Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:47

Onda Alim Qasımovun bütün ömrü qəbirlər üstə şikəstə oxumaqla keçər...


Aslan Quliyev

Aslan Quliyev

-

...Kefə bax bunda! Mən Alim Qasımovun telefonunu bilirəm, ona zəng eləyəm də. Lap tapdım nömrəsini, zəng elədim, gələrmi?

Zəng eləyim, deyim, bəs Alim qardaş, bu quşbeyin adam Rusiyət səfərindən qayıdanda ölüb. Arzulayır ki, sən onun qəbri üstündə şikəstə oxuyasan. Bilirsən, adama nə deyər?..



Aslan Quliyev


MƏNİM ZAVALLI AZƏRBAYCANIM

(hekayə)


Ölkəmiz çox varlıdır, biz isə çox kasıbıq. Ölkə nə qədər varlanırsa, biz bir o qədər kasıblaşırıq. Varlı ölkədə iş, bir parça çörək pulu tapa bilmədiyimizdən soyuq və nəhəng Rusiyətə üz tuturuq. Rusiyət isə bizi gülər üzlə qarşılamır…

Getməliyk, Saleh dedi. Vaxtdır, mən də razılaşdım, artıq qarlar əriyir, havalar isinir. Beləcə dedik, amma getmədik, getmək bizə ağır gəlirdi.

Qaranquşlar da gəlib, Saleh dedi, artıq çöllərdən yaz suları axır.

Qaranquşlar gəlmişdisə, çöllərdən yaz suları axırdısa, daha gözləyə bilməzdik.

Erkən yazda yola düşdük. Kənddən şosse yoluna qədər uzun yolu piyada gedirdik. Saleh qabaqda, mən də arxasınca. Torpaq yol artıq göyərirdi, üfüqlər qızarır, qarşıdakı təpənin ətəkləri qırmızı, yaşıl rəngə çalırdı.

Təpədə dayanıb arxaya baxdıq, arxada dərəyə yatmış dumandan evlərin yalnız qızaran damları görünürdü. Saleh mamırlı daşın üstündə oturdu, üzünü kəndə tərəf tutub əlini qulağının dibinə atdı və qüssəsi ilə adamın sümüklərinə işləyən səslə oxumağa başladı.

Əziziyəm, arxa, haray,
Su gələr arxa, haray,
Qərib igid, yad ölkədə
anam qurban,
Çağırar arxa, haray!
Haray, dumanlı dağlar, haray!

O oxuduqca başımda tüklərim biz-biz qalxırdı. Hələ öz torpağımızdan aralanmamış, qəribçilik həsrəti qəlbimi göynədirdi.

Ömür bitər, yol bitməz. Düşdük yollara, getdik, getdik….

Moskvada iş tapa bilmədik, gəzə-gəzə gəlib Moskva ətrafındakı bir qəsəbəyə çıxdıq. Qəsəbə meşənin içərisində idi, yaxınlığından çay axırdı. Axşam tərəfi idi, günəş şam meşəsinin arxasına əyilir, ağacların başı alov rənginə çalırdı. Çay qızılı rənglər içində ilğımlanırdı. Qəsəbəyə kədərli sükut çökmüşdü.

Marina adlı orta yaşlı, amma hələ də üz-gözündən gənclik təravəti, qaynarlığı silinməmiş bir qadın həyətində ikimərtəbəli bina tikdirmişdi, təmir elətdirib, yayda bura gələn turistlərə kirayə vermək istəyirdi. Binanın təmirini, işıqlarının çəkilməsini, divarlarının suvanmasını, rənglənməsini altı min dollara danışdıq.

Marina soruşdu:

- Adınız nədir?

- O, Salehdir, mənsə Valeh, - mən cavab verdim.

Qadın başını yırğaladı, belə olmayacaq dedi, mən bunca oxşar adları yadımda saxlaya bilmərəm, sən olursan Cavan lex, bu isə Qoca lex.

Nə gizlədim, bu mənim xoşuma gəldi, halbuki bu sözləri Saleh haqda demək olmazdı, aşkarca narazı qalmışdı. Doğrudur, məndən cəmisi iki yaş böyük idi, amma o qədər araq içib siqaret çəkmişdi ki, sir-sifəti yay günəşinin altında qalan turş meşə alması kimi bürüş-bürüş olmuşdu, məndən xeyli yaşlı görünürdü.

İşə başladıq, Salehin xahişi ilə qadın bizim üçün pivə və siqaret alıb gətirirdi, mən «Baltika» pivəsi içirdim, Saleh isə «Baltika» pivəsi içir, «Kent» siqareti çəkirdi. Pivə içir, siqaret çəkir, işləyirdik.

Bu balaca qəsəbədə müsəlman məscidi var imiş, meşənin kənarında, çayın sahilindəymiş. Günorta çağı məsciddən azan verməyə başladılar. Azan səsi balaca rus qəsəbəsinin, rus evlərinin üzəriylə yayılır, ilğımlanan havaya qarışaraq rus torpağına kədər səpirdi.

Azan qurtaran kimi Saleh balkona çıxdı, əlini qulağının dibinə atıb məlum mahnısını oxumağa başladı: «Qərib igid, yad ölkədə, anam qurban, çağırar arxa, haray! Haray, dumanlı dağlar, haray!»

Çavan, o neyləyir, qadın məndən soruşdu. Artıq lexlər unudulmuşdu, qadın mənə Cavan, Salehə isə Qoca deyirdi. Mən də oxuduğunu dedim. Ola bilməz, qadın razılaşmadı, mənim qızlığım Sibirdə keçib, dedi, axşamlar canavarlar kəndə yaxınlaşır, səs-səs verib ulayardılar. O da eyni ilə canavarlar kimi ulayır.

Etiraz eləyə bilmədim. Bir mahnıdan ötrü qadınla münasibətimi korlamaq, bu qədər çətinliklə tapdığımız işi itirmək istəmirdim. Salehə xəbərdarlıq elədim, ağlını itiribsən, özünü harda zənn eləyirsən? Bu rus qəsəbəsində, sənin dilindən, musiqindən heç nə anlamayanların içində əlini atırsan qulağının dibinə, nə səsin var oxuyursan. Salehsə gözlərini döyürdü, oxuyanda nə olar? Bir şey olmaz, dedim, amma sənin oxumağın qadının yadına uşaqlığını, Sibir kəndini, gecələr kəndə yaxınlaşıb ulayan canavarları salır. Bacardığım qədər yumşaq dedim, adam ayağını rus torpağına basandan sonra dəymə-düşər olurdu, daha birbaşa canavar kimi uladığını demədim.

Axşam işdən sonra həyətdəki hamamda yuyunduq, qovaq ağacının altındakı taxta oturacaqda oturduq, qadın taxta stolun üzərində süfrə açmışdı, pivə içir, şam eləyirdik. Marinanın uşaq bağçasında tərbiyəçi işləyən qızı da gəlib çıxdı. Qızı görən kimi bədənimə titrətmə düşdü. Sifəti, boyun-boğazı günəşdə yanıb tunc rəngi almışdı, gözləri mapmaviydi, qızılı saçlarını arxaya yığıb yoğun hörük hörmüşdü. Bizə başqa planetdən gələnlər kimi maraq və heyrətlə baxırdı. Amma hər ikimizlə mehribancasına görüşdü, gülümsəyirdi.

Anası bizi ona təqdim elədi, bu Cavandır, məni göstərdi, o isə Qoca. Məlum işdir, belə təqdimatdan mən çox razı qaldım, Saleh isə yenidən qaşqabağını tökdü, cavan qıza qoca kimi təqdim edilməsi ona lap möhkəm təsir eləmişdi. Qızın da adı Sveta imiş.

Svetanı eyni ilə ağcaqayına oxşadırdım, ümumiyyətlə bütün rus qızları ağcaqayınlara oxşayırlar, amma Svetada bu oxşarlıq daha güclü idi. Cavan ağcaqayın ağacı kimi dümbədüz, elastiki idi, sifəti ağcaqayının gövdəsi kimi ağappaq idi, qızılı saçları ağcaqayının xışıldayan yarpaqlarını xatırladırdı. Axşam yatmağa gedəndə mənə ikinci mərtəbədə, pəncərəsi çaya baxan otaqda yatdığını, qapını bağlamayacağını dedi və gecədən bir qədər keçəndən sonra iknci mərtəbəyə qalxdım, pəncərəsi çaya baxan otağın qapısı doğrudan da açıq idi və qızın isti bədənini qucaqlayanda da mənə elə gəlirdi ki, cavan ağcaqayın ağacını qucaqlayıram. Amma bu canlı, isti ağcaqayın idi.

Səhərə yaxın öz otağıma qayıtdım, Saleh yerində yox idi, sonradan öyrəndim ki, Marina da gecə yatmağa gedəndə ona pəncərəsi qəsəbəyə baxan otaqda yatacağını və qapını da bağlamayacağını deyibmiş.

Beləcə gündüzlər işləyir, gecələr isə hərə öz otağına çəkilirdi. Çayın üzərindən əsib gələn, özüylə şam meşəsinin, rus evlərinin tutqun qoxularını gətirən sərin mehin dolaşdığı balaca otaqda Sveta günün bütün ağrı-acılarını, qəribçilik həsrətini mənə unutdururdu. Svetanın məndən xoşu gəlmişdi, deyirdi, istəyirsən qal burda, evlənək. Razılaşmırdım, qala bilmərəm, deyirdim, mən evliyəm, vətəndə arvadım, iki oğlum var.

Sveta hirslənirdi, deyirdi, arvadın varsa, niyə ona xəyanət eləyirsən? Onda belə çıxır, arvadın da sənə xəyanət eləyir. Deyirdim, yox, bizim xalqda bu belədir, kişilər mütləq xəyanət eləməlidilər, hətta xəyanət eləyən kişi əsl kişi olur, bununla qururlanır, fəxr eləyir. Kişi xəyanət eləməsə, onun hörməti olmaz. Qadınlar üçünsə xəyanət eləmək onların məhvi, ölümü deməkdir. Xəyanət elədimi, ölməlidir. Yox, özünü öldürməyəcək, onu öldürəcəklər. Xəyanət eləyən kişi qohumları, ərləri.

Sveta yerin içində dikəlir, pəncərədən süzülən ay işığının oynaşdığı geniş açılmış gözlərini mənə dikirdi. Bu nə cür olur, heyrətlə səslənirdi, xəyanət, xəyanətdir. Niyə kişilərə olar, qadınlara isə olmaz? Sonrası da sizlər ilin yarıdan çoxunu burda olursunuz, hardan bilirsiniz arvadlarınızın sizə xəyanət eləmədiyini? Nəyə görə kişisi az qala qarşısına çıxan hər qadınla onu aldatdığı halda, qadın ərinə sadiq qalmalıdır? Boş şeydir, qadın yeddi-səkkiz ay kişisiz qala bilməz. Nəyə görə də qalsın?

Sveta ürəyimə qara şübhə toxumu səpdi. Ancaq neyləyə bilərdim?

Marina həyətdəki taxta stolun yanında manqal, samovar qoymuşdu. Yeməyimizi çox vaxt özümüz hazırlayırdıq. Marina qəsəbənin bazarından bizim üçün ət, toyuq, çörək alır, biz də manqalı yandırır, kabab bişirirdik. Bəzən çaydan balıq tutan uşaqlardan balıq da alırdıq.

Bir gün biz işə ara verib «Baltika» pivəsi içəndə sayğaca baxmaq üçün mantyor gəldi, sayğacın üzərindəki rəqəmləri yazdı, sonra bizimlə oturub pivə içdi, ancaq pivə onu qane eləmədi, samaqon da istədi. Marina evdə deyildi, Sveta onun üçün samaqon gətirdi. Mən bulanıq suya oxşayan bu arağı içə bilmirəm, baş çatladan qoxusundan da zəhləm gedir. Qorxurdum samaqonun iyi həyətə, üst-başımıza hopa, bir də çəkilməyə.

Mantyor əyilib qulağıma pıçıldadı:

- Sənə şeir oxuyummu?

- Mənə? – heyrətlə səsləndim, samaqon qoxuyan bir mantyorun birdən-birə mənə şeir oxuyacağı ağlımın ucundan da keçməzdi.

- Hə də.

Bir şey başa düşməsəm də, razılıq verdim, oxu, dedim. Bu da ucadan şeir deməyə başladı, bəzən ara verir, udqunur, yenidən davam eləyirdi. Mən öləndə məni basdırarsız, əziz Ukraynanın geniş çölündəki kurqanda, qoy ordan qoca Dneprin nəğmələrini eşidim. Öz gözlərimlə Dneprin Ukrayna çöllərindən düşmən qanını necə yuyub apara bildiyini görə bilim. Sonra da məni öz böyük, azad ailənizdə yad eləməyi unutmayın. Ən xoş sözlərlə yad eləyin.

- Kimin şeiridi? – soruşdum.

- Taras Şevçenkonun.

- Rusdu?

- Yox, ukraynalı.

Hirsləndim, dedim, mən Ukraynada çox olmuşam, az qala hər kəndində, qəsəbəsində evlər tikmiş, köhnə evləri təmir eləmişəm, amma bircə ukraynalının belə hansısa kurqanda dəfn edilmək arzusunda olduğunu eşitməmişəm.

Mantyor taraş stəkanı başına çəkib, üstündən bir dilim şor xiyar yeyəndən sonra dedi, sən Ukraynada olubsan, orda nəsə tikibsən, mənsə Ukraynanı qarış-qarış gəzmişəm, soldan-sağa, sağdan sola, çaydan dənizə, dənizdən gölə, kənddən şəhərə. Meşəsini, çayını, şəhərini, çölünü, düzünü! Çiynimdən saç saxlayırdım, trapes şalvar geyirdim, balağı otuz iki santimetr olurdu. Şalvarımın balaqlarında Ukraynanın çöllərinin, düzlərinin tozunu süpürmüşəm, suyunda islatmışam. Sən mənə Ukraynadan danışa bilməzsən.

- Bilərəm! – mən qaşqabaqlı halda dedim.

- Bilməzsən! – o da qaşqabaqlı halda cavab verdi.

Adama qıcıq olmuşam. Az imiş kimi daha bir stəkan samaqon içəndən sonra ayağa qalxıb həyətdə gəzən Svetanın belini qucaqladı, hə, deyir, mənim gözəlçəm, yetər araq içdiyimiz, indi də gedək sevişək. Sveta onun qolları arasından çıxmaq istəyir, amma mantyor buraxmır. Qızı zorla sürüyüb evə aparmaq istəyir. Deyir, nədi, bu qaralardan pisik, onlara qızırqanmırsan, bizə çatanda heyfin gəlir.

Beynimdə hər şey bir-birinə qarışdı, ayağa sıçrayıb mantyorun boynunun kökündən yapışdım, geri dartdım, dönüb heyrtələ mənə baxanda, ağzının üstündən kəllə ilə vurdum. Qoca da köməyə gəldi, əslinə qalarsa, onun köməyinə ehtiyacım yox idi, kəllə adamı yarıcan eləmişdi. Döyür, Ukraynanın bütün toz-torpağını üst-başından tökürdük. Sonda da sürüyüb atdıq həyət qapısından çölə.

Heç bir saat keçməmiş iki polis gəldi, bizi maşına oturdub qəsəbənin polis şöbəsinə apardılar. Orda sarı bığlı, sifətindən zəhər daman bir kapitan düşdü üstümüzə. «Siz qaralar o qədər qudurubsuz, gəlib rus torpağında rusları döyürsünüz?» Mən onu başa salmağa çalışırdım ki, biz əsla qudurmamışıq, rus torpağında rusları döymək fikrimiz də olmayıb. Bu rus dediyiniz rus qızını zorlamaq istəyirdi. Kapitan lap möhkəm hirsləndi, sarı sifəti qıpqırmızı oldu, gillik kimi. «Sizə nə?! – qışqırırdı. – Olmaya biz sizi çağırmışıq ki, gəlib rus torpağında qayda-qanun yaradasınız?»

Dinə bilmədim, bizi çağıran olmamışdı. Biz özümüz gəlmişdik. Amma heç bizim də rus torpağında qayda-qanun yaratmaq fikrimiz yox idi. Sadəcə iş belə alındı.

Kapitan daha iki nəfər pezəvəng çağırdı, bizi zirzəmiyə apardılar. Əllərimizi su borusuna bağlayıb döyməyə başladılar. Onlar vurur, biz bağırırdıq. Ləzzətlə, həzz ala-ala vururdular. Rütubət qoxuyan bu zirzəmidən sağ çıxacağımıza ümidim yox idi. Yalnız yorulandan sonra əl çəkdilər, qollarımızı açıb getdilər.

Tər-su içində idik, ağrılardan, sancılardan qovrulur, zarıyırdıq. Qoca deyirdi, bunlar bizi öldürəcəklər, xəbər tutan da olmayacaq.

Qoca ağlayırdı. Mənim də boğazımı qəhər tutmuşdu.

Yenidən zirzəminin qapısı açıldı, tozlu beton döşmənin üzərinə işıq düşdü. Elə bildik bizi döyməyə gəliblər. Amma gələn polis serjantı idi. Bizi sarıbığ kapitanın yanına apardı. Kapitan bir daha xəbərdarlıq elədi, əyər bir də bir kimsəyə belə çırtma vursanız, vay halınıza! Tabutda vətəninizə yola salacağıq!

Çöldə Marina bizi gözləyirdi. Yalnız onun işə qarışmasından sonra bizi buraxmışdılar. Nəydisə, Marinanın qəsəbədə nüfuzu, hörməti var idi. Evə qayıdırdıq, heç birimiz dinib-danışmırdıq, yolu çətinliklə yeriyir, sərxoş adamlar kimi səntirləyirdik. Bədənimiz, sümüklərimiz sız-sız sızıldayırdı.

Bu gün daha işləyə bilmədik. Qəsəbənin üzərinə axşam qaranlığı çökəndə məsciddən yenidən azan verilməyə başladı və bu gün ilk dəfə də olaraq azandan sonra Qoca balkona çıxıb öz mahnısını oxumadı. Oxumağa heyi-hərəkəti, səsi qalmamışdı.

Svetadan soruşdum:

- Qəsəbədə müsəlman var?

- Yox, - dedi.

- Bəs onda azanı kim verir?

Məlum oldu ki, azan verən rusdur. Azərbaycanın liman şəhərində anadan olub, orda da yaşayıb, azərbaycanlı qız ilə evlənib, islamı qəbul eləyib. Ölkə dağılıb çaxnaşmalar başlayanda, orda nəyi varsa hamısını satıb, arvadı ilə birlikdə bu qəsəbəyə gəliblər. Yer alıb özlərinə ev, sonra da məscid tikiblər. Bu rus özü çox gözəl usta olduğundan tikinti işlərinin hamısını özü görürmüş. Arvadı da ona kömək eləyirmiş. Məscidə də arvadının adını verib, «Sara» məsçidi, arvadı öləndən sonra onu məsciddə dəfn eləyib. Bu kənddəki yeganə müsəlman torpağında. O vaxtdan da ibadətlə məşğuldur, gündə üç dəfə azan verir. Əvvəl adamlar buna kəskin reaksiya verirmişlər, sonra alışıblar.

Svetanın dedikləri məni kədərləndirdi, müsəlman rus öləndən sonra məscid bağlanacaq, azan verən olmayacaqdı.

Səhərisi yenidən işə başladıq. Bədənimizin ağrı-acıları tam çəkilmədiyindən çətinliklə işləyirdik. Arada oturub dincimizi alırdıq, Qoca siqaretini çəkir, mənsə balkona çıxıb qəsəbəyə, qəsəbənin kənarındakı şam meşəsinə və uzaqlarda lent kimi qıvrılan çaya baxırdım.

Nahar vaxtı heç gözləmədiyimiz halda mantyor yenə də gəldi. Salam vermədən keçib taxta oturacaqda mənimlə yanaşı oturdu.

- Niyə gəlibsən? – ondan soruşdum.

- Sənə nə? - həyasızcasına dedi.

Ayağa qalxıb onun çiynindən yapışdım, mantyor dartınıb əlimdən çıxmaq istəyəndə başımla ağzının üstündən vurdum. Bu dəfə Qoca mənə kömək eləmirdi, heç ehtiyac da yox idi. Mantyoru əzişdirib həyətdən qovdum.

Yenə polis gəldi, yenə bizi aparıb zirzəmiyə saldılar və döyməyə başladılar. Qoca qışqırırdı, neyləyirsiniz, mən ona əlimi də vurmamışam. Doğrudur, dedilər, vurmayıbsan, amma mane də olmayıbsan. Bir qara cürət eləyib rusu döyməyə qalxarsa, ikinci qara sakit qalmamalı, ona mane olmalıdır.

Yenə Marina gəlib bizi azad elətdirdi. Vah! Səhərisi yenə mantyor gəldi. Başımdakı bütün cinlər bir-birinə qarışdı, cinlərim qarışanda da neylədiyimin fərqində olmuram. Mantyorun üzərinə kəllə, təpik, yumruq yağışı yağırdı. Qoca isə eləmə tənbəllik, dur ayağa, mantyoru əlimdən almağa çalış. Ona da bir kəllə getdim!

Yenə polis gəldi, yenə bizi apardılar. Qoca özünü təmizə çıxartmağa çalışırdı, bir qara rusu döyəndə ikinci qara sakit qalmadı, rusu onun əlindən almağa çalışdı. Doğrudur, dedilər, amma əməlli can yandırmayıbsan. Bu isə elə sakit qalmaq kimi bir şeydir.

Amma bu dəfə bizi döyməyə macal tapmadılar, Marina vaxtında özünü yetirib, bizi onların əlindən aldı. Çöldə deyirdi ki, gördüm belə olmayacaq, məsələyə birdəfəlik əncam çəkdim. O bir də gəlsə, ölümünə vurun. Daha polis gəlməyəcək.

Polis gələcəkdi, gəlməyəcəkdi, məlum deyildi, amma mantyor daha gəlmədi. Onu ölmünə döyəsi olmadıq, polis də gəlmədiyinə görə bizi ölümünə döyəsi olmadılar.

Sentyabrın ortalarında işimizi qurtardıq, Marina gətirib bizə altı min əvəzinə üç min dollar verdi, dedi ki, biz altı minə danışmışdıq, amma siz üç min dollarlıq pivə içib, siqaret çəkibsiniz. Mən sizə pivə, siqaret almağı öhdəmə götürməmişdim.

Etiraz eləyə bilmədik, haqlıydı, nəyə görə də bizim üçün pivə, siqaret almalıymış. Şeylərimizi yığışdırıb avtobus dayanacağına doğru getdik. Sevta bizi ötürürdü. Dayanacağa çatmağa bir az qalmış ayaq saxladıq. Svetanın saçlarından, dodaqlarından möhkəmcə öpdüm və Moskvaya gedən avtobusa mindik.

