Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:43

Gəncədəki köçkünlər yeni şəhərcikdən ev gözləyirlər...


Gəncədəki yataqxana
Gəncədəki yataqxana
-
Gəncənin girəcəyindəki 5 hektar ərazidə 25 çoxmərtəbəli binanın tikildiyi şəhərcikdə artıq işlər yekunlaşır. Yaxın günlərdə ölkə prezidentinin bu şəhərciyin də qırmızı lentini kəsəcəyi gözlənilir. Rəsmilər açılışdan dərhal sonra evlərin paylanacağını bildirsələr də köçkünlər bu köçdən xəbərdar deyillər.
15 ildən çoxdur Azərbaycan Dövlət Aqrar Universitetinin 4 saylı yataqxanasından məskunlaşan Cəfər Bədəlov deyir ki, vaxt daralıb amma bir nəfər onlarla maraqlanmır, siyahıya alma aparılmır:
«DEYİBLƏR YATAQXANADA YAŞAYANLAR KÖÇÜRÜLƏCƏK…»
«Sağ olsunlar, deyiblər yataqxanada yaşayanlar köçürüləcək, amma qulağımıza gündə bir söz çatır. Gəlib nə ailə üzvümü, nə də adımı yazan var. Narahatam ki, köç vaxtı deyəcəklər ki, al 1 otağı, 8 nəfərlə yaşa burda. 2-3 günə binanın açılışı olacaq».
Köçkünlərdən bəziləri deyirlər ki, heç Qaçqınlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə şəhərindəki şöbəsindəki ev növbəsindən belə xəbərləri yoxdur:
SİYAHIDAN XƏBƏRSİZDİRLƏR…
- Bizim siyahımız var. Qaçqınkomda siyahı var. Gəlməyiblər, siyahı amma ordadır.
- Siyahıda neçənci adamsız?
- Bilmirik, heç yataqxana siyahıda neçəncidir bilmirik.
Sinayə Əhmədova
Sinayə Əhmədova
Köçkünlüklə ev eşiyini mal mülkünü itirən Nazilə də deyir ki, indi kiçik bir boxçası var. Ev tikilməsi söhbəti başlayandan əşyasını toplayıb.
Üfunət qoxuyan, nəmişli, şəraitsiz yataqxanada yaşayan, Kəlbəcər uğrunda gedən döyüşlərdə 2 yaxınını itirmiş Sinayə Əhmədova isə onları siyahıya almasalar da əminlik içindədir. Deyir ki, 2 oğul itirən ananı evsiz qoymazlar:
«AĞZI NƏDİR MƏNƏ EV VERMƏSİNLƏR»
«Elə belə yaşayırıq da... Hamamı yox, suyu yox. Nizami məqbərəsinin yanında ev tikilir. Ağızdan eşidirəm, 2-1 otaq veriləcək. Yox gəlib heç kim deməyib. Mən veteran ailəsiyəm, ağzı nədir mənə ev verməsinlər».
Başqa köçkünlər də bu prosesdən xəbərsizdilər.
AÇILIŞ ÜÇÜN PREZİDENTİ GÖZLƏYİRLƏR
Qeyd edək ki, binalarda 150 bir otaqlı, 650 iki otaqlı, 550 üç otaqlı, 150 ədəd də dörd otaqlı mənzillər inşa edilir. Amma bu binalar ümumikdə 1500 ailənin yaşaya biləcəyi evlərdir. Qəsəbə salınan vaxt ilk olaraq tələbə yataqxanalarında yaşayan köçkünlərin yerləşdiriləcəyi deyilsə də Qaçqınlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə Şöbəsinin sədri Süleyman Abbasov qeyd edir ki, orada kimlərin yerləşdiriləcəyi naməlumdur. Əlavə edir ki, heç siyahıya alma belə aparılmır:
«Prezident gələndə açılış olacaq. Hardan köçürülməsi məlum deyil. 1500 ailəlik olacaq».
Hacıkənddə ötən il sel sularından evi başına uçmuş Xocalı köçkünü Nadir Məmmədv isə gileylənir ki, 6 ay çadırda yaşadığı müddətdə Fövqəladə Hallar Komissiyası və Qaçqınlar Komitəsi ilk olaraq onları yaşayışla təmin edəcəklərini vəd ediblər. Hazırda qəsəbədə qohumunun evinə sığınmış köçkün bu dəfə ki ev növbəsində Hackənddə yaşayanların nəzərə alınmamasından gileylənir:
«Evlər tikilir amma bizim üçün deyil. Çox pis şəraitdə yaşayırıq. O Gəncə şəhərində olan yataqxanalar üçündür. Bizə aidiyyatı olmadı. Bizi nəzərə alan yoxdur. Gəncədəkilərdən pis vəziyyətdəyik. Gərək bizi qabağa salardılar».
Gəncədə salınmış şəhərcikdə 1200 yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub , musiqi məktəbi, həkim məntəqəsi və ATS inşa edilir.
Gəncədə isə 16500-ə yaxın köçkün qeydiyyatdadır. Onların 70%-i şəhərin 50-ə yaxın irili-xırdalı yataqxanalarında yaşayır. Bu isə 2500 məcburi köçkün ailəsinin yataqxanalarda məskunlaşması deməkdir. Onlardan sırf tələbə yataqxanalarında məskunlaşan 1800 ailədir.
XS
SM
MD
LG