Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:13
-
Bashar Assadi ikicə il əvvəl ABŞ “yeriyən meyit” adlandırırdı, ancaq Suriya prezidentinin kimyəvi silahını ABŞ və Rusiya ilə alver obyektinə çevirməsi onun siyasi ömrünü uzatdı.

Bunu yazan Reuters hesab edir ki, Rusiyanın təşəbbüsü 48-ci ad günündə Bashar Assad üçün hədiyyə oldu.

Ancaq Bashar Assad ABŞ və Rusiyanın razılaşdığı kimi öz kimyəvi silahını beynəlxalq aləmin nəzarətinə versə və bu silah məhv edilsə, onda Suriya hökumətinin həm üsyançılarla, həm də İsraillə mübarizədə çox vacib silahı əlindən alınmış olur. (Bundan əvvəl Suriya həmişə bildirirdi ki, kimyəvi silahı yalnız o vaxt verə bilər ki, regionun bütün ölkələri və birinci növbədə İsrail kimyəvi silahını təhvil versin) .

Elə buna görədir ki, Rusiyanın təşəbbüsünü Suriya qəbul etsə də, Rusiya-ABŞ razılaşmasına Dəməşqdən hökumət reaksiyaları çox sönükdür.

Fransa prezidenti Hollande-nin Rusiya-ABŞ razılaşması haqda dedikləri də səciyyəvidir: “Bu razılaşma haqda biz nə düşünməliyik? Mənim fikrimcə, bu, vacib addımdır, ancaq yolun sonu deyil”.

ABŞ Dövlət Departamenti bildirir ki, kimyəvi silah haqda razılaşma ABŞ-ın Bashar Assad-ə münasibətdə mövqeyini də dəyişmir. ABŞ-ın rəsmi mövqeyi isə belədir ki, “Bashar Assad Suriyanın rəhbəri olmağa legitimliyini itirib”.

ABŞ Dövlət Katibi John Kerry bildirir ki, ABŞ, Fransa, Britaniya, Rusiya BMT qətnaməsinin layihəsini hazırlayır, bu layihə Bashar Assada “ömür xətti qoymur”, “Bashar Assad legitimliyini bütünlüklə itirib”.

1000 TON KİMYƏVİ SİLAH

Bashar Assadin prosesi uzatmağa imkanları da var.

ABŞ Dövlət katibi Kerry deyib ki, Suriyanın kimyəvi silahlarının məhv edilməsi gələn ilin ortalarına başa çatmalıdır.

Ancaq 1990-cı illərdə BMT-nin İraqı kimyəvi və bioloji silahlardan tərk-silah etməsinin “tısbağa sürətini” yada salanda Suriyanın tərk-silahının nə qədər uzun proses ola biləcəyini ehtimal etmək olar.

ABŞ rəsmilərinin fikrincə, Suriyanın 1000 ton kimyəvi silahı var. Buna əsəb sistemini iflic edən zarin və digər qazlar daxildir.

Suriyanın 45 yerində belə qaz silahı anbarları var.

Bu yerlərin hamısı Suriya hökumətinin nəzarətində olsa belə, vətəndaş müharibəsi şəraitində bunların hamısının təhlükəsiz məhv edilməsi mürəkkəb işə çevrilir, bu da vaxtı uzatmağa yer qoyur.

MÜXALİFƏT

Suriya hökumətinin kimyəvi silah razılaşması ilə hərbi zərbədən yayınmasından ən çox narazı qalan isə Suriya üsyançılarıdır.

Onlar arasında ziddiyyətlər isə dərinləşir. Al Qaida lideri Ayman al Zavahiri deyib ki, islamçı yaraqlılar Körfəz Ərəb ölkələrinin və Qərbin dəstəklədiyi üsyançılarla alyanslardan çəkinməlidir.

Zavahiri bildirib ki, o, suriyalı qardaşlarını və Suriya xalqını bütün belə qruplara qarşı cihada çağırır.

Zavahirinin sözləri Qərbin və Ərəb ölkələrinin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) ilə al Qaidaya rəğbəti olan islamçı yaraqlılar arasında uçurumun dərinləşdiyini göstərir.

Suriyada ASO sayca al Qaida yaraqlılarından çoxdur və daha yaxşı silahlanıb. Bununla belə ASO bu yaxınlara kimi al Qaida yaraqlıları ilə həmişə olmasa da, vaxtaşırı birlikdə vuruşurdu.

Ancaq son zamanlar ASO al Qaida yaraqlılarından məsafə saxlamağa başlayıb. Buna səbəb ABŞ-ın narahatlığıdır ki, verilən silahlar al Qaidaya gedib çıxa bilər.

İyul ayında al Qaida ilə bağlı olan yaraqlılar ASO-nun hətta komandirlərindən birini öldürdü.

AZƏRBAYCANLILAR

Bu arada türkdilli saytlar Suriyada üsyançılar arasında vuruşan azərbaycanlı komandir Əbu Yəhya el Azərinin öldüyü xəbərini veriblər.

Xəbərlərə görə, o, Suriyada çeçen komandanı Əbu Ömərin dəstəsində vuruşurmuş. Əbu Ömərin dəstəsinin adı isə İraq Şam İslam Dövlətinin Mühacir Ordusudur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG