Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:32

Ramananın problemləri, İlham Əliyevə olan hücumlar...


-
AzadlıqRadiosu 19 sentyabrda Azərbaycan mediasının qısa icmalını hazırlayıb:

«YAP-ın TƏBLİĞAT FİASKOSU»
«Azadlıq» qəzeti yazır ki, illərdir hakimiyyət müxalifəti sosial bazasının, elektoratının olmaması ilə ittiham edir. Bəs hakimiyyət düşərgəsində vəziyyət necədir?
Qəzet yazır ki, «İlham Əliyev təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir, Mingəçevir, Gədəbəy, Gəncə, Daşkəsən, Tovuz, Yevlax, Şabran, Ağstafa və digər rayonlarda görüşlər keçirib və bütün bu görüşlərin fotoları çəkilib. Müxalifəti insan resurslarının olmamasında, yerlərdə tərəfdarlarının az olmasında ittiham edən YAP-ın rayon görüşləri 20-30 adamın iştirakı ilə baş tutub».
İLHAM ƏLİYEV: «MƏNƏ QARŞI NƏ QƏDƏR ƏDALƏTSİZ İTTİHAMLAR SƏSLƏNDİ»
İlham Əliyev Qubada
İlham Əliyev Qubada
Rəsmi dövlət qəzetləri və agentlikləri prezident İlham Əliyevin Quba səfərinə geniş yer ayırıb.
Prezident Qubadakı çıxışında Ramil Səfərovu azad etdiyinə görə ona edilən hücumlardan da danışıb.
«Mən xatırlayıram ki, Azərbaycan zabitini- Ramil Səfərovu Vətənə qayıtdığına və azadlığa buraxdığıma görə mənə qarşı nə qədər əsassız ittihamlar səsləndi, nə qədər riyakar xarici siyasətçilər mənə qarşı hücumlar etdilər. Hətta Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etmişdir və mənim addımlarımı pisləmişdir. Mən bu gün də tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan öz zabitini Vətənə qaytarmışdır, azadlığa buraxmışdır və ədaləti bərpa etmişdir. Ancaq baxın görün, buna görə dünya mətbuatında, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı nə qədər əsassız hücumlar edilmişdi.
Əlbəttə ki, bu hücumların heç bir təsiri ola bilməzdi. Çünki Azərbaycan dövlətinin iradəsinə, qərarlarına heç bir qüvvə təsir edə bilməz. Biz ədaləti bərpa etmişik və bundan sonra da öz siyasətimizdən dönməyəcəyik. Ancaq nə üçün bu məsələ ilə bağlı öz səslərini ucaldanlar bu gün Ermənistanda faşistlərə qoyulan abidələri görmürlər? Nə üçün terror aktları, o cümlədən Avropa ölkələrində bu aktları törədən erməni terrorçuları sərbəst buraxılır və Ermənistana qaytarılır, orada isə onlara qəhrəman kimi münasibət göstərilir? Nə üçün bunu görmürlər? Bu ədalətsizlik nə vaxta qədər davam edəcək? Bu işğal nə vaxta qədər davam edəcək?»
AVROPA MƏHKƏMƏSİ 15 ŞİKAYƏT ÜZRƏ KOMMUNİKASİYAYA BAŞLAYIB
Turan agentliyi yazır ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il parlament seçkiləri ilə bağlı daha 15 şikayət üzrə Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb.
Söhbət İltizam Əkbərli, Möhübbət Cabbarov, Vahid Cəfərov, Qaya Əliyev, Əmirulla Dadaşzadə, Şakir Məmmədov, Fuad Əliyev, Tural Abbaslı, Oqtay Tahirov, Yeganə Hacıyeva, Razi Abbasov, Əlaif Həsənov, Xəyyam Məmmədov, Elçin Behbudov və İntiqam Əliyevin şikayətləri üzrə işlərdən gedir.
Azərbaycan hökuməti Strasburq məhkəməsinin qoyduğu sualları 20 yanvar 2014-cü ilə qədər cavablandırmalıdır.
Hüquqi Maarifləndirmə Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin Turan-a verdiyi məlumata görə, bütün şikayətlər qeydiyyatdan əsassız imtina ilə bağlıdır.
Ərizəçilər arasında seçkilərdən əvvəl yaradılmış AXCP-Müsavat, «İslahat», «Qarabağ» seçki bloklarının nümayəndələri, vətəndaş cəmiyyətinin bitərəf fəalları və başqaları var.
Bir müddət əvvəl AİHM 2010-cu il parlament seçkiləri ilə bağlı daha 16 iş üzrə kommunikasiyaya başlayıb.
İntiqam Əliyevin sözlərinə görə, 2010-cu il seçkiləri ilə bağlı AİHM-yə 120-dən çox şikayət göndərilib.
PROBLEMLƏR MƏNGƏNƏSİNDƏ BOĞULAN RAMANA
Ramana
Ramana
«Yeni Müsavat» qəzeti yazır ki, Bakının bu neft kəndində kimə yaxınlaşdıqsa, ancaq şikayət eşitdik: «21 əsrin ikinci onilliyinə qədəm qoysaq da Bakının bu qədim kəndində yaşayan yaşayış şərtlərini bəzi göstəricilərinə görə, elə orta əsrlərlə müqayisə etmək olar. Kənddə kanalizasiya xətləri yoxdur, içməli su isə kəndin az bir hissəsini əhatə edir. Yollar isə olduqca bərbaddır. Kəndin cavanları isə çıxış yolunu bu kənddən getməkdə görürlər».
YENİ ÇƏKİLMİŞ YOL DAĞILIR
«Bizim Yol» qəzeti yazır ki, İsmayılı rayonunda yeni istifadəyə verilmiş İvanovka-Hacıhətəmli yolunda yamaqlar yaranıb. Hacıhətəmli kənd sakini Sədiyar Hüseynov bildirib ki, «heç üç ay deyil, artıq asfalt dağılmağa başlayıb. Yol boyu onlarla iri həcmli yamaqlara rast gəlmək olur».
Rayon icra hakimiyyətini baş məsləhətçisi Valeh Salehov isə deyir ki, işlər çox sürətlə həyata keçirilib: «Son günlər həmin yolun bəzi yerlərində çatların əmələ gəlməsi ilə bağlı xəbərlər alırıq. Əslində həmin yol tam yox, 6 aylıq sınaq müddətinə istifadəyə verilib. Sınaq müddətində yolda hansı problemlər baş verəcəksə, birbaşa həmin podratçı təşkilatın hesabına bu qüsurlar aradan qaldırılacaq».
TURİZM OBYEKTLƏRİNDƏ QİYMƏTLƏRİN AŞAĞI SALINMASI DAVAM ETDİRİLƏCƏK
Əbülfəs Qarayev
Əbülfəs Qarayev
AzərTAc xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, ötən il turizm obyektlərində qiymətlərin təxminən 20 faizədək aşağı salınmasına baxmayaraq, müəyyən yerlərdə qiymətlər daha yüksək olaraq qalır.
Nazir vurğulayıb ki, hazırda ölkədə üç ulduzlu otellərin tikilməsi və orta təbəqənin imkanlarına uyğun qiymət siyasətinin tətbiqi istiqamətində ciddi işlər görülür. Otellərin sayının artması və onlar arasında rəqabət, sözsüz ki, qiymətlərin aşağı düşməsinə şərait yaradacaq.
ERMƏNİ ƏSİR AZƏRBAYCAN HÖKUMƏTİNƏ MÜRACİƏT EDİB
Erməni əsir Akop İnciqulyan öz ölkəsinə - Ermənistana deyil, üçüncü ölkəyə getmək istəməsi barədə Azərbaycan hökumətinə ərizə ilə müraciət edib.
Arxiv foto: Qızıl Xaç Komitəsinin əməkdaşları
Arxiv foto: Qızıl Xaç Komitəsinin əməkdaşları
Bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.
Dövlət Komissiyası katibinin sözlərinə görə, A.İnciqulyan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə son görüşündə üçüncü ölkəyə getmək istədiyini bildirmişdi və artıq bununla bağlı müvafiq sənədlər Nazirlər Kabinetinə göndərilib: «Akop İnciqulyan üçüncü ölkəyə getmək istəməsi ilə bağlı ərizə yazıb. Artıq həmin ərziə Nazirlər Kabinetinə göndərilib. Məndə olan məlumata görə, həmin ərizə Akop İnciqulyanın digər sənədləri ilə birgə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı nümayəndəliyinə göndərilməlidir. Onlar da Avropa və ya digər ölkələrə müraciət etməlidirlər. Həmin ölkələrdən hansı biri buna razılıq versə, o zaman əsir həmin ölkəyə təhvil veriləcək. O zamana qədər isə əsir Azərbaycan tərəfində saxlanılacaq».
Ş.Sayılovun sözlərinə görə, bunun nə zaman baş verəcəyini indidən söyləmək mümkün deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG