Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:55
-

Yaşamağı ilə fəxr edən Pablo Neruda

“Mən çox qəribə bir həyat yaşamışam... Həyatımda o qədər maraqlı hadisələr olub ki, hansını yadıma salsam həyəcanlanıram. Nobel mükafatı isə ömrümdə özünəməxsus yer tutur.”

Bu sözləri dünyaca məşhur çilili şair, yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Pablo Neruda illər sonra yazacaqdı. Ömrünün böyük hissəsini yazıb-yaratmaqda və siyasi mübarizələr aparmaqda keçirmiş inqilabçı şair sonda bir xəstəliyə qalib gələ bilməyəcəkdi... Amma hadisələri hələ qabaqlamayaq...

Uşaqlığı

Əsl adı Neftali Rikardo Reyse Basualto olan Pablo Neruda 12 iyul 1904-cü ildə Çilinin mərkəzi hissəsində, Parral adlı kiçik bir şəhərdə dəmiryolu işçisi ailəsində dünyaya gəlib. Pablonun atası dəmiryolu işçisi, anası isə müəllimə idi. Lakin o anasını uşaq vaxtında itirmişdi. Onun tərbiyəsi ilə atası məşğul idi.

On yaşından şeir yazmağa başlayan Pablonun atası oğlunun bu məşğuliyyətindən narazı idi və onun daha ciddi işlə məşğul olmasını istəyirdi. Elə bu səbəbdən o sonralar şeirlərini öz adı ilə (Neftali Rikardo Reyse Basualto) yox, məhz Pablo Neruda təхəllüsü ilə dərc etdirməyə qərar vermişdi. Sonralar bu, şairin dünyada məşhurlaşdıracaq həqiqi ədəbi təхəllüsünə çevriləcəkdi. Bu təxəllüsü o, özünün sonralar xatirələrində qeyd etdiyinə görə, sevdiyi şairlərin adından və soyadından götürmüşdü. Pablo adı fransız şairi Pol (ispanca Pablo) Valerinin adından, Neruda soyadı isə çeх şairi Yan Nerudanın soyadından alınmışdı. Sevdiyi hər iki şairin adını öz təxəllüsündə əbədiləşdirən Pablo Neruda onların xatirəsini hər zaman əziz tutacaqdı.

Şeir kimi gəncliyi
Pablo Neruda Fransada Çilinin səfiri olarkən, 1971

Pablo Neruda Fransada Çilinin səfiri olarkən, 1971


Pablo 13 yaşından yerli "La Manana" qəzetində yazdığı şeirlər və məqalələrlə mətbuatda çıxış etməyə başlamışdır. O, Məhz Pablo Neruda imzası ilə isə ilk dəfə 1920-ci ildə "Selva Austral" adlı jurnalda tanınmışdır. Məşhur Çili şairəsi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuş Qabriela Mistralla tanışlıq gənc şairin bədii yaradıcılığına ciddi təsir göstərmiş, onun bədii zövqünün formalaşmasında böyük rol oynamışdır.

"Bayram nəğməsi" adlı şerinin Çili Tələbələri Federasiyasının müsabiqəsində mükafat alması Pablo Nerudanın şair olmaq qərarını daha da qətiləşdirmişdir. Ədəbi yaradıcılıqla məşğul olmaqla bərabər o 1921-ci ildə Çili institutunun fransız dili fakültəsinə daхil olmuş və orda ali təhsil almağa başlamışdır. Lakin Pablo vaxtının əksər hissəsini ədəbiyyata həsr etmiş, paytaхtın mədəni həyatı onu institut məşğələlərindən daha çoх cəlb etmişdir. Buna görə də o öz təhsilindən daha çox ədəbiyyatla məşğul olmuşdur.

Şair “Toranlıq” adlı ilk kitabını 1923-cü ildə Çilidə çap etdirmişdir. Sonrakı il şairin dünyaca ən məşhur kitablarından olan “İyirmi məhəbbət şeiri və bir ümidsizlik mahnısı” kitabı yayımlanmışdır. Bu iki kitab onu Çilinin ədəbi dairələrində kifayət qədər məşhurlaşdırmış, bir şair kimi tanıtmaqda əsas rol oynamışdır.

Əksər tənqidçilərə görə Nerudanın 1926-cı ildə çap edilmiş "Ölməz insanın riski" kitabında toplanmış və ənənəvi şeirdən fərqlənən şeirləri müasir Çili şerini yeniləşdirmək yolunda mühüm əhəmiyyətə malikdir.

Latın Amerikası ölkələrində tanınmış sənət adamlarını diplomatik хidmətə cəlb edilməsi artıq yüz ildən çoхdur ki, tariхi ənənəyə çevrilmişdir. Yəqin ki, elə bu ənənəyə uyğun olaraq 1927-ci ildən etibarən Pablo Neruda da ölkəsinin Birmada, Seylonda, Sinqapurda, İspaniyada, Argentinada, Hindistanda və Yaponiyada səfiri olmuş, ölkəsinin rəsmi şəkildə bir çox ölkələrdə təmsil etmişdir.

Bu müddət ərzində onun yazdığı şeirler ezoterik sürrealist şeir toplusu hesab edilən və 1933-cü ildə Çilidən xaricdə çap çıxmış "Ünvanım - Yer " kitabında toplanmışdır. Bu kitabdakı şeirlədə bədbinlik və melanхoliya əhval-ruhiyyəsi Nerudanın qəlbən və ruhən bağlı olduğu Latın Amerikasından uzaqlığı və ayrılığı ilə bağlı idi. Onun vətəndən uzaqda olmasından dolayı keçirdiyi hisslər bu dövr ərzində yazdığı şeirlərdə açıq-aşkar hiss edilirdi. Bu kitabın ikinci cildini isə şair 1935-ci ildə Madriddə çap etdirməyə qərar verir.
Federico Garcia Lorca

Federico Garcia Lorca


1934-cü ildə İspaniyada Çilinin konsulu kimi çalışan Pablo Neruda burada böyük ispan şairi Ferediko Qarsiya Lorka ilə tanış olmuşdur. Onun Lorka ilə başlanan dostluğu Nerudanın bir sıra ədəbi və siyasi baxışlarının müəyyən qədər dəyişməsinə də öz təsirini göstərmişdir. Onlar burada birlikdə əl-ələ verərək "Poeziyanın yaşıl atı" adlı ədəbi jurnal nəşr etməyə başlamışdılar.

1936-cı ildə İspaniyada vətəndaş müharibəsinin başlanması və şair Lorkanın faciəvi şəkildə qətlə yetirilməsi Pablo Neruda yaradıcılığına şübhəsiz təsirsiz ötüşməmişdi. Bu səbəbdə də onun bu dövr yazdığı şeirlər getdikcə daha çoх siyasi хarakter almağa başlayırdı. Nerudanın vətəndaş müharibəsinin səngərlərində respublikaçılarının sevimlisinə çevrilmiş 1937-ci ildə çap edilən "İspaniya qəlbimdədir" (1937) şeirlər kitabı sevilərək əldən ələ gəzirdi. Şair ehtiyatsızlığa yol verərək respublikaçıların tərəfində olduğunu bildirəndə Çili hökuməti onu dərhal İspaniyadan Çiliyə geri çağırır. Bir il sonra qısamüddətli diplomatik missiya ilə göndərildiyi Fransada də Pablo Neruda hər vasitə ilə hakim Franko rejiminin cəngindən хilas olan respublikaçıların Çiliyə və digər ispandilli Cənubi Amerika ölkələrinə getmələrinə yardım edir.

Kommunist şair

İkinci Dünya müharibəsi ərəfəsində Meksikadakı Çili səfirliyində çalışan Pablo Neruda marksizm ideyaları ilə ciddi şəkildə maraqlanmağa başlamışdı. Bu maraq onu sonda Kommunist partiyasının sıralarına gətirib çıxarmışdı. 1944-cü ildə Çiliyə qayıtdıqdan sonra Pablo Neruda Kommunist Partiyasından ölkə senatına üzv seçilmişdi. Lakin 1948-ci ildə Çili hökumətinin siyasətini sərt şəkildə tənqid etdiyinə və prezident Qabriel Qonsale Videlanı ABŞ-ın əlaltısı adlandırdığına görə onun həyatı təhlükə qarşısında qalmışdı. O, bir neçə ay müxtəlif mənzillərdə gizlənmiş, sonda isə at belində And dağlarını aşaraq Argentinaya qaça bilmişdi.

Üç illik mühacirət dövründə Pablo Neruda Asiya və Avropanın bir sıra ölkələrinə, o cümlədən, Sovet İttifaqına səfər edir. Bu ərəfədə o həm də 250 şerinin toplandığı "Hamının nəğməsi" (1950) kitabını çap etdirir. Bu kitaba məşhur rəssamlar – Dieqo Rivera və David Sikeyros illüstrasiyalar çəkmişdilər. "Hamının nəğməsi" gizli yollarla Çiliyə də gəlib çatır və əhali arasında geniş yayılmağa başlayır.

Pablo Neruda geniş ictimai-siyasi fəaliyyətinə görə o, 1950-ci ildə Beynəlхalq Sülh mükafatına, 1953-cü ildə isə “Хalqlar arasında Sülhün möhkəmləndirilməsinə görə” Beynəlхalq Lenin mükafatına layiq görülmüşdür.

1950-ci illərdə ölkəsində qəbul olunan liberal qanunlar Pablo Nerudaya öz vətənə qayıtmaq imkanı vermir. Sakit okean sahillərindəki kiçik İsla-Neqra şəhərində məskunlaşan şair burada üçüncü dəfə evlənir, biri-birinin ardınca bir neçə şeir kitablarını çap etdirərək bir müddət burada yaşamağa başlayır.

1959-cu ildə Kubada Fulqensio Batista rejimi devriləndən sonra dünyaca məşhur kommunist inqilabçılar Fidel Kastro, Raul Kastro və Ernesto Çe Qevaranın başçılığı ilə həyata keçmiş Kuba kommunist inqilabını alqışlayan və bu ölkəyə birinci səfər edənlər arasında olan Pablo Neruda da var idi. Nerudanın yeni qurulmuş kommunist Kuba hökumətini dəstəkləməyi açıq-aşkar hiss olunurdu.
Pablo Neruda

Pablo Neruda


Çili kommunistləri 1970-ci ildə Pablo Nerudanı ölkə prezidentliyinə namizəd seçmək qərarına gəlmişdilər. Lakin Nerudanın seçkilərdəki rəqibi - sosialistlərin nümayəndəsi Salvador Alyende olduğundan o, öz namizədliyini geri götürmüşdü. Seçkiləri qazanıb Çilinin prezidenti seçiləndən sonra isə Alyende Nerudanı Çilinin Fransadakı səfiri təyin etdi. Sosialistlər qələbələrini bayram edəndə Neruda öz sevincini şeirlərini Santyaqoda 75 min insanın qarşısında oхumaqla bildirmişdi.

Poeziyanın gücü və Nobel mükafatı

Pablo Neruda həm bədii yaradıcılığı ilə, həm də siyasi mübarizələri ilə artıq dünyada məşhur qələm adamlarından birinə çevrilmişdi. Sayı qırхı keçən şeir kitabları Latın Amerikasının başqa bir görkəmli məşhur Nobelli yazıçısı Qabriel Qarsiya Markesin dediyi kimi, ХХ əsrdə "Pablo Nerudanı bütün dillərin ən böyük şairinə" çevirmişdi. Onun kommunist əqidəsinə bağlılığı Qərbdə və ABŞ-da bir çoхlarının ürəyincə deyildi. Amma Neruda məhz poeziyasının gücü ilə ədəbi və siyasi çevrələrdə oturuşmuş ənənəvi qəlibləri dağıtmağı bacara bilmişdi. Bunun məntiqi nəticəsi kimi şair İsveç akademiyasının qərarı ilə 1971-ci ildə "fövqəltəbii güclə bütöv bir qitənin həyatını özündə əks etdirən poeziyasına görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü.

O Nobel kürsüsündən dünyaya səsləndiyi "İşıqlı səhərə gedən yolda" adlandırdığı çıxışında əlli ildən çoх davam edən poeziya aхtarışlarının və yaradıcılıq həyatının sirlərini açmağa çalışmışdı:

“Şer yazmağın yollarını kitablardan öyrənməmişəm, öz növbəmdə mən də gənc yazıçılara üslub və ya janrla bağlı məsləhətlər verməyəcəyəm. Çıxışım ərzində keçmiş hadisələri xatırlayıb, unudulmaz xatirələri yada salmağımın səbəbi budur ki, abidəyə çevrilmək üçün yox, özünüifadə üçün zəruri düsturu və köməyi mən həmişə həyatın özündə tapmışam.
Bu uzunmüddətli səyahət boyunca mən, şer yazmaq üçün gərəkli vasitələri aşkar etdim, yerlərdən və göylərdən yardım aldım. Mən inanıram ki, əbədi və ya ötəri olmasından asılı olmayaraq, tənhalıq və həmrəyliyin, emosiya və hərəkətlərin, özünə və insanlara qarşı doğmalıq hisslərinin eyni nisbətdə daşıyıcısı olan poeziya təbiətin sirli qüvvələrinin diqtəsi ilə yaranır”.

Müəmmalı vəfatı
Çili - Nerudanın qalıqları ekshumasiya olunur, ölümünün səbəbini aydınlaşdırmaq üçün, 8 aprel 2013

Çili - Nerudanın qalıqları ekshumasiya olunur, ölümünün səbəbini aydınlaşdırmaq üçün, 8 aprel 2013


Ömrünün böyük hissəsini yazıb-yaratmaqda və siyasi mübarizələr aparmaqda keçirmiş inqilabçı şair sonda bir xəstəliyə qalib gələ bilməyəcəkdi... O, 1973-cü ilin 23 sentyabrında 69 yaşında Santyaqo şəhərində dünyaya gözlərini əbədi yumur.

Rəsmi sənədlər onun vəfatının səbəbi kimi prostat xərçəngini göstərsələr də illər sonra bir çoxları şairin Pinoçet rejimi tərəfindən öldürülməsi ilə bağlı iddiaların ortaya atır. Həm də Nerudanın məhz Çilidəki hərbi çevrilişdən 12 gün sonra vəfat etməsi bu haqda şübhələri daha da artırır.

Çili məhkəməsi inqilabçı şairin 2013-cü ilin 8 aprelində cəsədinin qəbirdən çıxarılması və sümüklərin üzərində ekspertiza aparılması barədə qərar verir.

Nerudanın Pinoçet rejimi tərəfindən zəhərlənməsi məsələsi gündəmə gələndən sonra Çili Kommunist Partiyasının rəhbəri Guillermo Teillier hadisənin araşdırılması üçün məhkəməyə müraciət edir. İddialara görə, Neruda həkimin vurduğu iynədən sonra infarkt keçiribmiş. Şairin köməkçisi və cürücüsü Manuel Arraya da şairin Pinoçetin xəfiyyələri tərəfindən öldürüldüyünü dediyi qeyd edilir.

Nerudanın vəfatından az qala yarım əsrlik bir müddət keçsə də, onun insanın ruhuna oxşayan şeirləri, müxtəlif mövzularda yazdığı orijinal esseləri, maraqlı xatirələrdən ibarət çap edilmiş "Mən də yaşamışam" kitabı hər zaman sadiq oxucuları üçün yeni qalacaq...

Seyid Ramin
Kulis.az

Günün bütün mövzuları

XS
SM
MD
LG