaşlılar da işsizlikdən əziyyət çəkirlər:

«Nəinki gənclər, yaşlı nəsil üçün də işsizlik ən böyük problemdir. Bu kənddə camaat bir balıqçılıq, bir də sürücülüklə məşğul olur».

Şəhər bayramı günündə Coratda iri gəmi maketinin qurulması təsadüfi deyildi. Gəmi, qayıq, tor, tilov bu kənddən ötrü gündəlik dolanışıq deməkdir.

Əliqulu Pənahov deyir ki, işsizlik coratlıların dənizlə ünsiyyətini mehribanlaşdırıb:

«Qədimlərdən bəri Corat camaatı balıqçılıqla məşğul olur. O vaxtlar qədim dövr idi. İndiyə nə gəlib? İş olsaydı, dənizdə nə işimiz vardı? Adam kimi gedib işimi işləyərdim, daha özümü atmazdım dalğaların qoynuna».

İMKANSIZLIQDAN HƏYƏTLƏRİNİ SATIRLAR

Kənd camaatı deyir ki, kəndin işıq, qaz, su problemi olmasa da, işsizlik ucbatından kommunal xərcləri ödəyə bilmirlər. Torpağını, həyətini satanların sayı gündən-günə artır:

«Bura çox kasıb kənddir. Xüsusən son vaxtlar imkansızlığa görə camaat öz həyətini də satır».

Corat dənizin sahilində yerləşir. Evləri dənizə yaxın olanların son vaxtlar qayğıları artıb. Adilə Məmmədova evlərinin köçürüləcəyindən narahatdır:

«Son vaxtlar deyirlər ki, söküləcək. Əksər evlərin də sənədi yoxdur. Çox böyük təşviş var. Necə olacaq? Pul ödəyəcəklər, ya yox? Deyirlər, rayonlara gedən yollar dəniz sahilindən keçəcək. Bütün qonşular narahatdır».

Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinin məlumatına görə, son illər qəsəbə küçələrinin xeyli hissəsi asfaltlanıb. Yeni kanalizasiya xətləri çəkilib. Abadlıq işləri bundan sonra da davam edəcək.

Rəsmilər elə deyir. Bütün hallarda coratlıların üzünün gülməsindən ötrü ən çox iş yerlərinə ehtiyac var. Yoxsa İpək Yolunun üstündə yerləşən bu qədim kəndin eyni açılmayacaq...
XS
SM
MD
LG