Eh, Moskva, Moskva! Bir damla su okeanda itib-batan, yoxa çıxan kimi bu nəhəng şəhərdə itib batdıq. Gəzir, iş axtarırdıq. Hər yerdə də azərbaycanlılarla rastlaşırdıq. Bu zaman Qocanın qeyri-adi bir istedadı üzə çıxmışdı, yüzlərlə adamın içindən belə azərbaycanlını asanlıqla tanıyırdı. Bir də gördün saçları sarışın, gözləri dəniz suyu kimi mavi olan, mənim hesabımla təkcə özü yox, bütün əcdadları da rus olan birisinə yaxınlaşdı, ondan öz dilimizdə soruşdu:

- Hardansan, qardaş?

O da təmiz öz dilimizdə cavab verir, hardan olduğunu deyirdi. Yahu, nə günlərə qaldıq, ölkə belə istedadlı adamları şimal ölkəsinə bir parça çörək dalınca getməyə vadar eləmək əvəzinə, onlardan istifadə eləməlidir. Təhlükəsizlik orqanlarında belə adamlara necə ehtiyac var! Minlərlə adamın içindən sənin üçün kimin azərbaycanlı olduğunu, kimin də olmadığını müəyyən eləsin!

Qocanın «Hardansan, qardaş?» sualı ara vermirdi, hər sualına da öz dilimizdə müxtəlif cavablar eşidirdik. «Lənkərandanam, Naxçıvandanam, Ağsudanam, Bakıdanam, Yardımlıdanam!»

Bəzən mənə elə gəlirdi belə gedərsə, bütün ölkə gələcək və oralarda bircə adam da qalmayacaq. Kənd-kənd, şəhər-şəhər gəlirdilər.

Öz yerlilərimizi tapırdıq, amma iş tapa bilmirdik. Nəhayət çoxmərtəbəli binada bizə iki mərtəbənin suvağını təklif elədilər, münasib qiymətə razılaşıb işə başladıq. Nahar fasiləsində Qoca yenidən balkona çıxıb əlini qulağının dibinə atdı və öz mahnısını oxumağa başladı. Onun səsi qəsəbədə olduğu kimi yayılmır, böyük şəhərin boğuq səs-küyü içində itib batırdı.

İş icraçısı yanımıza gəldi, məndən soruşdu:

- O niyə ulayır?

- Ulamır, - pərt halda dedim.

- Bəs neyləyir? – icraçının sifəti uzandı.

- Oxuyur.

- Gör sənə nə deyirəm, - icraçı xəbərdarlıq elədi, - o bir də balkona çıxıb ulasa, ya da sən deyən kimi oxusa, məndən sizə bir qəpik də yoxdur.

O gedəndən sonra Qocaya dedim ki, daha oxuma, yoxsa icraçı bizə pul verməyəcək. Sənin üç min dollarlıq siqaret çəkməyin hələ də məni yandırır, indi bu da pulumuzu verməsə, səni boğub öldürərəm. Könülsüz halda, yaxşı, dedi, oxumaram. Amma sən çox da şişirtmə, biz üç mini təkcə siqaretə verməmişik, çoxu pivəyə gedib.

Adamları həmişə belə gördüm. Tərəddüd eləmədən, həvəslə söz verirlər, əməl eləməyi isə bir qayda olaraq unudurlar. Qoca söz versə də, səhərisi yenə balkona çıxıb, əlini qulağının dibinə atdı. İş icraçısı dərhal da gəldi.

- Sənə nə demişdim? – qısaca soruşdu.

- O unudub, - deməyə söz tapa bilmədim.

- Mənsə unutmayacağam, - yenə də qısaca dedi və çıxıb getdi.

Qocanı məzəmmətləyirdim, o isə əlini yelləyirdi, boş sözdür, deyib, deyib də. Oxumasam bağrım çatlar.

Yaxınlıqdakı yataqxanada bizə yer də vermişdilər. Orda qalır, ət, kartof alıb özümüz yemək bişirirdik. Marinanın verdiyi pulun adama min dollarını evə göndərmişdik. Hərəmizin beş yüz dollarımız var idi və işin sonuna qədər qənaət eləyib çatdıra bilərdik. Yeməyə qənaət eləyirdik, amma arağa, «Baltika» pivəsinə və «Kent» siqaretinə gələndə isə, israfçılığa yol verirdik.

Gündüzlər işləyirdik, arada Qoca balkona çıxıb əlini qulağının dibinə atır, öz mahnısını oxuyurdu. Qəribə də olsa, icraçı daha bircə dəfə də gəlib iradını bildirmirdi və mən onun aramızdakı söhbəti unutduğunu güman eləyirdim.

Gecələr isə çoxdan Moskvada olanlar tanış qızlarını yataqxanaya dəvət eləyirdilər, məlum işdir, bizi də yaddan çıxartmırdılar. Qızlarla araq içir, sonra da öz otağımıza çəkilirdik. İlk vaxtlar Qoca darısqal otaqda, mənim gözümün qabağındaca qızla yatağa girmək istəmirdi, sonra alışdı.

Yanımıza nə qədər çox qızlar gəlirdisə, mən bir o qədər təşvişə düşürdüm. Qoca, deyirdim, bizim tezliklə vətənə qayıtmağımız lazımdı. Axı bizim arvadlarımız da orda qalıb. Qocanın vecinə deyildi, qalsın da, nə olasıdı? Mənimsə şübhə içimi gəmirirdi. Həm də soyuqlar düşdükcə qəribçilik həsrəti dözülməz olurdu, soyuğa, şaxtaya hopub bizi sıxdıqca sıxırdı.

Noyabrın sonunda işimizi qurtardıq. Pulumzu almaq üçün iş icraçısının yanına getdik. Bu isə bizə pul vermək əvəzinə, qapını göstərdi, Cəhənnəm olun, dedi, sizə deməmişdimmi o bir də balkona çıxıb ulasa, qara qəpik də almayacaqsınız? Demişdim, o isə çıxıb uladı.

Qulaqlarıma inana bilmirdim, onun üstünə tullanıb başımla ağzının üstündən vurmaq istəyəndə sanki divarlar aralandı və beş-altı pezəvəng girdi içəri. Başımla bir-ikisini vurub yerə sərə bildim, amma bu qədər adama neyləyə bilərdim. Mənim onlara kəllə atmağımdan daha da quduzlaşmışdılar, mitilimizə vurdular.

Birtəhər gəlib Kazan vağzalına çıxdıq, dedik bəlkə həmyerlilərimizdən birinə rast gəlib, yol pulu ala bildik. Tanış adam tapılmadı. Gecəni vağzalda keçirtdik. Səhər birdən ağlıma gəldi Svetaya zəng eləyib, ondan yol pulu istəyim. Ayrılanda qız telefon nömrəsini mənə vermişdi.

Zəng elədim, Sveta harda olduğumu soruşdu və dedi, uzağı iki saata gələcək. Doğrudan da dediyi vaxtda gəldi. Bizə üç min dollar verdi. Dedi, anamla biz sonradan sizə qarşı haqsızlıq elədiyimizi başa düşdük. İşinizi vicdanla gördünüz, hamının da xoşuna gəlir. Siz qonaqdınız, nə almalıydıqsa, sizin üçün biz almalıydıq. Ya da azından əvvəlcədən pivəni və siqareti öz pulunuza almalı olduğunuz haqda xəbərdarlıq eləməliydik.

Heç gözləmədiyimiz halda işimiz düzəldi, biletləri aldıq, yol üçün tədarük gördük, çörək, araq, kolbasa və sular aldıq. Sveta da bizə kömək eləyirdi, hər nəydisə qız bu gün daha gözəl görünürdü. İşim düzəldiyinə, vətənə gedə biləcəyimə sevinsəm də, Svetadan ayrılacağımı fikirləşəndə qüssələnirdim.

- Mənə niyə elə baxırsan? – Sveta soruşdu.

- Səni istəyirəm, - pərt halda dedim.

- Mənim etirazım yoxdur, amma harda?

Birdən sanki yuxudan ayıldı, məndən qatarın yola düşməsinə nə qədər qaldığını soruşdu, saata baxıb, bir saat qaldığını deyəndə yandırıcı təbəssümlə gülümsədi. Bəxtin var imiş, gedək, deyə qolumdan yapışıb arxasınca apardı. Vağzaldakı inzibatçıdan qonaqların gecələməsi üçün nəzərdə tutulan otaqlardan birini aldı. Qapını açıb içəri keçəndə səsgücləndirici ilə hansısa qatarın yola düşdüyü haqda məlumat verildi. Mən fərqində deyildim, tezliklə Svetanı qucaqlamaq arzusundaydım, amma Sveta mənə tərəf dönəndə çaşıb qaldım. Qızın sifətində qorxu ifadəsi var idi. Sizin qatar yola düşür, dedi.

Az qala iki-üç pilləni birdən tullanaraq qaçırdım. Sveta da arxamca qaçırdı. Elə qaça-qaça da yadıma düşdü ki, Moskva vaxtı ilə öz vaxtımızı dəyişik salmışam. Mən çatanda artıq qatar tərpənirdi, Qoca da ora-bura vurnuxur, neyləyəcəyini bilmirdi. Məni görən kimi də qatara sıçradı. Mən də bir təhər minə bildim. Yalnız bundan sonra qapının yanlarından yapışıb geriyə baxdım. Sveta qatarın arxasınca qaçır, mənə əl eləyirdi, külək donunun ətəklərini, saçlarını yelləyirdi. Heç olmaya qızı öpə bilmədiyim üçün yanıb yaxılırdım

Ağlayırdım, taqqıltı salaraq uzaqlaşan qatar sürət götürdükcə də, külək üz-gözümə çırpılır, göz yaşlarımı işıldayan qara relslərin üzərinə, artıq donmuş sirli və daima bizi özünə cəzb eləyən rus torpağına səpirdi.

Gəlib kəndimizə gedən yol ayrıcında avtobusdan düşəndə günortadan xeyli keçmişdi. Hər tərəf qar idi, qarın üzəriylə soyuq külək əsirdi. Düzəldik yola. Gecə yarsına ancaq gedib kəndə çatardıq. Üst-başımız qalın deyildi, üşüyürdük. Qızınmaq üçün yeyin gedirdik, ancaq bir azdan yorulduq, addımlarımızı ağır-ağır atırdıq.

Qarlı, palçıqlı yolla yoxuşları qalxmaq əsl əzab idi. Mən yenə birtəhər gedirdim, Qocanın isə getdikcə vəziyyəti çətinləşirdi. Nəfəsini çiyinlərindən alır, sifəti saralırdı. Deyirdi, polislər, sonra da icraçının adamları döyəndə ciyərlərimi zədələyiblər, hamısı ondandır.

Bir təpəni də aşıb düzənliyə çıxandan sonra oturdu qarlı daşın üstündə, dedi, ölürəm. Məni apararsan kəndə, qoymazsan dərhal dəfn eləsinlər, Alim Qasımova zəng elərsən, gəlib qəbrim üstə «Şirvan şikəstəsi» oxuyar, sonra dəfn elərsiniz. Yenə də başımdakı cinlərim qarışdı bir-birinə. Dedim, yer üzündə səndən əclaf adam yoxdur. Hara ölürsən? Lap öldün, özüm gedə bilmirəm, səni kəndə necə aparacağam? Öldün ki, elə burdaca qara quylayıb çıxıb gedəcəyəm. Kefə bax bunda! Mən Alim Qasımovun telefonunu bilirəm, ona zəng eləyəm də. Lap tapdım nömrəsini, zəng elədim, gələrmi? Zəng eləyim, deyim, bəs Alim qardaş, bu quşbeyin adam Rusiyət səfərindən qayıdanda ölüb. Arzulayır ki, sən onun qəbri üstündə şikəstə oxuyasan. Bilirsən, adama nə deyər?

- Sən zəng elərsən, - yenə də dedi.

- Elməyəcəyəm! – hirslə dedim.

- Əclaf adamsan! – dedi və rəngi bir az da saraldı.

- Yaxşı! – dedim. - Təki sən öl! Zəng elərəm.

- Sağ ol, - dedi və böyrü üstə daşın yanında şəpə vurmuş qarın içinə aşdı.

Yaxınlaşıb baxdım, adam haçan ölmüşdü. Bəlkə də ruhunu çoxdan tapşırıbmış, mənimlə danışan cansız bədəni imiş. Sarsılmışdım, bir tərəfdən qəhər məni boğurdu, digər tərəfdən də çaşıb qalmışdım. Bunu burda qoyub getsəydim, meyitini çölün qurdu-quşu didib parçalardı. Nə qədər çətin də olsa, aparmalıydım. Qarşıdakı təpənin arxasında bir kənd var idi. Ora kimi apara bilsəydim, orda kömək istəyərdim.

Meyiti birtəhər çiynimə alıb yola düzəldim. Zülümdü. Gedir, dayanıb nəfəsimi dərir, təzədən yoluma davam eləyirdim. Qocaya hədsiz acığım tutmuşdu, dediyim kimidir, deyinirdim, sən əsl əbləhsən, yəni yer üzünün ən axırıncı əbləhisən. Kəndə kimi gözləyə bilməzdinmi? Bu qədər dözdün, ölmədin, gəldin burda gəbərdin, məni də zülümə saldın. Amma indi hər nədi, ölübsən, sənə də söz vermişəm. Necə deyibsənsə, elə də eləyəcəyəm. Alimə zəng eləyəcəyəm, amma başqa bir söz desə, goruna söyüb it kimi qəbrə quylayacağam. Deyəcəyəm, bax, bu da sənə şikəstə! Bir halda vaxtında, yerində ölmədin, adam kimi öl! Alim gəlib hər sənin kiminin qəbri üstə şikəstə oxusa, onda bütün ömrü qəbirlər üstə şikəstə oxumaqla keçər.

Yolun kənarındakı kəndə çatanda əldən-dildən düşmüşdüm. Artıq çoxdan qaranlıq düşmüşdü. Hər addımı atmaq üçün bütün gücümü toplayır, yıxılmamağa çalışırdım. Tərs kimi kəndin kənarındakı ilk evə çatanda iki it hürə-hürə üstümə cumdu. Yanımdakı çəpərdən bir çubuq çəkib çıxartdım. Bir əlimlə meyiti tutmuşdum, o biri əlimlə də çubuğu fırlayır, itlərdən qorunurdum.

Nəhayət elektrik işığının zəif işıqlandırdığı həyətə çatanda topasaqqal birisi çöl qapısını açıb həyətə çıxdı, itlərə acıqlandı. Yalnız bundan sonra məndən soruşdu:

- Kimsən?

- Qonağam, - dedim.

- Çiynindəki nədir?

- Ölüdür.

- Sən öldürübsən? – şübhəylə soruşdu.

- Yox, özü ölüb.

- Öz əcəliylə?

Mən ayaq üstə güclə qalıram, axırıncı gücümü toplamışam, bu isə rəhmə gəlib məni içəri dəvət eləmək əvəzinə, suallarını yağdırır. Dedim, ay qardaş, özü ölübsə, demək, öz əcəliylə ölüb. Mən öldürsəydim, bura niyə gətirirdim? Rusiyətdən qayıdırdıq, yolda öldü.

Öldü, sən də atdın çiyninə gətirdin mənim evimə, kişi dilxor halda dilləndi. İndi mən sənin bu ölünü neyləməliyəm? Olmaya molla çağırmalıyam, onu aparıb bu qarda-qırğında dəfn eləməliyəm?

Yıxılmamaq üçün evin divarına söykəndim, dedim, mollaya ehtiyac yoxdur, mən onu öz kəndimizə aparıb orda dəfn eləməliyəm. Hələ Alimi də çağırmalıyam ki, gəlib onun qəbri üstə şikəstə oxusun. Gələr, ya gəlməz, sonrakı söhbətdir. Sən sadəcə bu gecəliyə bizə yer ver, sabah çıxıb gedərik öz yolumuzla.

Topasaqqal əsdi, coşdu, dedi, özüm ölərəm, amma yad bir ölünü qapımdan içəri buraxmaram. İndi necə olsa, müsəlmanıq, get samanlığa, uzan yat orda öz ölünlə, sabah tezdən də, hava işıqlanmamış çıxıb gedin, gözüm sizi görməsin. Nə təkid eləməyə, nə də ona yalvarmağa taqətim yox idi. Heç yalvarsaydım da, məni evinə buraxan deyildi.

Kişi samanlığın harda olduğunu da göstərdi, tövləyə bitişik idi. Getdim samanlığa, taxta qapını açıb içəri keçən kimi də xoş bir istilik vurdu məni. Meyiti küləş dərzlərinin üzərinə uzatdım, özümsə quru samanın üstündə oturub belimi dərzə söykədim. Bədənimlə xoş bir rahatlıq, istilik yayılırdı.

Birdən sanki yuxudan ayıldım, qaranlıq samanlıqda ölü ilə tək qaldığımı fikirləşəndə başımda tüklərimin qalxdığını hiss elədim. Bədənimə titrətmə düşdü. Burda qala bilməyəcəkdim, ayağa qalxıb, az qala samanlıqdan qaçaraq çıxdım. Qapını da arxamca bağladım. Çöldə şaxta adamı dara çəkirdi, isti yerdən çıxandan sonra əsməcəyə düşdüm, qorxumdan içəri də qayıda bilmirdim. Tövlənin qabağında quru yer var idi, orda ot səbətinin üstündə büzüşərək oturdum. Bir azdan ev sahibi gəldi, mənim üçün termosda çay, pendir-çörək gətirmişdi.

- Burda neyləyirsən? – heyrətlə soruşdu.

- Orda qala bilmədim, - dilim söz tutmurdu.

- Qorxdun?

- Sən ölü ilə bir yerdə yata bilərsən?

