Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:17

Senator deyir ki, Rusiya ilə övladlığagötürmə danışıqları dalana dirənib


Mary Landrieu
Mary Landrieu
-
ABŞ-ın aparıcı senatorlarından biri Rusiyanın Amerika vətəndaşlarına Rusiyadan uşaq övladlığa götürməyi qadağan edən qanununu qətiyyətlə pisləyib. Deyib ki, bu hərəkəti ilə Moskva özünə ziyan edir.

AzadlıqRadiosunun müxbiri Richard Solash ABŞ senatoru Mary Landrieu ilə söhbət edib.

ABŞ Konqresində övladlığa götürməyin qızğın tərəfdarı olan senator bildirib ki, Rusiyanın Amerika vətəndaşlarına bu ölkədən uşaq götürməyi qadağan edən siyasi motivli qanunu barəsində danışıqlar dalana dirənib.

AzadlıqRadiosuna müsahibəsində Luiziana ştatını təmsil edən demokrat senator Mary Landrieu deyib ki, ABŞ hökuməti bu qadağanın qaldırılması istiqamətində diplomatik kanallarla işləyir, lakin Moskva çətin ki, mövqeyini dəyişsin:

«Rusiya uşaqları yetim evlərində saxlamaqla özünə böyük pislik etmiş olur. Hər bir həkim uşaqların təsisatlarda böyüməsinin onlara necə bir zərər vurduğunu bilir. Bu, uşaqların emosional, ruhi və fiziki inkişafına təsir edir. Mənim Rusiya xalqına demək istədiyim budur: «Uşaqlarınızı təsisatlardan çıxarıb onları sevəcək və qayğılarına qalacaq valideynlərinin, qohumlarının və ailələrinin ağuşuna verin».

700 MİNDƏN ÇOX YETİM SİYASİ GİROVA ÇEVRİLİB

Rusiyanın ABŞ vətəndaşlarının uşaq götürməsini qadağan edən qanunu yanvarın 1-dən qüvvəyə minib. Rusiya parlamentindən tələm-tələsik keçirilmiş bu qanunvericilik aktı hüquqşünas Sergei Magnitsky-nin ölümü ilə əlaqədar Rusiya rəsmilərinə qarşı ABŞ sanksiyalarına cavab olaraq qəbul edilib.

Rusiya rəsmiləri bildiriblər ki, onların məqsədi Rusiyalı uşaqların onları övladlığa götürən Amerika valideynlərinin əlindən iztirab çəkmələrinin qarşısını almaqdır. Rusiyada qəbul edilmiş qanun qeyri-rəsmi olaraq «Dima Yakovlev qanunu» adlanır. 2 yaşlı Dima Birləşmiş Ştatlarda onu övladlığa götürmüş ata tərəfindən qızmar günəş altında qapalı maşında saatlarla qaldığından vəfat edib.

Bu barədə xanım Landrieu deyir:

«Bəzi Rusiya rəsmilərinin Birləşmiş Ştatlarda övladlığa götürülmüş uşaqlara iztirab verilməsinin cəzasız qalması barədə iddiaları düzgün deyil. Faktlar bunun əksini göstərir. Faktlar göstərir ki, bəzən uşaqlara faciəvi şəkildə iztirab verilib. Lakin Amerikada Rusiyadan götürülmüş uşaqlara iztirab verilməsi məqsədi yoxdur. Bu mənada Rusiya hökumətinin reaksiyası aşırı olub. Düşünürəm ki, Rusiya xalqı bunu başa düşür».

Övladlığa götürülməyə qoyulan qadağa ABŞ və dünya boyunca uşaq haqları fəalları tərəfindən qətiyyətlə pislənib. Onlar Moskvanı 700 mindən çox yetimi siyasi girova çevirməkdə ittiham edirlər.

1992-ci ildən bəri bir çoxu əlil olmaqla 60 min rusiyalı uşaq ABŞ ailələri tərəfindən övladlığa götürülüb.

Pavel Astakhov
Pavel Astakhov
«O, UZUNQULAQDIR»

Landrieu, həmçinin, Rusiya uşaqlarının hüquqları ombudsmanı və adıçəkilən qadağanın təşəbbüsçüsü Pavel Astakhov-un ünvanına bir-iki «yağlı ifadə» işlədib.

Astakhov iyun ayında növbəti dəfə övladlığagötürmə barədə danışıqlar üçün Vaşinqtonda Dövlət Departamentinin rəsmiləri ilə görüşüb. O, həmin səfəri zamanı Landrieu və başqa ABŞ millət vəkilləri ilə görüşməkdən imtina edib.

«O, həqiqəti eşitmək istəmir» - deyib senator. «O, uzunqulaqdır. Elə belə də yazın. Uzunqulaqdır».

Rusiyanın qadağası qüvvəyə minəndə senator Landrieu-nun doğma ştatı da daxil olmaqla, ABŞ-da bir neçə yüz ailə bu ölkədən uşaq övladlığagötürmə prosesinə başlamışdı. Son sənədləşdirmə mərhələsində olan uşaqlar ABŞ-a gələ bilsələr də, öz yeni valideynləri ilə artıq tanış olmuş yüzlərlə uşaq Rusiyada qalmağa məcbur oldu.

Qadağa ərəfəsində Moskva yeni ailələrə müavinətlərin artırılması yolu ilə uşaqların ölkə daxilində övladlığa götürülməsi üçün addımların atıldığını bildirirdi.

Landrieu AzadlıqRadiosu ilə sentyabrın 19-da, övladlığagötürmə ilə bağlı yeni qanunvericilik aktını təqdim etdiyi mətbuat konfransı zamanı danışıb.

Onun təklif etdiyi «Uşaqların ailə ilə təminatının vacibliyinə dair qanun layihəsi» uşaqlar üçün beynəlxalq maliyyənin bir hissəsinin ailələrin mühafizəsinə, birləşməsinə və təşəkkülünə yönəldilməsini nəzərdə tutur.

Bu qanun qəbul edilərsə, Dövlət Departamentində uşaqların beynəlxalq müdafiəsini və ABŞ ailələrinin xaricdən uşaq götürməsini tənzimləyən qovşaq yaradılacaq.

Xanım Landrieu deyir ki, bu qanun Rusiya ilə əlaqədar son problemlərlə bağlı qəbul edilməyib, lakin ABŞ-ın xaricdə yaşayan uşaqlara qayğısını nümayiş etdirir.

«Mən Rusiyanın nə dərəcədə ciddi olub-olmadığını bilmirəm», - deyib senator. «Onu bilirəm ki, Birləşmiş Ştatlar çox hiddətlidir. Həm xalqımız, həm də hökumətimiz bu qadağandan hiddətlidir. Biz çalışırıq ki, bu məsələni həll edib irəliyə baxaq».

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu
XS
SM
MD
LG