Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:36

«Dalaşmaq, söz atmaq... əsas deyil»


İTV-də debat
İTV-də debat
-
Sentyabrın 19-da İTV efirində baş verən debat qalmaqalı hələ də dartışılır. Həm də təkcə siyasi yönümü bəlli olanlar, seçimini müəyyənləşdirənlər arasında deyil.

Adi tamaşaçı Famil Mehdiyev prezidentliyə namizəd Hafiz Hacıyevin Milli Şuranın namizədi Cəmil Həsənlini üstünə butulka atıb onu təhqir etməsinə mat qalıb:

«Bu, televiziyada çox pis görünürdü. Kobudluq nəyə lazımdır? Onlar namizəddirlərsə, ən əvvəl özlərini aparmağı bilməlidirlər».

Başqa bir tamaşaçı – Tahir Məmmədov olaya daha sakit yanaşır:

«Dalaşmaq, söz atmaq, butulka çırpmaq, bunlar əsas deyil... Əsas odur ki, seçki düz keçsin».

«HAKİMİYYƏT DEDİKLƏRİMİZƏ DÖZƏ BİLMƏDİ»

Prezidentliyə namizədlərin özlərinin də olaya münasibəti haçalanır.

Milli Şuranın namizədi Cəmil Həsənlinin fikrincə, debat hakimiyyətin dözümsüzlüyünü göstərib:

«Hakimiyyət bizim dediklərimizə dözə bilmədi və nəhayət, mahiyyətini ortaya qoydu... Bütövlükdə debatı pozmaq üçün mənəviyyatsız adamları bura göndərən hakimiyyət Seçki Məcəlləsini bir daha pozmuş oldu. Əlimizdə sənədlər vardı – hakim ailənin oğurluqlarına dair bütün sənəd-sübutları göstərməyə gətirmişdik.
Cəmil Həsənli
Cəmil Həsənli
Bunlar artıq gördülər ki, nə baş verir. Axıra qədər öz mübarizəmizi davam etdirəcəyik. Əliyev ailəsinin ifşası ilə bağlı nə mümkündürsə, hamısını edəcəyik».

«CƏMİL HƏSƏNLİ YENƏ DANIŞSA...»

Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyev debat üslubunu dəyişməyəcəyini bildirib:

«Cəmil Həsənli yenə danışsa, onun haqqında daha kəskin sözlər deyəcəyəm».

Hakim partiyanın icra katibi baş verənlərə görə Cəmil Həsənlini suçlu sayır. Həm də İlham Əliyevin səlahiyyətli nümayəndəsi olan Əli Əhmədov vaxtilə Cəmil Həsənlinin də təmsil edildiyi Xalq Cəbhəsi hakimiyyətini talançı adlandırıb. O, Cəmil Həsənlinin özünü apara bilmədiyini vurğulayıb:

«Özünü aparmağı bacarmayan, ləyaqətini qoruya bilməyən, başqasına böhtan atmaqla ad, şöhrət qazanmağa çalışan bir insanın prezidentliyə qəbul olunmasını təəssüf hissi ilə qeyd etmək istəyirəm».

Əli Həsənov
Əli Həsənov
«HAKİMİYYƏT... MÜDAXİLƏ ETMƏK NİYYƏTİNDƏ DEYİL»

Hakimiyyətin bir başqa nümayəndəsi – Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov debatdakı qalmaqalı seçki prosesi üçün xoşagəlməz sayır:

«Bu, Azərbaycanın imici üçün yaxşı hal sayıla bilməz».

O bu sözləri Mediaforum saytına müsahibəsində dilə gətirib və prezidentliyə namizədlərin hərəkət və davranışlarının, işlətdiyi ifadə və qarşılıqlı münasibətlərinin başqalarına örnək olmasını arzulayıb. Əli Həsənov onu da sözlərinə artırıb ki, İTV-dəki məsələ namizədlər arasında baş verdiyindən hakimiyyət buna müdaxilə etmək niyyətində deyil.

İTV GÜNAHI C.HƏSƏNLİDƏ GÖRÜR

Debatdakı olaya İctimai Televiziya və Radio Yayımları Şirkəti də münasibətini açıqlayıb və öz bəyanatında Milli Şuranın namizədi Cəmil Həsənlini suçlu sayıb:

«Cəmil Həsənli püşkatma ardıcıllığına uyğun olaraq qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun təşviqat üçün ödənişsiz efir vaxtına dəfələrlə müdaxilə edib və dəyirmi masa iştirakçılarını təhqir etməkdən belə çəkinməyib.
Ələsgər Məmmədli
Ələsgər Məmmədli
Beləliklə o, təşviqat üçün ayrılmış 6 dəqiqəlik ödənişsiz efir vaxtından başqa 6 dəqiqə 12 saniyə əlavə vaxtdan istifadə edib».

İTV debatın videoyazısını MSK-ya göndərib.

«İTV-NIN İMİCİ SIFIRLANDI»

Media hüququ eksperti Ələsgər Məmmədli deyir ki, İTV-nin Yayım Şurası proseslərə nəzarət edə, baş verənlər barədə balanslı xəbər çatdıra bilərdi:

«Amma tamamilə tərəfli, hadisəyə səbəb olmuş şəxsin adı çəkilmədən, qarşı tərəfin adı çox ciddi hallandırılaraq, üstəlik, efir vaxtının bölgüsü və s. deyilirdi. Bu, tam qeyri-ciddi, qeyri-hüquqi bir yanaşma idi. Düşünürəm ki, olay İctimai Televiziyanın mümkün pozitiv imicini də sıfırladı. Hətta özəl televiziyanın da bu qədər tərəfli mövqe tutması mümkün deyil. Buna hüquq da yol vermir. Teleradio haqqında qanunun 3-cü maddəsi, 32-ci maddəsi, ictimai yayım haqqında qanunun 3-cü maddəsi, bunu birmənalı qadağan edir».

Hafiz Həsənov
Hafiz Həsənov
«BU, YOLVERİLMƏZ HALDIR»

Seçki eksperti Hafiz Həsənov MSK-nı təhqirə yol vermiş şəxs barədə tədbir görməsini zəruri sayır:

«Namizədlərdən biri digərinə hücum xarakterli davranış göstərdi və içərisi su dolu butulkanı digər namizədə atdı. Bu, yolverilməz haldır. Qanunvericiliyə uyğun olaraq, şərəf və ləyaqəti təhqir olunan şəxs, böhtan atılan şəxs MSK-ya müraciət etməlidir».

MSK MÜNASİBƏT BİLDİRƏCƏK

Olaya MSK-dan da reaksiya var. Qurumun katibi Mikayıl Rəhimov İTV-dəki debatda baş verən hadisəni yetərincə ciddi insident adlandırır:

«Bu, ciddi insidentdir. MSK münasibət bildirəcək. Məsələ müzakirə ediləcək, rəsmi münasibət olacaq. MSK-nın həm hüququ, həm də vəzifəsidir. Bu proseslər Mərkəzi Seçki Komissiyasının nəzarəti altında gedir».

Baş verən olaydan sonra sosial şəbəkələrdə Hafiz Hacıyevin namizədliyinin ləğvi ilə bağlı imzatoplama kampaniyası başlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG