Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:25

Yevlaxda qeyri-bərabər mənzil bölgüsü


Yevlax (Foto: Azadinform)
Yevlax (Foto: Azadinform)
-
“İcra hakimiyyətindən dedilər ki, abadlıq işləri ilə əlaqədar mərkəzdəki köhnə binaları söküb yerində təzələrini tikirik. Bizə də söz verdilər ki, iki otaqlı evin yerinə həmin ölçüdə də ev veriləcək. Bəli, evdən çıxdıq, sökdülər, yerində təzəsini tikdilər, ancaq vədlərinə xilaf çıxdılar”.

TƏZƏLƏNDİKCƏ KİÇİKLƏŞƏN MƏNZİL...

Yevlax sakini Sevil Əliyeva “Qaynar xətt”ə şəhərin Nizami küçəsindəki yeni tikilidə aparılan qeyri-bərabər mənzil bölgüsündən danışır. Deyir, əvvəllər 2 mərtəbəli binada 34 kvadratmetr sahəsi olan mənzildə qardaşı ilə birlikdə yaşayırmış. Yerli icra hakimiyyəti binanı sökəndə yerində tikiləcək 4 mərtəbəli binadan eyni ölçüdə mənzil veriləcəyi vəd olunub:

“Mənim 47, qardaşımın 57 yaşı var. Uşaqlığımız həmin 2 otaqlı mənzildə keçmişdi. Valideynlərimiz vəfat etdi, bacı-qardaşlarımız ailə qurub hərəsi bir tərəfə dağılışdı. Biz ailə qurmadıq, həmin mənzildə yaşamağa davam etdik. Bina söküləndə başqa yerdə kirayə ev tutduq. Hətta icra hakimiyyəti kirayə haqqını da ödəmədi. Hər şeyə dözüb səbirsizliklə binanın təhvil veriləcəyi günü gözlədik. 1 ay əvvəl mənzilin açarları təqdim olunanda gördük ki, bizə 34 kvadratmetrlik 2 otaqlı mənzilin əvəzinə 12 kvadratmetrlik 1 otaqlı mənzil veriblər”.

“KÜÇƏLƏRDƏ GECƏLƏMƏK VAXTIM DEYİL”

Sevil Əliyevanın sözlərinə görə, məsələyə aydınlıq gətirmək üçün bir aydır ki, yerli icra hakimiyyətinə gedib-gəlsə də onu nə qəbul edən, nə də dinləyən yoxdur.

Şikayətçi:

“Mən evə köçmüşəm. Təmirlidir, qazı, işığı hələ ki verməyiblər. Ancaq qardaşımın 60-a yaxın yaşı var, küçələrdə qalıb”.

Cahangir Əliyev yerli icra hakimiyyətindən otaq payını tələb edir:

“Belə çıxır ki, mənzil təkcə bacıma verilib, məni hesaba almayıblar. Düşünürdük ki, problem müvəqqətidir, çətinliklə də olsa kirayədə qalırdıq. Mənim daha kirayədə yaşamaq imkanım da yoxdur. Qohumlar isə evlərində saxlamırlar, deyirlər get, evini hökumətdən tələb elə. Xəstə adamam, bu yaşda küçələrdə gecələmək vaxtım deyil”.

Hüquqşünas Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov
​Yevlax rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, şəhərin Nizami küçəsindəki 43 saylı ünvanda inşa olunan 4 mərtəbəli binanın 1-ci mərtəbəsi qeyri-yaşayış yeri, üst mərtəbələri isə mənzillərdir. İcra hakimiyyəti hesab edir ki, binanın yerində əvvəlki köhnə binanın sakinləri üçün tikdiyi yeni tikilidə bərabər bölgü aparıb. Əgər anlaşılmazlıq olubsa, Cahangir Əliyev bu barədə İcra Hakimiyyətinə yazılı müraciət etsin, araşdırma aparılsın.

Hüquqşünas Namizəd Səfərov isə bildirir ki, əgər Əliyevlər bölgünün qeyri-bərabər aparıldığını hesab edirlərsə, keçmiş mənzilin sənədləri ilə məhkəməyə müraciət edə bilərlər.
XS
SM
MD
LG