Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:42

«Doğma ocaq» filmi Vyana festivalında xüsusi mükafat aldı


«LET'S CEE» film festivalının iştirakçıları / Foto: LET'S CEE
«LET'S CEE» film festivalının iştirakçıları / Foto: LET'S CEE
-
Azərbaycanlı rejissor Rodion İsmailovun «Doğma ocaq» filmi Vyanada keçirilən «LET'S CEE» Beynəlxalq kinofestivalın münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, sentyabrın 13-dən 21-dək keçirilən festivalda 30 ölkədən 60-dan çox aktual mövzulu bədii və sənədli filmlər, eləcə də qısametrajlı ekran əsərləri nümayiş olunub.
Xəbərdə bildirilir ki, festivalın proqramına daxil edilən «Doğma ocaq» filmi Azərbaycan xalqının qədim adət-ənənələrini özündə əks etdirir, eləcə də Azərbaycan və Rusiya mədəniyyətlərinin yaxınlığını qabarıq şəkildə nümayiş etdirir.
Filmin qəhrəmanı Lolitanın anası rus, atası isə azərbaycanlıdır.
10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə Azərbaycana gəlir.
O, azərbaycanlı qohumlarının ənənələri, mədəniyyəti və adətləri barədə daha çox şey öyrənmək istəyir.
Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır.
Onun Azərbaycanla tanışlığı sənədli filmin süjet xəttini təşkil edir.
Azərbaycanın «Sinema evi» və Rusiyanın «DS film» studiyalarının müştərək istehsalı olan film Azərbaycan Respublikası Mədəniyyət və Turizm və Rusiya Federasiyasının Mədəniyyət nazirliklərinin maliyyə dəstəyi ilə Tovuzun Köhnəqala kəndində çəkilib və xronometrajı 63 dəqiqədir.
Filmin rejissoru Rodion İsmailov, operatoru Mixail Qorobçuk, bəstəkarı Vladimir Kuptsov, montajçı Svetlana Lyadvina, prodüserləri Rodion İsmailov, Svetlana Dalskaya, Elçin Musaoğlu, Xaqani Həşimovdur.
Film bundan əvvəl də bir sıra beynəlxalq festival və müsabiqələrdə mükafatlara layiq görülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG