Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:59

Yeni dərs ilinin sualları və cavabları


-
Dərs ilinin ilk günündə, istər-istəməz, təbii suallarla üzləşirsən: Yeni təhsil ilində hansı dəyişikliklər gözə çarpır? Təhsil nazirinin dəyişməsi tədrisin keyfiyyətinə necə təsir göstərəcək? Nazirlikdə gedən islahatlar məktəblərdə hiss olunurmu?

Həmin sualları öncə sentyabrın 16-da öz övladlarını məktəbə aparan valideynlərə ünvanladıq. Bu da cavablar:

«BU BARƏDƏ DANIŞMAYAQ...»

– Gəlin bu barədə danışmayaq. Bu, bizim yaralı yerimizdir...
– Mümkün deyil Azərbaycanda nə isə dəyişiklik olsun... Rüşvət var və olacaq!..
– 150-170 manat müəllim maaşı ilə nə dəyişiklik ola bilər? Müəllim o pulu yeməyə versin, nəyə versin? Çətin məsələdir...
– Hələ ki, nazir yenidir... Məktəblərimizdə elə bir dəyişiklik görməmişəm...
Aydın Mirzəzadə

Aydın Mirzəzadə

– Son vaxtlar məktəbə getməmişəm, amma hesab edirəm ki, pis olmaz, yaxşı olar...

DEPUTAT DEYİR Kİ...

Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə avropa.info-ya açıqlamasında təhsilə ciddi diqqət verildiyini bildirib. Deputat söylədiklərini təsdiqlətmək üçün misal da gətirir və deyir ki, təhsilin keyfiyyəti ildən-ilə yüksəlir, Azərbaycanda oxumaq istəyən əcnəbilərin sayı çoxalır, 3 min universitet arasında Azərbaycanın 3 universiteti ilk 600-ün arasına düşüb. O, daha sonra İlham Əliyevin sentyabrın 10-da Ağdamda məcburi köçkünlərlə görüşündə oğlunun orta məktəbi Bakıda oxuması və ali məktəbi də Azərbaycanda oxuyacağı ilə bağlı sözlərini yada salır. Aydın Mirzəzadənin fikrincə, elə bu, Azərbaycan prezidentinin bundan sonra təhsili hansı səviyyədə diqqətdə saxlayacağına bir işarədir.

Millət vəkilinə görə, Azərbaycan təhsili xarici təhsil sistemindən yararlanmağı qarşısına məqsəd qoyub və bu istiqamətdə işlər davam edir.

«BU İLDƏN BİZİM TƏHSİLİMİZDƏ BİR DÖNÜŞ BAŞLAYIR»

Milli Məclisin Elm və təhsil Komitəsinin üzvü Musa Qasımlı son dövrlər Azərbaycan təhsilindəki inkişafın göz önündə olduğunu deyir. Millət vəkili bölgələrdə yeni məktəblərin tikilməsini, müəllim maaşlarının artırılmasını buna misal çəkir:
Musa Qasımlı

Musa Qasımlı


«Ən müasir məktəblər tikilib, onlar ən müasir avadanlıqla təmin olunub. Ən başlıcası odur ki, müəllimlərin maaşları artırılıb. Fikrimcə, yeni dərs ilində keyfiyyətin yaxşılaşması diqqət çəkəcək. Biz artıq bunu hiss etməkdəyik. Bu gün (sentyabrın 16-da – M.Ç.) Yardımlıda iki məktəbin açılışında iştirak etdik. Ucqar dağ kəndlərində maşının hərəkət edə bilmədiyi yerlərə asfalt yol çəkilib və ən müasir məktəblər tikilib. Özü də internet və kompüter texnologiyaları ilə tam təmin edilib. Bu, bəlkə də bir zamanlar xəyalımıza da gəlməzdi. Elə bu səbəbdən hesab edirəm ki, 2013-cü ildən bizim təhsilimizdə bir dönüş başlayır – təhsilə keyfiyyətin gəlməsi».

«YENİ NAZİRİN QAYDA-QANUN YARATMAQ TƏŞƏBBÜSLƏRİNİ ALQIŞLAYIRAM»

Müəllimlərinin Hüquqlarını Müdafiə Təşkilatının üzvü, orta məktəb müəllimi Nabatəli Qulamov ümumtəhsil məktəblərində müsbət dəyişikliklərdən danışmağın tez olduğunu bildirir. Onun fikrincə, yuxarılarda aparılan islahatlar hələ orta məktəblərə gəlib çatmayıb:

«Bizim yeni nazirin qayda-qanun yaratmaq təşəbbüslərini alqışlayıram. Sözün düzü, bu, korrupsiyaya qarşı bir mübarizə idi. Əvvəllər xaricə təhsil almağa gedənlər bürokratiya ilə üzləşirdilər, korrupsiya halları olurdu. Aldığım məlumatlara görə, bu il belə hallar yoxdur. Foto: Arxiv

Foto: Arxiv

​Bu müsbət impulslar bizə gəlib çatır. Düzdür, özəl universitetlərə yenə də rüşvət yolu ilə köçürmələr haqda məlumatlar gəlməkdədir. Amma hesab edirəm ki, yeni nazirin struktur islahatları hələ ümumtəhsil məktəblərinə gəlib çatmayıb. Köhnə qayda ilə işləyən bir-iki məktəb direktoru cəzalandırılsa da, bu, ümumi xarakter almayıb».

«SAXTA SEÇKİ KEÇİRMƏKLƏ MƏKTƏBDƏ TƏRBİYƏ VERMƏK OLMAZ»

Nabatəli Qulamovun fikrincə, təhsildəki problemlərin həlli daha çox seçkilərdən asılıdır:

«Məktəblərdə ədalətli seçki keçirilsə, onda mən deyə bilərəm ki, o dəyişikliklərin bizim təhsilə təsiri olub. Ona görə seçkini deyirəm ki, seçki məktəb həyatının təhlilçisidir. Saxta seçki keçirməklə məktəbdə tərbiyə vermək olmaz. Bu, başlıca məsələdir».

Təhsil eksperti məktəblərdəki neqativ halları maaş azlığı ilə əsaslandıranlarla o qədər də razılaşmır. Onun düşüncəsinə görə, məktəb siyasi təsirdən uşaqlaşmayınca, maaşların dəfələrlə artırılması da neqativ halları aradan qaldırmayacaq.

Şərhləri göstər

XS
SM
MD
LG