Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:04
-

Əlinə qəzet götürməyi özünə sığışdırmayan gənclər var, həm də çoxdular. Adamın üzünə baxırlar, “Buyur qəzet götür” deyirəm, “Əşi, nəyimə lazımdır, boş-boş şeylərdir, guya oxusam nə dəyişəcək” deyirlər...


Elkin

QƏZET PAYI

Bir müddətdir “Fərqli düşüncə” qəzetini paylayıram. Bu qəzeti həftədə bir dəfə (indi müvəqqəti olaraq 15 gündən bir çıxır) paytaxtın müxtəlif yerlərində pulsuz paylayırıq. Qəzetdə əsasən “Azadlıq” radiosunda gedən materiallar çap olunur. Əsas məqsəd qəzet almağa imkanı olmayan insanları maarifləndirmək və ölkədə gedən prosesləri onlara çatdırmaqdır.

İlk dəfə işə gedəndə çox rahatıydım. Fikirləşirdim ki, qəzetin nüsxələrini bir neçə saata çox asanlıqla paylayacam...

Amma hər ehtimala qarşı redaksiyada bu işə baxan müdirimiz məni məlumatlandırıb dedi ki, adamların çoxu qəzeti götürməyəcək, bəziləri heç sənə əhəmiyyət də verməyəcək, hətta qəzeti alıb beş-on addım aralıda yerə atanlar da olacaq…

Düzü, elə də inanmadım. Axı niyə inanmalıydım? Gecə-gündüz adamlar maddi çətinliyə görə qəzet ala bilmədiklərini demirlərmi? Üstəlik də “Fərqli düşüncə” ölkədəki problemlər haqda yazılarla doludur.

İlk iş günündə götürdüyüm bütün nüsxələri paylayıb qurtardım. Müdirimizin dediyi kimi qəzeti almayanlar, mənə fikir verməyənlər oldu, amma sən demə, görəcəyim günlər qabaqdaymış...

Getdikcə qəzeti bir günə deyil, bir neçə günə paylayıb qurtarırdım. Müdirin dedikləri getdikcə adiləşirdi.

Mənə tərəf baxmayanlar, qəzeti əlimdən alıb sonra özümə qaytaran gənc oğlanlar, qızlar, “Əşi, sənin işin yoxdu” deyən qocalar, qəzeti cırıb yerə atanlar, “Nömrəni yaz, qızlara ver” deyənlər və daha nələr...

Bir dəfə yenə axşamüstü metronun qabağında qəzet paylayırdım. İki cavan oğlan yaxınlaşıb soruşdu: “Bu nədir?” Dedim qəzetdir. Soruşdular nədən yazırlar? Dedim ictimai-siyasi qəzetdir, ölkədə baş verən hadisələrdən yazır. İrişə-irişə soruşdular ki, bəs krossvord yoxdur? Dedim yoxdur. Başlarını bulayıb getdilər.

Bir dəfə də orta yaşlı bir xanım yaxınlaşıb dedi ki, o qəzetdən 20-30-nu verim ona. Soruşdum nəyinə lazımdır bu qədər qəzet. Qayıtdı ki, yumurta bükməyə lazım olur...

Bu hadisə isə keçən qış başıma gəlib. Qəzet paylayırdım. Tərslikdən əynim nazik idi. Hava qaralırdı, yağış başlayırdı. Bir də adamın sümüyünə işləyən Bakı küləyi. “Nizami” metrosunun qabağında təxminən əlimdə 300-ə yaxın qəzet nüsxəsi durmuşdum. Gəlib-gedənə “Buyurun, pulsuz qəzetdir, götürün” deyirdim. İyirmi adamdan biri çönüb mənə baxmırdı. Təxminən yarım saatdan artığıydı heç 10 nüsxə paylamamışdım. Yağış, külək getdikcə güclənirdi. Bilmirdim nə edim. Kimsə mənə fikir vermirdi. Bir saatdan artıq idi qəzetlər əlimdə qalmışdı. Əsəbdən gözlərim dolmağa başladı. Axı niyə belə edir bu millət - fikirləşirdim. Yaxşı, qəzet oxumurlar, bəs görmürlər soyuqdur, mən bunları paylamalıyam. Yaxınlıqdakı mağazaya keçib əllərimi isitdim, qəzetləri götürüb “20 Yanvar”a getdim. Təxminən gecə saat 11-ə qalmış qəzetləri paylayıb qurtardım...

Deyəcəksiniz nə oldu elə ancaq pis şeylərdən yazırsan. Yox, yaxşı münasibət göstərənlər də olur. Məsələn, yaşlı bir adam var, telefonumun nömrəsini də götürüb, “Əhmədli” metrosu tərəfdə qalır, hər həftənin birinci-ikinci günləri əlaqə saxlayıb gəlib qəzetini götürür. Rusdilli, köhnə bakılı bir xanım var, hər dəfə ona yaxın qəzet götürüb işdə yoldaşlarına paylayır. Elə insanlar var ki, mən bir az gec gözə görünəndə niyə gecikdiyimi soruşurlar.

Amma onlar azdılar. Əlinə qəzet götürməyi özünə sığışdırmayan gənclər var, həm də çoxdular. Adamın üzünə baxırlar, “Buyur qəzet götür” deyirəm, “Əşi, nəyimə lazımdır, boş-boş şeylərdir, guya oxusam nə dəyişəcək” deyirlər. Hələ hərf tanımadığını deyib fəxrlə gülən gənclər var. “Ver, oxumasaq da evdə bir şey bükərik” deyən insanlar var.

Oxumaq istəməyən cəmiyyətdə həqiqi dəyişiklikdən söhbət gedə bilməz. Hər həftənin birinci-üçüncü günləri mən depressiyaya düşürəm, ümidlərim puç olur. Pulsuz qəzeti də oxumurlarsa, hansı dəyişiklikdən danışa bilərik? Qəzeti əlimdən alıb bircə dəfə vərəqləmədən beş addım o yanda cırıb atanları, özünü eşitməzliyə vurub saymazyana ötüb keçənləri, üstünə qəzet uzatdığımı görəndə nifrətlə üzümə baxanları görürəm. Adam az qalır günah iş gördüyünü düşünsün.

Ümidsizləşdirmək istəmirəm sizləri, amma çıxış yolu görmürəm, yoxsa sevə-sevə yazardım. Bəlkə nə zamansa bu ölkədə insanlar kütləvi şəkildə pulla qəzet alacaqlar, bəlkə kitablar beş yüz deyil, on min tirajla çıxacaq, insanlar köşklərin qabağında növbəyə duracaqlar... Amma o zamanın yaxın olduğunu yaza bilməyəcəm.

mediaforum.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG