Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:06

Qadınlar kişilərdən çox kitab oxuyurmuş (Sorğu)


Azərbaycanda "Əli və Nino" dükanının kitab təbliği ilə bağlı fotosessiyasından, Bakı, 2012

Azərbaycanda "Əli və Nino" dükanının kitab təbliği ilə bağlı fotosessiyasından, Bakı, 2012

-

Britaniyada qadınlar kişilərdən çox kitab oxuyurmuş.

“Opinium Research” şirkətinin keçirdiyi sorğu zamanı kişi respondentlətin 21 faizi son 12 ayda bircə dənə də olsun kitab oxumadığını etiraf edib. Rəyi soruşulan qadınlarınsa yalnız 10 faizinin axır 1 ildə kitab oxumadığı üzə çıxıb.

Sən demə, orta statistik britaniyalı ildə 7 kitab oxuyur.

Respondentlərin təxminən yarısı kitab oxumalarına mane olan əsas səbəb kimi vaxt çatışmazlığını göstərib.

Rəyi soruşulanların 25 faizi deyib ki, kitab oxumaqdan daha maraqlı məşğuliyyətlərə üstünlük verirlər, 15 faizi isə kitab oxumaqdansa onun film versiyasına baxmağa üstünlük verdiklərini bildiriblər.

Britaniyalılar kitabı yatmamışdan qabaq oxumağı daha çox sevirlər. Bundan sonrakı yerdə - məzuniyyətdə kitab oxumaq gəlir. Rəyi soruşulanların yalnız 5 faizi kitabı işə gedərkən - yolda oxuduğunu deyib.

Sorğu bəzi başqa maraqlı faktlar da ortaya çıxarıb. Rəyi soruşulanların 6-da 1-i “Hemlet”in müəllifinin Şekspir olduğunu bilməyib.

Britaniyalılar müasir yazıçıların romanları arasında ən çox Den Braunun “Da Vinçi kodu” əsərini oxuyublar. Sonrakı yerdə “Harri Potter” haqda kitablar gəlir.

Respondentlərin 25 faizdən çoxunun “Heyvan ferması”, “Böyük ümidlər”, “Romeo və Cülyetta”, “Makbet”, “Adamlar və siçanlar”, “Çovdarlıqda uçurumdan qoruyan” və s kimi klassik əsərləri oxumadığı məlum olub.

“Opinium Research”ün rəhbəri James Endersby təəssüflənir ki, müasir dövrdə insanlar mütaliəyə çox vaxt ayıra bilmirlər.

Sorğuda 2000 nəfər iştirak edib.

“The İndependent” qəzetinə istinadla oxuzalı.az

Günün bütün mövzuları

XS
SM
MD
LG