- Niyə də yatmalıyam? – kişi çiyinlərini çəkdi.

Əllərim əsə-əsə termosun qapağını açıb, aliminium fincana çay süzdüm. İsti çaydan kiçik qurtumlarla içir, qızınmağa çalışırdım. Kişiyə deyirdim, sən ölünü evə qoymaq istəmirdin, ölü qalsın samanlıqda, evdə mənə bir yer ver. Səhər tezdən durub gedərəm.

Kişi razılaşmadı, dedi, sən meyitə toxunubsan, onu çiyninə götürmüşdün, üstündə meyit qüsulu var. Səni evə buraxa bilmərəm. Gərək hamamlanasan, qüsul verəsən, biz bu gün hamamı yandırmamışıq.

Kişi çıxıb getdi, mənsə termosdakı çayın hamısını içdim, pendir-çörək yedim. Azacıq qızınsam da, titrətməm keçməmişdi. Çöldə qala bilməyəcəyimi görüb, tövləyə keçdim. Peyin qoxusu verən tövlə samanlıqdan da isti idi. İnəklər arada fınxırır, quzular mələyirdi. Axurun içinə girib otların içinə uzandım və dərhal da yuxuya getdim.

Ev sahibi dan yeri təzəcə söküləndə məni oyatdı, yenə də bir termos çay, pendir-çörək gətirmişdi. Çayını iç, çörəyini ye, ölünü də götür, çıx get.

Ona dedim mənə bir atlı tap, meyiti atın üstünə qoyub aparaq, pulunu verərəm. Qəti razılaşmadı. Dedi, bizim kəndlə sizin kənd arasında qan düşmənçiliyi var, heç kim sənin ölünü aparmağa razı olmaz.

İki fincan çay içdim, pendir-çörkə yedim, çörəyin qalanını da kişinin gətirdiyi sellofon torbaya qoyub, iplə belimə bağladım ki, yolda acaramsa yeyim. Samanlığa gedib meyiti çiynimə aldım. Qarlı cığırla yenidən yola düzəldim.

Gedir, arada dayanıb dincimi alır, nəfəsimi dərir, yoluma davam eləyirdim. Kənddən bir qədər aralanandan sonra gördüm şəpə yolu kəsib. Başa düşdüm ki, bu vəziyyətdə meyiti aparıb kəndə çıxarda bilməyəcəyəm. Qərara aldım şəpəni qazıb meyiti burda basdırım, kəndə gedim, iki-üç atlı gətirim.

Meyiti qarın içinə uzatdım. Yolun kənarındakı ağac budağını götürüb qarı eşməyə başladım. Qarın yalnız üstü donmuşdu, altı yumşaq idi. Böyük bir çuxur qazmağım çətin olmadı. Meyiti birtəhər götürüb çuxura uzatdım.

Hə, Qoca, dedim. Məni bağışla, səni burda qoyub gedəcəyəm. Mən gələnə qədər tülkü-çaqqal yəqin meyitini parçalamaz. Qismət beləymiş, gələn bahar sənsiz Rusiyətə getməli olacağam.

Birdən Qocanın üzünün titrədiyini gördüm, məni qara basdığını zənn elədim, amma yox, Qoca gözlərini açırdı. Ayağa qalxmaq, qışqırmaq istəyirdim. Nə ayağa qalxmağa, nə də qışqırmağa taqətim yox idi. Yerimdəcə donub qalmışdım.

Qoca mənə heyrətlə baxırdı.

- Mən hardayam? – zəif səslə soruşdu.

- Sə…ən…- dilim söz tutmurdu.

- Mənə nə olub?

- Sən ölübsən! – nəhayət deyə bildim.

- Ölmüşəm? – inamsızlıqla səsləndi.

- Ölmüşdün, - təsdiq elədim, - amma deyəsən dirilirsən.

Mənə heyrətlə baxırdı, çətinliklə də olsa dikəlib oturdu. Nəhayət mən özümə gəlib baş verənləri ona danışdım. İndi də o mənə inanmırdı. Ölməyini, dirilməyini yaxın buraxmırdı. Ola bilsin bir anlığa huşunu itirdiyini deyirdi.

Ayağa qalxmağa qıçlarının taqəti yox idi, ac olduğunu deyirdi, torbadan pendir-çörəyi çıxardıb ona verdim. Yedi, cana gəldi. Ayağa qalxdı və yola düşdük. Hələ də baş verənlərə inanmasam da, sevincimdən uçmağa qanadım yox idi. Qoca ölməmişdi, sağ idi, gələn bahar, qarlar əriyəndə Rusiyətə birlikdə gedəcəkdik.

Günortaya yaxın gəlib kəndimizin yuxarısındakı təpəyə çatdıq. Burdan qar basmış kəndimiz görünürdü. Evlərin damını qar örtmüşdü, soba borularından qalxan tüstü havaya millənmişdi. Mən hətta sobalarda yanan palıd, fısdıq odunlarının qoxusunu da hiss edirdim.

Qoca gedəndə üstündə oturduğu həmən daş üstə oturdu. Əlini qulağının dibinə atıb tük ürpərdən səslə oxumağa başladı.

Əziziyəm, arxa, haray,
Su gələr arxa, haray,
Qərib igid, yad ölkədə….

O oxuyur, mənimsə qəlbimi qüssə didirdi. Qışı kənddə sobanın böyründə uzanıb qızınacaqdıq, çöllərdən ilk bahar suları axanda isə yenidən yola düşəcəkdik. Yenidən qürbət yolçuluğu başlayacaqdı. Eh, mənim zavallı Azərbaycanım!

Qoca oxuyub qurtarandan sonra başı hərəkətsiz halda çiyninin üzərinə düşdü. Elə bildim yenə də öldü, yanına qaçdım. Ölməmişdi, sağdı, yalnız yanaqları saralmışdı. Deyirəm, çalış ölmə. Ürəyimə damıb, bir də ölsən, dirilməyəcəksən.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG