Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:36

Xəyanət etmiş arvadını bağışlamağı bacaran kişilərin qarşısında baş əyirəm


Mövlud Mövlud
Mövlud Mövlud
-

Dəhşətə gəldim. Heç gözləmədiyim bir işiydi. Axı onlar bir-birinə qovuşmaq üçün nələrdən keçməmişdilər. Uğruna dünyaları verdiyi qadın necə xəyanət eləmişdi ona? Necə bacarmışdı bunu?..


Mövlud Mövlud


KİŞİ XƏYANƏTİ BAĞIŞLAYA BİLƏNDİR


Düz üç ildir görüşmürük amma telefonda səsini o dəqiqə tanıdım.

***

Biz onunla dostlaşanda, mənim on yeddi, onun iyirmi yaşı var idi. Demək olar ki, hər gün bir yerdə olurduq. O vaxtlar dünyalar gözəli bir qızla görüşürdü. Yetərincə azad ruhlu, açıq-saçıq geyinən, istədiyi kimi danışan bir qızla. Ailəsi daş atıb başını tuturdu. Razı olmurdular o qızla görüşməyinə. Bir gün qorxduqları başlarına gəldi: Oğlanları gəlib dedi ki, elçi getməlisiniz! Atası söyüb, üzünə tüpür-dü, anası özündən getdi, bacısı ağladı. Xeyri olmadı ki olmadı. Uzun çək-çevirdən, dava-şavadan sonra başa düşdülər ki, oğlanları xəstə düşəcək, məcbur olub qızı aldılar.

***

Gənc ailənin ən yaxın adamıydım. Tez-tez gedib-gəlirdim evlərinə. Arvadı dadlı yeməklər bişirirdi. Yeməyi bişirib özü də bizimlə oturub axıra kimi “vurur”du. Çox mehriban idilər. Adam qısqanırdı onları. Xoşbəxt idilər, çox xoşbəxt idilər.

***

Bir payız səhərində eşitdiyim xəbərdən sarsıldım: Arvadı xəyanət edirmiş! Dəhşətə gəldim. Heç gözləmədiyim bir işiydi. Axı onlar bir-birinə qovuşmaq üçün nələrdən keçməmişdilər. Uğruna dünyaları verdiyi qadın necə xəyanət eləmişdi ona? Necə bacarmışdı bunu?

Qonşuluqda - kirayə evdə yaşayan bir oğlanla görüşürmüş. Dostum sarsılmışdı. Aylarla havalı kimi gəzdi, siqareti siqaretə calaya-calaya quruyub çöpə döndü. Ona yazığım gəlirdi. Hər bir mədəni adam kimi sakitcə, səssiz-küysüz boşanmışdı, amma unuda bilmirdi. Onun düşdüyü vəziyyətdə çox incə və ağrılı bir məqam var idi: Dostum ailəsinin töhmətindən, qızının atasız böyüməyindən daha çox sevdiyi qadından ayrı düşməkdən qorxurdu. Məsələnin ən həssas, ən ağrılı tərəfi də bu idi.

***

Bir gün məni görüşə çağırdı. Metronun qabağında görüşdük. Tamamilə ayrı mövzularda danışıb başı-nı qatmaq istəyirdim ki, ömrüm boyu unutmayacağım sözləri dedi: “Barışmaq istəyirəm. Sevirəm onu, yaşaya bilmirəm onsuz. Mən ölmək istəmirəm, Mövlud. Onsuz qalsam öləcəm. Başa düşürsən? Öləcəm!”.

O boyda ailəsini qabağına alıb sevdiyi qıza qovuşan oğlan sevgisi üçün ikinci fədakarlığı etməkdə qərarlıydı. Bu boyda Azərbaycan cəmiyyətini, şərq insanını, dini, mentaliteti qabağına almaq asanmı işdir? Nə deyəcəyimi bilmirdim. Sükutu özü pozdu: “Deyirəm, barışaq, gedək buralardan. Uşaq da hələ balacadır, gedək, başqa bir şəhərdə hər şeyə təzədən başlayaq. Olub-keçəni unudaq. Yeni həyata başlayaq...”


Təskinlik üçün: “Bəlkə də, başqa şəhərdə, hamının gözündən uzaqda olsanız, hər şeyə yenidən başla-ya bilərsiniz”,-dedim. İlahi, bu sözlərə necə möhtac idi. Ona verdiyim iynə ucu boyda ümid necə xoş-bəxt elədi onu?

Ailəsini də, götürüb Moskvaya getdi. Ora yerləşəndən, iş tapandan sonra dəfələrlə zəng eləsə də, məni qonaq çağırsa da, getmədim. O, qadınla üz-üzə gəlmək istəmirdim. Bir belə, beş elə axırda aramız yavaş-yavaş soyudu, zənglər əvvəl seyrəldi, sonra itdi.

***

Bir həftəlik Bakıya gəliblər. Mənimlə görüşmək istəyir. Gedəcəm onunla görüşməyə, mütləq gedəcəm. Arvadını bağışlamaqla xoşbəxtliyini, gələcəyini xilas etməyi bacaran kişiylə görüşməliyəm. Bu qədər basqılara rəğmən duyğularına sahib çıxdığına, cəmiyyətə əsl sevgi dərsi keçdiyinə görə ona bir təşəkkür borcum var.
Qoy, bu da yazımızın sonuncu cümləsi olsun: Xəyanət etmiş arvadını bağışlamağı bacaran kişilərin qarşısında ehtiramla baş əyirəm.

teleqraf.com
XS
SM
MD
LG