Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:24

Putinin Çaykovskiyə homoseksual deməsi filmə problem yaratdı


Pyotr Çaykovski
Pyotr Çaykovski
-

Düşünmək olardı ki, Rusiya hökuməti məşhur bəstəkar Pyotr Çaykovski haqda bədii film çəkmək planlarını yalnız alqışlaya bilər.

Amma tanınmış rus rejissoru Kiril Serebrennikovun işi çətinə düşüb.

Məşhur bəstəkarın homoseksual olub-olmaması haqda indi Rusiyada qızışan debat filmə problem yaradıb.

Debat isə Rusiya prezidenti Vladimir Putinin bir açıqlamasından sonra yaranıb.

Bir neçə həftə əvvəl Qərbdəki bəzi ictimai fəalların Soçi olimpiadasını boykot etmək çağırışlarını, homoseksualları Rusiyaya getməməyə səsləməsini şərh edən Putin belə demişdi:

"Onlar deyirlər ki, Pyotr İliç Çaykovski də homoseksual olub. Biz onu buna görə yox, dahi bəstəkar olduğu üçün sevirik. Biz hamımız onun musiqisini sevirik. Nə böyük şey olub. Milçəkdən fil düzəltməyin. Bizim ölkəyə gəlmək qorxulu bir şey deyil”.

Rusiya Dumasının qəbul etdiyi və Putinin təsdiqlədiyi yeni qanuna görə, “homoseksuallığı təbliğ etmək” olmaz.

Serebrennikov bəstəkar haqda film çəkmək planlarını ötən il elan etmişdi və əvvəl-əvvəl işlər heç də pis getmirdi.

Rusiyanın Mədəniyyət Nazirliyi filmə 1 milyon dollara yaxın pul ayırmışdı (filmin büdcəsinin təxminən 10 faizi).
Kirill Serebrennikov
Kirill Serebrennikov

Bundan sonra rejissor dövlət büdcəsindən maliyyələşən Film Fonduna da müraciət etmişdi və qalan vəsaiti ordan xahiş etmişdi.

Amma Putinin Çaykovskinin homoseksuallığını təsdiqləməsindən sonra Film Fondu rejissora “yox” demişdi, bildirmişdi ki, belə bir filmə tamaşaçılar tərəfindən maraq olacağını düşünmür.

Bəzilərinin fikrincə, Putinin sözlərindən sonra məmurlar ehtiyatlanmağa başlayıblar ki, birdən filmdə Çaykovskinin homoseksuallığı da əksini tapsın və film yeni qanunla qadağan edilsin, yaxud onu çəkənlər cərimələnsin.

İş o həddə çatıb ki, Serebrennikov da, ssenari müəllifi Yuri Arabov da bəstəkarın homoseksuallığına şübhə etdiklərini və filmdə diqqət mərkəzində bəstəkarın cinsi orientasiyasının olmayacağını deyiblər.

Amma Film Fondunun pul verməkdən imtina etməsi filmin yaradıcı heyətini qeyzləndirib.

Serebrennikov bildirib ki, Mədəniyyət Nazirliyinin 1 milyon dollarından da imtina edəcək. Film üçün maliyyəni xaricdə axtaracaq.

Rejissor Facebook-dakı statusunda yazıb ki, filmin taleyini Çaykovskinin öz taleyi ilə müqayisə edərdi. Məşhur bəstəkar ömrünün son illərini Avropa və ABŞ-da keçirməyi qərara almışdı. Çünki vətənində onun homoseksual və pedofil olması ilə bağlı şayiələr yayılmışdı və ona qarşı düşmən münasibət artırdı...

Serebrennikovun filminə münasibət güman ki həm də məmurların ona inamsızlığı ilə bağlıdır.

O, Qoqol Teatrının rəhbəridir. Hüquq-mühafizə orqanları onun teatrında qoyulmuş bir neçə tamaşada pedofiliya səhnələrinin olub-olmaması ilə bağlı yoxlama aparıb.
XS
SM
MD
LG