Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:38

Ramil Usubov: «Kimin kimdənsə xoşu gəlmirsə...»


Abşeron yarımadasının xəritəsi
Abşeron yarımadasının xəritəsi
-
BU TƏRƏFİ DƏ AVROPAYA QATA BİLƏRİK, AMMA...

«Ayna» qəzeti Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan ərazisinin 1/16 hissəsinin Avropaya düşməsi haqda məlumatını şərh edir.

Qəzet Avropa ilə Asiya qitələri arasındakı sərhədin Fatmayı ilə Mehdiabaddan keçməsinə toxunaraq qeyd edir:

«Mehdiabaddan bu tərəfi də birdəfəlik Avropaya qata bilərik. Amma bunun üçün coğrafi koordinatları deyil, düşüncə və həyat tərzimizi təftiş etməliyik».

«AZƏRBAYCAN DÜNYADA ƏN SÜRƏTLƏ İNKİŞAF EDƏN DÖVLƏTDİR»

«Azərbaycan» qəzeti yazır ki, Azərbaycan dünyada ən sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətdir:

«ABŞ, İtaliya və Polşanın dünya şöhrətli beyin mərkəzlərinin ölkəmizlə bağlı yaydığı son hesabatlar bunu bir daha təsdiq edir... Uğurla gerçəkləşdirilən yeni neft strategiyasının 2003-cü ildən daha yüksək nəticələrə yol açması, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır».

RAMİL USUBOV: «GET İSTƏDİYİN ADAMA SƏS VER...»

Daxili işlər naziri Ramil Usubov Azərbaycanda prezidentliyə namizədlərin təşviqat plakatlarının cırılması ilə bağlı iddialar haqda danışıb.
Ramil Usubov
Ramil Usubov
ANS-in məlumatına görə, Ramil Usubov AZTV ilə çıxışında bu iddialara cavab verib.

«Kimin kimdənsə xoşu gəlmir. Bunun sivil yolu var. Get seçki məntəqəsində istədiyin adama səs ver, onunla da məsələ bitsin. Amma görürsən ki, gəncdir, yaxud başa düşmür, yaxud öyrədilmiş adamdır, gedir namizədlərdən kiminsə şəklini cırır. Bu cür hallar olanda təbii ki, polis bunun qarşısını alır», - deyə nazir bildirib.

«İNDİKİ MEYDANLAR BİZƏ DAR GƏLİR»

«YAP seçkinin birinci mərhələsində kənd rayonları üzrə 821 görüş keçirib. Görüşlərdə 850 minə yaxın insan iştirak edib».

Bunu Mediaforum saytına Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov deyib. O, Bakıda mitinqlər üçün ayrılmış meydanların kiçik olduğunu bildirib:

«...indiki meydanlar bizə dar gəlir. Özünü Milli Şura adlandıran qurumda radikal müxalifətin hamısı toplanıb, mitinqə 1500-2000 adamı güclə yığa bildilər. YAP-ın Bakıda olan ən kiçik rayon təşkilatının doqquz min üzv var».

ƏLİ KƏRİMLİ: «İNDİ BUYURSUN, İLHAM ƏLİYEV CAVAB VERSİN»

Əli Kərimli
Əli Kərimli
«Nəyinki 8 milyonum yoxdur, heç 80 min dollardan da söhbət gedə bilməz».

AXCP sədri Əli Kərimli «Azadlıq» qəzetinə müsahibəsində onun banklardan 8 milyon manat çıxarması barədə yayılan məlumatlara belə cavab verib:

«İndi buyursun, İlham Əliyev cavab versin. o, hansı pullarla oğlu 11 yaşı olarkən ona Dubayda 74 milyon dollara 9 villa alıb? O, hansı əsasla Daşkəsəndəki 2.5 milyard manat dəyərindəki «Çovdar» qızıl yataqlarını öz qızlarının ələ keçirməsinə şərait yaradıb? Açıqlama versin ki, necə olub, dövlət başçısı olduğu müddətdə ölkədən 48 milyard pul çıxarılıb? İzahat versin ki, ölkənin ən böyük banklarının bir neçəsi onun Səməd Vurğun küçəsindəki mənzilində qeydiyyatdadır, bu qədər bankı hansı yolla əldə edib?...».

NƏ DEBAT KİMİ DEBAT, NƏ DƏ...

«İndiki format nə debat kimi debat, nə dəyirmi masa kimi dəyirmi masa, nə də xüsusi tribuna kimi namizədlərin efir vaxtı sayıla bilər».

«Bizim yol»a müsahibəsində Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov prezidentliyə namizədlərin İctimai Televiziyadakı ödənişsiz çıxışlarını belə qiymətləndirib:

«Hesab edirəm ki, müəyyən edilmiş format səmərəsizdir, bu efirdən də görünür».
Cəbhə bölgəsi
Cəbhə bölgəsi

MÜHARİBƏ RİSKİ

«Zerkalo» qəzeti Azərbaycanla Ermənistan arasında müharibə riskinin artdığını yazır. Qəzet Beynəlxalq Böhran Qrupunun hesabatına istinadən belə qeyd edir:

«Azərbaycanla Ermənistan arasında ziddiyyət yüksək həssaslıq səviyyəsinə çatıb. 2011-ci ildə sülh danışıqları dayandırılıb. Bu tərəflərin silah yarışmasına və amansız ritorikanın intensivləşməsinə səbəb olub...».

AZƏRBAYCANDA AYA 60 MİN MANAT MAAŞ?

«Azərbaycandakı xarici neft şirkətləri adətən maaş məsələsini sirr kimi saxlayırlar, bəzi məlumatlara görə, bu şirkətlərdə əməkdaşlar ayda 20 min manatdan 60 min manata qədər maaş alırlar».

Bunu «Exo»ya müsahibəsində Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyib. O, Azərbaycanda növbəti yüksək maaşın bank sektorunda olduğunu qeyd edir:

«Bu yaxılarda bank rəhbərliyinin müavini vəzifəsinə iş elanı ilə bağlı məlumatda aylıq maaşın 12 min manat olduğu göstərilmişdi».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG