Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:16

İslam dini ayrıca fənn kimi tədris olunmalıdırmı? Dinin tədrisi hansı problemlrəin önlənməsinə, yaxud hansılarının yaranmasına gətirib çıxarar? Bu haqda “İslam və demokratiya” proqramında müzakirə açılıb.


AYIRCA TƏDRİSİNƏ EHTİYAC YOXDUR

Azərbaycan Təhsil Şurasının sədri, Qafqaz Universitetinin professoru Əjdər Tağıyev hesab edir ki, İslamla bağlı hər hansı fənnin ayrıca tədrisinə ehtiyac oxdur.

“İbtidai sinif dərsliklərində dinimiz, peyğəmbərimiz, Qurani-Kərim haqqında biliklər tədrisə daxil edilib. Şagirdlər dinlərin müsbət cəhətlərini, vacib olan şərtlərini bilirlər. Bu da onları dini fanatizmdən uzaqlaşdırır”.

İSLAMI MƏŞĞƏLƏDƏ ÖYRƏNƏK

Ə.Ağayevin fikrincə, İslam dini yalnız fakültətiv məşğələlər şəklində tədris oluna bilər. əks halda ,Azərbaycanı fundamentalizmi təbliğində ittiham etmiş olacaqlar.

“Fakültətiv məşğələlər valideyn, müəllim və şagirdin seçiminə əsasən təşkil olunur. Sivil ad altında keçirilən belə məşğələdə dini bilgilər verən, maarifləndirən, onun fanatizmini aşkarlayan və bəzi adamların fanatik münasibətini tənqid edən bilgilər almaq olar”.

MƏKTƏBDƏ KEÇMƏK LAZIMDIR

BDU-nun müəllimi Saleh Kazımov isə əksinə, dinin tədrisinin tərəfdarıdır. Onun fikrincə, dini əsasları bilənlər sonradan fanatizmə meyllənmir.

“Bu insanlar fanat olmur, öz dövlətinə, millətinə, xalqına düşmən olmurlar. Öz milləti, xalqları yolunda canlarını fəda edə biləcək vətənpərvərlik ruhunda böyüyürlər. Onları başqa yola sövq etmək olmur. Çünki bu bilgiləri sağlam qaynaqdan alırlar.

Ekspertin sözlərinə görə, din uşaqlarda mənəvi boşluğun doldurulmasına da yardım edər. Çünki indi yeniyetmə çətinliklə üzləşəndə intihar edir, yaxud yanlış yola düşür, ailədən üz döndərir.

“Sağlam dini düşüncəyə malik olan uşaq valideynə hörmətin imandan gələn şərt olduğunu biləcək. Bütün gənclərə iman, ibadət əsasları, əxlaq mövzusunda müəyyən biliklər aşılanmalıdır. İslam sevgi dinidir, insanlara öz ayağı üstündə durmağı, çətinlik anında necə irəliyə getmək lazım olduğunu öyrədir”.


DİNƏ ALLERGİYA VAR

S.Kazımov deyir ki, hazırda din sözünə qarşı çoxlarında allergiya var.

“Bunu cəhalət, gerilik kimi başa düşülər. Bəlkə də bun da haqlıdırlar. Axı bilmirlər ki, dini oxusalar, hansı təriqətin, hansı siyasi strukturun təsiri altında olacaqlar”.

Hər iki ekspert bu fikirlə razılaşdı ki, din tədris olunsa belə, həmin fənnin adında “din” sözü olmamalıdır.

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin rəhbəri Elmina Kazımzadə hesab edir ki, məktəblərdə tədris olunan “Həyat bilgisi” fənnində dinlərə aid kifayət qədər bilgi verilib.

“Dini radikallığın artması isə islam haqqında bilgilərin az olması ilə bağlı deyil. Ola bilər, səbəblərdən biridir, amma tam bundan asılı deyil. İslamın maarifləndirilməsi ayrı dinlərlə yanaşı ola bilər. Yəni bu, seçimlə olmalıdır, İslamın tədrisi icbari olmamalıdır”.

"DİN ANCAQ NİFRƏT ANLAYIŞI YARADIR?"

Deputat Fazil Mustafa isə İslamın ayrıca fənn kimi tədrisini vacib sayır. Onun fikrincə, hazırda İrandan, Səudiyyə Ərəbistanı və Türkiyədən gələn təhlükəli dini cərəyanların qarşısının alınmasına yardımçı ola bilər.

“Bu ona görə lazımdır ki, insanlar yetkinlik yaşına çatanlardan sonra yanlış təsəvvürlərə malik olmasın. Din ancaq zərərli təzahür kimi cəmiyyətdə qalmasın. Dinin mesajı insanda ədalət duyğusu yaratmaqdır. Azərbaycanda isə din nifrət anlayışı yaradır”.

İSLAM YALNIZ MƏRASİMÇİLİK DİNİDIR?

Milli Məclis üzvü deyir ki, indi İslam dini Azərbaycanda əsasən mərasimçilik xarakteri daşıyır:

“Mərasimlərin də əsas mahiyyəti kiməsə nifrət oyatmaqdan ibarətdir. İmam Hüseyni kim öldürübsə, ömür boyu ona nifrət etməliyik. Bundan Azərbaycan cəmiyyətini xilas etmək, gerçək dinin mahiyyətini, İslamın doğru yaşamaq fəlsəfəsinin olduğunu çatdırmalıyıq”.

HİCABLA BAĞLI ÇIXIŞ YOLU OLMALIDIR

Orta və ali məktəblərdə dini atributlar, hicabla bağlı problemlərə gəlincə, BDU-nun müəllimi hesab edir ki, şagird və tələbələr ilk növbədə gözəl biliyə və əxlaqa malik olmalıdır.

“Baş örtük məsələsini belə qabartmaq, xarici mətbuata çıxarmaq, insan haqlarının pozulması kimi qələmə vermək düzgün deyil. Mən həmçinin, buna əngəl yaratmağı da düzgün saymıram. Yəqin ki, bu vəziyyətdən bir çıxış yolu olacaq”.

DƏRSƏ ÇADRA İLƏ GƏLƏNLƏR DƏ OLUR

Əjdər Ağayev baş örtüyündə qəbahət görmür. Lakin onu da vurğulayır ki, bəzən dərslərə çadra ilə gəlmək istəyənlər də olur:

“İndi İranın özündə ziyalılar arasında çadra azalmağa başlayıb. Bakı kəndlərindən bəzən qızlara çadra geyirlər. Amma bu adamlar metroya qədər başlarını bağlayır, sonra açırlar. Onda nəyə lazım idi örtmək? İnsanın inamı ,əqidəsi möhkəm olmalıdır. Əslində mənəviyyat, daxili aləm nə çadra, nə də baş örtüyündən asılı deyil”.

Ə.Ağayev hesab edir ki, bu məsələdə insan hüquqları, humanizmlə yanaşı pedaqoji fəaliyyəti də nəzərə almaq lazımdır.

“Hər bir fəaliyyətin hüquqi əsasları var. Azərbaycan məktəbləri müəyyən tələblər və hüquqi əsaslarla fəaliyyət göstərir. Əgər məktəbli forması vahid tələbdirsə, buna əməl etmək lazımdır. Yoxsa ki, insanların sayı qədər istək ola bilər”.

Şərhləri göstər

XS
SM
MD
LG