Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:08

Bəlkə kitabları belə oxuyaq?


-

DÜNYADA KİTAB KLUBLARI

Qərb ölkələrində kitab klubları geniş yayılıb. Bu, eyni kitabı, yaxud kitabları oxumağa qərar verən və sonra da onu müzakirə edənlərin klubudur.

Belə klubları yaradanlar evlərdə, kitabxanalarda, kitab dükanlarında, pablarda, yaxud İnternetdə, sosial şəbəkələrdə toplaşırlar.

Kitab klublarının müxtəlif növləri var:

1. Bir kitabı müzakirə edən klublar. Adından da göründüyü kimi klub üzvləri əvvəlcədən razılaşıb eyni kitabın nüsxələrini alırlar, yaxud kitabxanadan götürürlər. Bu, təzə çıxan kitab da ola bilər, klassika da. Bəlli bir vaxtda hardasa görüşüb kitabla bağlı düşüncələrini bölüşür, xoşlarına gəlib gəlmədiyini deyir, polemikaya girirlər.

2. Bəlli bir vaxt ərzində bir neçə kitabın oxunması üçün klublar. Klub üzvləri mütaliə üçün 3-4 kitab seçirlər. Hərəsi birini alır, oxuduqca “dairəvi sistemlə” həmin kitabları bir-birilərinə ötürürlər. Sonra müzakirələr keçirirlər. (ardı aşağıda)



3. Sərbəst kredit. Klubda heç kəs heç kəsin nəyi oxuyacağını müəyyən etmir. Sadəcə, hərə bir kitab gətirir və kiçik bir kitabxana yaradırlar. Hərə gətirdiyi kitaba qısa təqdimat yazır. Kim hansı kitabı istəyir, onu da rəfdən götürüb oxuyur, amma sonda kitab yenə də öz sahibinə qaytarılır. Nəticədə müəyyən müddətdən sonra eyni kitabı 5-6 nəfər oxumuş olur ki, onlar bir araya gəlib müzakirə apara bilərlər.

4. Tut-burax. Heç kəs “dövriyyəyə buraxdığı” kitabın geri qayıdacağını gözləmir. Kitabı başqasına görüşüb də verə bilər, poçtla da göndərə bilər. Heç adını bilmədiyi başqa bir şəxsin götürməsi üçün onu ictimai yerdə, məsələn hansısa skamyanın üstündə qoyub gedə də bilər. Sonra onlar həmin kitabı İnternetdə, hansısa saytda müzakirə edə bilər.

5. On-line klublar. Kitabxanalarda, pablarda, parklarda görüşməyə vaxt tapmayanlar müzakirələri on-line aparırlar: Internet forumlarda, Yahoo Group-larda, ədəbiyyat saytlarında, sosial şəbəkələrdə, hətta telefon konfranslarında müzakirə keçirirlər.

6. Yazarla müzakirə klubları. Belə klublarda yazarın kitabı onun müəllifinin iştirakı ilə müzakirə edilir. Televiziya və radiolar da bu formatdan istifadə edirlər. Əvvəlcədən hansı yazarın hansı kitabını müzakirə edəcəklərini elan edir, proqrama həmin yazarı çağırır, interaktiv müzakirə keçirirlər. Oxucular sms-lər, e-mail-lər, telefon zəngləri vasitəsilə müzakirəyə qatılırlar. Son illərin bu cür məşhur kitab klub-şoularından biri də amerikalı telejurnalist Oprah Winfrey-nin proqramı olub: "Oprah's Book Club".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG