Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:29

Həmid Herisçi: "Yaradıcılığım barədə fikir yürütməsinlər"


-

Yazıçı Həmid Herisçinin "Portretlər" adlı son kitabının "Əli və Nino" kitab mağazası tərəfindən satışa götürülməməsi ətrafında qalmaqal davam edir.

Qaynar.info-nun verdiyi xəbərə görə, kitab ətrafında gedən müzakirələrdə səslənən bəzi fikirlərə yazar öz "Facebook" səhifəsində kəskin münasibət bildirib, ona qarşı fikir səsləndirənlərə belə bir sərt mesaj verib:

"Mən ənənəvi nəsr təhkiyəsi ilə yazmıram- şeir, nəsr, publisistika, elmin vahid nöqtəsində, "dördyol"unda qururam öz bədii mətnimi. Buna "sərbəst nəsr" adını vermişəm. Dünya nəsr okeanında əsən səmt küləyinin istiqamətini belə bilməyənlərdən xahiş edərdim yaradıcılığım barədə fikir yürütməsinlər..."

Xatırladaq ki, Azadlıq Radiosunun "Pen klub" proqramındakı debatda "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu H.Herisçinin son zamanlar kitab kimi nəsr əsəri yox, jurnalist materialları çap etdirdiyini deyib:

"Həmid Herisçi çox gözəl jurnalistdir. Onun hansı son nəsr əsəri olub ki? Onun son kitablarını mən buraxmışam. Konspiroloq yazılarının toplusudur, bu, bədii əsər deyil. Ondan əvvəl də televiziya verilişlərindəki söhbətləri köçürüb kitab buraxmışdı. Gəlin bir-birimizi aldatmayaq...

Həmid mənim də dostumdur. Amma yazını həm sayta vermək, həm efirə vermək, sonra da kitab kimi çap etmək... Olmur axı..."


Qeyd edək ki, yazıçı Həmid Herisçinin "ZERO" nəşriyyatında yenicə çap olunan "Portretlər" kitabını Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər İdarəsinin kitabxanasından, AMEA-nın "Akademkitab" kitab evindən, Nizami muzeyinin birinci mərtəbəsindəki "Akademiya" kitab mağazasından, "Torqovı"da yerləşən "Bakumoz" və "Yeraltı" kitab mağazalarından əldə edə bilərlər.

"Zero" nəşriyyatı kitabı belə tanıdır: "Kitab indiyədək cavabı tapılmayan xüsusi müəmmalar, tapmacalarla zəngindir. Burada indiyə qədər eşitmədiyiniz və oxumadığınız cizgilərin çözümü - düyünü açılır. Əsərin xüsusi güzgü effekti var - 28 portret, 28 hekayə kimi də oxuna bilər."

ANN.Az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG