Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:19

Coğrafiya İnstitutu: Novxanı Avropanın hüdudlarına daxildir


-
26 sentyabr - AzadlıqRadiosu Azərbaycanın media icmalını hazırlayıb:

QARABAĞ ƏLİLLƏRİ ETİRAZA QALXDI
«Vətən Müharibəsi Əlilləri İctimai Birliyi»nin üzvləri Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar nazir Fikrət Məmmədovun onları qəbul etməsini tələb edib. Onların əsas tələbi 4 ildir yaratdıqları cəmiyyətin qeydiyyatdan keçirilməməsidir.
Kamaləddin Heydərov

Kamaləddin Heydərov

«Azadlıq» qəzeti yazır ki, «əlillər deyir ki, 4 ildir bizə deyirlər ki, gedin bir aydan sonra gəlin. İndi də məsələyə oktyabrın 10-dan sonra baxılacağını deyirlər».
NAZİRİ İMİŞLİYƏ DƏVƏT EDİRLƏR
2010-cu ilin yazında çay daşqınlarının təsirinə məruz qalmış bir qrup İmişli sakini fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib.
«Mediaforum» saytının məlumatına görə, sakinlər deyir ki, «Bizim ev və təsərrüfatlarımız 2010-cu ilin yaz daşqınları zamanı ciddi təsirə məruz qalıb. Ötən müddət ərzində daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində büdcədən xeyli vəsait ayrılsa da, dövlət qayğısından kənarda qaldıq. 3 ilə yaxındır məhkəmə yollarındayıq.
Evlərimizin hazırkı durumunu gözlərinizlə görməniz üçün sizi İmişliyə dəvət edirik. Gəlin evimizə baxın və özünüz qiymət verin».
AKİF MURADVERDİYEV İLHAM ƏLİYEVİ DƏSTƏKLƏYİR
Akif Muradverdiyev

Akif Muradverdiyev

«Bizim Yol» qəzeti yazır ki, prezidentin sabiq işlər müdiri, hazırda MTN təcridxanasında saxlanan, Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) maddəsi ilə barəsində cinayət işi başlanmış Akif Muradverdiyev ölkə vətəndaşlarına müraciət edib. O, seçiciləri İlham Əliyevə dəstəyə dəvət edir: «Şübhə etmirəm ki, sizlərin müdrikliyi sayəsində üçüncü dəfə Azərbaycan prezidenti kimi İlham Əliyevi təbrik edəcəyik».
Akif Muradverdiyev bu ilin iyununda həbs olunub. O, qaçaqmalçılıqda ittiham olunur.
NİYƏ MERKEL ÜÇÜNCÜ DƏFƏ İQTİDAR OLA BİLƏR, İLHAM ƏLİYEV YOX?
«Yeni Müsavat» qəzeti bu mövzu ilə bağlı ekspertlərin rəyini öyrənib. Politoloq Hikmət Hacızadə deyib ki, «Almaniya vətəndaşları parlament seçkilərində Angela Merkelin rəhbərlik etdiyi partiyaya, onun qurduğu koalisiyaya səs verib. İlham Əliyev isə iki dəfə xalqdan səs almayaraq prezident kürsüsündə əyləşib və üçüncü dəfə də bu postu saxlamaq üçün inzibati resurslarını işə salıb. Almaniyada tərəflərin hər birinə azad rəqabət imkanı tanıyan azad seçki mühiti ilə Azərbaycandakı biabırçı saxtakarlıqların baş alıb getdiyi seçki mühitini müqayisə etmək mümkün deyil. Əgər Azərbaycanda demokratik seçki olsaydı və İlham Əliyev hətta 3 deyil, 7-ci dəfə qalib gəlsəydi, mən onu təbrik edərdim. Ancaq indiki halda iki ölkədəki seçkiləri müqayisə etmək heç bir məntiqə sığmır».
AZƏRBAYCANIN AVROPA HÜDUDLARINA DAXİL OLAN ƏRAZİLƏRİ AÇIQLANIB
​Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutun direktor əvəzi Ramiz Məmmədov Trend agentliyinə bildirib ki, Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür. Azərbaycanın Avropaya düşən hissələri Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, Şabran və Xaçmazın ərazisinin bir hissəsi, Xızı rayonun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanı daxildir. Qitənin sərhədləri Fatmayi ilə Mehdiabadın arasından keçir və buradan keçdikdən sonra Şüvəlanın ərazisinin də çox hissəsi Avropaya daxil olur. Azərbaycanda Avropanın sərhədinin hüdudları təxminən Abşeron rayonun Zirə qəsəbəsində tamamlanır. Zirənin yarısı Asiya, yarısı isə Avropa hüdudlarına daxildir. Bakı tam olaraq Avropanın hüdudlarına daxil olmur. Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropanın hüdudlarına daxildir. Ümumilikdə, Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya aid olur»
«Azərbaycan» qəzeti Mehriban Əliyevanın Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq bağçasının binasının yenidənqurmadan sonra açılışında iştirak etməsindən yazıb:
«Mehriban xanım Əliyeva Buzovnadakı bağçaların sayı və oradakı vəziyyətlə maraqlandı. Məlumat verildi ki, qəsəbədəki altı bağçadan dördü artıq əsaslı təmir olunmuş və yenidən qurulmuşdur. 289 nömrəli məktəbəqədər təhsil müəssisəsində yaradılmış şərait də uşaqlara ən yüksək səviyyədə təlim-tərbiyə keçməyə geniş imkan verir».
Hilal Məmmədov məhkəməyə gətirilən zaman

Hilal Məmmədov məhkəməyə gətirilən zaman

HİLAL MƏMMƏDOV BARƏSİNDƏ SENTYABRIN 27-DƏ QƏRAR ÇIXARILACAQ
«Turan» agentliyinin məlumatına görə, «Tolışi sədo» qəzetinin redaktoru Hilal Məmmədovun işi üzrə prosesdə vəkillərin yekun çıxışları başlayıb.
Vəkil Ramiz Məmmədov müvəkkilinin təqsirinin sübutu olmadığını bildirib. Deyib ki, H.Məmmədov saxlandıqdan dərhal sonra ona hüquqları izah olunmayıb, vəkili ilə görüşməyə icazə verilməyib.
Vəkil bildirib ki, H. Məmmədov ifadə azadlığına görə həbs edilib. Belə ki, onun İnternetdə yerləşdirdiyi «Tı, kto takoy, davay do svidania!» klipi çox məşhurlaşıb.
Bununla əlaqədar olaraq, NTV-nin çəkiliş qrupu gəlib, folklor festivalı haqqında reportaj hazırlayıb. Bundan sonra Hilal Məmmədov videomaterialın altına qeyd yazıb ki, o, bir kliplə Azərbaycanı hakimiyyətin böyük vəsait xərcləyərək «Eurovision» keçirməklə məşhurlaşdırdığından daha çox məşhurlaşdırıb.
Məmmədovun yekun çıxışı 27 sentyabr saat 12.00-a təyin edilib, elə həmin gün onun barəsində hökm oxunacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG