Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:30

Yeni çəkilmiş İvanovka-Hacıhətəmli yolunda yamaqlar görünür...


İvanovka-Hacıhətəmli yolu
İvanovka-Hacıhətəmli yolu
-
Bu il İsmayıllı rayonunda İvanovka - Hacıhətəmli yolu istismara verildi. Ancaq indidən bu yolda yamaqlar yaranmağa başlayıb.

«YOL HƏM KEYFİYYƏTSİZ, HƏM DƏ DAR ÇƏKİLİB»

Hacıhətəmli kənd sakini Sədiyar Hüseynov bildirir ki, uzun illər asfalt yollarının olmaması onları narahat edib:

«Rayona gedib gəlmək üçün otuz dörd (34) km yolu saat yarıma gedib, saat yarıma da qayıdırdıq. Yəni, yollar olduqca bərbad vəziyyətdə idi. Prezidentin məlum fərmanını eşidəndə hamımız sevindik. İnanın ki, bu olayı çoxları, xüsusilə də sürücülər bayram kimi qarşıladılar. Nəhayət yol çəkilib qurtardı, çox gözəl. Ancaq qüsur ondadır ki, yol dar çəkilib. Çoxlu döngələrin olması təhlükə yaradır. Heç üç ay deyil, artıq asfalt dağılmağa başlayıb, yol boyu onlarla iri həcmli yamaqlara rast gəlmək olur».

«BƏY VERƏN ATIN DİŞİNƏ BAXMAZLAR»

Yaşar Mirzəyev də bildirir ki, Qaraməryəm - İsmayıllı yolu narahat olduğu üçün bu yol səhərə kimi işlək vəziyyətdədir:

«Dar çəkilmiş olsa da, artıq iş işdən keçib. Bunları işə başlamazdan nəzərə almalı idilər. Yaxşı olar ki, əlaqədar təşkilatlar bu yolu nəzarətdə saxlasınlar ki, yenidən dağılıb getməsin.
Bəy verən atın dişinə baxmazlar. Təzə-təzə canımız rahatlıq tapıb, iyirmi (20) dəqiqəyə rayon mərkəzinə getmək olur, böyük uğurdur, qorumaq lazımdır».

«YOLA ASFALT QABARTILAR QOYULMASA, CİDDİ FƏSADLARA GƏTİRİB ÇIXARA BİLƏR»

Kənd sakini Səməd İsmayıllı isə deyir ki, rayon rəhbərliyi ilə yanaşı, əhali də bu yolun qayğısına qalmalıdır:

«Bütün məsuliyyətin rayon rəhbərliyinin üzərinə atılması bir az ədalətsizlik olardı. Hərə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Əsas məsələlərdən biri odur ki, yola asfalt qabartılar qoyulsun. Yol dardır. Çünki sürət həddini aşan sərnişinlər var. Yaşlıların, uşaqların təhlükəsizliyi baxımından bu məsələnin həlli əhali tərəfindən xoş qarşılanar».

«TENDERDƏ QALIB GƏLMİŞ TƏŞKİLAT BU MƏSƏLƏDƏ CAVABDEHLİK DAŞIYIR»

Rayon icra hakimiyyətinin baş məsləhətçisi Valeh Salehov isə deyir ki, işlər çox sürətlə həyata keçirilib:

«Son günlər həmin yolun bəzi yerlərində çatların əmələ gəlməsi ilə bağlı xəbərlər alırıq. Əslində həmin yol tam yox, altı (6) aylıq sınaq müddətinə istifadəyə verilib. Həmin sınaq müddətində yolda hansı problemlər baş verəcəksə, birbaşa həmin podratçı təşkilatın hesabına bu qüsurlar aradan qaldırılacaq. Yəni, həmin sınaq müddətində dövlət vəsaitindən istifadə olunmayacaq. Bu qeyd etdiyim müddəa təhvil təslim müqaviləsində də öz əksini tapıb. Tam şəkildə tenderdə qalib gəlmiş və layihəni həyata keçirmiş təşkilat bu məsələdə cavabdehlik daşıyır. Mənim şəxsi düşüncəmə görə, asfalt qabartılar çıxış yolu deyil, əslində yol hərəkəti qaydalarına əməl olunması vacibdir. Bu məsələyə cavabdeh olan şəxslər daha ciddi işləməlidirlər. Hər kəs tərəfindən yol hərəkəti qaydaları gözlənilməlidir. Yolun problemli cəhəti odur ki, çoxlu döngələr var, çoxlu enişli-yoxuşlu yerləri var. İlk dəfə o yolu gedənlər yolu tanımadıqlarına görə böyük sürətlə gedirlər və hadisə də törədirlər. Çox vaxt təhlükəli vəziyyət də yaradırlar. Ona görə də hamı çalışıb yol hərəkəti qaydalarına əməl etməlidir».
XS
SM
MD
LG